Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - XX əsrin Yusif və Züleyxası

Kənan Hacı - XX əsrin Yusif və Züleyxası

Kənan Hacı - XX əsrin Yusif və Züleyxası
Ədəbi tənqid
admin
Müəllif:
14:00, 31 iyul 2020
1 316
0
Kənan Hacı - XX əsrin Yusif və Züleyxası




İnsan dözümünün həddi-hüdudu yoxdur, o, həyatda qalmaqdan ötrü bütün əzablara, məşəqqətlərə tab gətirə bilir. Tanrı ona yenilməz güc bəxş edib. Tarix boyu davam edən repressiyalar, sürgünlər, soyqırımları insanların iradəsini qıra bilməyib, onları məğlub etməkdə aciz qalıb. Çox uzağa getməyək, ötən əsrin tarixi repressiyalarla, sürgünlərlə, deportasiyalarla zəngindir. Sovet Ukraynasında süni olaraq törədilən Holodomor soyqırımı, Hirosima və Naqasaki qırğınları, 37-ci il repressiyası və elitanın, daha sonra bütöv xalqların Sibirə, qazax çöllərinə sürgün edilməsi bəşəriyyətin tarixində sağalmayan yaralar kimi hələ də qövr edir.

Bu günlərdə tatar yazıçısı Güzəl Yaxinanın “Züleyxa gözlərini açır” romanını oxudum. Son dərəcə ağır əsərdir və bu roman haqlı olaraq “insan dözümünün müdhiş hekayəsi” kimi dəyərləndirilir. Ən heyrət doğuran məqam isə bu əsərin bir qadın yazıçı tərəfindən yazılmasıdır. Deyə bilərsiniz ki, burda təəccüblü nə var? Dünya ədəbiyyatında, eləcə də Azərbaycan ədəbiyyatında kifayət qədər qüdrətli qadın yazıçıları var. Sözsüz, bu belədir, amma Güzəl Yaxinanın yazdığı əsər tatar xalqının sovet kommunist rejimi tərəfindən amansızlıqla əzilməsini təsvir edir, imperiyanın mahiyyətini, xislətini açıb ortaya qoyur. Qolçomaq ovuna çıxmış bolşeviklər əyalətlərdə sadə insanları sorğu-sualsız güllələyirlər, öz təsərrüfatını yaradaraq ailəsini dolandıran zəhmət adamlarına qarşı vəhşicəsinə davranırlar, onların bütün var-yoxunu əlindən alıb özlərini ucsuz-bucaqsız səhralara sürgün edirlər. Dustaqlar aylarla ac-susuz vəziyyətdə qatarla naməlum istiqamətə aparılır, yol boyu davam edən şəraitsizlik onların içindəki heyvani instinktləri oyadır və qeyri-insani situasiya bütün mənəvi dəyərləri yerlə-yeksan edir.

Başqa bir rus qadın yazıçısı Lyudmila Ulitskaya romana yazdığı “Cəhənnəmdə sevgi və şəfqət” adlı ön sözdə vurğulayır:

“Züleyxa gözlərini açır” romanı möhtəşəm debütdür. Bu əsər ədəbiyyatın ən başlıca məqsədinə - ürəyə toxunmaq keyfiyyətinə malikdir. Baş qəhrəman, qolçomaq təsərrüfatının ləğv edilməsi dövründə yaşamış kəndli tatar qadını Züleyxanın taleyindən bəhs edən bu hekayə son illərin müasir nəsr axınında nadir rast gəlinən dərinliyə, səhihliyə, ülviliyə və cazibədarlığa sahibdir”.

Züleyxa ərləri güllələnmiş, sürgün edilmiş tatar qadınlarının ümumiləşdirilmiş obrazıdır. 1930-cu ilin qışında gözdən-qulaqdan uzaq bir tatar kəndində baş verən hadisələr oxucunu sürətlə inqilabın içinə sürükləyir. On beş yaşından zalım, kor qayınanası və özündən yaşca xeyli böyük olan əriylə birlikdə yaşayan Züleyxa olmazın zülümlərlə üzləşir. İnqilab baş verir və ucqar bölgələri nəzarətə götürən sovet əsgərləri onun ərini güllələyirlər, özünü isə uzaq Sibirə sürgün edirlər. Kor və zalım qayınana isə taleyin ümidinə buraxılır. Yolda xəstələr, zəiflər canını tapşırır və onları ucsuz-bucaqsız çöllükdə xəndəyə quylayırlar. Meyitlərin quylandığı xəndək açıq qalır və quzğunlar gəlib onları parçalayır.

Səhifələri çevirdikcə həyəcan dalğası səngimir, yazıçının amansız təsvirləri ürəyə xəncər kimi saplanır. Qadın yazıçı sərt həqiqətləri bütün çılpaqlığı ilə rəhmsizcəsinə oxucunun gözləri önünə sərir. Qoy dünya bilsin ki, tatar xalqı dişli repressiya maşınının çarxları altında beləcə əzilib, amma onu məhv edə bilməyiblər. Tatar xalqının Musa Cəlil, Abdulla Əliş kimi döyüşkən, mübariz oğulları xalqın milli ruhunun ifadəçisi idilər.

Dibindən kəsərəm biləklərini,
Düşmən əl uzatsa azadlığıma.
Onun dırnağı da toxuna bilməz
Ana Vətənimə, doğma xalqıma.

Musa Cəlil edam ərəfəsində belə yazırdı. Onun başını bədənindən ayırdılar, amma hər şeiri yüz minlərlə tatarın dilində əzbər oldu və “Moabit dəftəri” şairi ölümündən sonra da yaşatdı, onun danışan dili oldu.

Güzəl Yaxina da öz xalqının azadlıq dastanını yanar ürəklə qələmə alıb. Bu roman dünyanın otuzdan çox dilinə tərcümə edilib, Rusiyanın ən nüfuzlu “Böyük kitab” mükafatını qazanıb. Sovet tarixinin qaranlıq məqamlarını əks etdirən çox kitablar yazılıb. “Züleyxa gözlərini açır” romanı isə bir xalqın faciəsini əks etdirməklə yanaşı qadın dözümünə, qadın iradəsinə abidə ucaldır. Züleyxa dini dəyərlərin, mental düşüncənin dominant olduğu mühitdə böyüyüb. Lakin anasının vaxtilə ona aşıladığı qaydalar, mövhumi qadağalar düşdüyü şərait nəticəsində mahiyyətini itirir, dağlır, məhv olur. O, əri Murtuzaya kor-koranə itaət edirdi, kor və zalım qayınana hər gün ona qarğış tökürdü, ağır fiziki əmək onun qadın təravətini soldururdu. Züleyxa əri üçün dörd qız doğur, lakin bu qızların hamısı körpə ikən ölür. Bolşeviklər Murtuzanın varidatını əlindən almağa gələndə o, buğda kisələrini aparıb qızının qəbrində gizlədir. Yazıçı bu səhnələri yüksək vizual təhkiyə ilə qələmə alıb və mütaliə prosesində oxucu birbaşa o hadisələrin sanki iştirakçısına çevrilir. Komendant İqnatov onun ərini gözünün qabağında güllələyib, lakin əsir aparıldıqları müddətdə daim Züleyxanı qoruyur, dustaqlar qatardan enib gəmiyə mindirildikdən sonra gəmi dustaqlarla birgə sularda qərq olur, bu zaman komendant hamilə Züleyxanın həyatını xilas edir. Köçkünlərin yerləşdiyi sahil qəsəbəsində məskunlaşdıqdan sonra Züleyxa Murtuzadan olan oğlunu – Yusifi dünyaya gətirir. Züleyxa hər an, hər dəqiqə Yusifin də o biri övladları kimi tez öləcəyi qorxusu ilə yaşayır. Lakin Yusif yaşayır. İqnatov bu ötkəm tatar qadınının iradəsini qırıb onu yatağına salanda Yusif diqqətdən kənarda qalıb meşədə qar uçqununa düşür. Züleyxa bunu Tanrının cəzası kimi qəbul edir. Ərinin qatili ilə nikahsız yatağa girməyin cəzası. Lakin bu dəfə də möcüzə baş verir; gecənin qaranlığında qarın içiylə dəli kimi meşəyə cuman Züleyxa qurd kimi ulayıb övladını haraylayır. Meşədə ac canavarların əhatəsinə düşür, çiynindəki tüfənglə canavarları öldürüb Yusifini xilas edir. Analıq hissi qorxunu dəf edir. Yazıçı qadının nə qədər böyük və müəzzəm bir qüvvə olduğunu əyani şəkildə göstərir. Demək, Tanrı nəzərini onun üzərindən çəkməyibmiş. Yusif yaşayacaqdı. İşıqlı gələcək Yusifi gözləyirdi. Yusif Züleyxanın xilası idi.

Tatar yazıçısı Güzəl Yaxina müasir dövrün “Yusif və Züleyxa”sını yazıb. Heç şübhəsiz ki, romanın ideyası, mükəmməl üslub və süjet xətti, hadisələrin sənətkarlıqla bədii həllini tapması onu bitkin bir mətnə çevirir və bu nöqteyi-nəzərdən “Züleyxa gözlərini açır” Əbdürrəhman Caminin “Yusif və Züleyxa”sı kimi əbədi oxunan əsərlərdən olacaq.

Mənbə:Reytinq.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)