Edebiyyat.az » Ədəbi tənqid » İsmayıl Öməroğlu (Vəliyev) - Yazıçı və gerçək həyat.

İsmayıl Öməroğlu (Vəliyev) - Yazıçı və gerçək həyat.

İsmayıl Öməroğlu (Vəliyev) - Yazıçı və gerçək həyat.
Ədəbi tənqid
admin
Müəllif:
04:25, 06 iyul 2021
1 269
0
İsmayıl Öməroğlu (Vəliyev) - Yazıçı və gerçək həyat.




Redaksiyadan: Tofiq Qəhrəmanovun 75 illiyinə. Şair, publisist, ədəbiyyatşünas alim İsmayıl Öməroğlunun (1951-2017) yazıçının “Cavab” kitabına  (Bakı, 1999) yazdığı Sonsözü



İlk hekayə və povestlərini 70-ci illərin ortalarında çap etdirmiş Tofiq Qəhrəmanovun yaradıcılığında diqqəti çəkən başlıca cəhət onun ətrafda baş verən olaylara ayıq gözlə baxması, çağdaşların həyatını diqqətlə izləyərək qələmə alması, aktual və mürəkkəb mövzulara girişmək cəsarətidir, bir də adi gerçəkləri və bu gerçəklikdəki qeyri-adilikləri üzə çıxarmaq bacarığı. Adi gerçəkləri çox zaman hamımız görürük, müşahidə edirik və bəzən adama elə gəlir ki, bir-birinə bənzəyən günlər də, işə tələsən, işdən dönən adamlar da elə həmişəki adamlardır. Ancaq ətrafa diqqətlə nəzər salanda, nə qədər yenilik duyulur, nə qədər qeyri-adiliklər üzə çıxır! Bunları görmək, duymaq o qədər də asan deyil. Müşahidə etdiklərini, duyduqlarını qələmə almaq isə xüsusi bacarıq, ustalıq istəyir.
Tofiq hekayə və povestlərində gündəlik olayları, çağdaşlarımızın qayğı və sevinclərini qələmə alır, özü də diqqətlə, səbrlə. Onun “Qonşular” povestində əski bir həyətdə yaşayan bir neçə ailənin həyatı təsvir olunur. Həcmcə yığcam olan bu əsərdəTofiq ümumiləşdirmə yolu ilə insanların mənəvi aləmini ustalıqla təsvir etmişdir. O, üzdən adi və sadə görünən bu adamların yaşamında xırda olsa da, elə maraqlı detallar tapır ki, qısa müddətdə obrazların xarakteri oxucu təsəvvüründə aydın canlanır, onu inandırır. Başını aşağı salıb küçə süpürməklə bir çətən külfətini dolandıran, övladlarının gələcəyini xəyalında canlandıra-canlandıra hər axşam fərəhlə evinə dönən Süleyman kişinin də, “həmişə əli cibində, altında taksi” gəzən, idarədə istədiyi adamın adına pul yazdırıb, “hamam suyuna” hörmət və pul qazanan İsfəndiyarın da, qonşusunun hesabına əmək kitabçası alıb, təqaüdə çıxan “Şura hökuməti keçəndən trudovoy knijkəm olmayib”, “Allah İsfəndiyarın hökmünə əzm versin”, - deyən Molla Əhlimanın da obrazını Tofiq tipik cizgilərlə canlandırmağa müvəffəq olur, epizodlar bir-birini əvəz etdikcə, obrazların xarakteri müəyyənləşir, onların daxili aləmi üzə çıxır. Molla Əhlimanın həyat yolu maraqlı epizodlarla işıqlandırılır, tezliklə onun “saxta vətəndaş”lığı oxucuya bəlli olur. İsfəndiyarın qonşu xeyirxahlığı adlandırdığı ləkəni Süleyman kişinin təmiz vicdanı qəbul eləmir. Ehtiyac, çətinlik Süleyman kimi halal zəhmət adamını İsfəndiyar kimilərinə möhtac edə bilmir. Povestdə qonşuların başqa bir aləmi, övladlar dünyası da maraqla təsvir olunur. Ataları düşündürən məsələləri övladlar öz bildikləri kimi həll edir. İsfəndiyarın qızı Bənövşə öz təmiz arzularının dalınca gedir, təhsil alır, universitetdə dərs deyir, bəyəndiyi oğlana könül verir. “Süleymanın oğluna veriləsi itim də yoxdur” – deyən İsfəndiyarın qızı İncini təmiz sevgi Süleymanın oğlu Aqillə bağlayır. Onların öz dünyasını da yazıçı maraqlı detallarla canlandırır. Aqil Baykal-Amur magistralına işləməyə gedir. İnci də instituta girməsə, mütləq onun yanına işləməyə gələcəyinə söz verir. Gözlənilməz olaylar bir-birini əvəz edir. İsfəndiyarın oğlu Qılman Süleymanın qızı Güləndamı götürüb qaçır, onların da ulduzları barışır. Övladlar onların gələcəyi üçün öz arşınları ilə ölçü-biçi aparan atalarının planlarının əsassız olduğunu sübuta yetirir, öz problemlərini özləri həll edirlər. Povestdə yazıçı ciddi tipikləşdirmə ilə qonşuların hər birinin özünəməxsus bədii portretlərini rəsm etməyə nail olmuşdur.
“Bahara lap az qalır” povestində Tofiq maraqlı mövzuya müraciət edir. Onun qəhrəmanı Nail bütün iradlara, çətinliklərə baxmayaraq, ətrafdakılar kimi asan qazanc yolunu tutmur, qanunun tələb etdiyi kimi vicdanla xəstələri müalicə edir. Mikayılzadə kimi “dişin ağrıdı – çək qurtar” prinsipi ilə işləyən, müalicə olunacaq dişləri protez düzəldib pul qazanmaq üçün çəkib atanlar, hər tərəfdən onu sıxışdırmağa çalışsalar da, Naili bəzən sancıb əsəbiləşdirsələr də, öz yolundan döndərə bilmirlər. Ona görə ki, Nailin həyatı təmiz mənəvi köklər üzərində qurulub. O, müəllim dostu Rəfiqlə Nəriman Nərimanovun heykəli yanındakı söhbətində deyir: “Rəfiq, sən müəllimsən, mən həkim. Nərimanov isə həm müəllim olub, həm həkim. Mən onun oğlu Nəcəfə yazdığı məktubu tez-tez xatırlayıram. Qəzəbli və kədərli olanda həmişə ürəyimdə dönə-dönə oxuyuram məktubu; nəğmə kimi, şeir kimi. Kiməsə pislik eləməli olanda da məktub qabağımı kəsir”. Məhz ona görə də Nail əyilmir, mübarizədən geri çəkilmir. Bir də ona görə ki, Nail kimilər az deyil. O öz dostları və iş yoldaşları arasında özü kimi həyata ayıq gözlə baxan, təmiz duyğularla yaşayan adamlarla rastlaşır, bu mənəvi uyarlıq onları bir-birinə bağlayır, mətinləşdirir, sıralarını daha da möhkəmləndirir.
Tofiqin “Sağlıq axşamı” lirik povestində də çağdaş insanların mənəvi aləmi maraqla qələmə alınıb. Orta məktəbi bitirdikdən sonra yenidən bir yerə toplaşan gənclərin söhbətləri, hərəkətləri fonunda bugünkü gəncliyi düşündürən problemlər canlandırılır. Ötən günlər xatırlandıqca uğursuzluqlar, buraxılan səhvlər və yanlışlıqlar göz önünə gəlir. Qondarma parıltılara, uydurma qiymətlərə aldananların uğursuz taleyi onların öz dili ilə nəql edilir. Uca duyğularla yaşayan, səbrlə bilik qazanan gənclərin diləkləri, ümidləri yavaş-yavaş doğrulur, çətinliklər onları qorxutmur, hiss olunur ki, onlar tezliklə istəklərinə çatacaqlar.
Tofiqin povestlərində (istər satirik planda yazdığı “Qonşular”da, istərsə də “Bahara lap az qalır” və “Sağlıq axşamı” lirik povestlərində) obrazlara və olaylara münasibətdə yazarın müsbət idealı aydın görünür. Özünün bədii obrazı əsərdə görünməsə də, oxucunu ilk andan ələ alan, yaratdığı bədii aləmə aparan müəllif sanki oxucu ilə yanaşı dayanır, onun düşüncələrinə, müşahidələrinə “bələdçilik” edir. Bu, hər şeydən öncə, Tofiqin maraqlı kompozisiya qurmaq bacarığı və rəvan bədii bədii dilə malik olması ilə bağlıdır.
Tofiqin yaradıcılığı barədə Anar haqlı olaraq yazmışdır: “Müəllifin çox maraqlı müşahidələri var və o öz müşahidələrini bədii-obrazlı təqdim etməyi bacarır, yazılarına maraqlı, orijinal forma tapır”. 
Tofiqin əsərlərində uzun-uzadı təsvir yoxdur. O, hadisələri mətləbə uyğun, yığcam verməyi bacarır, oxucunu artıq, əlavə şeylərlə yormur, yükləmir. Bu yığcamlıq onun hekayələrində daha aydın gözə çarpır. Onun “Şubertlə görüş”, “Yalan danışma, oğul”, “Qədimin təzə yuxuları”, “Nağıl”, “Sağ ol, ata”, “Gizlənqaç” və b. hekayələri ədəbiyyatımızda klassik gələnəkləri olan “kiçik hekayə” janrının estetik tələblərinə cavab verir. Hiss olunur ki, klassik gələnəklərə sadiqlik çağdaş mövzuların həllində yazıçıya çox kömək edir. Ancaq bu, sadəcə təsirlənmək deyil, gələnəklərə, ənənələrə yaradıcı yanaşan yazıçı öz fikirlərini klassik qəliblərə yerləşdirmir, mövzuya uyğun forma tapır. Bu baxımdan, Tofiqin “Qəfil zərbə” və “Bəhlul dayı” hekayələri diqqəti çəkir. “Qəfil zərbə” hekayəsi bir anlığa Ə.Haqverdiyevin “Çeşmək” əsərini xatırladır. Yuxarı Dağlıq küçəsində bir məhlədə yaşayan iki dostun adicə zarafatı az qala faciə ilə nəticələnir. “Çeşmək”dəki olaylarla “Qəfil zərbə”arasında kəskin məsafə və mühit fərqləri olsa da, ciddi psixoloji fərqlər yoxdur. Mənəvi boşluq hansı şəraitdə olur-olsun, məhz bu cür əyləncə və “faciə” törədə bilər. 
Tofiq Qəhrəmanovun “Bahara lap az qalır” kitabına son illərdə yazdığı, dövri mətbuatda dərc etdirdiyi povest və hekayələrin yalnız bir qismi daxil edilib. Onun tamamladığı və üzərində işlədiyi xeyli əsərləri də vardır. Ancaq o, adətinə uyğun olaraq, onları “yüz dəfə” ölçüb-biçdikdən, tam səliqə-səhmana saldıqdan sonra üzə çıxarır. Tofiqin “daxili səliqə-səhmanı” səmimiliyi və duyğunluğu əsərlərində də aydın görünür. Onunla bir vaxtda ədəbiyyata gələnlərdən fərqli olaraq, Tofiq öz kitabını nəşr etdirməyə də tələsməyib, kəmiyyət dalınca qaçmayıb, keyfiyyəti meyar seçib. Son illərin ədəbi tənqidində Tofiqin povest və hekayə yaradıcılığı barədə xeyli müsbət, maraqlı elmi mülahizələr söylənmişdir. Yazıçının böyük həvəslə işləyib çap etdirdiyi bu hekayə və povestləri insanlığı, xeyirxahlığı, ədaləti təbliğ edir. 
Müəllifin son zamanlar qələmə aldığı və “Cavab” adı altında cəmləşdirdiyi hekayələrdə son zamanlar milli mühitimizdə, siyasətimizdə, cəmiyyətimizdə gedən deqradasiya, tənəzzül, enişlər və əyintilər barədə yazıçının bədii qənaətləri qələmə alınıb. Görünür, zaman, dövr, keçid mərhələsi zahirdə göründüyü kimi ötəri deyil, insanların həyatında dərin şırımlar, izlər buraxır.
Tofiqin hekayələrində Mirzə Cəlil mövqeyi, Üzeirbəy həssaslığı aydın görünür. O, klassikləri, xüsusilə sevdiyi müəllifləri təkrar etmir, bir anlığa həmin müdriklərin eynəyini taxıb zəmanəyə, dövrün adamlarına və milli vəziyyətimizə baxır, onların üslubu ilə hadisələrə qiymət verir, əyintiləri, uğurları haqq-ədalət tərəzisinə qoyub dəyərləndirir. Tofiqin müşahidələri günümüzün bütün vacib problemlərinə yönəlir, heç nə onun diqqətindən yayınmır. Xalqın adından danışıb xalqın mənəviyyatına zərbə vuran insanlar, zahirən müdrik, böyük görünən adamların kiçikliyi, xırdalığı və məkrliliyi Tofiqin satirik qələmi ilə, özü də çox həssas müşahidələrlə təsvir olunur. 
Bu hekayələr həyatımıza güzgü tutan əsərlərdir. İndiki çətinliklərimiz, gərginliklərimiz, uğur və itkilərimiz bu əsərlərdə aydın görünür. Tofiqin həssas müşahidələri və dəqiq bədii təsvirləri zəmanəmizin ən aktual problemlərinə işıq salır, bizə həqiqətləri göstərir, düşündürür, anladır, öyrədir və ayı-sayıq olmağa çağırır. Bu hekayələr yalançı zahiri, saxta üzü, örtüyü açıb, insanı daxilə baxmağa, mahiyyəti anlamağa kömək edir. Yazıçı bizə bir fəlsəfi fikri təlqin edir: yalançı zahirlə pərdələnmiş həqiqəti ayırd et, gerçəyi gör, parıltıya inanma, vədə aldanma... Tofiq hekayələri vasitəsi ilə bizi ötərilərdən xilas edib əbədi olanlara çağırır. Ötəri olanlar, naqis olanlar, yaşadıqları bir ömürdə şərə əyilib ona qulluq göstərənlərin son nəticədə məğlub olacaqlarına inam Tofiqin satirik hekayələrində xüsusilə seçilir. Yazıçı haysız-küysüz, sakit bir üslubla əyintilərə, əyriliklərə və mənəvi söküklərə qarşı barışmaz mübarizə aparır. Bir mənəviyyat adamı kimi o öz vəzifəsini bunda görür və böyük inamla, inadkarlıqla həqiqətə xidmət edir. 
Tofiqin oxuculara təqdim edilən bu kitabı da gerçəklərin bədii salnaməsidir. Elə bir salnamə ki, günümüzə güzgü tutur və oxuduqca adamı düşündürür, inandırır və həqiqətə, milli dirçəlişə səsləyir. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)