Azərbaycanlı mühacir Atatürkdən nə istəmişdi?
Təqdimat
Azərbaycanlı mühacir Atatürkdən nə istəmişdi?
“XX əsr Əziz Alpoudların məhşəridir”
Zakir Sadatlı
İbn Xəlduna aid edilən bir ifadə var: “Coğrafiya taledir”.
Əziz Alpoud doğulanda Azərbaycan çar Rusiyasının tabeliyində idi. Bu tabelik, bu coğrafiya Əziz Alpoud və onun kimi yüzlərlə gələcəyin siyasətçisinin, yazıçısının, ziyalısının taleyi idi.
Əziz Alpoudu mərhum yazıçımız Zakir Sadatlının əlyazmasını taparaq nəşr etdirdiyi “Həyatımın hekayətləri” adlı kitabdan tanıdım. Mühacirət ədəbiyyatını yaxşı bildiyimi düşünsəm də, bu kitab məni xeyli təəccübləndirdi, xeyli zənginləşdirdi, yeni tədqiqatlara sövq etdi.
Maraqlı idi. 652 səhifəlik bir kitabda tanımadığım bu insan nələr yaşamışdı ki?
***
Əziz Alpoud 1895-ci il iyulun 27-də İrəvanın Dilican mahalında doğulub. 1905-ci ildə təhsil almaq üçün Tiflisin Birinci Klassik liseyinə göndərilir. Burada o, latın, alman, rus, fransız dilləri üzrə biliklərə yiyələnir. Lakin həmin ərəfələrdə ermənilərin Tiflisdən Bakıya qədər türk məhəllələrinə hücum planı hazırlanırdı. Şəhərdə ilk atışma səsləri eşidilir, lisey iki həftəlik tətilə çıxır, uşaqlar evlərinə göndərilir. Əziz həyatının ilk məhşərini yaşayır: “Bir axşam atam arın-arxayın yatağına girmiş və anamdan ona bir siqaret verməyini xahiş etmişdi. Siqaretin tüstüsündən bir qullab vurmuş və ölərək yatağında qalmışdı”.
Atası Şirvanlı Mirseyfəddin Ağa hüquqşünas idi, orta səviyyəli dövlət məmuru kimi çalışırdı. Rus, fars, ərəb dillərini yaxşı bildiyi üçün tərcüməçilik fəaliyyəti ilə məşğul olurdu, “Uşaq xəzinəsi” adlı uşaqlar üçün oxu kitabı yazmışdı. Gizli şəkildə millətin azadlığı üçün çalışırdı, Osmanlıya böyük sevgisi vardı. Buna görə sultan tərəfindən ona medal göndərilmişdi.
Az sonra Əziz ikinci məhşərini yaşayır. Ermənilərin türk məhəllələrinə hücumuna şahid olur. 1905-ci il döyüşlərini detallı şəkildə yazan Əziz bu hadisələrin gerçək səbəbini anlamışdı: “Buna səbəb rusların iblis siyasəti, digər tərəfdən də ermənilərin axmaqlıqları – Türkiyədən, İrandan, Azərbaycandan qoparacaqları torpaqlarda “Böyük Ermənistan” qurmaq niyyətləri idi”.
Əziz Alpoud xatirələrini sistemli şəkildə 1961-ci ildən yazmağa başlasa da, uşaqlıqda yaşadığı hadisələri, kiçik sevgi təəssüratlarını, çılğınlıqlarını detallı şəkildə çatdırıb. Salahlıda, Qoçurda, Dilicanda, Qarakilsədə keçən günləri, Stravropolda davam edən təhsili, liseyi bitirdikdən sonra Tartu (Əvvəl tibb üzrə, daha sonra hüquq üzrə), Xarkov universitetlərində aldığı təhsil, burada yaşadığı macəralar ətraflı şəkildə təqdim edilir.
Nəsib bəy Yusifbəyli ilə tanışlıq
1917-ci il. Coğrafiya Əziz Alpoudun taleyini yenə müəyyənləşdirir. II Nikolay devrilmiş, çar Rusiyasında azadlıq hərəkatları başlamışdı. Əziz Alpoud “Qafqaz-Türk-müsəlman tələbə birliyi”nin başqanıdır. “İsmailiyyə” binasında keçirilən qurultayda çıxış edir, fikirləri orada olan “Türk ədəmi-mərkəziyyət” partiyasının başqanı, Azərbaycanın gələcək baş naziri Nəsib bəy Yusifbəyli tərəfindən bəyənilir: “Nəsib bəy Yusifbəyli kürsüdən düşəndən sonra mənə yaxınlaşdı, fikirlərimə görə təbrik edəndən sonra əlavə olaraq: “Eyni ideyaya xidmət etdiyimizə görə birliyiniz bizim partiyaya daxil olsun” – dedi. Tələbə olaraq heç bir partiyaya keçməyəcəyimizi ona söylədim. Dost kimi ayrıldıq”.
1918-ci il. Bu dəfə Əziz Alpoudun yaşadığı coğrafiyada yenilik olmuşdu. Azərbaycanda Cümhuriyyət elan olunmuş, Bakı türk qoşunları tərəfindən azad olunmuşdu. Əziz Alpoud bu müddətdə İranda Mirzə Kiçik xanın dəstəsi ilə birlikdə ingilislərə qarşı mübarizə apardıqdan sonra Bakıya qayıtmışdı: “Bakıda istintaq hakimi (polşalı) Volkonskinin yanında altı aylıq staj yığdıqdan sonra “Bakı Dövlət Dəmiryolları İstintaq hakimi” vəzifəsinə təyin edildim. Bakı-Dəvəçi və Bakı-Ələt stansiyaları mənim nəzarətimdə idi”.
Fətəli Xanın Tomsona tarixi cavabı
Azərbaycan Cümhuriyyətinin qarantı olan türk ordusu ölkədən getdikdən sonra general Tomsonun rəhbərliyi ilə ingilis ordusu Bakıya yerləşir. Əziz Alpoud bununla bağlı maraqlı fakt qeyd edir. Belə ki ingilislərin sərxoşluğu, silah satması, xalqa sataşmağı baş nazir Fətəli xan Xoyskini hiddətləndirir, Tomsona deyir: “Müsafirləri biz sevirik və qonaqpərvərliyimizi də bu günə qədər göstərdik. Ancaq artıq əsgərlərinizin pis hərəkətləri səbrimizi tükəndirdi. Zəhmət olmasa, buradan çəkilin. Əks təqdirdə, mən kişilərimizə əmr edərəm, evlərinə çəkilsinlər və sizləri buradan qadınlarımız bayıra atarlar”.
Gənc dövlətin problemləri
Hüquqşünas olan Əziz Alpoud gənc dövlətdə bir sıra problemlərin olduğunu görürdü. Onun fikrincə, əsas problem ali təhsil almış şəxslərin azlığı idi. Çünki ali təhsil üçün rus dili vacib idi, bunu isə hər kəs bilmirdi. Digər tərəfdən dövlətdə də yazışmalar rus dilində aparılırdı. Çar dövründən qalan problemlər də həll edilməmişdi: “Bir türk dövləti olduğumuz halda paytaxtımız Bakıda küçələrin adları keçmişdə olduğu kimi rusca yazılı qalmışdı... O biri tərəfdən də başçı olmağa can atan hər kəs bir partiya yaratmaq həvəsində idi... Yaxşı yadımdadır, Azərbaycanın son günlərinə yaxın bir vaxtda ölkədə on səkkiz partiya mövcud idi”.
Əziz Alpoud Cümhuriyyət dönəmində latın qrafikasına keçidlə bağlı layihə təklifi hazırlayanlardan biri idi.
Əziz Alpoudun yazdığına görə, Nəsib bəy Fətəli xanla müqayisədə zəif idarəçi idi, ona görə onun dönəmində narazılıqlar xeyli artmışdı.
Əziz Alpoud “Əhrar” partiyasında təmsil olunduğuna görə, Müsavat Partiyasına, xüsusən də M.Rəsulzadəyə münasibəti yaxşı deyildi. Kitab boyunca bir neçə yerdə Rəsulzadəyə qarşı olan sərt mövqeyinə şahid oluruq.
Azərbaycanın işğalı
Ölkədə qarışıq günlərin olduğu bir vaxtda hələ Stavropolda liseydə oxuyarkən tanış olduğu Sonya adlı xanımdan Əziz bəyə zəng gəlir: “Rus ordusu Bakıya yaxınlaşır, qorxuram birdən sizə bir şey olar…”
Xəbər doğru idi. Aprelin 27-də Milli Məclisin sonuncu iclası gərgin keçir və hökumət bolşeviklər tərəfindən qəsb edilir.
Bolşeviklərin Azərbaycanı işğalı Əziz Alpodun həyatında ən sərt məhşərlərdən birinə çevrilir. O, rus ordusunun Bakını qarət etməsini, insanların həbs etməsini, öldürməsini, sürgün etməsini ətraflı şəkildə yazır, həbsxanalarda olan ağır şəraiti ən kiçik detalına qədər yazır. Belə bir vaxtda isə Bakıda “Şərq Dövlətlərinin Qurultayı” keçiriləcəkdi. Ənvər paşanın Bakıya gəlişi gözlənilirdi.
Ənvər paşa Bakıda
Ənvər paşa Bakıda böyük coşqu ilə qarşılanır. Rus əsgərlərinin hərbi salamını yerindən qalxmadan alan Ənvər paşa azərbaycanlı süvarilər keçərkən yavəri ilə birlikdə ayağa qalxır və onları salamlayır: “Merhaba, çocuklar”.
“Buna çox sevindim. Türk yurdunda, işğal altında olsa belə, Ənvər Paşa türkün əsgərini salamlayır, işğalçıları deyil” – Əziz Alpoud yazır.
Ə.Alpoud Ənvər Paşaya yaxınlaşa bilir, xalqın onu məscidin həyətində gözlədiyini bildirir. Ənvər paşa “Təşəkkür edirəm, oğlum, mən də sizləri görmək, danışmaq istərdim...” deyir və əlini ona uzadır.
“Hörmətlə əlini sıxdım, təşəkkür edərək ayrıldım. Arxamda xeyli həmyerlilərimiz yığışmışdı. Mən maşından aralanarkən, ağ saqqallı, yaşlı bir qoca iki əli ilə sağ əlimə yapışdı və mən onun nə istədiyini anlayıncaya qədər əlimdən öpdü... Çünki bu əlim Ənvər paşanın əlinə toxunmuşdu...”
Ənvər paşa xalqla görüşür, görüş o qədər gurultulu keçir ki, Əziz Alpoud yazır ki, o anda Ənvər paşa “Ruslara hücum edin! Qovun bu düşmənləri!” əmrini vermiş olsaydı, millətimiz tərəddüdsüz; kişili, qadınlı həmin an hücuma keçərdi...”.
Üsyan planı
Əziz Alpoud bu işğala göz yuma bilmir. Bir neçə dostu ilə birlikdə üsyan hazırlayır, əsas rus idarəçilərini ələ keçirərək bolşevikləri ölkədən qovmağı planlayırlar. Bu ərəfədə Əziz Alpoud vəzifəsində qalırdı. Bununla yanaşı müstəqilliklə bağlı planlar cızır, təhlükə altında olan keçmiş cümhuriyyətçilərin ölkədən çıxarılmasına çalışır. Onun yardımı ilə ölkədən çıxarılan şəxslərdən biri Nağı bəy Şeyxzamanlı idi.
Nağı bəyin qaçırılmasından sonra üsyan tarixi olaraq nəzərdə tutduqları 31 oktyabrdan bir gün öncə Əziz Alpoud həbs edilir...O da digərləri kimi “Osobıy otdel”ə aparılır. İstintaqa çəkilir, ağır şəraiti olan həbsxanada təxribata çəkmək üçün yanına adamlar göndərilir, nəhayət, yekun qərar verilir: Sibirə sürgün.
Knut Hamsunun “Aclıq”ından betər
“Liseydə təhsil alarkən norveçli ədib Knut Hamsunun “Aclıq” əsərini oxumuşdum... Lakin o əsərdə təsvir olunan aclıq, bizim rus zindanlarında çəkdiyimiz aclıqla müqayisə oluna bilməzdi...”.
Haqlı idi. Əziz bəy yazır ki, təsadüfən göydən qarğanın biri ölüb yerə düşür, ölmüş qarğa üstündə mübarizə başlayır ki, kim ələ keçirib şorba bişirəcək. Və ya un kisələrini daşıyarkən xəlvəti kisənin birini deşib unu yeyirlər. Yerdən ot qoparıb yemək, zibilxanadan ağ çörək tapıb sevinclə götürmək…
Bir müddət sonra qardaşı Əlinin köməkliyi ilə sürgündən xilas olur, Bakıya qayıdır. Dostu Əlinin bacısı Ruqiyyə ilə evlənir, İsmət adlı qızı doğulur.
Ancaq Bakıda yaşamaq onun üçün təhlükəli idi. İrana, oradan isə uşaqlıqdan atasına verdiyi sözə əməl edərək Türkiyəyə getmək istəyir. Ənzəliyə, daha sonra Rəştə gəlir. Tibb təhsili aldığı üçün Rəştdə əczaçılıqla məşğul olur. Həyat yoldaşı və uşağını həm ruslara, həm farslara işləyən bir qadının vasitəsilə İrana gətirsə də, az sonra maddi ehtiyac ucbatından Bakıya geri göndərir. Və o, radikal bir addım ataraq Türkiyəyə, oradan isə Almaniyaya texniki sahə üzrə bilik əldə etmək məqsədilə yola çıxır. Çünki hüquqşünas kimi iş tapması imkansızdı. Onun Türkiyəyə səfəri isə “Yel atı” ilə olacaqdı.
Beləliklə, Əziz Alpoud riskli bir addım ataraq “Brennabor” markalı alman velosipedi ilə 1925-ci il sentyabrın 23-də Ənzəlidən Türkiyəyə yola düşür. “Həyatımın hekayət”lərinin böyük bir qismi Əziz Alpoudun iki min kilometrlik Trabzon yolçuluğuna həsr olunub.
Daşqınlı çaylardan, çətin yollardan keçərək oktyabrın axırında Trabzona çatır. Trabzonda o, bir zamanlar ölkədən getməsinə kömək etdiyi Nağı bəylə rastlaşır. Nağı bəy onu Almaniyaya yolçu edir: “Mənimlə uzaq yollarda yoldaş olan “Brennabor” velosipedimi ürək ağrısı ilə bir oğlana satdım”.
Əziz bəy yol gəldiyi aylar ərzində keçdiyi kəndlərdə hər kəs bu dəmir ata və onun yolçusuna heyrətlə tamaşa etmişdi.
Almaniya həyatı, yenidən evililik
Əziz bəy dəriçilik sahəsində mütəxəssis olmaq istəyir. Almaniyada bir müddət bu sahədə işlədikdən sonra Freiberq Dəriçilik İnstitutuna qəbul olur. Burada tanış olduğu İlse-Mariya adlı qızla ailə həyatı qurur. Qız İslamı qəbul edir, Aytən adını götürür. Bu evlilikdən Gülər adlı bir qız və Oxyay, Gökçə adlı iki oğlan övladı olur. (Gülər Somer professordur. Zakir Sadatlı onunla görüşmüş, atasının arxiv sənədləri ilə tanış olmuşdu).
Türkiyəyə döndükdən sonra Əziz bir neçə yerdə çalışır. “Beykoz Dəri fabriki”, “Şərq Dəri Türk Limited”, “Qapalı Dəri Fabriki”, “Elektrik və hava qazı şirkəti”də müxtəlif vəzifələrdə işləyir. İşə girməsində köhnə mühacirlərdən Əhməd bəy Ağaoğlunun rolu olur. Söz götürməyən xarakterə sahib olduğundan bir neçə iş dəyişməli olur. Həmçinin bu müddətdə o, milli məsələlərlə məşğul olur, Düdənginski, Ceyhun Hacıbəyli kimi şəxslərlə məktublaşır. Qarşısını almağa çalışsalar da, dəriçilik üzrə doktorluq müdafiə edir. Bu mövzuda bir neçə kitab yazır.
Bu dövrdə o, mühacirətdəki azərbaycanlı millətçilərin bir araya gəldiyi “Türk izi”, “Mücahit” kimi jurnallarda yazılar yazır. “Türk izi”ndəki “Qırmızı osminoqun yeni taktikası” adlı məqaləsində Sovet Rusiyasında baş qaldıran yəhudi düşmənliyi və rus irqçiliyini kəskin şəkildə tənqid edir. Əziz Alpoud Nejdet Sançarın sədri olduğu “Türkiyə Millətçilər Birliyi”nin də üzvü idi. Eləcə də, Azərbaycan Kültür Dərnəyinin ilk sədri Həmid Atamanın müavini idi.
Atatürklə görüş
Əziz Alpoud iki dəfə Atatürklə görüşə bilir. İşlədiyi fabrikə gələn Atatürkə izahat vermək üçün onu qabağa verirlər. Əziz bəyin Atatürkdən özəl xahişi olur: “Mənim anam Bakı şəhərində qaldı. Onu gətirmək üçün mənə kömək edərsinizmi?”
Atatürk onunla gələn şəxsə yönəlir: “Gör bu oğlan nə deyir?”
Həmin adam deyir: “Oradan bir nəfərə yol açsaq, heç kəs qalmayacaq...”.
... Əziz bəy Atatürkdən xatirə qalması üçün onun iki əli ilə bürüşdürdüyü xromlu parçadan əlinin dəydiyi hissəni kəsib yadigar saxlayır.
Xatirələrin sonluğunda Əziz bəy dəyişdiyi iş yerlərindən, xəsətəliyindən, maşın sürməyi öyrənməsindən, tədricən siyasi məsələlərdən uzaqlaşmasından, “Tətbiqi dəriçilik”, “Arzu çubuğu” kimi kitablarının yazılmasından, doktorluq müdafiəsindən, qaragül qoyunçuluğu üzərinə çalışmalarından bəhs edir. Kitabın sonu isə gündəlik şəklindədir. Burada siyasi məsələlərdən tutmuş, amerikalıların, rusların Aya səfərinə qədər olan mühüm hadisələr qeyd edilir.
Ə.Alpoud 1988-ci il iyunun 17-də Ankarada dünyasını dəyişir.
Dostundan bir xatirə
Türkiyəli professor Nəcməddin Səfərcioğlu Əziz Alpoudu belə xatırlayır:
“Orta boylu, qarabəniz, dinc biri idi. Üzü yaşını göstərmirdi. Buna görə də onu tanıyan hər kəs, onu özünə yaxın bilirdi. Yaş fərqi böyük olanlar da onunla rahat dost ola bilirdi. Çünki səmimi, təvazökar bir insandı… Əziz Alpoudu 1950-ci illərdən tanıdığımı xatırlayıram. Görüşlərimiz millətçi qurumların toplantılarında olurdu. Bir MHP qurultayı ərəfəsindəki görüşümüzdə şirin-şirin gülərək partiyanın sədrliyinə namizədliyini verdiyini söyləmişdi. Məni çox təəccübləndirən bu davranışını belə açıqlamışdı: “Alparslan bəyin seçkilərə təkbaşına gedərək demokratik olmayan bir görüntü sərgiləməsinə könlüm razı ola bilməzdi!”. Mən onun seçkilərdə özünə deyil, A.Türkeş bəyə səs verdiyinə əminəm”.
Dilqəm Əhmədin "Mühacirlərin dönüşü" kitabından.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
LALƏ HÜSEYNOVA - SİRR
Lətif Şüküroğlu - Atamın hekayəti.
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə