Edebiyyat.az » Təqdimat » F.Şalyapinin Bakıda qazandığı uğur

F.Şalyapinin Bakıda qazandığı uğur

F.Şalyapinin Bakıda qazandığı uğur
Təqdimat
nemət
Müəllif:
22:26, 20 iyul 2019
1 353
0
F.Şalyapinin Bakıda qazandığı uğur


XX əsrin əvvəllərində Bakının mədəni həyatında böyük inkişaf başlamışdı. Avropa ölkələri ilə mədəni əlaqələr güclənir, şəhərə incəsənət xadimlərinin qastrollarının ardı-arası kəsilmirdi. O zaman “neft və milyonlar şəhəri”nin musiqili qonaqlarından biri də dünya şöhrətli rus müğənni Fyodor Şalyapin idi.

Fyodor İvanoviç Şalyapin 1873-cü ildə Rusiyanın Kazan şəhərində dünyaya göz açmışdı. Erkən çağlardan musiqiyə maraq göstərmiş, kilsə xorunda oxumuşdu. Bu müddətdə skripkada da ifa etməyi öyrənir və mütaliə ilə ciddi məşğul olur. Teatra sonsuz həvəsi onu müxtəlif truppaların tərkibində çıxış etməyə sövq edir. O, Kazan şəhərində qastrolda olan V.N.Lyubimov-Derqaçın kiçik operetta kollektivi ilə səfərə çıxır… Truppa 1891-ci ildə Bakıya gəlir. Burada fransız operalarından bir neçə partiya ifa edir. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlu ilə tanış olur… 

Bakının qaynar həyatı onda dərin maraq doğurur. Truppa qastrol səfərini başa vurub geri dönərkən o, kollektivdən ayrılır və burada qalır. Rastlaşdığı afişaların birində oxuyur ki, J.Lassalın fransız operettası Bakıda qastrol səfərindədir. Vaxt itirmədən onları tapır və həmin kollektivə qəbul olunur.

Araşdırmalardan məlum olur ki, J.Lassal truppası tamaşalara 19 oktyabr 1891-ci ildə başlayıb. Truppa təkcə operettaları deyil, həm də opera əsərlərini də (“Traviata”, “Karmen”, “Faust” və s.) müvəffəqiyyətlə tamaşaya qoyub. Şalyapin “Traviata”da Jermonun bütün partiyasını cəmi dörd günə oxuyub əzbərləyir. Onun səhnədə ilk çıxışı uğurlu alınır və alqışlarla qarşılanır...

Amma bir müddət sonra truppa fəaliyyətini davam etdirə bilmir və Şalyapin işsiz qalır. Ehtiyac onu Bakı limanında yük daşımağa, vağzalda gecələməyə məcbur edir. Tiflisə üz tutan F.Şalyapin orada təsadüfən tanınmış opera müğənnisi Dmitri Usatovla qarşılaşır. O, sənətçi ilə bir neçə ay şəxsən məşğul olur. Musiqi dərnəklərində təşkil edilən konsertlərdə çıxış edən gənc ifaçı sonra Tiflis Opera Teatrında işə götürülür, 1894-cü ilədək burada çalışır. Xoşbəxtlik dalınca Moskvaya gedir. Böyük Teatrda işə düzəlməyə çalışsa da, arzusu yerinə yetmir. 1895-ci ildə Peterburqdakı Mariinsk Teatrından dəvət alır və teatrın rəhbərliyi həmin ilin fevral ayında gənc vokalistlə birillik müqavilə bağlayır. Bir müddət sonra bu teatrdan da ayrılır. Onun çoxdan arzuladığı Moskva debütü 1896-cı ildə baş tutur...

F.Şalyapin ikinci dəfə Bakıya 1900-cü ilin fevral ayında gəlir. Yerli qəzetlər müğənniyə səhifələrində geniş yer ayırır. Qastrolları haqqında xəbərlər dərc edilir. Opera səhnə ustaları və müğənnilər İzabella Zvixer, L.M.Klementiyev, L.Q.Yakovlev, İ.V.Tartakov və başqalarının iştirakı ilə “İvan Susanin”, “Rusalka”, “Knyaz İqor”, “Yevgeni Onegin”, “Demon”, “Aida”, “Faust”, “Karmen” və başqa operalar nümayiş olunur.* “Kaspi” qəzeti 30 mart 1900-cü il nömrəsində F.Şalyapinin yaradıcılığı haqqında yazırdı: “Şalyapinin simasında həm zahiri görünüş, nadir səs, səhnə texnikası, hər bir hərəkət, davranış, nəhayət, geyim və qrim həmahəng olub bir-birini tamamlamışdır...”.

F.Şalyapinin Bakı qastrolu martın 31-də başa çatır. Bu səfərdən sonra on il müddətində onun yolu Qafqaza düşmür. 1910-cu ilin sentyabrında yenidən Rusiya imperiyasının cənub şəhərlərinə qastrola çıxır. Bakıya gəlməyi də unutmur. Bu səfərdə onu skripkaçı N.Avyerino və pianoçu F.Keneman müşayiət edir. Müğənni sentyabrın 22-də Nikitin qardaşlarının sirkində konsert proqramı ilə musiqisevərlərin qarşısına çıxır. Onun Bakıya son səfəri isə 1915-ci ildə gerçəkləşir…


F.Şalyapin 8 və 11 mayda şəhərdə iki konsert verir. O, hər iki konsertdə rus bəstəkarlarından Qlinka, Rimski-Korsakov, Darqomıjski, Musorqski, Rubinşteyn, Çaykovski, Raxmaninov və başqalarının əsərlərini ifa edir.

F.Şalyapinin sənət şöhrəti daha da uzaqlara gedib çıxır. Milanın La Skala Teatrından “Faust”da Mefistofel partiyasını ifa etmək təklifi alır. Teatrın rəhbərliyi səhnədə 10 dəfə çıxış üçün müğənniyə 15 min frank pul təklif edir. Onun Milan səhnəsindəki çıxışı sürəkli alqışlarla qarşılanır. Sənətkar bu uğurundan sonra kommersiya cəhətdən böyük qazanc gətirən xarici səfərlərə üstünlük verir. Mətbuat onun bu addımı haqqında yazırdı: “F.Şalyapin pulu sevir. O, heç vaxt xeyriyyə konsertləri verməyib. O, “pulsuz yalnız quşlar oxuyur” sözlərini təkrar etməyi xoşlayır”. Ancaq müğənninin o vaxta qədər Kiyevdə, Xarkovda və Sankt-Peterburqda böyük fəhlə auditoriyaları qarşısında xeyli çıxışları olmuşdu...

Oktyabr inqilabından (1917) sonra F.Şalyapinə “Xalq artisti” fəxri adı verilir. Ancaq o, məfkurə baxımından bolşeviklərlə birləşə bilmir. Məhz bu səbəbdən Parisə qastrol səfərindən geri dönmür. 1928-ci ildə sovet hökuməti onu “Xalq artisti” adından məhrum edir və SSRİ-yə gəlişinə qadağa qoyur...

Müğənni 1938-ci il aprelin 12-də Parisdə dünyasını dəyişir. Vəsiyyətinə görə, cənazəsi Rusiyaya gətirilir və dünyaya göz açdığı Kazan şəhərində dəfn olunur.  

Savalan FƏRƏCOV
«Mədəniyyət» qəzeti 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)