Edebiyyat.az » Ədəbi tənqid » ŞvartsMan - Eros və Tanatos ( e s s e)

ŞvartsMan - Eros və Tanatos ( e s s e)

ŞvartsMan  - Eros və Tanatos ( e s s e)
Ədəbi tənqid
admin
Müəllif:
17:43, 17 iyun 2022
1 084
0
Ş vartsMan - Eros v ə Tanatos ( e s s e)



 

Bütün həyatın hədəfi ölümdür.

Z. Froyd, 1920

 

 

Eros və Tanatosa  birinci olaraq, əlbəttə ki, mitolojik eynəklə baxacağıq, çünki mitolojik fiqurlardır. İkinci olaraq isə Froydçu psixoanalizmlə anlamağa çalışacağıq. Obrazlı desək, məhəbbət və ölümü yaxından tanımaq özümüzü yaxından tanımaqdır. 

 

Əvvəlcə Eros və Tanatosun valideynləri ilə tanış olaq. Erosun anası gözəllik ilahəsi Afrodit və atası müharibə allahı Aresdir. Müharibə insanın instinktidir, bədəndir. Gözəllik və şəhvət də bədənə aiddir, qurşaqdan aşağı olanın Afroditdə personalaşmasıdır. Erosun ana və atası qəti olaraq ağılı, apollonist olanı təmsil  e   t  m  i  r l  ə r. Eros bədən və hisslərin daşıyıcılarının övladı olduğundan erotikdir. Onun varlığı erogenlikdir, həzz almaqdır. Tanatosun isə anası gecənin ilahəsi Niks, atası isə qaranlığın allahı Erebosdur. Qədim Yunanıstanda ölümün bədənləşmiş halını təcəssüm edir. Mitologiyada Tanatos (Ölüm) və Hipnoz (Yuxu) əkiz qardaşdırlar. Mitologiya altşüurun üstşüura çıxması olduğundan mesajı birbaşa yox, dolayı yolla, yəni simvolik olaraq çatdırır. Tanatos və Hipnozun əkiz olması ona dəlalət edir ki, yuxu qısa ölümdür, ölüm isə uzun yuxu. Con Vilyam Voterhausun (J. W. Waterhause) 1874-cü ildəki tablosuna baxsanız, orada Yuxu və Ölümün yanaşa uzandıqlarını görərsiniz. 

 

İnsandakı bütün yaradıcılığı və sevgini təmsil edən Eros  (yun.ρως dağıdıcı və öldürücü instinklərin təmsilçisi Tanatosun (yun.Θάνατος) tam  ziddidir. Mitoloji baxımdan ikisi də cins olaraq kişi olsa da , Eros dişiliyi, Tanatos isə kişiliyi bildirir. Qadın həyata bağlı varlıqdır, kişi isə ölümə. Qadın bu dünyaya bağlıdır, kişi o biri dünyaya. Qadın (Eros) maddədir (mutter = mater> materiya), kişi (Tanatos) isə spiritual (ruh). 

 

Eros nədir? Eros erotik sevgidir, seksdir, bədəndir.  Erosun agape (ilahi sevgi) ilə heç bir əlaqəsi yoxdur. Eros ailə, dost, ilahi sevgi deyil. O, mənəviyyatla əlaqəli deyil, onun sevgisi seksualdır, bədənlə birbaşa təmasdır işi. Eros – nədən həzz alırıqsa, odur. Eros bizim həyat enerjimizdir. Seks, yemək yemək, nəsil artırmaq, idman etmək -həşey EROSDUR. Eros bizim var olma səbəbimizin mitolojik ifadə formasıdır. Eros heç vaxt böyüməyən uşaqdır. Bütün balaca uşaqlar dinamik, şıltaq, yerində durmayan Erosdur. Cinsi yetişkənlikdən sonra isə Erotikaya çevrilirlər. Beləliklə, sən erotik olursansa, cəmiyyətin düşməni olursan. Çünki həyata sevgini mənbəyi Eros qayda-qanun, əxlaq, ailə, namus-qeyrət tanımır. Erosun bir məqsədi var: bədənimiz vasitəsilə istədiyini həyata keçirmək. Belə desək, sivilizasiyanın olduğu yerdə Erosa yer yoxdur. Fikirləşin: bir qız erotik (Erosçu) ola bilər, amma o, bunu gizlətməli, evlənməli və yalnız evləndiyi şəxsə göstərməlidir. Artıq təbiətdən mədəniyyətə keçiddə Eros rahat şəkildə göstəriləcək, yaşanacaq bir şeydən, gizlədiləcək, utanılacaq və varlığı haqqında susulacaq bir instinktə çevrildi.F. Niçe boş yerə demirdi, das Christentum gab dem Eros Gift zu trinken – er starb zwar nicht daran, aber entartete, zum Laster. Yəni, xristianlıq Erosa içməsi üçün zəhər verdi -o, bununla ölmədi, amma rüsvayçılığa çevrildi. Niçe burada demək istəyir ki, kristianlıq həyatı zəhərləyib öldürmək istədi, Eros ölmədi, amma adı əxlaqsızlıq oldu. Atalar deyir ki, adın çıxınca canın çıxsa yaxşıdır, lakin burada əksinə oldu: canı çıxmadı, adı çıxdı.  Politikada da bu belədir: birini öldürə, yaxud ona qalib gələ bilmirsənsə, adını rüsvay edirsən, nüfuzdan salmağa çalışırsan. Xristianlığın (və ümumi olaraq, dinlərin) həyata qarşı cinayəti Erosu öldürməyə cəhd etməsi idi, bacarmadılar, çünki canlıların yaradılışında olan bir şeyi məhv edə bilməzsən, amma pis baxa, əxlaqsız adlandıra bilərsən. Bu gün konservativ cəmiyyətlərdə Erosçu, erotik olmağın təhlükəli sayılmağının kökü, həmin cəmiyyətlərin İsaçı, Musaçı, Məhəmmədçi olmağıdır. 

 

Froyda keçməmişdəəvvəl bunu da qeyd edək ki, Erosun Psixe (Psyche) adlı sevgilisi də olub. Düzdür, çox çətinliklərdən sonra hekayənin axırında bədən və ruh bir olub bütövləşirlər; Afrodit isə oğlu Eros və kralın gözəl qızı Psixenin bir-birlərini sevmələrini və birlikdə olmaqlarını istəməyib. Çünki Psixe “ruh” deməkdir. Eros isə anasının paredrosu (köməkçisi) olduğundan ruhu yox, bədəni sevə bilər. Psixologiya da elə “ruh elmi” deməkdir. Dini təlimlərdə bilindiyi kimi ruhun ilahi varlıqla, yaxud mənəviyyatla yox, gerçəkdə psixika ilə əlaqəsi var. 

 

Froydun terminologiyası ilə danışaq: Eros libidodur, Tanatos isə destrudo. Libido bizim seksual enerjimizdir, eyni zamanda bu enerji bizim həyat enerjimizdir. Tükənəndir və Lebenstriebdir (Həyat instinkti). Destrudo isə bizim dağıdıcı, öldürücü, başqalarına, yaxud özümüzə zərər verən enerjidir və Todestriebdir (Ölüm instinkti). Froyda görə, həyat bu iki enerji arasında mübarizədir. Məsələn, biz xəstələnəndə dərman qəbul edirik, sağalmağa və ölməməyə çalışırıq. Burada Eros aktivləşir. Erosun məqsədi sənin yaşamağındır. İçimizdəki Eros bizim ölməməyimiz üçün əlindən gələni edir. Amma Froyd 1920-ci ildə yazdığı “Həzz prinsipi” (Jenseits des Lustprinzips) yazısında “bütün həyatın hədəfi ölümdür” deyir. Üzvi / orqanik maddədən qeyri-üzvi / inorqanik maddəyə çevrilmək bizim bioloji tariximizdir. Əslində insan təkcə yaşamaq istəmir, həm də ölərək minerallara parçalanmaq, bu həyat uğrunda mübarizəni dayandırmaq istəyir. Eros daim mübarizədirsə, Tanatos - əbədi sükutdur. 

 

Froydda Eros və Tanatos dualizmi normalda tarazlıq vəziyyətində birlikdə varlığını davam etdirir. Ancaq sadizm və mazoxizm, yaxud melanxolik özünü cəzalandırma kimi istisnalı hərəkətlərdə birlik pozulur. Ziqmund Froyd “Həzz prinsipi”ndə yazır: “ Orqanizm təkcə öz qaydasıyla ölmək istəyir. Həyatın keşikçiləri əslində ölümün mühafizəçiləridirlər”. Deməli, həyatı qoruyanlar əslində ölümün varlığını mühafizə edirlər. Cansızlar(qeyri-üzvi maddələr) canlılardan (üzvi maddələr) əvvəl var imiş. Bizim  varlığımızın mahiyyəti yaşamaq deyil, ölməkdir. Erosun Tanatosa qarşı mübarizəsində qalib daim ölüm olacaq. Nəticə? Erostik olmayan Tanatostik ola bilməz. Həyatdan qorxan ölümdən də qorxar. Seks yoxdursa, ölüm də yoxdur. 

 

 Oşo deyirdi ki, insanlıq tarixində iki tabu olub: seks və ölüm. Oşoya görə, seks ölümə yaxın təcrübə olduğundan -orqazm, yəni həzzdən nəfəsin dayanması- onu da tabulaşdırdılar. Hindli mistik ölümə diqqət çəkir:  yaslara baxın, orada heç kim ölüm haqqında danışmaz, ölən haqqında danışarlar.  Müqayisə etsək, ölüm seksdən daha qorxuludur, amma insanlar yolda iki nəfərin ölümündən daha çox, yolda iki nəfərin sekslə məşğul olmağından qorxarlar. Bilirsiniz, polis elə bir qanun keşikçisidir ki, öləndə də gəlir, sevişəndə də

 

Elə bu an İmam Əlinin kəlämı ağlıma gəldi. Təxminən belədir: “Ağılın ardınca gedən mələklərdən də yüksəyə qalxır, şəhvətin ardınca gedən heyvandan da aşağı səviyyə enir”. Görürsünüz, bu kəlämda ağılı (Logos) yüksəltmək, bədəni (Eros) aşağılamaq var. Sanki insan yalnız ağıldan ibarətdir, bədəndən ibarət deyil. İmam Əli bilmir ki, insanı yaşadan bədəndir, ağıl yox.  Əlində qılınc tutan bir din adamından bundan yaxşısını gözləmək olmazdı. Heç olmasa, ona bir hərf öyrədənin qulu olmaq əvəzinə özü-özünün ağası olardı. 

 

Yox, əsəbləşmirəm.  Mövzumuz Erosdursa, özümdən, logosdan və Erosun iztirabından danışmamaq olmaz. 

 

Çoxları məni qadından, məhəbbətdən yazan kimi tanıyır,  ancaq əslində mən Erosdan yazmışam.   Səhv anlaşılmaq  inanmıram mənim taleyim olsun, çünki bizim ölkədə mənim kimi yazıçı ilə qarşılaşmayıblar. Mən yalnız rüsvayçı, gizlədilmiş Erosun, yəni erotizmin ədəbi formada gün işığına çıxmasıyam. Yavaş-yavaş, gözə girmədən, reklamsız üzə çıxıram ki, mədəniyyətin göz bəbəkləri siyasət, fəlsəfə, din məni təhlükəli hesab edənə kimi iş-işdən keçmiş olsun. Buna görə Kəramətin (Böyükçöl) üzdə, siyasi elitanın və xalqın gözünün onda olması mənə sərf edir ki,  gözəgörünmədən maneəsiz altdan-altdan  işləyə bilim. 

 

İndi məndən -Erosdan Logosa keçək. Eros həmçinin  loqosantrik sistemə də antaqonistdir. Logos nədir? Allahın dünyanı yaradarkən dediyi ilk sözü "OL"dur. Logos nədir? Kantın və Hegelin məntiqidir (logika). Logos -dünya azərbaycanlılarının  intellektual platformasıdır. Baxın, logos daim ağılla, başla əlaqəlidir.   Buna tərs düşən isə Erosdur. Çünki Eros Logos kimi ağılı, məntiqi, sözü yox, məhz bədəni, instinkti, duyğuları var edəndir. Mitologiyada tanrılar ən çox kimin yanında idi? Ağıllı olanın. Erotik, bədən düşkünü olanları "iqnor"layırdılar, amma inkar etmirdilər. Amma sonralar xristianlıq Afroditə “fahişə”, oğlu Erosa isə "fahişə uşağı" deyərək inkar etməyə, öldürməyə çalışacaqdılar. Halbuki Eros dünya yarananda bizi yaşadan enerjidir. Bütün dinlərin və cəmiyyətlərin məqsədi insanın seksuallığını tənzimlə üzərində qurulub. Yalnız o idarəolunmazı idarə etməyi bacarsan, yer üzündə qayda-qanun, nizam-intizam olar. Niyə qızları  tez evləndirməyə, yaxud cinsi tələbatlarını yalnız qanuni şəkildə nikahla ödəyə biləcəkləri əxlaq kodeksi yaradıblar?Cəmiyyət bilir ki, Erosun qollarını zəncirləməsən təhlükəli oxlara məruz qalacaq. Qız yüz kişi ilə yatmaq istəyir, cəmiyyət məcbur edir ki, o yalnız bir kişi ilə yatsın. Bunda  məqsəd insanın içindəki erotizmi cəmiyyətin işləmə mexanizminə adaptasiya edərək onu təklükəsiz bir çarxa çevirməkdir. Həqiqət isə budur ki,  döyüşçü Ares ( qan) ilə   gözəl Afroditin (bədən)  bu balaca (!),  sarışın,  yaraşıqlı oğlunun əlindəki ox Fortunanın fırlanan çarxıdır. 

 

Və

 

Tanınmış Cənubi Koreya əsilli alman filosofu Byunq Çul Hanın (Byung-Chul Han) "Erosun iztirabı" kitabı var. Burada o, Erosun erotikliyini itirməyindən, pornoqrafikləşməyindən danışır. Hana görə, pornoqrafiya məhəbbəti, erotizmi və arzunu cəmiyyətin gözünün önündən qaldırır. Əslində pornoqrafiya bir növ "həşey göstərmək" olduğu üçün heç bir şey gizli qalmaz; halbuki erotik olan  həmişə gizli, sirli bir mahiyyətə sahibdir. Erosu pornoya çevirmək onun müqəddəsliyini pozur.  Eros əzab çəkir. Artıq heç nəyə erotik, yəni canlı maraq qalmır.  Ətrafımızdakı insanlar bir-birilərinə bənzəməyə başlayırlar, yeni və maraqlı heç nə yoxdur. Həyat marağını itirir və bu da Erosun əzab çəkməsinə, yəqin gələəsrdə ölümünə gətirib çıxaracaq. Eros yoxdursa, danışğın bir lətifə də gülməli olmur. Fikir verin, insanları güldürə bilən, pozitiv enerji verən, yaxud kiminsə yanında özünü rahat, yaxşı hiss edirsənsə, o adam Erotikdir.  Erosun ölümü isə həyatın ölümü deməkdir. Artıq insan canlı varlıq olmayacaq, robot olacaq, zombi olacaq. Bəlkə də bu artıq baş verib. 

 

12.06.2022

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)