Edebiyyat.az » Təqdimat » Rövşən Yerfi - Mirzə Ələkbər Sabir - 160

Rövşən Yerfi - Mirzə Ələkbər Sabir - 160

Rövşən Yerfi - Mirzə Ələkbər Sabir - 160
Təqdimat
admin
Müəllif:
17:44, 30 may 2022
1 536
0
Rövşən Yerfi - Mirzə Ələkbər Sabir - 160




                                                             Dahi satira ustası

Böyük mütəfəkkir, satirik şair Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatı, ictimai və bədii fikrinin ən böyük simalarındandır. O, 1862-ci il 30 mayda Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Sabir 12 yaşına qədər dini düzgün anlamayan və təbliğ etməyən mövhumatçıların yanında oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Sabir atasının iradlarından xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Aşqabad, Mərv, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir.

 Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. 1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxını tar-mar etmişdi. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. 

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o,"Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən cahil "din xadimləri" Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər. 1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyilirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. 1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır.

Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olur. Az sonra Balaxanıdakı "Nicat" məktəbində böyük həvəslə dərs deməyə başlayır. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. 

M.Ə.Sabir milli ədəbiyyatda tənqidi realizmin yaradıcılarından biri, mollanəsrəddinçi satirik şeir məktəbinin isə yaradıcısıdır. Türk-müsəlman dünyasında satirik şeirin qüdrətli nümayəndəsidir. Şeirlərini yalnız əruz vəznində qələmə almışdır. Əsərləri lirik, epik, və satirik üslubdadır. Həm nəzm, həm də nəsrlə əsərlər yazmışdır.

Sabir ədəbiyyatımızda süjetli satirik şeirin ilk yaradıcısıdır. O, milli satirik şeirimizə taziyanə, qirmanc, satirik marş, bəhri-təvil, sual-cavab janrlarını gətirmişdir. Vətən, millət, hürriyət, istiqbal kimi motivlər şairin bədii yaradıcılığının əsasını təşkil edir. Ədəbi fəaliyyət dövründə dini mərsiyələr, lirik şeirlər, satiralar, felyetonlar, məqalələr yazmış, tərcüməçiliklə məşğul olmuşdur. 

Sabirin yaradıcılığında satira ilə lirika yanaşı inkişaf etmişdir. Lirika baxımından şairin şeirlərini üç qismə bölmək olar: klassik üslubda yazılan qəzəllər, ictimai-siyasi şeirləri, uşaq şeirləri.

XX əsrin əvvəllərində Sabir fəxriyyə janrını yeni motivlərlə zənginləşdirmiş və yenidən dirçəltmişdir. Onun “Molla Nəsrəddin” jurnalında dərc edilmiş “Fəxriyyə” adlı şeiri xalqın və vətənin  taleyinə həsr olunmuşdur. O, şeirdə xalqı dindaxili ayrı-seçkiliyə son qoymağa, milli birliyə çağırmasıdır.

Sabir Firdovsinin “Şahnamə” dastanından bir parçanı Azərbaycan dilinə tərcümə etmiş, İ.A.Krılovun eyniadlı təmsilinin motivləri əsasında “Qarğa və tülkü” adlı təmsil yaratmışdır. Onun satiralarının əsas mövzusu sosial-siyasi çətinliklər, xalqın mədəni və ictimai geriliyi, mövhumat, cəhalət və qadın azadlığı. “Ayılma”, “Pah atonnan, nə ağır yatır bu oğlan, ölübə?”, “Bizə nə”, “Kim nə deyər bizdə olan qeyrətə”, “Qoyma gəldi”, “Adəmi adəm eyləyən paradır” satiralarında ilk növbədə cəhalət və geriliyin, sinfi fərqlərin acı təzahürlərigöz önünə gətirilmişdir. Bu qəbildən olan şeirlərində şair insanları mənəvi əsarətdən xilas olmağa, özünü dərk etməyə, haqlarını başa düşməyə çağırır. Şairin başlıca amalı çətin vəziyyətin əsas səbəbkarı olan üsul-idarəni, rejimi dağıtmaq, xalqı qəflət yuxusundan ayıldaraq öz hüquqlarını başa salmaq idi. 

Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. Həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. "Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur. Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə şerləri "Hophopnamə" adı ilə çap olundu.

           Sabir Azərbaycanın ilk şairidir ki, ona 1921-ci ildə Bakıda heykəl qoyulub..Onun adı Şamaxı rayonunda bir qəsəbəyə verilmişdir. Şərəfinə bir rayon və şəhər Sabirabad adlandırılmışdır. Bakıda, Şamaxıda, Sabirabadda heykəli ucaldılmışdır. Bakı şəhər mərkəzi kitabxanası Sabirin adını daşıyır. 

                       “Bənzərəm bir qocaman dağa ki, dəryada durar...”

           Böyük şairin özü haqqında yazdığı bu misra danılmazdır. 49 illik ömrü ilə millətə bəxş etdiyi bu zirvə daim müasir və əbədidir. 


 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)