Dr. Abdülbaqi Gölpınarlı - Ustad Nəfəsindən Mövlana (Tərcümə: Amin Namazlı)
Azərbaycan əsilli Türkiyə ədəbiyyat tarixçisi, tərcüməçi və alim olan Abdülbaqi Gölpınarlı xüsusən Sufizmi, divan ədəbiyyatını, İran ədəbiyyatını araşdırmışdır. O, Türkiyənin ən böyük sufizm araşdırmaçısı hesab edilir.
12 yanvar 1900-cü ildə anadan olan Abdülbaqi Gölpınarlının atası Əhməd Agah Əfəndi əslən Azərbaycandan, Gəncənin Gölbulaq kəndindən idi. Abdülbaqi Gölpınarlı atasının gənc yaşda vəfatından sonra orta təhsilinə ara verərək kitabçılıqla məşğul olmuşdur. Daha sonra təhsilini tamamlayaraq 1930-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakultəsini Professor Köprülüzadə Fuad bəyin rəhbərliyində hazırladığı “Məlamilik və Məlamilər” mövzusundu müdafiə edərək məzun olmuşdur. Doktorantura təhsilini tamamladıqdan sonra bir çox universitetdə mühazirələr oxumuş, fars dili və ədəbiyyatı dərsləri tədris etmişdir.
O bir çox məşhur şairin əsərlərini Türkiyə türkcəsinə tərcümə etmiş və ya sadələşdirmiş, təhlil və şərh etmişdir. Sufizm, hürufilik, bektaşilik kimi mövzularda apardığı tədqiqatlar ona böyük şöhrət qazandırmışdı. Yunus Emre, Füzuli, Mövlana, Nədim, Ömər Xəyyam, Hafiz kimi şairlərin şeirlərini geniş oxucu kütləsinə çatdırmışdır. Bir çox əsərlər ərsəyə gətirən, neçə-neçə məşhur tələbələr yetişdirən Abdülbaqi Gölpınarlı 1982-ci ildə İstanbulda vəfat etmişdir. Məşhur türk tarixçi , Türkiyə Prezidentinin mədəniyyət müşaviri Murat Bardakçı da onun məşhur yetirmələrindəndir.
Sizə təqdim ettiyimiz bu yazı ustad Abdülbaqi Gölpınarlının 1973-cü ildə şəbi-aruz mərasimindəki bir söhbətinin səs yazısından tərcümə edərək uyğunlaşdırılmışdır.
Çevirən:
Amin NAMAZLI
Süleyman Dəmirəl Universiteti
Bir qasırğa kimi əsib keçən, çay kimi axan zamana, hər an dəniz kimi dalğalanan, batan dalğası heç vaxt təzələnməyən və dalğaları eyni olmayan bir ümmana hökm etmək, əsrlər boyu unudulmamaq, əsrlər əvvələ və əsrlər sonrasına hökmranlıq etmək, zamanı ovuclarında tutmaq; məkanı məkansızlıq bilib hər yerə sızmaq, yayılmaq, hər uca başı öz dühasını önündə əydirmək, unudulmamaq asan iş deyil. Bu, yalnız mənliyi və məncilliyi aşmaqla, ancaq özünü insanlığa verməklə mümkündür.
Mövlana “Elə bir aşiq lazımdır ki mənə...” deyirdi; bir dəfə qımıldandımı, bir qalxdımı alovlarla dolu qiyamət qoparsın. “Bir könül istəyirik ki...” deyirdi Mövlana; cəhənnəm kimi olsun, cəhənnəmi belə yandırıb yaxsın. Dənizin dalğalarından qaçmasın! Yandırsın, yüzlərlə dəryanı belə alovlandırsın... Səmanı bir dəsmal kimi sıxsın ovuclarında, öləziyən işığı assın göy qübbəyə çilçıraq kimi. Bir timsal könlüylə, şir kimi savaşa tutuşsun, özündən başqa heç kimi qoymasın, sonra özü ilə cəngə girişsin. Göyün yeddi yüz pərdəsini nuru ilə deşsin və ona ərşdən afərin nidaları gəlsin. Dənizlərdən mərcanlar, incilər səpələsin yerüzünün ətəyinə...
1273-cü il dekabrın 17-si bazar günü Mövlana fani həyata gözlərini qapamış və əbədiyyət səltənətində doğulmuşdur. Onun əbədiyyətə qovuşmasının 702-ci ili başa çatır; 703-cü ilinə qədəm qoyuruq. Amma Mövlana hələ də sağdır. O gün Mövlananın tabutu başlar üstündə idi, əldən-ələ, adamdan-adam gəzirdi, sanki öz ayaqlarıyla yeriyirdi. Camaat bircə dəfə tabuta toxunmaq üçün bir-birini itələyirdi, sanki yarışırdılar... Hərkəs başı açıq, yalın ayaqdı. Hər kəsin gözü yaşlı, könlü yaralı idi. Hər milləttən, hər dindən bütün insanlıq o gün ayaqda idi. Musəviləri, Xristiyanları uzaqlaşdırmaq istədilər ; fəryad qopardılar, “O bizim Musamız, o bizim İsamız idi... Günəş hər yanı isidər bir yeri deyil ki” dedilər. Bir keşiş gözyaşlarını paltarının ucu ilə silərək, hıçqırıqlarını boğdu ve bağırdı: “O çörək idi, çörəkdən qaçan ac olarmı heç?”
O gün Mövlana qürub çağında dəfn olundu... Amma o heç vaxt batmayan, batmayacaq günəş kimi insanlığın qəlbində, insan hikməti səltənətində doğuldu... “Öldükdən sonra məzarımızı yerdə axtarma! Qəbrimiz ariflərin qəlbindədir...” dedi.
Quranı bütün cəhətləri ilə dərk edən Mövlananın məsnəvisi az qala təfsir mahiyəti daşımaqdadır. Bütün İslam elmlərini bilən, hər birində ustad kimi tanınan, kamillik dərəcəsinə çatmış, bunlardan başqa qədim zamanlardakı elmlərə vaqif olan; Hind, İran və Yunan fəlsəfəsini onları tənqid edəcək qədər yaxşı bilən Mövlana təsəvvüfə tamamilə yeni və insani bir cəhət qazandırmışdır. Onun mistik bir sufi və ya mistik şair olduğunu düşünənlər tamamilə yanılmışdır. O, fəlsəfəyə yalnız oyalanmaq kimi baxırdı. Məsnəvisindəki bu hekayət onun fəlsəfə baxışını necə də gözəl ifadə edir...
Səhradan keçən bir ərəb iki xurcunu dəvəsinə yükləmişdi. Xurcunun birində buğda, digərində daş vardı. O tarazlığı ancaq bu cür saxlaya bilmişdi. Həmin ərəb yolda bir filosofla qarşılaşır. Başı açıq, ayaqyalın filosof bədəvidən soruşur; – Daşıdığın çuvallarda nə var? Bədəvi: “Birində buğda, o birində daş”. deyir. Filosof deyir: “Buğdanı xurcunlara yarı-yarı qoysaydınız, dəvənin yükü yüngülləşər və daha da yaxşı gedərdi”. Bunu ağlına gətirə bilməyən bədəvi filosofdan soruşur: “Sən sultansan, yoxsa vəzir? Nə qədər malın var?” Filosof deyir: “Görürsən, mən sərgərdan adamam, mənim nə malım var, nə də mülküm”. Bunu eşidən bədəvi bir qədər fikirləşir və sonra: “Sənə yaramayan ağılın mənə heç bir faydası yoxdur. Qoy mən yenə xucunun birinə buğda, o birisinə daş yükləyim” deyir və dəvəsini haylayıb yoluna davam edir.
Görünür ki, Mövlanaya görə elm, düşüncə insana və insanlığa faydalı olduqca xeyirlidir. Fayda vermədikcə ancaq insanlara varlıq bəxş edən bir yükdür.
O, nə o dövrün tanınmış adamlarına qəsidə yazan şair idi, nə də onları mədh edən nəfsinin əsiri... Coşqun şeiri, saf dili ilə Mövlana hürriyyəti tərənnüm edirdi. O, sultanları, böyükləri xalqa yük olan tabut və ölü sayırdı. Deyirdi; “Nə qədər ki, ayran qabım qarşımdadır, and olsun ki, heç kimin balını düşünmürəm... Azuqəsizlik qulağımı bursa belə azadlığı köləliyə satmaram!”. Hər sözü şeir olan, hər əməli sözünə uyan, hər sözü, hər halıyla insan birliyini mədh edib, arzulayan Mövlanadan danışmaqla bitməz. Onun dili ilə deyək: "Dinlə bu ney necə zarımaqda, ayrılıqları necə anlatmaqda...”
1973
Tərcümə: Amin Namazlı