Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)






                             Dünyanı, yəqin ki, xilas etmək mümkün olmayacaq, 

                            amma ayrıca bir adamı hər zaman xilas etmək olar. 


                                                                          İosif   Brodski




                                                


MÜƏLLİFDƏN


                                     (Ön söz yerinə)



            Mən bir kənd müəllimi idim. Hərdən hekayələr və məqalələr yazardım. Sonra məktəb direktoru oldum. Kəndimizdə ibtidai məktəb orta məktəbə çevriləndə, yeni məktəb binası tikiləndə, o məktəbdəki uşaqlar səs-səsə verib oxuyanda  özümü dünyanın ən xoşbəxti sanırdım. 

              Sonra ilk kitabım çıxdı. Sonra rayon qəzetində çalışdım. Sonra raykomda işlədim. Sonra 20 Yanvar faciəsi baş verdi və mən etiraz əlaməti olaraq Sov.İKP sıralarından çıxdım... Sonra... bu sonuncu “sonra” kimi ağır şey olmayıb həyatımda – onda mənim kəndim, rayonum, Qarabağım erməni və rus birləşmələri tərəfindən işğal olundu. Evim, şəxsi kitabxanam, məktəbim, ata yurdum, yaşı bilnməyən qəbiristanım dağıdıldı... Əlyazmalarım yandı...

            O məşum günlərdə dilimin altında vird etdiyim böyük Seyid Əzimin bu misraları idi:


                                     Ey Şeyx Nizami, ey nizamı dağılan,
                                        Ey Gəncədə izzü – ehtişamı dağılan.
                                        Olmayıbdır cahanda bir səninlə məntək,
                                         Beyti, evi, məktəbi, kəlamı dağılan...


            Özümüzə gəlmək, yaralarımızı sarımaq üçün bir az zamana ehtiyacımız vardı. O zamanı ömrümüzdən saymayaq. Yel kimi keçdi üstümüzdən “o zaman” və yaralarımız qaysaq bağladı. Məni isə xilas edən qələmim oldu. Müəllimliyimə ara verib bütün gücümlə yazıçılığımı, jurnalistliyimi davam etdirdim. Niyə? Ondan ki, bu boyda dərdin yazılması lazımdı! Yoxsa bizlər hələ də mağarada qış yuxusuna getmiş ayının şirəli pəncəsini yalayan qarışqaların günündə idik: ayı qış yuxusundan ayılar, qarışqa ayılmaz...

           Hekayələrim, romanlarım çap olundu... Sonra yazılarım xaricə də ayaq açdı. Təbii, mənə ilk qucaq açan doğma Türkiyə oldu. Hekayələrim İstanbulun, Ankaranın dərgilərində, saytlarında çıxdıqca bu böyük türk elində daha çox tanındım və bir gün hekayələr kitabım da işıq üzü gördü...

            ...Səni sən edənin nə olduğunu bilirsənmi? Ailəm, müəllimlərim, mühitim deyəcəksən, bilirəm. Amma  səni sən edən təsadüflərin verdiyi imkanlar da ola bilər. Gözləmədiyin yerdən aldığın təkan da bura daxil. Odur ki, hər kəs gözlənilməzliklərə hazır olmalıdır: sadəcə təkanın haradan gələcəyini təxmin et, yetər. 

            Türkiyədə çap olunan kitabımın təqdimatına getmək üçün yola çıxanda məni nələrin gözlədiyini ağlıma da gətirməzdim. İstanbulda, Ankarada bir çox maraqlı hadisələrlə rastlaşdım. Məsələn, kitab fuarında bir qadın “Baküdenmisiniz?” deyib göz yaşı axıtdı. Bildim ki, onun babası bura Azərbaycandan gəlib haçansa, sonra geri dönə bilməyib və nəticədə bu xanımın və onun digər qohum-əqrabasının İstanbulda köklü-köməcli ailəsi meydana gəlimş. “Dedem her veqt  deyirdi ki, azeriler çok iyi adamlardılar. Onları görende benim Gencedeki akrabamı sor, gör evimizin bahçesindeki tut ağacı hala duruyormu?”

            Daha bir hadisə də olmuşdu... Yox, bunların heç biri o qədər də təəccüblü deyildi. Ən təəccüblüsü bilirsinizmi nə idi? Fuarda tanış olduğum bir naşirin danışdıqları və mənə verdiyi bir qovluq... Demək, fuarda tanış olduğum naşirə türkcəyə çevrilmiş romanımdan bəhs edəndə “Ver bakalım, belki ilgimizi çekdi, basdık” dedi. Mən də axşam qaldığım evdən internet üzərindən romanımın vörd variantını onun elektron ünvanına atdım. Bir saat sonra cavab gəldi ki, aldım. Sonra da yazdı ki, əgər üç gün İstanbulda qalsan, sənə bir xəbər verə bilərəm. Yəni çap olunub olunmayacağı xəbərini...

            Üç gün deyil, dörd gün sonra məni nəşriyyata çağırdılar. Naşir məni görən kimi ayağa qalxıb ikiəllə görüşüdü və gülümsündü:

            -Hocam, tebrik ediyorum! Romanınızı oxumuşlar ve yakın zamanda, üç, yahud dört ayın içerisinde basacağız... Malum kirize göre bu süre uzana da bilir...

            Çox sevindim. Süzdükləri az şəkərli qəhvədən içə-içə bir xeyli söhbətləşdik. Naşirin önümə qoyduğu müqaviləni (onlar “sözləşmə” deyirlər) ötəri oxuyub imzaladım. Yenə ordan-burdan danışırdıq ki, naşir “ha, iyi ki, unutmamışım” deyib bir qovluğu mənə uzatdı. “Hala burdasınızsa, bir bu dosyaya bakardınız... Karabağdan yazıyor... Bir ermeni doktorun günlükleridir. Bizim türkceye çevirmişler. Ama ben şunu basmağa tereddüd ediyorum da... İyi para veriyorlar... Bak, senin romanını biz basacağız, amma bunlar kendi paraları ile basdırmak istiyorlar... Suriyadakı karmaşadan sonra bu kitapın yazarı bombalı saldırıda ölmüş, oğlu  suriyalı mültecilerle buraya gelmiş. Bunu da bize o getirmiş... Bir bakın, biz bunu bassak, azeri kardeşlerimiz bize kızmaz ki?..”

            Elə oradaca qovluqdakı makina səhifələrini vərəqlədim. 200 səhifə idi və ilk beş səhifə maraqsız olsa da, sonrakı səhifələr məni tamam əydi. Bu adamın yazdıqları tam tamına bizim Qubadlı və Zəngilan bölgəsindən idi. Mənim rayonumu məndən yaxşı təsvir etmiş!?.

            Naşir dostum, əlbəttə yeni tanıdığı bir yazıçıya bu “dosya”nı etibar edib verməzdi oxumaqçün. Vermədi də. Amma telefonla səhifələrin şəklini çəkməyə razı oldu...

            Axşam otele dönən kimi ilk işim bu erməninin gündəliyini oxumaq oldu. Telefonumun yaddaşına düşmüş səhifələr tam oxunmurdusa da, mən onları bərpa edə bilirdin. Oxuduqca  sarsılır, amma oxuyurdum...

            Məni hansı sürprizlərin gözlədiyini bir bilsəydim...

                                                            

                                                                ***

           “DOKTOR AVANES MİNASYANIN  SAVAŞ GÜNLÜKLERİ” başlığı ilə olan mətni bəzi şərhlərlə, tarixi mənbələrdən aldığım əlavələrlə,  təbii bizim dilə uyğunlaşdıraraq oxuculara  çatdırmağı özümə borc bildim. Bir də mənim Qarabağ davamıza aid qara   hekayələrim var burada. Bu gündəliklə səsləşər kimi, gündəliyi görmədən yazdığım hekayələr. Çətin olacaq, bilirəm. Amma oxumadan keçməyin.  

                                                            

                                                                  Azad Qaradərəli

                                                     İstanbul, oktyabr, 2018 – Bakı, may, 2019

            



ERMƏNİ DOKTOR AVANES MİNASYANIN GÜNDƏLİYİ


Tarixsiz. Arçax. Şuşik*.

            

         “Harada çörək varsa, ora vətəndir” – məşhur erməni atalar sözündə deyildiyi kimi, ayağımız tutduqca bu dünyanı gəzmişik.  Bir xalq olaraq özümüzü daim axtarmışıq.

              Bizim də aid olduğumuz homo sapiens narahat məxluqdur. Ona verilən rahat ömrü təklif olunan kimi deyil, özü bildiyi kimi yaşamaq istəyir. Macəra, yenilik həvəsi, daimi axtarışlar onun yelkənsiz gəmisini dalğaların ağzına atıb bilinməz dərinliklərə aparır. Özüm   bilmədən mən də belə bir macəranın yolunu  tutdum.

            Yox, “özüm  bilmədən” ifadəsi bir az yerinə düşmədi. Axı mən bir erməniyəm. Bu, bizim həm dilimizdə, həm dinimizdə, həm də erməni mənşəyimizdə özünü göstərir. Bizdə belədir ki, hər addımımız ölçülü-biçili olur. Yox, bu, vasvasılıq deyil. Sadəcə, tarixi bir instinktdir. Mənim xalqımın başı çox bəlalar çəkib. Ordan ora, burdab bura qovulmuşuq, qırılmışıq, soyqırıma uğramışıq, amma özümüzdə güc tapıb yenidən dirçəlmişik, ayağa dura bilmişik. Mən özüm Suriyanın Raqqa bölgəsində doğulmuşam. Ata kəndimiz Keboda indi bircə adam da yaşamır. (Bu sözü düzgün oxuya bilmədim. Üstünə nəsə düşdüyündən aydın oxunmurdu: Kebo idi, yoxsa Kedo? Ya Kezo? Bilə bilmədim. –Müəllif.) Hamısı böyük şəhərlərə köçüb. Mən Dəməşqdə universitetin son kursunda oxuyanda Hayestan və Azərbaycan müharibəsi artıq başlamışdı. Bir il Hələbdə həkim işləyəndən sonra  erməni lobbisinin – Tufenkyan* fondunun və Raqqa erməni kilsəsinin dəstəyi ilə əvvəl Erivana, ordan da Arçaxa gəldim. (Buradakılar kobud şəkildə ARTSAX deyirlər. Mən o cür tələffüz edə bilmirəm. İngilis və ərəb dillərində təhsil almış bir erməni kimi yumşaq şəkildə tələffüz edirəm və  elə də yazıram: Arçax...) Erivanda bizə  - beş həkim, on nəfər tətikçi idik - üç ay təlim keçdilər. Lap zəhləmizi tökürdülər: türklərdən ehtiyatlı olun, əllərinə düşsəniz birinci qulağınızı kəsəcəklər, sonra dilinizi. Sonra  zorlayacaqlar və sair. Bir professor isə lap gül vurdu: türk xəstələrə həkim gözü ilə baxmaq olmaz! 

            Mən əlimi qaldırıb dedim ki, biz həkimik, belə hərəkət düz deyil. Üstəlik, təlimə bir ingilis həkim də qoşulmuşdu axı. Biz, erməni humanizmini bunların yanında necə aşağılaya bilərdik?! 

-------------------------------------------------------------------------------------------------------------------------------------

*Artıq dediyim kimi mən bu gündəliklə Türkiyə türkcəsində tanış olmuşam. Tərcüməçinin müdaxilələrini bilmirəm, amma  yer adlarında onun üslubunu olduğu kimi saxladım. Məsələn, o Artsax yerinə  Arçax, Şuşaya Şuşik, İrəvana Erivan, Zəngilana  Kovsakan deyir və sair.

*Mənbələrə baxanda gördüm ki, həqiqətən Qarabağa xaricdən döyüşçü ixrac edən belə bir fond  varmış.


         Deyim ki, o söhbətdən sonra məni ələ salmağa başlamışdılar. Guya mən qorxağın, Avropa humanistciyinin biriyəmmiş... Özümlə skripkamı da gətirməyim bunlara lap toxunmuş, məni “intiligent-muzıkant” deyə aşağılamağa başlamışdılar. 

Guya mən ağürək bir doktoram, musiqi məni muskilizasiyadan kənar etmiş, qadın kimi zərifləşdirmişdir. Hətta bəziləri məni ciddən homoseksual bilirdilər. Ən çox xətrimə dəyən isə yerli erməni təlimçilərin ağızları sulana-sulana dalıma baxmaları idi.

          Amma yox. Mən erməniyəm. Bilirəm ki, türklər bizim düşmənimizdir. Dəxli yoxdur, Türkiyə türkü, Azərbaycan türkü, yaxud Orta Asiya türkü, ya da elə bizim Suriya türkü. Hamısı bir bezin qırağıdır. Ən çox da Türkiyə türkləri! Babam danışırdı ki, bizi doğma dədə-baba torpaqlarından 18-ci əsrdə Osmanlı İmperiyası Suriyaya aparıb. Bizim torpağımız Van imiş. Oğlunun birinin adını Vanes, mənim – istəkli nəvəsinin adını Avanes qoyan babam Van həsrətiynən öldü...

            Arçaxa gələn gecənin səhəri bizi torklardan təmizlənmiş Şuşikə gətirdilər. Şuşikde (yəqin ki, Şuşanı nəzərdə tutur, ermənilər bu şəhərə Şuşi deyir, nədənsə erməni doktor Şuşik yazır – Müəllif) həbsxananın yuxarı başında ona yaxın türkün güllələnərək zibilliyin yanındakı çalaya atıldığını gördüm. Üstlərini yalandan torpaqlayıb getmişdilər. İt-pişik torpağı qazıb, meyitləri düzdə qoymuşdu. Üfunətdən adamın başı çatlayırdı. 

           Dərhal alaya gedib həyəcanla məlumat verdim. Şəhərin komendantı polkovnik Mançarov uğunub getdi. Sonra telefonla kiməsə bu barədə danışdı və daha bərkdən qaqqıldadı. 

            -Ara, bu doktoru hardan tutub gətirmisiniz?! Ara, bu mama uşağıdır ki! Ha-ha-ha...

            Mən hirsləndim:

            -Cənab polkovnik, siz məni düz başa düşmədiniz... Mən bir həkim kimi deyirəm... Türklərə acımıram... Virus yayıla bilər... Xəstəlik ola bilər... Allah göstərməsin, xolera yayılsa, neyləyərik!?

            O bu dəfə gülməyini saxladı. Gözünün yaşını dəsmalıyla silib dedi:

            -Eto druqoy dela!.. Bravo!* Torkun meyidi də qorxuludur... İndi nə edək, cənab doktor?!

            Buldozer lazım olduğunu dedim. O “spas, spas”* deyib, hara isə zəng vurdu. Bir saat keçdi. Nəhayət, ekskovator-buldozer gəldi. Göstəriş verdim ki, çala qazıb meyidləri orada basdırsınlar. Mənim bu təşəbbüsümdən sonra həmin N saylı alayın tibbi hissə rəisi təyin olundum. Bu mənim ilk müvəffəqiyyətim idi. Həm maaşım artacaqdı, həm də səlahiyyətim yüksələcəkdi.

        Yəqin ki, qoca atam bütün bunlara görə mənimlə qürur duyacaqdı. Elə bu gün evə məktub yazmağı düşünürəm. Yalnız axşam bu imkanı əldə etdim.



          “Əziz atam Sirus, anam Armanuş, həyat yoldaşım Anayit!

            Necəsiniz? Oğlum Aramis necədir? Eşitmişəm ki, Suriyada millətçi ünsürlər yenə fəallaşıblar. Özünüzdən muğayat olun. Oğlumu qoruyun. Gecə yatanda qapını yaxşı-yaxşı qıfıllamağı unutmayın. Mənim işlərim əladır. Döyüş bölgəsindən uzaq mövqedəyəm. Bizimkilərin ələ keçirdiyi Şuşik adlı tork şəhərindəki alaydayam. Amma günümün çoxu şəhərdəki qospitalda keçir. Bu gün vəzifəmi qaldırdılar. Alayın hərbi hissəsinin tibbi rəisi təyin edilərək kapitan rütbəsi verdilər. Halbuki üç ay əvvəl gələndə leytenant idim. Bir azdan qospitala gedib yaralı əsgərlərə baş çəkməliyəm. 

            Hələlik. Özünüzdən və Aramisdən muğayat olun. Öpürəm.

            Sizin Avanes. 18. 11.1992. Arçax, Şuşik.”



-------------------------------------------------------------------------------------------------------------------------------------------

*Eto druqoy delo – bu başqa məsələ (rus.) Ətək yazıları müəllifə aiddir.

*Bravo – doğrudur (ing.)

*Spas, spas – dayan, dayan(erm.        





Yenə tarixsiz. Şuşik.


        Biz ağıllı millətik. Ağlımız və elastikliyimiz xilasımız olub. Amma daim təhdid altında olmağımız, sürgün və köçürülmələr taleyimizdə böyük   iz buraxıb. Harada olursaq olaq, orada bir cücərən toxum, közərən ocaq, artan nəsilik.

          Bütün bunlara görə, təbii ki, ilk növbədə hay analarına borcluyuq. Bizi doğan qadınlar həm də uzun zaman  mühafizə edib, qoruyub. Nəslimiz cırlaşanda analarımız başqa millətlərlə izdivaca girərək, nəslimizin qan atışını tənzimləyib. (Pis başa düşməyin: mən bunu bir həkim kimi yazıram. Xalaqızı ilə xalaoğlunu, əmioğlu ilə əmiqızını evləndirən küt ərəblər və ağılsız türklər bilmirlər ki, nəsillərinə balta çalırlar.) Özü də erməni xalqına atalıq edən biz erməni kişilərini bir qadın yox, iki qadın doğub. Birinci anamızdırsa, ikinci arvadımızdır. (Suriyadakı arvadımın məhz o ikinci qadın olmadığını sonralar bildim. Artıq bunu başa düşəndə iş işdən keçmişdi. Erməni kişisinin qadını ondan ağıllı, fərasətli, fədəkar və hiyləgər olmasa, onların ailəsinin gələcəyi olmaz. Biz erməni kişiləri sərbəst düşünə bilmirik. Çünki bizim əvəzimizdən evdə düşünən qadınımız olub həmişə. Bizlər isə qazanc dalınca qaçmışıq. Erməni kişisinin bir əli gətirirsə, o biri əli boşdursa, onu dibindən kəsər! Baxın, biz ermənilərdə dəli, çolaq, kor adam yoxdur. Heç küçədə dilənən hay da görməzsən! Niyə? Çünki ağıllı analarımız o cür doğulan uşaqları elə o gün üzü  üstə qoyar, ağzına pambıq tıxayar, yaşatmaz. Sağlam olmayan nəsil bizə lazım deyil. Bax, budur erməni qadınlarının xalqımız qarşısında ən böyük xidməti!)

            Bura gələndən məni qarabaqara izləyən bir qadın Avanesi ikinci kərə doğdu sanki. Onun məndə yaratdığı eşq, arvadımın verə bilmədiklərini verməsi, içimdə ərəblər demiş, intibah kimi partlayışa səbəb oldu... 

       O qadından burada az yazıram. Sonra özünüz onunla daha çox qarşılaşacaqsınız gündəliklərimdə...

            

Yenə tarixsiz. Şuşik.


            Bir doktorla aramızda söz atışması oldu. Əsirlərdən birinin ağ metaldan olan dişlərini çəkmək istəyirdi. Daha doğrusu, birini çəkib çıxartmışdı. Ağzından qan axırdı. Dedim ki, ara, bu adi metaldır, qiyməti qəpik-quruş da etmir. Bu kəndçi oğlu sözümə baxmadı, üstümə avtomat çəkdi. Mən də komadirə şikayət etdim. Komandir nə desə yaxşıdır? 

            -Ara, torkun dişini çıxartmaq yox e, dilini də kəssən azdır!.. O it isə bizə lazımdır. Bildiyimə görə, yaxşı pul verirlər dəyişməyə... Bizim Artaş tapşırıb ki, ona yaxşı baxın, aldığımız puldan sizə də verəcəyəm... Buna görə it oğlunun dişinə-zadına dəymə... 

            Mənə də tapşırdılar ki, həmin torku müayinə edim. Səhər onu müayinə edəcəyəm.

            .............

            Torku otağıma gətirdilər. Yaraşıqlı adamdır. Otuz yaşlarındadır. Ermənicən bilmir. Rusca bilir, danışmaq istəmir. 

          Uzun zaman susdu. Nəhayət, mənim onunla xoş təftarımdan ürəklənib danışdı. Rus dilini və rusları sevməməsinin səbəbini belə izah etdi:”Onlar tarixən bizim düşmənimiz olublar. Torpaqlarımızı ikiyə bölüblər. (Bu, ikiyə bölüblər, nədir, anlamadım düzü. Gərək kitabxanaya gedib ensiklopediyaya baxam – Doktor Minasyan.) Bu müharibəni də onlar törədiblər siznən bizim aramızda. Üstəlik də, sizin tərəfdən vuruşurlar... 366-cı rus alayı Xocalını yer üzündən sildi. Elə bu Şuşanı (o Şuşik yox, Şuşa dedi, Xocalı da İvanyanın torkca adıymış – doktor Minasyan.) ruslar işğal edib sizə verdi...”

         İngiliscə soruşdum, o saat cavab verdi. Sonra yadıma düşdü ki, bunların dili tork dilinə oxşayır axı.( Mən Livanda universitetdə magistr kursunda oxuyanda otaq yoldaşım Suriya türkü idi. Bu dili onun vasitəsi ilə öyrəndim. Hə də, mənim dil öyrənmək sarıdan xüsusi qabliyyətim var. İngilis, rus, ərəb, türk* dillərində rahat danışa bilirəm.) Ona görə türkcə danışmağa başladıq.

-- -----------------------------------------------------------------------------------------------------------------------------------------------

*Gündəlikdə çox yerdə “türk” əvəzinə “tork” yazılıb.   

        Universitet müəllimiymiş. Xalq cəmiyyətinə qoşulub. (Yəqin ki, Xalq Cəbhəsi yazmaq istəyib – Müəllif). Sonra da könüllü cəbhəyə gəlib. İki dəfə yaralanıb. Çiynində qəlpə var. Gecələr yatmağa qoymur deyir. Sızıldayır. Niyə ermənilərlə vuruşursunuz, deyə soruşuram. Çiynini çəkir. “Müharibədir. Siz bizdən torpaq istəyirsiniz, biz də vermirik. Olur dava.” 

         Mən hirslənirəm:”Axı, Arçax erməni torpağıdır. Niyə qoymursunuz ermənilər orada rahat yaşasınlar?” 

            Susur. Yəqin ki, ağıllı adamdır. Fikirləşir ki, mən ona qorxulu iynə-zad vuraram. Müayinə başa çatır. Ciyərlərində soyuqlama var. Ola bilsin ki, vərəmin əlamətləridir: üzü qırmızıdır, pis öskürür. Gözlərində solğun bir halə var. Pnevmaniyadır.Yəqin vərəm olacaq tezliklə. Dərman yazıb, buraxıram. Gedəndə siqaret istəyir. Bayaqdan susub duran tibb bacısı Alita kiçicik dəmir cəkiclə onun kürəyindən vurub fransız-erməni dilinin qarışığı olan bir ləhcə ilə qışqırır:

            -Rədd ol tork iti! Sən bunun cəsarətinə bax! Erməni capitanedən...

            Mən bizim tibbi alət kimi istifadə etdiyimiz çəkici ondan alıb sakitləşdirirəm:

            -Dəymə, Alita... Görmürsən nə gündədir? Həm də tapşırıblar bunu, dəyişməlidilər. Artaşın özü deyib...

            Bir siqaret yandırıb uzadıram. Almır. Alita yenə hirslənir və bağırır: “Capitanenin* əli havada qalıb, it oğlu it! Al! Yoxsa...”

            Siqareti alıb çıxır.

            Fransadan gəlib Hayestan davası aparan Alitaya heyranlıqla baxıram. Bu füsunkar qızın neçə vaxtdır məndə gözü olduğunu bilirəm. Gəlib məni qucaqlayır.

            -Dayan, -deyirəm, - qoy əllərimi yuyum...

            Amma o gözləmək istəmir. Uşaq kimi  qucağımda oturur. 

            Bəlkə də bu sətirləri yazmağım düz deyil. Haçansa geri dönəndə arvadımın əlinə keçə bilər. Amma nədənsə gördüklərimi acgözlüklə yazmaq ehtirası oyanıb məndə. İndi yarı fransız, yarı erməni Alita ilə tibbi hissədəki kabinetimdə elə ayaqüstü sevişirik. O, belə sevişməyi çox sevir. Gülə-gülə deyir ki, əsil müharibə seksidir: ayaq üstə, stulda, xərəkdə... Və gülüşürük.

            Üç gün sonra eşitdim ki, böyük pul müqabilində əsiri dəyişiblər. Bizimkilərin də bir saqqalıısı var - Artaş, onların da bir sözü keçən saqqallısıynan dostdur. Pullu əsirləri hər iki tərəfdən müəyyən edib dəyişir, həm hörmət qazanırlar, həm də pul.


Yenə tarixsiz. Şuşik.


            Kefim yoxdur. Mənim bəxtimdən Azərbaycan ordusu itirdiyi torpaqları bir-bir geri almağa başlayıb. Belə getsə, heç mənim də burda qalmağımın mənası olmaz. Nədənsə ruslar da bizə kömək etmirlər. Elə bil əlimizi tutublar. Ordumuzda fərarilik başlayıb. Müayinə zamanı anladım ki, ölən və yaralanan bir çox əsgərimizə güllə kürək nahiyəsindən – yəni arxadan atılıb. Bu xəyanətmidir? Ya tabe olmayanları zabitlər özləri güllələyirlər? 

           Bilmirəm. Bir onu bilirəm ki, bu kimi məsələlərə son qoyulmasa, torklar tezliklə bizi Stepanakertdən də süpürüb atacaqlar. Dünən xəbər gəldi ki, Dronbon istiqamətində ağır itkilər vermişik. Hətta bunların   döyüş təyyarələri tez-tez havaya qalxır, mövqelərimizi bombalayırlar. Ən dəhşətlisi bilirsinizmi nədir? İnam ölməyə başlayıb. Hamı xof içərisindədir...

            Alita ilə bu gün Şuşikdəki həbsxanada saxlanılan əsirləri yoxlayırdıq. Məlumata görə içlərində  hepatit “A” yayılmışdı. Mən hamıya (uşaqlı-böyüklü 40-a yaxın adam idilər) soyunmaq əmri verdim. Alita uşaqları və qadınları, mən kişiləri yoxlayırdım. Təxminən on nəfəri yoxlamışdıq və hamısının gözlərinin ağı və dərisi sapsarı idi. Mən müayinəni dayandırıb qərərgaha məlumat vermək üçün telefona əlimi uzadanda təyyarə uğultusu eşidildi və bircə anda şəhərin aşağı hissəsinə bomba zərbələri endirildi. 

            

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Capitane – kapitan (fransızca)



         Biz Alita ilə qaçıb bayıra çıxdıq. Əsirlər lüt olsalar da bayıra cumdular. İki uşaq isə əlini göyə uzadıb qışqırırdı:

            -Urrrra! Bizimkilər!!!

            Alita bircə anda tapançasını çəkib onları güllələdi. Meyitlərin üstünə sərilib ağlayan qadını da vuracadı ki, mən qolunu tutdum.

            -Nə edirsən, Alita!?. Biz həkimik...

            O özünü saxlaya bilmədiyini deyib pörtdü. 

            Həmin gün yolxucu xəstəliyə yoluxmuş o əsirləri maşınlara doldurub hara isə apardılar. Sevincək qışqıran, sonra isə sevincləri canları bahasına başa gələn o iki lüt uşaq uzun zaman gözümün önündən getmədi...


Yenə tarixsiz. Şuşik.


            Bizim ardımızca xeyli xarici gəlib köməyə. Bilirsiniz məsələ necədir: onların hamısı erməni deyil! İçlərində muzdlu ərəb, kürd, rus, ingilis və fransız var. Hətta uzaq Amerikadan gələnlər var. Bax, buna görə çox sevinmişəm. Biz bu müharibəyə bütün dünyanın diqqətini cəlb edə bilmişik...

            Bir də dünən xəbərlərdə deyildi ki, Avropa İttifaqı, ATƏT və digər qüvvələr Azərbaycana hücumu dayandırmaq barədə müraciət ediblər. Əsas odur ki, bu vəhşi torkların hücumu müvəqqəti dayansın, sonra bizimkilər özlərinə gələrlər yəqin. Alita deyir ki, qorxma, bu torklar ardıcıl iş görə bilmirlər. Bir atım barıtları var, atacaqlar, sonra çəkilib başlayacaqlar alverə. Allah bunları alver üçün yaradıb...

Bazar adamıdırlar... Müharibədə də bazarlıqlarından qalmırlar. Meyidt alveri edirlər... Bircə torpaq alverinə də öyrətsəydik, yaxşı olardı...


......................


            Şarl Aznavur gəlib! Əsl sənətkar buna deyirəm. Dar gündə xalqının yanındadır. Stepanakertdən sonra Şuşikə də gəldi. Baxmayaraq ki, hər an buranı torkların Su-24-ləri bombalaya bilər, amma o gəldi. Cıdır düzündə böyük konsert oldu. Onun “She”* mahnısı hələ də qulaqlarımdadır... 

        Heyf ki, mən sonacan qala bilmədim. Xəbər verdilər ki, ağır yaralı gətiriblər. Baş həkim təcili gəlməyimizi istəyib. Alita ilə maşına minib geri döndük. Amma içimdə böyük fərəh var. Xalqımın bu gözəl səsli sənətkarı Fransadan vurub gəlib bura! Öz nəğmələri ilə əsgərlərimizə güc aşılamağa!



Yenə tarixsiz. Şuşik.


            Mən heç gündəlik yazmadım. Bir dəfə Raqqada lisedə oxuyanda qızlar kimi gündəlik tutmaq istədim, oğlanlar lağa qoydular, yandırdım. Sonralar rus yazıçısı Bulqakovun “Gənc bir doktorun xatirələri” kitabını oxudum. O kitabın yarısı xatirə, yarısı gündəlik kimi yazılmışdı. Mən də haçansa belə bir gündəlik yazmaq istərdim. Amma nədən yazım ki? Raqqadakı köhnə xəstəxananın gənc bir terapevtinə heç xəstə də vermirdilər . Ona görə zamanımı gözləməliydim. Yoxsa nə yazacaqdım? “Dəməşqdə universitetin tibb fakültəsini bitirdim, Beyrut universitetində magistr kursunda oxudum, terapevt kimi Suriyaya, Raqq şəhər xəstəxanasına təyinat aldım. Anamın tapdığı kəndli qızı Anayitlə evləndim və bir oğlum oldu.” Bu qədərmi?!

            

-----------------------------------------------------------------------------------------------------------------------------------------

*”She” – “O” (qadın cinsində), fransızca.

*Enze – ehtiyat (rusca)


        O zaman indi gəlmişdir. Elə bilirəm ki, yaşadığım günlər hər bir erməni gəncinin xəyalıdır. Hər gün xalqımın gələcəyi üçün nəsə yeni bir addım atılır və mənim də bunda rolum var az da olsa. 

         Xeyli vaxtdır burdayam, hələ də o cəsarəti tapıb başlaya bilməmişəm gündəlik yazmağa. Səbəbi bilirsiniz nədir? Bir terapevt kimi gəldiyim Arçaxın hərbi hissələrində zorən cərrah oldum. Qoca cərrah Vartan doktora güllə dəyib şikəst olanacan cərrah yardımçısı kimi çalışdım. Elə ki, Vartan doktorun qanqrena olmuş qolunu kəsmək  lazım gəldi, onda tibb bacısı Alita ilə ilk cərrahiyyə əməliyyatına girdim. Doktorun az qala çürümüş qolunu dibindən amputasiya elədim. O gün ilk dəfə Alita ilə öpüşdük. Bu bizim qələbəmiz idi. Bura yazıram: 10 fevral 1993-cü ildə mən ilk dəfə əlimdə skalper illərin cərrahı olmuş adamın sağ qolunu dibindən kəsdim – özü də doktorun özünün göstərişləri ilə lokal anesteziya ilə apardım bu əməliyyatı. Lidokaenimiz də bitmişdi. Adi navakaen vurmuşduq, vəssalam! Zatən narkoz yox idi! Morfi çoxdan bitmişdi. Vartan dokturun öz enzesindən* qalanı özünə vurduq. 

       Yaralara ancaq spirt və vişnevski maz və revonol sürtürdük. Belə bir vəziyyətdə qocaman doktoru çarpayıya bağlayaraq narkozsuz əməliyyat etdik. 

            Həmin gün qət etdim ki, gündəliyi artıq rəsmən başlamaq lazımdır. Fəqət olmadı. Çünki doktorun temperaturu düşmək bilmirdi. Əgər o ölsəydi, bu mənim karyerama ağır zərbə ala bilərdi. Düz iki aydan sonra qoca doktoru ordudan tərxis edib evə yazdıq. O gedəndə tək qolu ilə məni qucaqlayıb dedi: ”Oğlum, sən taleyin qisməti ilə Arçaxa gəlmisən ki, həm müqəddəs erməni işinə öz töhfəni verəsən, həm də bir gənc cərrah kimi yetişəsən... Unutma, ruslar bizə yalnız silah verirlər. 

Dərman, ərzaq, geyim kimi yardımlar bizə Avropadan, Amerikadan gəlir. Onu da o hərbi hissələrə verirlər ki, orada Artaşın adamı var... 

          Hə, bu Artaş Arçaxda qeyri-rəsmi hakimiyyətə sahibdir. Bütün daşnaksütun partiyasının silahlıları ona tabedirlər. Bura gələn bütün yardımlar onun əli ilə bölünür. Üstəlik, ən pullu əməliyyat olan əsirlərin dəyişdirilməsi, o biri alverlər  də onun nəzarətindədir. Burda söhbət gəzirdi ki, Artaş  prezident Ter-Petrosiyandan da güclüdür.

            Doktoru yenicə yola salmışdıq ki, məni Artaşın yanına apardılar. Bu zəhmli saqqallını  iki dəfə yaxından görmüşdüm. Bir müayinə etdiyim azərbaycanlını mənim iştirakımla danışdıranda, bir də bir neçə əsirlə birgə kabinetimə gəlib onları müayinə etməyi tapşıranda. Həddindən atrıq hirsli, söyüşcül, son dərəcə kobud birisiydi. 

            Məni yeraltı qazmada – blindaj dedikləri yerdə tək qəbul etdi. Bir neçə alaşıq-dolaşıq sual verdikdən sonra qarşıma bir qom pul atdı:

            -Bu avansdır. Əgər tapşırığı qüsursuz yerinə yetirsən, bunun üçqatını alacaqsan. Özü də istəsən, Suriyadakı hesabına da köçürə bilərik... Təki Vartan doktorun  başladığı işi lazimi qaydada davam etdirəsən. Bir də bu iş son dərəcə gizli aparılacaq. İnandığın medsestra ilə birlikdə görəcəksiniz işinzi. Onun da az da olsa qazancı olacaq. Sən aldğın məbləği ona bildirmə. Sabahdan işə başlaya bilərsiniz.

            -Cənab Artaş, bizim işimiz nədən ibarətdir? – Mən soruşdum.

            O divardan asılmış  pərdəni çəkdi. Ağ ekran göründü. Sonra küncdəki kompyuterin düyməsini basdı. Qorxunc bir film kimi səhnələri seyr etməyə başladım. O mənə də, özünə də araq süzüb “yaxşı bax” dedi. Doktor Vartan tibb bacısı ilə on dörd yaşlarında bir tork uşağını  yarıqaranlıq otaqda........................... ........................................................................................................................................................................................................................................................................................(Bu hissə pozulub, sonra üstünə qara lent yapışdırılıb – Müəllif.)......Sonra bir təzə meyit gətirdilər. Onu da eyni qayda ilə............(Bu da pozulub – Müəllif.)

            Mən dözə bilməyib üzümü əlimlə tutanda Artaş daxıldan tapançasını götürüb gicgahıma dayadı:

            -Mənə demişdilər ki, sən mama uşağısan, amma bu qədər də yox! Sən bizim sirrimizi gördün, ya bu işi davam etdirib, yaxşı pul qazanacaqsan, ya da burdan ölün çıxmalıdır... Meyidini sink tabuta qoyub ailənə göndərəcək, “Böyük Ermənistan uğrunda həlak oldu” yazacağıq.

            Mən araq istədim.

            Ordan çıxanda əməlli-başlı sərxoş idim. Gecə Alita yanıma gəlsə də, ona bir şey edə bilmədim. Sadəcə  qucaqlayıb hönkürdüm. O da “Van, əzizim, mən hər şeyi bilirəm” deyib ağladı. Sonra “Van, biz erməniyik. Türklərin nəslinin yer üzündən kəsilməsinə gücümüz çatmasa da, onların azalmasına yardımçı olmalıyıq. Özü də bu bizimçün həm də biznesdir. Özünü ələ al, hər şey yaxşı olacaq. Mən sənə yardımçı olacam” dedi. 

            Və mən o gecə həyatımın ən ağır gecəsini keçirdim.

            İndi məni başa düşürsünüzmü ki, nə üçün uzun müddət gündəlik   yaza bilməmişəm?


Yenə tarixsiz. Martuni.


            Bir gün xəbər gəldi ki, Martuni tərəfdə atışma olub, beş əsgərimiz, bir zabitimiz ağır yaralıdır. Yaralılara ilkin köməyi elə cəbhə xəttindəki sançastda (mən artıq buranın bəzi müharibə terminlərindən istifadə etməyə başlamışam) göstərmək istəyiblər, lakin oradakı tələbə-həkimə də güllə dəyib. Hər şey qalıb bir feldşerin ümidinə. Biz təsadüfən Alita ilə həmin istiqamətdəki əsgərlərin peyvənd edilməsinə nəzarət üçün o zonaya getmişdik. Təcili əmr gəldi ki, Martuni istiqamətindəki yaralılara özümüzü çatdıraq.

            Düz iki saat dayanmadan maşın sürdük. Bəzi yerlərdə yollar çala-çuxur olduğundan maşınımız iməkləyirdi. Nəhayət, yolda bir binanın daldasında dayanmış həkim maşınına yetirdik özümüzü. Həkim maşınında zabiti və həkimi uzatmışdılar. Həkimin yarası yüngül olsa da, zabitinki ağır idi. Çoxlu qan itirmişdi. Əsgərlərin biri ölmüş, o birilər də pis vəziyyətdə idilər. Alitanı feldşerlə birgə işləməyə göndərdim ki, əsgərlərə ilk yardım etsinlər. Zabiti isə əməliyyat etməsəm, ölə bilərdi. Güllə ürəyindən yan keçsə də, sinəsini dəlib keçmişdi. Sürücümüz artıq feldşer qədər tibbi  biliyə malik idi. (Yanında o qədər əməliyyat edilmişdi ki!) Onun köməyi ilə təcili əməliyyat edib içəridə qalmış qəlpəni çıxartdım. Bu əməliyyat da narkozsuz keçdi. Bir ampula lidakaen vurdum, vəssalam.  Zabitin onsuz da huşu özündə deyildi. Əməliyyatı təzə bitirmişdim ki, bir vertolyot göründü. Az sonra vertolyotdan yüksək çinli zabitlər düşdülər. Biri hətta general idi. O mənə yanaşıb zabitin vəziyyətinin necə olduğunu soruşdu. Hərbi vəziyyət alıb raport verdim. Sonra  yaralıları vertolyota yığıb Stepanakertə uçduq. 



Bir gün sonra. Stepanakert.


        Bütün gecəni qospitalda keçirdim. Səhərə yaxın yatmağa gedəndə məni generalın yanına çağırdıqlarını dedilər. Bu hündürboylu adam zəhmli olsa da, məni görüb gülümsündü. Əlini uzatdı:

            -General Avakyan. Mən Erivan qarnizonunun rəisiyəm. Həyatını qurtardığınız zabit mənim oğlumdur. Ailəm adından təşəkkürümü qəbul edin. Bu kiçik hədiyyəni isə...

            O qolundakı qızıl saatı açıb qoluma bağlamaq istədi. Mən etiraz etdim:

            -Cənab general! Mən bir erməni kimi...

            O məni qucaqladı, bağrına basıb üzümdən öpdü:

            -Əgər götürməsəniz, sizdən inciyərəm! O mənim yeganə övladımdır... Etirazıma baxmayaraq Harvarddakı təhsilini yarımçıq qoyub bura döyüşməyə gəlib... Mən demirəm ki, vuruşmasın, vuruşsun, amma təhsilini bitirdikdən sonra... Özü də onun böyük elmi gələcəyi olacaqdı... Kompyuter texnikası üzrə görkəmli mühəndis-gibernetikdir...

            Sonra biz qəhvə içdik. Bir az o yan-bu yandam söhbət etdik. O, sözarası işarə vurdu:

            -Artaş mənə sizin haqqınızda danışıb. Suriya ermənisisiniz! Üstəlik, bizim qeyri-leqal əməliyyatlarda da iştirak edirsiniz. Bir torku, bir müsürmanı öldürməklə, bir ermənini, yaxud bir xristianı xilas edirsiniz... Erməni xalqı və dövləti xidmətlərinizi unutmayacaq!

            Qolumda qızıl saat bərq vura-vura Şuşikə döndüm. Üç gün sonra mənə “Döyüşdə fərqlənmə xaçı” medalı verdilər. O gün hiss elədim ki, mən atrıq öz gündəliklərimi yaza bilərəm. Axı mən indi çox nadir adamlardan olmuşdum. Burda mənsiz ötüşə bilmirdilər. Üstəlik, Alita kimi bir gözəl də yanımdaydı...


..........


            Çoxdandır əlim skripkama dəymir. Bəlkə elə buna görədir ki, getdikcə daşa, dəmirə dönürəm. Çantamda böyük Վիլյամ Սարոյան (türkcəyə çevirənlər  bu sözü erməni hərfləri ilə  saxlayıblar, erməni əlifbasını bilməsəm də, bilənlərdən soruşub öyrəndim: Uilliyam Saroyam deməkmiş – Müəllif) “Love”* kitabı var. Cəmi səkkiz səhifə oxuyandan sonra yaddaş lentini həmin səhifəyə qoymuşam və daha açmamışam. Gələndən nə bir film izləmişəm, nə bir musiqi partiyası dinləmişəm. Allah göstərməsin, belə davam etsə, bir intiligentdən meşşana, yaxud əli qanlı manyaka çevriləcəyəm. Zatən buna doğru gedir...

            Skripkanı asdığım yerdən alıb kökləyirəm. Viyolanı* tellərə toxundurmağa ürək eləmirəm. Liseydə oxuyanda, eyni zamanda musiqiyə də getdim. Skripka sinfini diplomla bitirdim. Həkimliyə  marağım və atamın təkidi olmasaydı, yəqin ki, bir musiqiçi olacaqdım... (Atam deyirdi ki, erməni bir, yaxud bir neçə peşə bilməlidir ki, biri yaramayanda ac qalmasın. Ona görə məni musiqi məktəbinə də qoymuşdular.)

            Üzümü skripkaya sürtür, sanki  bunca zamanda ona toxunmadığım üçün halallıq alıram və dahi   bəstəkar Mozartın əfsanəvi musiqisi kiçik kabinetimə dolur. Özümü tamam unuduram. Sanki Suriyanın Raqqa şəhərindən Beyrutdakı musiqi yarışmasına qatılmağa gələn universitet tələbəsiyəm və əlim kəmanəni elə məharətlə tutub ki, bir daha buraxmayacaq. Mozartın musiqisində magik bir vüsət var və mən bu vüsətdən həmişə uçmaq istəmişəm. O musiqini ya eşidəndə, ya  da ifa edəndə elə bilmişəm qanadlarım var. Yenə qanad taxmışam. Budur uçur, uçuram... Son akkordu vuranda kabus kimi səs məni çuğlayır. Elə bil göy guruldayır. Hərbi hospitalın az qala bütün həkim və xəstə heyəti qapı ağzında məni alqışlayırlar!..

            Utandığımdan Alitanın qəsdən yarıaçıq qoyduğu qapını bağlayıram...

            Səhər Stepanakertdən zəng gəlir: burada Yerevandan gəlmiş musiqiçilərin iştirakı ilə böyük konsert olacaq və məni də orada skripkada bir partiya ifa etməyə çağırırlar. Bizim baş həkimin işləridir!.. Bir də Alita!..

            Eh!.. Müharibə romantika sevmir, amma özü kimi də romantikayla dolu olan bir də müharibədir...


..........


            Yanıma bir yaralı əsgər gətiriblər. Hündür boylu, gen alınlı, iri, ala gözləri olan bir oğlandır. Biz ermənilərdən çox, torklara oxşayır. Oturduğu yerdə gah əyilib-düzəlir, gah qəfildən yerindən sıçrayır, gah da gülməyə başlayır. Onu gətirən kapral deyir ki, Yerevan Dövlət Universitetinin məşhur professorlarından birinin oğludur. Bir həftədir başı xarab olub. Güman edirdik ki, düzələr, amma getdikcə xarablaşır.

        -Nədən olub? - əsgəri müayinə edə-edə soruşuram

            -Bir həftə qabaq donuz fermasında çalışan on beşəcən əsirin hansısa  qorxulu xəstəliyə tutulduğunu dedilər. Bədənlərində iri, qara yaralar əmələ gəlmişdi. Hətta danışırdılar, bu, xolera ola bilər.  Və bizim batalyondan altı adam seçib göndərdilər ki, onları uzaq bir çöllükdə güllələyək, sonra bir çalada üstlərini torpaqlayıb qayıdaq. Gedən dəstədə bu əsgərlə mən də vardım. Xəstələri maşına doldurub on kilometr aralıda bir çöllükdə çala bir yerdə güllələdik və itələyib ora tökdük. Dəstənin başçısı kimi əsgərlərə əmr etdim ki, bellə bunların üstünü torpaqlayın. Onlar bu işi görərkən mən də bir kənara çəkilib siqaret çəkirdim. Onda gördüm Bolodya – bunun adıdır – bağırdı və yerə yıxıldı. Güllələdiyimiz əsirlərdən biri torpağın altından çıxmış, dik ayaq üstdə dayanmışdı. Bizim əsgərlər əvvəl çaşsalar da, sonra onu bellə döyüb öldürdülər... Bədbəxt həmin vaxtdan bu gündədir. Dedilər ki, sizin yaınıza gətirək, necə olmasa xarici doktorsunuz...

            Mən xəstəni müaiyinə etdim. Tam sağlam adam idi. Sadəcə psixi problemi vardı. Məsləhət gördüm ki, onu Stepanakertə psixatriya xəstəxanasına aparsınlar. 

---------------------------------------------------------------------------------------------------------------------------------------------    

*”Love” – “Eşq” (ingiliscə)

*Viyola – kəmanə (ingiliscə)

                               MÜƏLLİFİN ƏLAVƏSİ

            

            

            

            Azərbaycan deyəndə od, od deyəndə neft yada düşür. Bəşəriyyətə ən böyük xidmətimiz  NEFTin kəşfi oldu. (Hələ eradan əvvəl Atropatenada oxçuların oxlarının ucuna qara, tezalışan maye sürtdükləri bəllidir.) Hə, özümüzdəm çox, məhz bəşəriyyətə xidmət idi bu. Ondan ki, biz azərbaycanlılara neft qədər zərbə vuran ikinci nəsnə olmayıb. Xeyri 19-cu yüzilin sonu, 20-ci yüzilin əvvəlində Bakıya renessans ab-havası gətirməyi idisə, ziyanı ölkəmizi parçalaması, millətimizi müharibələr girdabına sürükləməsi, ölüm, qan, öz rəngi kimi qara gün verməsidir...

            Bu savaşlarda həmişə bizə ən böyük zərbəni Rusiya vurdu. Bəzən aşkar, bəzən gizli vurulan bu zərbələrdə alət isə rusların əli ilə 19-cu əsrdə İrandan köçürülərək  İrəvan ətrafında, Qarabağda məskunlaşdırılan ermənilər oldular. Nə yazıqlar ki, rusların himayəsi ilə bu ALƏTİN bizə qarşı zərbələri bu gün də davam edir. 

            Suriyadan basa-basa Qafqaza gələn, mənim xalqımın qanına əli batan erməni doktorun yazdığı yuxarıdakı sətirlər könlümü yaraladı. Zatən biz qarabağlılar yaralıyıq. Yara üstündən yara gələndə adamın işi fəna olur. 

          Əslində, bir yazıçı kimi məndən soyuqqanlılıq tələb olunur. Amma necə? Necə soyuqqanlı olum ki, mənim həmyerlilərim, dostlarım, qohumlarım döyüşürdü orda və onların bir çoxu həlak olsa da, bəziləri başlı-gözlü itgin düşdülər. 

         Akif adlı bir dostum vardı. Məndən bir neçə yaş kiçik idi və Qarabağ savaşının ilk günlərindən könüllü orduya getdi. Elə o gedən oldu. Harda vurdular, başına nə gəldi, əsirmi düşdü, bilmədik...

          Atası, anası, qardaş-bacıları Zəngilanın işğalından sonra Əlibayramlıda (indiki Şirvan şəhəri) qaçqın həyatı yaşadılar. Oğlanlarının yolunu gözləyən İsmayıl Cabbarov və həyat yoldaşı  Narıngül xala nigaran köçdülər dünyadan. İki bacıları da vəfat etdi... Ailə pərən-pərən düşdü...

          Akifin öz ailəsi Bakıda ağır şəraitdə yaşayır... Həyat yoldaşı Nailə mən bu sətirləri yazan günlərdə  ağır xəstəlikdən vəfat etdi...

            Nə bilim, bəlkə həmin on beş nəfər güllələnən əsirin içərisində Akif də vardı?

            Qırmızı xaçın, BMT-nin əsirlərə dair hesabatında gözüm həmişə Cabbarov Akif İsmayıl oğlunu arayıb. Burda da yazdım: cəbhə yoldaşlarından tanıyan, bilən varsa, xəbər versin...


                                                            ***


            Universitetdə tələbələrə mühazirəmi oxuyandan sonra dəniz qırağına gedər, bir az hava udar, gəzişərdim. Bir dəfə sahil bulvarında mənə bir xanım yanaşdı. Tanış gəldi. Amma aşıra bilmədim. “Orta məktəbdə  - Zəngilan şəhər məktəbində dərs demisiniz mənə” dedi. Sonra kitablarımı oxuduğunu bildirib bir dəftərçədən söz açdı. “Qarabağlı bir qızın dəftərçəsidir. Çox savadlı qız idi. Birinci kursu bizimlə oxudu universitetdə. Sonra   xüsusi təqaüdlə Türkiyəyə göndərdilər. Deyəsən, orada qalıb, geri dönməyib. Həmin dəftərçə isə yataqxanada bizə gələndə kitablarımın arasında düşüb  qalmışdı. Qarabağda başına gələnləri qarmaqarışıq dildə yazıb. Bəlkə sizə gərək oldu” – dedi. Danışdıq ki, o dəftərçəni mənə göndərəcək. Sağollaşıb ayrıldıq. İki gün sonra dəftərçə stolumun üstündə idi. 

            

                                    ƏMİNƏNİN HEKAYƏSİ



         “ …Əlimi qaldırdım, qalxmadı. Əllərim olub? Bilmirəm. Mən olmuşam? Onu da bilmirəm. İnsanam? Deyəsən bunu bildim. Bəs insanamsa niyə burdayam? “Burdayam” nə deməkdir? Haradır bura? Bəlkə heç insan deyiləm, qara pıspısa dediyimiz cücəyəm? Gəlib bura – torpağın altına girmişəm? Hə, bura dəqiq torpağın altıdır, nədən ki, nəm torpaq tamı gəlir. Bu tamı bilirəmsə, demək hələ diriyəm. Qaranlıq olmağı isə torpağın altı olduğu anlamına...

            Nəsə isti bir şey axdı üzümə-gözümə. Hə, üzümə, gözümə deyirəm ona görə ki, üzümdən də axıb ağzıma doldu. Onsuz da ağzıma dolmuş bu isti şeyin qabağını almaq iqtidarında deyiləm. Bir də bunun bir ləzzətli qoxusu vardı. Doğma gəldi mənə. (Elə bil haçansa içmişdim ondan) Qapanmış ağzımın qıraqlarına dolan bu isti məhlul kilidlənmiş ağzımı aralamağa kömək etdi və... bu isti maye ağzıma, oradan boğazıma, sonra qarnıma axdı... Nə qədər axdığını bilmirəm. Bildiyim odur ki, bunun qəribə gücü varmış: bədənim istiləndi, gözümün biri açıldı və işıq gördüm! Altımda, yanlarımda isti-soyuq bədənlər olduğunu anladım. Hətta hardansa inilti, sızıltı gəldi qulağıma. Tezliklə bunu da anladım: üstümdəki isti bədəndən gəlir sızıltı. Elə ağzıma axan şirə də üstümdəki bədəndən axırdı. Özümə gəlməkdəydim. Nə baş verdiyini hələ anlamasam da, altımda-üstümdəkilərin insan meyidləri olduğunu duymaqdaydım. Yanımda yerə düşmüş qolumun birini güclə də olsa, qaldıra bildim. O biri qolum isə hələ ki, “yox”   idi. Amma tezliklə onu da “tapdım” – üstümdəki  bədəni hələ isti olan, arabir iniltisi gələn adamın altında qalmışdı. Zindan kimi ağır olan bu bədənin altından çıxa bilsəm... 

            Özümü toplayıb bütün qüvvəmi cəmləşdirdim və o biri qolumu çəkib üstümdəki bədənin altından çıxartdım. Bu vaxt başım da tərpəndi və üzümü örtmüş torpaq töküldü. O biri gözüm də açıldı. 

            Yuxarıda dərin, tərtəmiz, masmavi göy görünürdü. Ağlım yavaş-yavaş qayıdırdı. Və bizi Xocalıdan bir az aralıda, qoyun yatağının yanında tutub güllələmişdilər. Mənə dəqiq güllə dəymişdi – harama, onu bilmirəm. Sonra bura haradısa gətirib çalaya töküb, üstümüzü torpaqlayıblar. ..

            Üstümdəki  meyitin (hə, səsi gəlmir daha, bədəni də soyuyub) altından tamam çıxmağa çalışıram. Bir ayağımı çəkib çıxardıram. O birini çıxardanda baldırımdan qan açılır. 

            Güllə sümüyümə dəyməyib. Sevinirəm! Yanımdakı meyitin köynəyinin qolunu dişlərimlə çırıb yaramı sarıyıram. Və bu vaxt üstümə yıxılanın 16-17 yaşlarında bir yaraşıqlı oğlan olduğunu görürəm. Bığ yeri təzəcə tərləyib. O gözəl üzündə dəhşət və qorxunun rəsmi qalıb. Güllə düz  sinəsinin sol tərəfindən dəyib. Mənim ağzıma axan da onun ürəyinin qanıymış. Məni onun qanı qurtardı. Əyilib bu yaralı sinədən öpdüm və xəndəkdən çıxdım.

            Axşam üstü idi. Ətrafda ins-cins yoxdu. Göyə baxdım: qu desən qulaq tutulan bu nahaq qana batmış məkanda göy üzündə iri bir ay vardı və o solğun bəniziylə sanki günahkar-günahkar mənə baxırd.

           Bu vaxt kolların arasından iki nəfər çıxıb mənə əl etdi.   Qaçıb meyidlərin yanına – xəndəyə girmək istəyirdim ki, biri “qızım” deyə titrək səslə çağırdı. Bizim əsgərlər idi. Allah onları mənə - 13 yaşlı kimsəsiz qızcığaza xilaskar göndərmişdi...”

            

                                                             ***

            

           Oğlan bir qutu siqaretin yarısından çoxunu  çəkmişdi. Rəngi qapqara olmuş, gözləri qıyılmışdı. Bu qərib şəhərdə bir gün rastlaşıb könül verdiyi bu gözəl qızın ondan qaçmasını zaman-zaman anlamağa çalışırdı. Amma qız  “salam, sağ ol”dan o yana keçmir, onun da keçməsinə imkan vermirdi. 

            Axırı ki, bir gün əl çəkmədi qızdan. O da başına gələnləri ona danışdı. Lap axırda da bunları dedi:

            -Mən ərə getməməyi, yəni adam kimi ailə qurmamağı qarşıma məqsəd qoymuşam. Ya da bizimkilərə, türkə, müsəlmana getməyəcəm. Avropalı, amerikan olsa, bəlkə gedərəm.

            -Bu da nə deməkdir? – Oğlan hirslə dedi.

            -Mən sevə bilmərəm... O oğlanı – qanı bahasına məni xəndəkdə xilas edən, yarasından öpdüyüm o oğlanı sevmişəm mən... Daha çətin ki, kimisə sevə biləm...

            Oğlan heyrətlə qıza baxırdı. Qız bayaq başına gələnləri danışanda aldığı ölü vəziyyətinə təzədən qayıtmışdı:

            -Mən sonradan başa düşdüm ki, baldırımın şirin ətinə dəyən güllədən deyil, qorxudan bayılmışam. Ermənilərin məni hansı vəziyyətdə o xəndəyə gətirdiklərini xatırlaya bilmirəmsə, ola bilsin ki, mənim bakirəliyimi də pozublar o itlər. Axı bədənim bütöv qan içindəydi. Ayrı nə olduğunu hardan bilə bilərdim ki?.. Mən qız olmaya bilərəm, başa düşürsən? Bu bizim oğlanlarçün bir həyat-ölüm məsələsi, deyilmi?..  Boyunlarındakı hörmə  qızıl zəncirlər  bir tankın qoşqusundan  yoğun olan   anaları uzun illər xəyal qurar, oğlanlarını bakirə, halal süd əmmiş qızla evləndirməyi arzulayarlar... Hələ yengə məsələsi... Bizim nəsildə heç yengə getməyə qadın da qalmayıb axı...

            O ağlaya bilmirdi. Quru, adamı sancan bir səslə danışırdı.   Oğlansa başını dizlərinin arasına alıb qalmışdı. Başını qaldıranda qız çoxdan getmişdi. Qutuda bir gilə siqaret qalmışdı.

            

                                                            ***


            -Müəllim, bəs qız sonra nə oldu? – dodaqları büzüşmüş, gözləri yaşdan sulanmış qızcığaz müəllimdən soruşdu. O biri şagirdlərdən də səs çıxmırdı.

            -Onu bura – vətəninə bağlayacaq bir şey yox idi. Bütün nəsli kəsilmişdi... Ona görə ali məktəbi bitirənnən sonra bura qayıtmadı... Türkiyədə aysorlar deyilən bir azsaylı xalq var. Tarixdən oxumuş olarsınız – Assuriyalıların qalıqlarıdır. Xristiandırlar. Qrupumuzda həmin xalqdan olan İosip adlı bir oğlan oxuyurdı. Əminə o oğlanla ailə qurdu. Sonra mən universiteti bitirib Bakıya gəldim. Əminədən bir daha xəbər tuta bilmədim. 

            Müəllim son kəlmələri uşaqlara deyə bilmədi. Elə içinəcə pıçıldadı: “O illərdən on iki il keçib. Heç bir qıza könül verə bilməmişəm. Ağlım Əminədə qalıb... Bu illər ərzində neçə dəfə aysor olmadığıma görə özümə nifrət etmişəm.” 







            DOKTORUN GÜNDƏLİYİNİN DAVAMI



Yenə tarixsiz. Varanda.


            Varanda istiqamətində ( bu, Füzuli şəfərinin erməniləşdirilmiş adıdır – Nüəllif.) gedən döyüşlərdə biz də iştirak edirdik. O gün mən ilk dəfə çiynimə avtomat saldım.

          Yanımdakı bir əsgərə güllə dəydi. Biz ha çalışsaq da, onu xilas edə bilmədik. Meyidini maşınımıza qoyanda avtomatı yerdə qalmasın deyə, çiynimə saldım. Alita məni belə görüb çantasındakı fotoaparatla şəklimi çəkdi. Sonralar o şəklə baxanda qürur duyurdum: bir erməni kimi türklərə qarşı müqəddəs müharibədə ikitərəfli iştirak edirdim. Həqiqətən, qəfil güllə yağışına tuş gəlmişdik və mən o gün ilk dəfə avtomatdan düşmənə atəş açdım. O gün qolumdan yüngül yaralandım. Erməni qanım azad etdiyimiz torpaqlara çiləndi.

            Həmin günün  səhəri evə məktub yazdım və Alitanın çəkdiyi şəkli də zərfə qoydum:


            “Barev, hayrikcan*!

            Mən artıq mayor rütbəsi və ilk medal qazanmışam. Xoşbəxtəm ki, erməni xalqının müqəddəs müharibəsində fəxrlə iştirak edirəm. Bu şəkli də sizə yadigar göndərirəm. Arvadımdan, oğlumdan muğayat olun. Sizin göndərdiyiniz bank hesabına iki min dollar köçürülüb. Mənə yazın, o pulu aldınızmı? Tezliklə cavab gözləyirəm. Sizin Avanes.”



----------------------------------------------------------------------------------------------------------------------------------------------

*Salam, atacan (erm.)








  Yenə tarixsiz. Şuşik.

            Gündəliyi hələ də istədiyim kimi başlaya bilməmişəm. Yazmağa yazıram, amma əməlli-başlı, belə ardıcıl tarixlər düzüb, səliqəylə yazmağı nəzərdə tuturam ki, bu hələlik alınmır. Bir vacib məsələ də var, onu da yazım, başlayacam. Bu yerlərdə yay çox isti keçir. (Düzdür, bizə baxanda bunlara şükür. İsti bizdəkindən azdır. Amma burada inkişaf aşağı səviyyədədir. Yoxsulluqla isti birləşəndə fəlakət olur.) Sərin bulaqlar olsa da, tozdan və istidən adamın canı sıxılır. Sovet hökümətinin bütün təbliğatı yalan və şişirtmə imiş. Bu yerlərdə əhali son dərəcə kasıb, yollar bərbad, binalar yöndəmsiz, yaşayış evləri  görkəmsizdir. Bilmirəm, bəlkə Azərbaycanın digər yerlərində yaxşıdır, fakt odur ki, Arçaxda feodalizm hökm sürür. Bir qrup adam var, son dərəcə varlıdır, qalanları isə səfil-sərkərdan haldadır. Bu müharibə də adamları lap lüt qoyub. İndi təbəqələşmə daha amansızdır. Artaş, ordu başçıları, idarə müdirləri komfort vəziyyətdə yaşayırlar, yerli ermənilər, əsgərlər səfil kökündədir.

            On gün əvvəl eşitdim ki, Artaşa beş türk qızı gətiriblər. Deyəsən, İvanyanda əsir düşənlərdən imişlər. Ardaş ən gözəlini seçib özünə götürüb, qalanlarını da könüllü batalyonların komandirinə paylayıb. Vəng batalyonunun komandiri arıq, sısqa birisidir. Hamının “Yaquar” dediyi bu polkovnik-leytenant əzazilin biridir. Sözünü qaytaran olsa, gözünü qırpmadan güllələyir. Danışırdılar ki, İvanyanda əsir düşən bir dəstə silahsız adamı diri-diri yandırmaq əmri veribmiş.

           Rusiyalı jurnalist Viktoriya İvanova bir axşam yanıma gəlmişdi. Biləyində yara vardı, yıxılmış, paslı dəmir qoluna batmışdı. Mikrob qapmasın deyə hər gün yarasına baxır, tibb bacısına heç olmasa, spirtlə təmizlənməsi üçün tapşırıq verirdim. Viktoriya otağa girəndə “Yaquar” yanımızdaydı. Dırnağıyla əti arasında peyda olmuş iltihaba görə gəlmişdi. O çıxan kimi Viktoriya qısıq səslə dedi:

            -Yanında türk əsir qız saxlayır, amma Xocalıda əsirlərə divan tutdu gözümün önündə. Hamısı da silahsız idilər.

            -Siz orada neynirdiniz? – Mən soruşdum.

            -Eh, nə bilim. Biz jurnalistlərin də həyatı həyat deyil ki!.. O dəhşətli 26 fevral gecəsi idi. Bir türk qadın  dörd uşağı ilə əsir düşmüşdü...

            -Sonra?..

         -Qoy başdan başlayım...  Mən  366-cı alayın müşayəti ilə orada jurnalist kimi iştirak edirdim. Əvvəlcə  bizə tərəf gələn qəribə qar buludunu gördüm. Sonra nalələr, qışqırıqlar və uşaq ağlaması eşitdim. Sonra bulud parçalandı və mən yarıçılpaq insanlar, əsasən də qadın və uşaqları gördüm. O izdihamın içində sonuncu idi- yalın ayaqlarına geydiyi qaloşla addımlayırdı, tez-tez dayanırdı ki, görsün uşaqları geri qalmayıb ki. Onun dörd uşağı vardı. İkisi arxasınca gedirdi, ikisini isə - ayağından və başından yaralanmış oğlunu və yeni doğulmuş qızını qucağında aparırdı. Qızı yarım günlük idi.

 -Onlar necə əsir düşmüşdülər?..
           - Mən onların əsir düşmə anını görməmişdim. Həkim Vartanla birlikdə, ikinci eşelonda idim. Biz yanaşı gedirdik. Getmək çətin idi. Hər yer qar idi. Sonra mən ondan körpəni alıb, gödəkçəmin altına soxdum. Mənim tünd qırmızı gödəkçəm vardı və elə bilirdim ki, məni müharibədən qoruyur. Amma əslində əlbəttə ki, ölüm və yaralanmaq üçün əsl hədəf idim. Bütün “boyaviklərin” qolunda ağ sarğılar vardı. Məndə də vardı, amma haradasa düşmüşdü. Arxadan atın üstündə yaxınlaşan əsgər bir neçə dəfə kürəyimdən itələyib, qulağımı deşən dildə nəsə qışqırdı. Kürəyimdən aldığım zərbə ömür boyu məni incidəcək. O zərbə mənə hər bir əsirin yer üzündə yaşadığı şeyləri hiss etdirdi: tam ədalətsizlik. Mən heç nəyə dönmüşdüm, əsgər ayaqqabısında toz kimi bir şey idim, sivilizasiya itmişdi, zaman dayanmışdı, dünya sıxılmışdı, bircə mən və kürəyimdən vuran o əsgər qalmışdı. Bir də qorumalı olduğum südəmər körpə.
          Bütün bunlar sadəcə bir an davam etdi. Sonra məni tanıyan bir nəfər yaxınlaşdı və o dəqiqə məlum oldu ki, mən əsir deyiləm, üzr istədilər. Nə fərqi var… Axı yaddaşımda heç nə olmağım ki qalmışdı…

-Bəs axırları necə oldu? – Həkim damarım tutmuşdu. Bu rus qızının anlatdıqları mənə də təsir etmişdi.
         -Onların hamısını bir neçə gün əsir saxladılar. Mən onu hərdən ziyarət edirdim. Ermənilər  də, elə əsirlərin özləri də bunu xoş qarşılamırdılar.  Onlar bu fikirdə idilər ki, rus alayı olmasaydı, ermənilərlə hesablaşa bilərdilər... Düz sözə nə deyəsən?.. Amma bu müharibədir, biznesdir...

Yarasında gizli iltihab vardı. Ona görə antibiotik vurmalı olduq. Bir az rahatlanandan sonra davam etdi:

        -Sonra onları cəbhə xəttinə apardılar və dəyişdilər. Dəyişmə şərtləri yaddaşımdan silinib, deyəsən, onları eləcə azad etmişdilər. Onların heç bir qiyməti yox idi, hər tərəfdə dəyişdirilmək üçün bərabər qiyməti olan əsgərlər var idi. Mən   dəyişmə xəttinə qədər getdim. Böyük oğlu ayaqyalın idi, qızı isə bircə corabda idi. Yaralı uşağı və yeni doğulmuş körpəni örtüyə bürümüşdülər. Onları silahlı kişilər aparırdılar. Mən qadına bir az pul vermişdim. Amma uzun müddət düşünmüşdük ki, pulu harada gizlədək ki, axtarsalar tapmasınlar. Sonra pulu paltarının qolunda gizlətmişdi.

 -Siz nə yaxşı onları belə qarabaqara izləmisiniz? – Heyrətlə soruşuram.

-Adi jurnalist marağı... Bir də bəzən insanın harasındasa yatmış insani duyğylar baş qaldırır axı... özün də bilmədən... Hə... Hə... Yüz faiz elədir... Əsirləri köhnə, sarı avtobusa otuzdurdular və o həmişəlik həyatımdan itdi. Deyəsən, adı Mövluda idi. O, məshəti türklərindən di. Açıq rəngli saçları və böyük mavi gözləri vardı.

         -Bunları yazdınız? – Alita soruşur.
         -Əlbəttə. Belə mövzular jurnalist üçün göydəndüşmə bir şeydir... Həmin vaxt onun haqqında yazdığım məqaləni  ölkənin ən yaxşı jurnalı olan “Moskva xəbərləri” çap etmişdi. Jurnalın üzündə ayaqyalın gedən insanların fotoları vardı. İçində isə Mövludanın fotosu. Jurnal ağ-qara idi deyə mavi gözlərini ayırd etmək olmurdu.

         -Dediniz onlar nə türkü idilər? Bu adı ilk dəfədir eşidirəm... –Mən maraqla soruşuram.
        - Məshəti türkləri... Vətənləri Gürcüstandadır... Bilirsiniz, doctor, bu məshəti türklərinin taleyi çox ağır olub. Belə ki, orta statistik məshəti türkü həyatı boyu üç sürgün yaşayıb. Birincisi 1944-cü ildə Stalinin əmri ilə olub. Bütün məshəti xalqı Gürcüstandan Orta Asiyaya sürgün edilib. İkincisi 1989-cu ildə Özbəkistanın Fərqanəsində baş verib. Sürgündən sonra orada yaşayan məshətilər yenidən köçürülüblər. Üçüncüsü 1992-ci ildə Qarabağdan. Onlar Fərqanədən bura köçmüşdülər və erməni-Azərbaycan münaqişəsi zamanı müharibənin ortasına düşmüşdülər. Bütün yuxarıdakı hadisələrin baş verdiyi ərazi isə Xocalı idi, sizinkilər bura İvanyan deyir. Mövluda ilə Xocalıda görüşərkən artıq yüzlərlə yerli əhali öldürülmüşdü. Onlardan əksəriyyəti qadın və uşaqlar idi. Xocalıda atışmalar və küçə döyüşləri gedirdi. Mövluda və digərləri isə evlərindən qaçırdılar. Amma düz hücumçuların üstünə. Xoşbəxtlikdən onlar ilk əsir düşənlərdən oldular ona görə də sağ qaldılar. 

            -Siz onunla hansı dildə danışırdınız? – deyə soruşuram və bu yuxa ürəkli rus qızının dediklərinə maraqla qulaq kəsilirəm.

        -O rusca yaxşı bilirdi. Özbəkistanda rus məktəbinə getmişdi... Mövluda sonralar mənə bunları danışmışdı: “Mən onu zirzəmidə dünyaya gətirdim. Biz bir neçə qonşu ilə orada gizlənmişdik, çünki çox güclü atışma gedirdi. Elə hamının qabağında doğdum. 23 fevralda. Sonra biz iki gün də orada qaldıq. Atışma davam edirdi. Bizimlə olan iki kişi dedi: “Gəlin burdan çıxaq, ağ bayraq qaldıraq”. Onlar öz tapdıqları cındırla çölə çıxan kimi güllələndilər. Bizi isə əsir götürdülər. Həyat yoldaşım elə həmin gün öldürülmüşdü, amma mən bilmirdim. O traktorçu idi. Çox güclü, idmançı adam idi. Onu polisə aparmışdılar ki, aeroportu qorusun, elə orada da ölmüşdü. Sonra onun cəsədini dəyişdirdilər, dəfn edə bildim. Biz qaçanda birdən sanki şüurumu itirdim. Sonra gördüm ki, qızım yoxdu. Əlimdən düşmüşdü. Geri qayıtdım, onu qarın üstündə tapdım…”

            Əlindəki yaranın ağrısından üzü əyilir, bir ağrıkəsici alıb atır və davam edir:

            -Bilirsiniz, mən bir  rus kimi, xristian və juurnalist kimi, ən nəhayət qadın və insan kimi o müharibənin ağrısını kürəyimdə hələ də daşıyıram… O ki qaldı o “Yaquara”,    hesab etmirəm ki, həyat onun üzünə güləcək… Qadınlara, uşaqlara qarşı o cür allahsızlığı allah götürməməlidir axı…

            Viktoriyanın Arçaxdakı uzunmüddətli ezamiyyəti başa çatmaq üzrə idi. Mənimlə bir xeyli söhbət etdi. Əlini sarıdıqdan sonra Alitanın süzdüyü Arçax şərabından da daddıq. Şahmat da oynadıq. Artıq axşama yaxın idi. O, ayağa qalxdı ki, Alitanın müşayəti ilə qapıdan çıxsın. Bu vaxt bayırda hay-küy qopdu. Sarı rəngli, köhnə villisdən düşən bir əsgər bağıra-bağıra bizim qapını döyəcləyirdi:

            -Doktor, doktor! Doktor Avanes!.. Köməyə gəlin! Podpolkovnik Arakelyanın vəziyyəti ağırdır! Şüdərə, şüdərə*! Bıstrey*!!!

            Heç nə başa düşmürdüm. Podpolkovnik Arakelyan kimdir? Ona nə olub?

            Alita bayıra çıxdı. Əsgərlə bir xeyli danışandan sonra gülə-gülə qayıtdı. Əli ilə ağzını tutub hey gülürdü. Mən dözmədim:

            -Nə olub, Alita?! O adam nə istəyir?! Arakelyan kimdir?!

         Alita siqaretini odladı və acı-acı güldü:

            -Babalarımız havayı yerə deməyib ki, türkün qadınından qorxun… Arakelyan bayaq bura gələn podpolkovnik Arakelyandır, ləqəbi Yaquar…  yanında saxladığı tork gözəlçəsi onu içirdib yatağına salıb, sonra da bıçaqla penisini kəsib, ya nə bilim bəlkə dişi ilə qırıb?!.   Podpolkovniki qan aparıb… maşındadır. Nə edək?.. – O yenə gülürdü. Viktoriya da gülməyə başladı. 

            Mən onlara acıqlanıb çölə çıxdım. Və əmr etdim ki, yaralını birbaşa əməliyyat otağına aparsınlar…

            Həqiqətən dözülməz mənzərə idi. Alayın yerləşdiyi ərazidən buracan maşınla yarım saatlıq yoldur. Yarım saata polkovnik-leytenant çox qan itirmişdi. Üstəlik cinsiyyət orqanı kişinin ən qorxulu yeri sayılır. Bura dəyən zərbəni birbaşa ürəyə dəyən zərbə hesab etmək olar… Həm də, çoxlu qan itkisi. Hələ bıçaq ötüb xayanın birini də kəsib, qarına da işləyib. Bağarsaqları görünürdü. .. Bəxtindən narkozumuz  yeni gəlmişdi. Anita ağızdan anestizi etdi… Nəysə, onun yarasını marqansla yuyub qatbaqat tikiş qoydum. Reaminasiyaya yerləşdirdik. Qapıdan çıxanda zəif səzlə məni çağırdı:

            -Doktor, o ləçəri saxla, ayağa qalxıb özüm cəzalandıracam…

            Ləçər isə yoxa çıxmışdı. Bütün ərazini ələk-vələk eləsələr də, onu tapmaq mümkün olmadı. Polkovnik-leytenant isə səhərə yaxın ölmüşdü. Mən onun həyatının təhlükədə olduğunu zənn etmirdim. Fikrimcə, ya çoxlu qan itkisindən, ya da xəcalətdən ölmüşdü. 

            Bir gün sonar Artaşın adamları polkovnik-leytenantı öldürən tork qadınını tapıb mənim kabinetimə gətirdilər. Qadını o qədər döymüş və zorlamışdılar ki, tanınmaz hala düşmüşdü. Qıçının arasından qan axırdı. “Ölməmiş apar   “emalatxanaya” dedi Artaş. Artıq bizim o gizli məkanımıza kod ad - “emalatxana” adı qoymuşduq. Buranı bir mən, bir Alita, bir də Artaş tanıyırdı. Ciddi cəhdlə qorunurdu bu məkan. 

          Halı özüdə olmayan qadını “emalatxanaya” endirmək istəyəndə Alita ona iynə vurdu. Sonra qapını arxadan bağlayıb bir xeyli sevişdik. Alita üstümə çıxanda skalperi əlinə alıb gülə-gülə dedi:

            -Əllər yuxarı! Penisini kəsəcəyəm!

            Bu zarafat olsa da, bədənimi soyuq tər basdı. 

            İlk dəfə idi seksdən zövq almırdım. Daha doğrusu, bu seks yox, imitasiya idi. Əgər qadın yanında heysiyyətimə toxunmaq məsələsi olmasaydı, bunu etməzdim. Çünki bir az aralıda can çəkişməsində olan insan vardı. Özü də elə-belə insan deyil bu: öz qadın heysiyyətini, namusunu, milli mənsubiyyətini qorumaq üçün bu ölümü özü seçmişdi. Yoxsa o biri həmcinsləri kimi o narkoman zabitin kənizi olar, ona seks köləsi xidməti müqabilində sağ qalar, bəlkə də haçansa bir erməni əsiri ilə dəyişdirilər, azadlığına qovuşardı. O isə bu yolu seçdi…

            Belə sentimentallığa görə özümü danlayıram və buradakı erməni döyüşçülərinin fikrini ürəyimdə təkrarlayıram: ”Türk insan deyil!”

            Sonra geyinib işə başladıq. 


                        


----------------------------------------------------------------------------------------------------------------------------------

*Şüdərə! - Tez ol!( erm.)

*Bıstrey! – Cəld! (rus.)




                                     MÜƏLLİF*


            Bu, müharibə deyil. Hər nədirsə, müharibə demək, indiyə qədər olan müharibələri təhqir etməkdir. Müharibə olar iki güclü dövlət arasında, yaxud bir güclü, bir zəif dövlət bir-biri ilə savaşar. Bizim Qarabağ müharibəsi isə ayrı bir şeydir.

            Elə bil ki, Ananın əri ölüb, zorla başqa millətdən olan bir Kişiyə veriblər. Kişinin qabaqkı Arvadı uşaqlarını öyrədib silah götürüb gəliblər Ananın üstünə. Ananın vəfat etmiş ərindən olan balalarına divan tuturlar.  Və  Kişi bu savaşda öz qanından, canından olan balalarının və əvvəlki arvadının tərəfindədir. Bu qeyri-bərabər döyüşdə ananın sinəsinə dağ basırlar, balalarını şəhid edirlər, torpaqlarını baram-parça edirlər…

            Nəhəng bir imperiya müstəqilliyini elan etmiş, ağasının üzünə qayıtmış 14 respublikanın acığını bizdən çıxır. Bütün qoşunu ilə, texnikası ilə Ermənistanın yanındadır. Bizim dövlətimiz  isə xəstəlikdən təzəcə ayılan, hələ ayaq üstdə dura bilməyən  birisinə bənzəyir. 

           Silahsız, ordusuz qocaman ölkə - gənc Respublika… Yalnız bir bayrağı, yavan çörəyi, doğru-dürüst sahiblənə bilmədiyi nefti, bir də diriykən belə əyninə geyindiyi kəfəni… Bu nagahan müharibə o kəfəni belə geyməyə imkan vermir – qurşuna tutulan, süngüyə taxılan, atəşə atılan adamlara kəfən nə gərək?.. Kəfənsiz ölülərik biz… Kəfənimiz dərdimizdir. Kəfənimiz azadlığımızdır. Kəfənimiz bayrağımızdır… 

          Bakının qara nefti kimi qara dərdimiz bizi anbaan təqib edir. Qırılırıq, kəsilirik, tut kimi tökülürük dibimizə… 

            “İt qucağı” adlı bir hekayəm var. Onu yazanda üç gün dilim tutuldu elə bil. Yaddaşım da zəiflədi. Əllərim də əsməyə başladı. (Qəfil bir acı xəbər eşidəndə əllərim yenə əsir. O illət hələ canımdadır.) Ağlaya-ağlaya yazmışam onu. İçim-dışım didik-didik idi…



                                               İT  QUCAĞI


   “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk  uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik.Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.

                                     Zori Balayan “Ruhumuzun canlanması” kitabından



        Kişiləri divara söykəyib bircə anda güllələdilər. Güllələr dəyəndə adamlar səs çıxartmağa macal tapmamış qeyri-müəyyən səmtə yıxılır, dodaqlarını aralayıb  nəsə demək istəsələr də,  söz əvəzinə qan tökülürdü ağızlarından. 

        Mən yaşda iki qızı diri-diri süngüyə taxdılar, sonra hərəsini bir ağaca sarıyıb üstlərinə benzin töküb yandırdılar. Onların alovun içində   qışqıra-qışqıra nə dediklərini anlamaq istəsəm də,  bu mümkün olmurdu. Məni sinəsinə sıxmış anam gah əli ilə gözlərimi qapayırdı, gah barmaqlarını qulaqlarıma tıxayırdı. 

         Bu vaxt bir maşın gəldi. İçindən düşənlər bizimkiləri öldürənlərə nəsə dedilər. Hiss olunurdu  ki, vəziyyət dəyişib. Bizi qabaqlarına qatıb harasa aparmağa başladılar.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------  

*Bundan sonar “Müəllifin əlavəsi” əvəzinə, sadəcə “Müəllif” yazılacaq.      



       Anam əlimdən   tyutmuşdu və mən on yaşlı oğlanın anasını qoruya biləcəyi haqda bütün əfsanələri,  nağılları bilsəm də, bunların mənasızlığını anlayıb bu əldən bərk-bərk yapışmışdım.   Bu əlin istiliyi bir yana, onda nəsə başqa bir güc də vardı: inanırdım ki, əlim bu əldən üzülməsə, mənə ölüm yoxdur. 

      Amma üzüldü. Bayaqdan gözü bizi almış  erməni zabiti (artıq əsgəri zabitdən seçə bilirdim, müharibə uşağıydım axı) mənə  yaxınlaşıb saçımdan tutdu, hirslə dartıb anamın əlindən aldı və ermənicə pis bir söyüş də söydü. (Mən bu dildə bir az bilirdim onda)

     Qadınları bir tərəfə, kişiləri başqa bir tərəfə apardılar. Mən də kişi dəstəsindəydim. Bizi gətirib taxtadan tikilmiş fin evlərinin  bir gözünə saldılar. Axşamacan səs-soraq çıxmadı. Təkcə  qadınlar salınan otaqdan arabir boğuq qadın qışqırtısı gəlirdi. Hərdən də qapı açılıb-örtüldükcə içimizdə ən yaşlı adam olan Cürə dayı astadan hönkürür, başını divara vururdu. (Qadınlar olan otaqda onun qızı, gəlini və mən yaşda nəvəsi vardı. Əvvəl kişinin niyə belə elədiyini başa düşmədim. Elə ki, pəncərədən gəlinini erməni əsgərlərinin sürüyə-sürüyə harasa apardıqlarını görəndə məsələni anladım. İnanın, mən də başımı divara vurmaq istədim – amma divar taxtadan idi, başın bu taxtalara çırpılmasından bir fayda olmazdı ziyandan başqa – taqqıltıya ermənilər gəlib bizi əzişdirərdilər.)

    Gəlininin “ay  namərd allah hey” nidasını eşidəndə Cürə dayı  gah başını döşəməyə çırpdı, gah taxta divarın hamar yerinə döydü və xısın-xısın ağladı. 

     Birdən mənim gözlədiyim fəlakət baş verdi. Bayaq məni anamın əlindən dartıb alan  zabit anamı sürüyüb çölə çıxartdı.  Qarnına, üzünə təpiklə vurmağa başladı. Mən özümü pəncərəyə çırpıb anama yetişmək, onu bu cəlladın əlindən almaq istədim. Yanımdakılar əllərimi tutdular, biri hətta əliylə ağzımı da yumdu. 

    Bu vaxt erməni zabiti təmiz Azərbaycanca dedi:

    -Ara, bu ləçər xoşuma gəlmişdi, ama baxdım ki, qəhbə boyludu. Kazbeki açın. Bunu Kazbekə yedirdəcəm, ali!...

     (Mən anamın ikicanlı olduğunu bilirdim. Müharibə hələ təzə-təzə qızışan vaxtlarda atam səngərdən gələndə başını onun qarnına söykəyər, bığaltı gülüb   deyərdi: “İstəyirəm qızımız olsun. Anamın adını qoyarıq ona.”)

     Bizdən əvvəl bura salınan iki azərbaycanlı kişi qorxaq nəzərlərlə   pəncərədən baxa-baxa dedilər:

     -Yazıq qadın. Bu oğraşın bir iti var ki, günlərlə ac saxlayır, sonra əsirlərin üstünə buraxır... Diri-diri parçalayır onları...

     Heç beş dəqiqə keçməmiş it hürüşməsi eşidildi, dalınca  da anamın çığırtısı. İtin anamın üstünə necə atıldığını görsəm də qalanına baxmağa  imkan vermədilər – bayaq başını divara çırpan Cürə dayı əlləri ilə gözlərimi yumdu. İtin zingiltisini, anamın çığırtısını eşitdikcə bağrım sökülürdü. Arada ermənilərin hırıltısı da bu səslərə qarışırdı. 

      Bir az sonra səslər kəsildi. Cürə kişinin əlləri boşaldı və dartınıb onun əlindən çıxdım. Adamların arasından soxulub  anamın başına gələnləri  bilmək   istədim və  pəncərənin şüşəsindən gördüyümdən əvvəl bir şey anlamadım. Anam yerə uzanmışdı, hərdən gah qolu, gah qıçı tərpənirdi. Kazbek deyilən dikqulaq nəhəng   it isə anamın qarnından çıxartdığı qanı süzülən uşağı ağzında tutub durmuşdu. 

     Həmişə  əllərimdən bərk-bərk yapışan anamın əlləri indi al qan içindəydi  və bu quduz itin dişlərində didik-didik olmuşdu. 

     -Ana!!!

      Necə bağırdımsa pəncərə önünə yığılmış bizimkilər bircə anda geri çəkildilər və mən tək qaldım. Elə bil mənə hardansa güc gəldi. Üzümü zabitə tutub   mənə yad olan bir səslə necə bağırdığımı özüm də bilmədim:

      -Oğraş! Sən alçaqsan! Alçaqsan!!!

      Elə bil ki, kəndimizin dağları bu səsləri bir-birinə ötürdü: “Alçaqsan... san... san... san.. alçaqsaaannnn...”

      Zabit pəncərəyə doğru gəldi. Təpiyiylə vurub taxta pəncərənin şüşələrini   sındırdı, sonra çərçivələri təpikləyib qopartdı.  Əl atıb   saçımdan yapışdı, anamın əlindən aldığı kimi məni dartıb  şüşə qırıqlarının içindən çölə çıxartdı,  təpikləyə-təpikləyə gətirib Kazbekin qabağına tulladı. Kazbekə elə bil nəsə olmuşdu. Bayaqdan ağzında tutduğu bapbalaca uşaq meyidini yerə saldı. Qabağında əsim-əsim əsən on yaşlı oğlanı – məni maraqla süzdü,  uzun dilini çıxardıb üzüm aşağı axan qanı yaladı. Qorxudan  elə qurumuşdum ki, nə səsim çıxırdı, nə də tərpənə bilirdim. Bir az sonra it  məni qolları arasına alıb anamın hələ də tərpənən, kəsik-kəsik səslər çıxardan cəsədinin yanında yerə sinidi və gözlərini yumdu.

      Ətrafa bir səssizlik çökdü. Ermənilərin içindən kimsə dərindən köks ötürüb dilləndi:

  -Ay astvas*...

      -İtinə şükür, xudaya!? – Bu səs isə Cürə kişinin səsiydi.

      Elə bil uzun bir zaman keçdi. Mən itin qucağında, bədəni param-parça olmuş anamın cəsədi və ondan bir az aralıda bacım, yaxud qardaşım olan   körpə bir uşağın qan içində meyidi... Sehirlənmiş kimi ayaq üstə qalmış erməni silahlıları və pəncərədən boylanan əsirlər...

       Bu an  erməni zabiti tapançasını çıxardıb məni qucaqlamış Kazbekə tuşladı.  Gözləri bərəlib hədəqəsindən çıxırdı az qala. Qapqara saçlarını sol əlinin titrəyən barmaqlarıyla geri itələyib  iki dəfə atəş açdı.  İt başını sinəmə qoyub öldü. Mən də gözlərimi yumdum – güllə haramısa dəlib keçmişdi. Anamdan sonra yaşamaq istəmirdim onsuz da...

                                                                  ***

            Kazbekə dəyən güllənin biri qolumu qırmışdı. Cürə dayı köynəyimi cırıb yaramı sarıdı.                                                                 

                                                                  ***

         Sonra məni və Cürə dayını dəyişdilər. 

       Kişi gələndən bir həftə  keçmiş öldü. Mən isə yaşadım. Qolum sağaldı. Naftalanda məktəbə getdim. Orta məktəbi bitirəndən sonra  Aviasiya Akademiyasına sənəd vermək istədim, götürmədilər. 

          Boyun çatmır dedilər. Amma mənim təkcə boyum yox, çox şeyim çatmır. Məsələn, havam çatmır hərdən. Elə bil boğuluram... Bir də ürəyimin döyüntüsü... Vurmur hərdən ürəyim. Elə-belə, qəfilcə dayanır. Deyirəm, yəqin indicə ölləm. Amma ölmürəm... Bir az sonra öz-özünə işə düşür... Bir də... Bunu necə deyim sizə? Bu, əslində mənim bu dünyadan o dünyaya aparacağım sirrimdir: kişiliyim yoxdur. Nə illah eləsəm də,  illacım olmadı. Qadına, qıza baxa bilmədim... Baxdım əslində. Amma elə baxdığım andaca həmin qadın, ya qız dönüb anam olurdu, Kazbek də onu süpürləyib altına salırdı, sonra da qarnını yırtıb uşağı qarnından çıxardırdı... Sonra da o it məni qolları arasına alırdı...

          ...Hə, bir şey qaldı. Qoy onu da deyim: bir itim var, adı da Kazbekdir. Hərdən başımı qollarının arasına qoyub uzun zaman susuram. O da etiraz eləmir. Başa düşür ki, hərdən adamın it qucağına da ehtiyacı olur. Əslində bu işıqlı dünyada yeganə canlıdır ki, ona sığınmışam.


                                                       ***


            S.A(Söz ardı)

            Bir vdəfə  Moskvanın NTV kanalından bir psixoloqun hazırladığı verilişə baxırdım. (Mənim özümün də psixi problemlərim olduğu üçün belə verilişləri izləyirəm həmişə) Psixiatr qadın iki orta yaşlı adamı danışdırırdı. Biri mənə tanış gəldi. Tez-tez gözlərini qırpan, üzü səyriyən, əlləri əsən bu qaragöz, qarasaç adam dəqiq qafqazlıydı. Danışığını yaxşı başa düşmək olmurdu. O biri isə nisbətən rahat danışırdı. Məlum oldu ki, qardaşdılar. Danışa bilən izah edirdi ki, qardaşı Qarabağda döyüşüb. Zabit imiş. Xocalı hadisələri zamanı  sarsıntı keçirib. Ordudan tərxis olunandan sonra iki dəfə  intihara cəhd edib. 

            Gəlin sizə and içim ki, bu Kazbeki anamın üstünə qısqırdan zabit idi. Bir az qabaqdan saçı tökülmüşdü.  Bir az da arıqlamışdı... 

            Özümü pis hiss elədim. Dilim keyidi. Həkim demişdi ki, belə verilişlərə baxmayım... 


---------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Ay astvas – ay allah (ermənicə)


            



   DOKTORUN GÜNDƏLİYİNİN DAVAMI


Yenə tarixsiz. Şuşik.


            Artaş zəng vurmuşdu. Deyir bir əsir var, çox döyüblər, vəziyyəti pisdir. Sənin “masterskoyuna” göndərmək istəyirdim ki, torkların krışalarından zəng gəldi: ara bəs orada bir muzıkant olmalıdır, adı, bu, famili  bu, ona yaxşı baxın, nənəsi milionerşaymış, Fransada yaşayırmış. Bu günlərdə gəlib, bir çamadan pulla əlimyandıda nəvəsini axtarır. Oğraş tork deyir, ayə, Ardaş, yaxşı pul olacax! İşi eqo*!.. Ara, mən də ora-buranı axtaranda, gördüm bude burda, yanımızda yer belləyir götverən muzıkant!.. Doktor, yanına gətirəcəklər, sən canın, ona yaxşı bax! Sənin də hesabın olacax, ali! Ha-ha-ha!..

            Pilləkəni güclə çıxır. Danışdırıram, dinmir. Gözlərinə baxdım, sapsarıdır. Alitaya dedim bir sistem qoşdu buna. Yarım saata sistem bitdi və bir şokalad verdim, bir stəkan da “Axtamar” konyakı süzdüm. İçdi, şokaladı ağzında gəvələyir. Dişlərini qırıblar deyin, əzə bilmir. Nəhayət, ağzının suyuyla əridib udur və birdən başını qaldırıb həmişə yuxarıdan – Andronikin şəklinin yanından asdığım skripkaya baxır. “Violin” deyib gülümsəmək istəyir. Yadıma düşür ki, Artaş bunun muzıkant olduğunu demişdi. Alətə elə baxır ki, elə bil ac adam çörəyə baxır.

            Gedib skripkanı asdığım  yerdən alıram və gətirib ona uzadıram. Qorxa-qorxa alətə baxır və üzü əyilir elə bil. Gözü ağlayır, amma yaş çıxmır. Əlləri əsə-əsə onu tumarlayır. “Bir şey çal” deyirəm. Başını bulaır və sarıqlı əlini göstərir. İndi görürəm ki, sağ əlinin üç barmağı sarıqlıdır. “Şahadət barmağımı burda kəsdilər” deyib yenə ağlayır. 

            -Niyə məhz barmağını? – Təəccüblə soruşuram.

            -Günah özümdə oldu... Hər taxta parçası gözümə skripka kimi görünürdü. Siz avropalıların violin dediyiniz bu alət mənim həyatımdır... Boş olanda taxtanı yonub kobud bir skripka düzəltdim. Sonra haradansa sim də tapdım və kustarnı bir skripka alındı... Sonra özümü saxlaya bilmədim... Bir “Sarı gəlin” çaldım.  Necə oldusa, özümü saxlaya bilmədim, çala-çala başladım oxumağa. Boğazımın yanıq yeri ilə oxuyanda  əsirlər də   qoşuldular mənə:


                   ...Bu sevda nə sevdadı?
                     Səni mənə verməzlər,
                     Neynim aman, aman,
                     Neynim aman, aman,
                     Sarı gəlin. 


         Və səsə sizinkilər tökülüb gəldilər...

            Davam edə bilmir. Göz yaşında boğulur. Mən təkidlə “sonra?” deyən kimi  bir az nəfəs alıb gözünün yaşını qolu ilə silir:

            -Bir leytenant tapançanı başıma dirəyib soruşdu ki, bu mahnı kimindir? Mən də bilə-bilə ki, öldürəcəklər, dedim “bizim – azərbaycanlılarındır, amma siz də oxuyursunuz...”

          Saldılar təpiyin altına... Sonra güllələmək istəyəndə bir kapitan gəlib çıxdı və dedi güllələməyin, luçşe* o kamanənə tutan barmağını kəsin... 

            Hönkürüb ağlayır. Yenə konyak verirəm. Bir qurtum alıb sakitləşir.

Alitaya göz edirəm, ona bir pentalqin verir. Az sonar rəngi durulur və skripkanı köksünə alır. Bir az gərilir. Hara isə uzaqlara baxırmış kimi vəziyyət alır. Başını skripkaya söykəyib violanı* sarıqlı barmağı ilə tutur və simlərin üzərinə endirir...

--------------------------------------------------------------------------------------

*İşi yeqo – axtar onu (rusca)

*Luçşe – yaxşısı budur (rusca)

*Viola – kəmanə (ingiliscə)


           Kabinetə elə bir sehrli musiqi doldu ki, yerimdəcə qurudum. Elə bil kimisə tutub kəsir, kəsir, sonar kəsilmiş yerlərinə duz basırdılar. Bir də gördüm ki, onun kamanəni   sıxan barmaqlarının arasından qan sızaraq sarığa, ordan da skripkanın üstünə axır…

            Nəhayət, o dayandı və təngənəfəs halda skripkanı dizinin üstə qoyub ah çəkdi.

            -Kimin əsəri idi çaldığın? – Mən nəhayət dilləndim.

            -Fikrət Əmirovun  skripka və fortepiono üçün “Skertso”su … Əlim qanadı, sonacan çala bilmədim… - dedi.

            Bir qədəh də konyak süzdüm. İçib toxtadı. Mən Alitaya tapşırdım ki, onun barmaqlarına revonol qoyub bağlsın. 

            Musiqiçini yola salanda “heç adını soruşmadım” dedim. Gülümsündü. “Nə fərqi var, əsir elə əsirdir… Mənə münasibət son günlər dəyişib nədənsə. Əsir yoldaşlarımın üzünə baxa bilmirəm… Elə bilərlər sukalıq eləyirəm… Axı mən adicə bir musiqiçiyəm… Hə, adımsa Əlidir. Əli Qulami… Amma hamı Alik deyir… ”

            -Qulami? Bu nə soyaddır?

            -Babam demokratdır… Təbrizdənik əslən…

            Həəə, demək, bunlar İrandan da üstümüzə gəlirlər! Ensiklopediyadan tapdım bu bölünmə məsələsini… Bunların yarısı İrandaymış ki!.. Kökünüz kəsilsin!

            Artaşa dedim ki, bu intellektualdır. Həm də abırlı adamdır. Dedi, ara, yoptvoymat*, əsas odur ki, nənəsi milyonerşadır.



                                                  MÜƏLLİF



            Düzü, bilmirəm, indi oxuyacağınıx hekayənin qəhrəmanı ilə doktorun gündəliyindəki musiqiçi eyni adamdırmı? Ya bu, bir təsadüfi oxşarlıqdır. Hər nədirsə, allahın dolaşdırmasıdır. Mən bunu illər öncə yazmışdım. Radioda işləyəndə bir pianoçu oğlan gəlmişdi studiyaya. Müharibədə iştirak etmiş, kantuziya almışdı. Gözəl müsiqiçi olsa da, müharibə  nitqində iz buraxmışdı – rabitəsiz və kəkələyərək danışırdı. Bu əhvalatı da ondan eşitdim.



                                                      VİOLONÇEL ÜÇÜN SONATA


                          ...Və ortasından keçərək ağrının
                                                                                       yetkinləşmək həyatın    

                                                                                    ta kənarında zamanın!…

                                                                                                                  R.M.Rilke


            

                Adama allah qarğayanda ona əzablı bir iş yeri də verə bilər. Bütünlüklə  Sizif əməyi. Gördüyün işin dəyərini heç kəs başa düşmür, əksinə səni ələ salır, lağa qoyurlar. Az qala dəli olmaq dərəcəsinə çatmışdım ki...

            Yaxşısı budur, başdan başlayım. Mən konservatoriya məzunu olan musiqi müəllimiyəm. İxtisasım violonçeldir. Amma musiqi məktəbində fortepiano sinfini bitirdiyimdən, demək olar, iki ixtisasım var. Bura – Qarabağdakı  uzaq dəmiryolçular qəsəbəsinə üçüncü ildir təyinatla gəlmişəm. Üç ilin tamamını səbrsizliklə gözləyirəm. Demişəm, buradan cəhənnəm olub gedən günü o az maaşımla qurban kəsəcəm. Yox e, məni mövhumatçı-filan bilməyin, amma burada çox qalsam,  mövhumatçı da olaram, muğama tərəkəmə oynayan da... (Bu sözümü qəribliyə salmayın: burda toylarda  içib muğama oynayanlar da görmüşəm!)

            Həəə... Violonçel mənimçün adi bir musiqi aləti deyil ki. Hər dəfə   bu  əfsanəvi  alətə   söykənib  musiqi çalanda gözəl bir qadına qısılırmış kimi qısılıram violençelə. Məni anormal sanmayın;  hərdən   də elə hesab eləmişəm ki, violonçel bəzən özü bir qadın kimi qısılıb mənə. Mən bu gözəl alətdən aldığım həzzi heç nədən almadım... Bircə anlıq  violonçeli gözünüzün qabağına gətirin: necə də qadına bənzəyir! (Elə buradaca oxuduğum bir informasiyanı sizinlə bölüşüm: böyük macar bəstəkarı və alimi Zoltan Kodayın   musiqi tərbiyəsi sisteminə görə, violonçel çalan hamilə qadının çalğısı zamanı violonçelin ana bətninə yaxın alt üzü (yaxud qapağı) səs və oberton  dalğaları yaradır. Və  ifa olunan əsərlərin təsiri altında döl daha həmahəng, musiqili və daha geniş duyumlu, ən nəhayət, xəstəliklərə dözümlü böyüməyə başlayır. Hər dəfə bu kimi deyimləri düşündükcə  violonçel məni vəcdə gətirirdi.)

            Amma burda mənim bütün arzularımı alt-üst etdilər. Bura aran Qarabağdır. Hamı muğama köklənib. Amma bu o demək deyil ki, sən klassik musiqini   ələ salmalısan. Məktəbin direktoru elə ilk gündən müəllimlərin içində lağa qoydu  məni: “Məktəbimizə yeni Rastropoviç gəlib!” Tar müəllimi isə   qoltuğumdakı iri qabında   uyuyan  violonçelimi  göstərib açıq-aşkar doladı: “Mən, kantrabasda tək?!” Kamança müəllimi əlini göyə tutub məşhur filmdəki kontrabasçalanın təqlidini çıxardı:”Pulumu verin!”

            Beləcə, həm məktəbdə, həm də qəsəbədə heç kim məni öz adımla (adım Rafaeldir) çağırmadı, hamı Rastropoviç dedi. Bu cəhənnəmə, uşaqlar dərsimə maraq göstərmir, hətta açıq-aşkar violonçeli boykot edirdilər. Yaxşı ki, fortepiano var. Yoxsa mən musiqidən soyuyar, heç maaş da ala bilməzdim.

            Bir dəfə rus sərhədçilərinin iştirakıyla konsert təşkil etmişdik. Rayon rəhbərliyinin də iştirakı gözlənilirdi. Direktora xahiş-minnət etdikdən sonra bir   violonçel nömrəsi saldırdım. Növbəm çatanda yerdən söz atmağa başladılar: 

            -Rastropoviç!

            -Kantrabas!

            -Qara Qarayev!

            Raykom  katibi ayağa qalxıb zalı hirslə süzdü və qurbağa gölünə elə bil daş atdılar. Luis Bekkerin məşhur “Violonçel üçün sonata”sından  “Minuetto”nu   yüksək   şövqlə  çalmağa başladım... Bir  büllur bədənli, bəyaz barmaqlı gözəl qadın mənə qısılaraq “dindir  məni, elə dindir ki, qurumuş budaqlar da cana gəlsin” deyib yalvarırdı. Mən isə partiyanı çala-çala improvizələr də edir,  neçə ilin intiqamını bu qəsəbə əhlindən almaq istəyirdim...

            Musiqi bitdi. Bir də gördüm ki, sərhədçilərin komandiri olan   yüksək çinli zabit  15-16 yaşlarında qızı  ilə qarşımda dayanıb. İkisi də baş əyib əlimi sıxdılar. Rayonun rəhbəri də ayaq üstə mənim çıxışımı alqışlayırdı. Və naçar qalan salon mənə könülsüz də olsa əl çalırdı. Sonra katib  nəsə dedi, deyəsən məni tərifləyirdi. Mən isə öz gözəl “qadınıma”  qısılaraq səhnədə quruyub qalmışdım...

            Səhəri gün zabit bizim məktəbə gəldi. Xahiş etdi ki, dərsdən sonra onun qızına violonçel dərsi keçim. Beləcə, bu qəsəbədə ilk violonçel dərsi alan şagirdim rus qızı oldu. Sonra rayon rəhbərlərinin uşaqları gləməyə başladılar. Daha sonra qəsəbənin özündən də gələnlər oldu. Mənim violonçelim dəbə mindi az vaxtda...

            Zabitin qızına evdə dərs keçirdim. Əvvəllər sarı QAZ – 69   villis maşınında anasıyla gələrdi. Sonra velosipedilə tək gəlməyə başladı. Maya adlı bu qız elə ağ maya kimiydi. Nə qədər çalışsam da, özümü ona baxmaqdan qoruya bilmirdim. Hətta Maya özü də bunu istəyirdi deyəsən. Mən ona deyil, başqa səmtə baxanda kefi pozulurdu. Özünü pis hiss edirdi. Aramızdakı 7-8 yaş fərqi olmasına  baxmayaraq, biz bir-birimizə möhkəm isinişmişdik. Və bu isinişmək yavaş-yavaş gözəgörünməz bir duyğuya çevrilirdi. Hətta qız bir dəfə o dərəcədə özünü əldən qoydu ki, yanağını yanağıma sürtdü. Növbəti dəfə isə öpdü məni...

            İndi mən onu evlərinəcən – zastavayacan ötürürdüm. Bəzən isə qəsəbənin kənarındakı süni meşədə gəzişə-gəzişə gedərdik. Xülasə, bir gün gözümü açıb gördüm ki, Mayaya vurulmuşam. Elə o da mənsiz qala bilmirdi...

            ...Qonşu Füzuli rayonundan, elə o birilərdən də pis xəbərlər gəlirdi. Erməni saqqalıları bizim  kəndlərə hücum edir, mal-qaranı aparır, hətta adamlara da əl qaldırmaqdan çəkinmirdilər. Xankəndində isə hər gün mitinqlər keçirilirdi. SSRİ-nin dağılması Qarabağ ermənilərini ümidləndirmişdi. Onlar müstəqil olmaq üçün hər şeyə əl atırdılar...

            Bizim qəsəbənin lap qulağının dibində bir erməni kəndi vardı. Burada çoxdan ermənilər yaşamırdı. Köçüb Hadruta getmişdilər. Amma Stepanakertdəki hay-küy buralara da gəlib çatmışdı. Deyilənə görə, bir dəstə silahlı erməni gənci gəlib kəndə dolmuşdu. Bizim kənd-kəsəyin mal-qarasını, qoyun sürülərini örüşdən yığıb aparır, adamlarımıza sataşırdılar. Artıq Qarabağda ilk qan tökülmüşdü. İki ağdamlı gənc öldürülmüşdü... 

            

          Bir axşam üstü Mayanı yola salanda o dedi ki, mənimlə bir az meşəcikdə gəzişək. Təbii ki, razılaşdım. Heç yarım saat gəzişməmişdik ki, bir də gördüm avtomatla silahlanmış dörd erməni gənci bizi dövrəyə aldı. Silahı üstümüzə tutaraq sakitcə əmrlərinə tabe olmağımızı tələb etdilər. Sonra bizi qabaqlarına qatıb erməni kəndinə aparmağa başladılar. Yolda onlara başa salmaq istədim ki, bu qız sərhəd zastavasının komandirinin qızıdır, mənim tələbəmdir.   Onu buraxın, məni isə hara istəyirsiniz aparın. Amma onlar mənə qulaq asmaq əvəzinə, avtomatın qundağı ilə kürəyimdən vurdular.

            Bizi bir evə gətirdilər. Bura əməlli-başlı meyxana idi. 15-20 erməni gənci içir, siqaret çəkir, şənlənirdilər. Bizi görəndə gözləri parıldadı. İçlərində biri vardı,  onların saqqallı başçılarıyla astadan nəsə danışdı. Təxminən anladım ki, bu yerli adamdır. Başçı da daxil, qalanları Yerevandan gələnlər idi. Saqqallı Mayanın saçlarını sığallayanda qız ona tərs bir sillə vurdu. O, Mayanı özünə tərəf çəkib nazik donunu dartıb cırdı. Sonra özü də sürətlə soyunmağa başladı. Mən məsələni anlayıb öz kobud ruscamla dedim:

            -Sluşi, ona doçka komandira Qadrudskaya paqranzastava! Otpustiti ee*!

            -Şandığa*, yesli ni puşşu?

            Maya bağırdı:

            -Taqda poprubuyte*!

            Mən  qıza bağırdım:

            -Ninada, Maya! Zamalçi*!

            Erməni, qızın  çiynindən asdığı violonçeli  kobudlukla dartıb aldı, qara köynəyindən çıxardıb mənə uzatdı və bağırdı:

            -İqray*!

            Mən imtina etdim.

            Saqqallı erməni yaraqlılardan birinin avtomatını alıb arxası ilə ağzımın üstündən çırpdı. Qan ağzımı bürüdü. Sonra Mayanı sürüyərək qonşu otağa apardı və oradan qızın tükürpədici qışqırtısı eşidilməyə başladı...

                                                                        ***

            Axşam bizi sərhədçilər azad etdilər. Erməniləri qovub kənddən çıxartdılar. Bir həftə sonra polkovnik ailəsini də götürüb hara isə getdi. Mənim şagirdlərim də azalmağa başladı. Daha camaat musiqi hayında deyildi. Müharibənin əlamətləri get-gedə çoxalırdı.

            Bir  xeyli sonra mənim təyinat müddətim başa çatdı. Yır-yığış etməyə hazırlaşdığım vaxt Mayadan məktub aldım. Məzmunu beləydi:

            “Salam Rastropoviç!

            Bilirəm ki, məni sevirsən. Elə mən də səni sevirəm. Düzdür, İrkutskda da qəşəng oğlanlar var, amma mən səni istəyirəm. Axşamlar “Minuetto”nu çalıb ağlayıram. Mən özümə söz vermişəm ki, bir də Qafqaza gəlmərəm. Amma sən gəlsən, on oğlanım da olsa, hamısından imtina edərəm. Səni bərk-bərk qucaqlayır və öpürəm. Sənin violonçelin Maya.”

-------------------------------------------------------------------------------------------

*Ey, o, Hadrut sərhəd zastavasının komandirinin qızıdır! Bura onu! (rusc.)

*Şandığa – köpək oğlu (erm.)

*Buraxmasam? (rusc)

*Onda cıhd edin. (rusc)

*Lazım deyil, Maya! Sus! (rusc)

*İqray! – Çal! (rus.)



                                                            ***

            Sonra Xocalı faciəsi baş verdi və mən ərizə yazıb könüllü cəbhəyə getdim. Xocalının və Mayanın intiqamını ala bilməməyim  həm şüurumda, həm də vücudumda ağır iz buraxmışdı. Bu xəcaləti ancaq qanla təmizləmək olardı...


                                    

                        DOKTORUN GÜNDƏLİYİNİN DAVAMI


Yenə tarixsiz. Şuşik.


            Atamdan məktub gəlib. Hər şey yaxşıdır. Arvadım işə düzəlib. Oğlum da yaxşıdır. Bircə anam narahatdır. Mənim üçün həm ağlayır, həm də dua edir. Atam yazır ki, oğlum, buradakı erməni dostların elə hey məndən soruşur ki, orada oğlun və digər döyüşçülər nə edirlər? Türklərdən qisasımızı ala bilirlərmi? Oğlun neçə türk öldürüb? Bizə bu barədə yaz. 

            Sonra atam yazır ki, göndərdiyin pulları və hesaba köçürülən dollarları almışıq. Sağ ol. Amma ehtiyatlı ol. Özünü qoru. Allah Böyük Ermənistanı qorusun…

            Mən çox fikirləşəndən sonra istədim “emalatxana”mızda gördüyüm işlərdən yazam, amma qorxdum. Birdən, məktub yolda ələ düşər, Qırmızı xaç, türklərin jurnalistləri bu barədə bilsə, batarıq. (Xahiş edirəm, mənim “emalatxana”da gördüyümüz işləri burda yazmağımı bir avamlıq nişanəsi bilməyin. Ərəblərdə belə deyim var ya: hər eşitdiyini demə, hər gördüyünü yazma. Amma bu yazdıqlarım “hər” deyil axı! Burda erməni və xristian təəssübkeşliyi məsələsi var. Mən bu sirri burda üstüörtülü yazdım ki, gələcəyin ermənisi bilsin, biz hansı aşamalardan keçmişik. Biz laborator mücadilələrimizlə həyatını itirmək üzrə olan erməni və xristian insanına ikinci həyat veririk İsa eşqinə! İsa köməyimiz olsun!.. Qaldı bu işin məxfi tərəfinə, məncə daha bir on il sonra Arçaxda bu məsələ gündəmdə olmayacaq. Yəni, sirrləri onda açmaq olacaq. Onsuz da bu yazdıqlarım indi üçün deyil, gələcək üçündür.) Ona görə bu fikirdən vaz keçdim. Çox düşndükdən sonra  Honaşen türk kəndində bizimkilərin torkların başına açdıqları  oyundan yazdım. Düzdür, bu döyüşü mən görməmişəm, amma o hadisələrin iştirakçısı olmuş bir feldşerimizin dilindən yazdım.

            


          “Əziz ata və ana!

            Çox sevindim ki, orada hər şey yaxşıdır. Bu gün burada biz Böyük Ermənistan uğrunda döyüşürük. Elə işlər baş verir ki, burada yaza bilmərəm. Bu da Ermənistan naminə məxfi qalmalıdır. Yaxşısı budur, Honaşen (türklər bura Qaradağlı deyir) adlı bir türk kəndini necə almağımızdan, kəndi necə yandırmağımızdan yazım sizə. Bunu mənə KRUNQ*-un üzvü olmuş bir gənc medik danışıb.

            Honaşenə sübh çağı hücuma keçdik.   Döyüşdə “Aramo” və “Arabo” dəstəsinin üzvləri və 366-ci rus alayın şəxsi heyyəti və texnikası iştrak edirdi. Kənddəki özünümüdafiə dəstəsinin üzvlərinin hərbi sursatı qurtardıqdan sonra əraziyə daxil olub Honaşeni ala bildik. 118 nəfər əsir götürdük. Əsir götürülmüş insanlardan 40 nəfəri qətlə yetirdik. Məşhur komandir Monte Melkonyanın əmri ilə Aramo və Arabonun əsgərləri əsirləri bıçaqla doğramağa və avtomatla güllələməyə başladılar. Qəhrəman Çapıq Edo da onlara qoşuldu və bir neçə yaralı əsgərin üstünə benzin tökərək od vurdu. Ehtiyat qüvvələrimiz  kənddən aralı olan bu dərəyə gələndə orda yalnız bir taya insan qalıqları var idi.


-----------------------------------------------------------------------------------------------------------------------------------------         

*KRUNK” – “Komitet Revolyutsionnoqo Upravleniya Naqornım Karabaxom” – rusca, (Dağlıq Qarabağ İnqilab İdarə Komitəsi).  




         Sağ qalan əsirləri yük maşınlarına yükləyib Xankəndiyə apardılar. Yol üstündə olan erməni kəndlərinin sakinləri çıxıb azərbaycanlı əsirlərə tamaşa edirdilər. Vaxtaşırı maşınlar dayanırdı, əsirləri yerə düşürüb bizimkilərin qözü qarşısında güllələyirdilər. Hətta bir kənddə uşaqlar əsirləri daşa basdı. Onların atdığı daşdan əsirlərin sifətindən, başından axan qanı görmək lazım idi!.. On beş yaşlı bir oğlan Edoya yalvardı ki, avtomatı versin, əsirləri güllələsin. Edo xoşbəxtcəsinə gülərək avtomatı o dığaya verdi. Part! Tork qancığı qarın üstünə uzanıb zarıdı və öldü!.. 

         Bir də maraqlı əyləncə təşkil olunmuşdu: Çapıq Edo iki qudurğan itini əsirlərin üstünə buraxır, itlərlə torkları boğuşdururdu. İnanmazsınız, bu, həyatımda gördüyüm ən dəhşətli əyləncə idi!

        Bir neçə tork əsirini belə əyləncələr zamanı itlər parçaladılar.

        Xankəndiyə Honaşendə əsir götürülmüş 120 nəfərdən yalnız 50 nəfər gəlib çıxa bildi, qalanları yolda və kəndin özündə qətlə yetirildi.

       Əziz ata!

        Honaşendən   cəmi 8 gün sonra İvanyana  (onlar bu şəhərə Xocalı adı vermişlər) hücum başladı. Orada 600-700 nəfər türk məhv edildi. İnşallah, bu barədə sizə ayrıca yazacağam.


Yenə pul göndərəcəyəm. Sizin hamınızı,  Anayiti və Aramisi öpürəm. 

                                                                        Sizin Avanes. Arçax, Şuşik. 25 may 1993.

....................

            Nəhayət, qərar verdim ki, günbəgün tarixlərlə birgə gündəliyimi qeyd edim. Axı bu, böyük Ermənistanın yaranma tarixidir həm də. Ola bilər ki, sabah bu materiallar əsasında daha önəmli nələrsə yazılsın, film çəkilsin.

            Allaha, uca Məryəmə və onların oğlu İsaya salam olsun. 


-------------------

            Bu gün Şuşikdəki kilsəyə getdim. Şam yandırdım. Nəzir verib dua etdim. Ruhi sakitlik tapmaq üçün bir saatacan kilsədə oturdum. Uca səslə oxunan duaları dinləyib rahatladım. Özümə söz verdim ki, bura tez-tez baş çəkim.






         MÜƏLLİF


            Canımı dişimə tutub bu yaramaz doktorun yazdıqlarını olduğu kimi sizə çatdırıram. İlk başda özünü  savadlı erməni, humanist xristian kimi göstərməyə çalışan Avanes (bu ad çox zaman Ovanes, bəzən Hovanes kimi yazılsa da, orjinalda Avanes yazıldığı üçün, mən də buna toxunmadım – axı həm də adın mənası var: doktorun ailəsi əslən Türkiyənin Van bölgəsindənmiş, ona görə onun adını belə qoymuşlar), getdikcə pula və erməni təbliğatına uyaraq Böyük Ermənistan xülyası ilə yaşayır, hətta özünün və digər erməni “boyevik”lərinin zülm və işgəncə ilə məhv etdiyi Azərbaycan türklərinə qarşı daha da amansız olur. Ən dəhşətlisi odur ki, onun ailəsi də üzünü görmədiyi, neçə min kilometrlərlə uzaqlıqda yaşayan Azərbaycan türklərinə qarşıdır və oğullarının türklərə divan tutması ilə öyünürlər.

            (Nə yazıq ki, dünya quzu cildinə girmiş erməni xislətindən bixəbərdir. Arxalarında durub onlar üçün  torpaq işğal edən, dövlət quran, İrəvan kimi şəhəri paytaxt edən, Qarabağı işğal edib onlara bağışlayan ruslara və Rusiyaya qarşı bu xalqın hansı çıxışlar etdiyini artıq biz də bilirik, ruslar da bilməyə başlayıblar. Hələ neçə yüz il qabaq rus diplomatı və yazıçısı A.Qriboyedov çara məktubunda xəbərdar edirdi: “Ermənilərin rus torpaqlarında məskunlaşmasına imkan verməyin, onlar bir müddət yaşadıqdan sonra bütün dünyaya hay salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır”.  

         Gürcüstana qarşı torpaq iddiaları, Rusiyanın özünə qarşı çıxışlar ermənilərin  hərisliyinə yaxşı sübutdur.  Məşhur erməni yazıçısı Ovanes Tumanyan (özlərini qədim xalq sayan hayların ədəbiyyat tarixləri məhz onunla başlayır –  yəni 1869-1923-cü illər) isə öz xalqı haqqında bunları yazıb: “...həqiqi qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik”. (O. Tumanyan, "İzbrannaya proza", səh.201, Yerevan 1977). 

            Təəssüf ki, bəzi mütərəqqi ruslar və rus ziyalıları istisna olmaqla, az qala bütün Rusiya və rus ordusu bu amansız müharibədə ermənilərin tərəfindədir. Adamı yandıran odur ki, dünyanın azadlıq carçısı, sülh elçisi, müharibə əleyidarı kimi tanıdığı, Norveç Nobel Komitəsinin "insanlığın vicdanı üçün bir nümayəndə" adlandırıb Nobel Sülh Mükafatı verdiyi akademik Andrey Saxarov da arvadı Yelena Bonner-Əlixanyanın təsiri ilə bu müharibədə ermənilərin tərəfini tutdu. Bu da hamısı deyil. Özümüzdən də “cəfakeş erməni xalqı”nı müdafiə edən, onları “qırmış” türk paşalarını günahkar sayanlar oldu... Yanlış anlaşılmasın, mən bir yazıçı kimi hər cür müharibələrin, qansızlıqların, insan ölümlərinin, uşaq, qoca, qadın və digər dinc insanların savaşlarda əzab çəkməsinin əleyhinəyəm. Hətta erməni xalqı da daxil, bütün insanlığın hür yaşamasının tərəfdarıyam... Zira burda bir mizan-tərəzi var. Sən mənim əlimi tutursan, ermənini üstümə qısqırdırsan, sonra torpaqlarımdan didərgin salınıram, sonra dalbadal BMT-nin qətnamələri çıxır və bu qətnamələri o – erməni faşistləri saymırlar. Artıq üç onillikdir ki, bu belə davam edir. 

         Hətta və yenə hətta...




Baxılıb: 212
Səhv tapdınız? Mətni seçin (qaralayın) və Cntrl + Enter düyməsini sıxmaqla bizə bildirin!

Rəylər(0)

Rəy bildir