Lətif Şüküroğlu - “Ölüm çiçəkləri” bitən yerdə
Azad Qaradərəlinin yaradıcılığı haqqında illər əvvəl, hələ Azərbaycan oxucusunun onu yazıçı kimi yeni tanımağa başladığı 1980-ci illərin sonunda yazmaq istəyirdim. Onda onun ilk hekayələr kitabı çapdan çıxmışdı. Oxuduğum bir neçə hekayəsi və eyni şirin dili olan publisist yazıları məni təsirləndirmişdi. 90-cı illərin başlanğıcında da bu istəkdə oldum. Ancaq fikrimdə bir hissəsi artıq hazır olan yazını bitirə bilmədim. O vaxt bu istəyim, daha çox iki səbəbdən baş tutmadı. Birincisi, həmin qaynar illərdə milyonların taleyində dönüş yaradan sürəkli hadisələr baş verdi. Sovet İmperiyasının dağılması ərəfəsində digər respublikalarla yanaşı, Azərbaycanda da milli azadlıq hərəkatı başladı. Proseslər torpaqların müdafiəsindən qısa müddətdə azadlıq və müstəqillik çağırışlarına qədər inkişaf etdi. Güclənən siyasi burulğan ölkənin rayonlarını da əhatə edərək fəal kəsimi bu hadisələrin fəal iştirakçısına çevirdi. Digər yandan, artan tələblər, jurnalistikanın ənənəvi mövzulardan uzaqlaşması zərurəti məni də bəzi planlarımı ertələmək məcburiyyətində qoydu. Çünki zamanın nəbzi başqa ritmlərdə döyünürdü.
İkinci səbəbə gəlincə, etiraf edim ki, o illərdə hələ Azərbaycan səviyyəsində az tanınan bir yazar haqqında, həqiqət olsa belə, yazdıqlarımın mübaliğə kimi qəbul oluna biləcəyini düşünmüşdüm. Haqlı idimmi? Bu günün prizmasından baxanda əsla. Ancaq onda belə inamla deyə və yaza bilməzdim ki, həqiqi istedad sahibi olduğuna heç vaxt şübhə etmədiyim Azad Qaradərəli güclü yazıçıdır. İndi isə birmənalı deyə bilirəm ki, onun “Morq çiçəkləri”, “Erməni doktorunn gündəliyi və Qarabağın qara hekayətləri” və “Ucubuluq” romanları Azərbaycanın azı son 20 ilinin ədəbi hadisələridir. Doğrudur, mən ədəbi tənqidçi, ədəbiyyatşünas deyiləm və bu sahənin peşəkarlarına nəyisə diktə etmək fikrindən uzağam. Ancaq bu əsərlər hər kəsə əlçatandır, əldə edin, oxuyun, şübhə etmirəm ki, siz də əmin olacaqsınız.
Sonra həmişə hiss etdiyim vaxt çatışmazlığı və fiziki gərginlik aylar deyil, illər sürdü. Nəsə yazmağa o qədər az vaxtım qaldı ki. Həm də yazmaqdan çox oxumaq vərdişim qalan azacıq vaxtımı da əlimdən aldı. Ancaq bu “itkilər”də qazancım da az olmadı, bir çox yazarları, eləcə də Azad Qaradərəlini yenidən tanıdım. Oxuduğum hər yeni əsəri ilə o məni də heyrətləndirdi desəm, azdır. Düzdür, bütün yazılarını oxuduğumu iddia etmirəm. Bildiyim qədər yazıçı dostumuz əsərlərinin 20 cildliyini nəşrə hazırlayır və təki ömür onları oxumağı bizlərə də nəsib etsin. Oxuduqlarıma gəlincə, əsərdən-əsərə Azadın peşəkar yazıçı qələminin incilərinə şahidlik etdim. Onun zəngin xalq dilimizin dərin qatlarından süzülən cazibəli təhkiyəsi məni haralara aparmadı və ən əsası inandırdı. Əslində, bu qəhrəmanların əksəriyyətini, “Morq çiçəkləri” əsərinin personajlarını da biz öz həyatımızdan tanıyırıq. Söhbətimiz də bu əsər haqqında olacaq.
Azad realist yazıçıdır. Yazdıqları ilə real həyat arasında əksər hallarda çəkinmədən bərabərlik işarəsi qoymaq olar. Xüsusi ilə “Morq çiçəkləri”ndə bu, bütün çılpaqlığı ilə görünür. Əsərdə təsvirlər bəzən o qədər qatılaşır ki, sanki hadisələrin baş verdiyi yerin qoxusunu burnunda, havasını ciyərlərində hiss edirsən. Düşdükləri mühitin rəzil günə qoyduğu o adamların üst-başından, nəfəsindən gələn ağır kəsif iyinin üz-gözünə hoparaq ürəyini bulandırdığını hiss edirsən. Bu, artıq realizmdən də qatı bir təsvir, naturalizmdir. Hər şeyi real həyatdakı kimi canlıdır, əlinlə onlara toxuna, dadını, qoxusunu duya bilirsən.
Əsərin birinci fəslini bitirdiyim gün indiyədək yadımdan çıxmır. Nahar ərəfəsi idi. Elə bilirdim, həmin pis qoxular üstümə, başıma hopub, ağzımda Haqverdinin çeynədiyi broyler toyuğun kağız parçasından fərqli olmayan dadını hiss edirdim. O sarı çiçəklərinin otağın hər yerinə hopan meyit iyi isə ödümü ağzımdan gətirirdi. Həmin gün axşama qədər nəinki dilimə bir loxma ala, heç su da içə bilmədim. Başqa bir gün, Alber Kamyünün “Taun” romanını oxuduğum vaxt da eyni vəziyyətə düşmüş, bir gün ac qalmışdım. “Taun”da siçovulların yaratdığı o iyrənc mənzərə “Morq çiçəkləri”ndə insanların ucbatından, əslində isə, onların düşdüyü obyektiv reallıq deyilən çıxılmaz vəziyyətdən doğub. Azad Qaradərəlinin bu təsvir üslubu bir qədər Emil Zolyanın naturalist romanlarını xatırladır. Bizi həyatın dibinə aparır, ancaq bu bəxtsiz insanların oradan çıxa biləcəyinə çox az ümid verir. Tunelin lap sonunda iynə ucu boyda, öləziməkdə olan bir işartı nəzərə alınmasa, onların qurtuluş üçün heç bir şansları yoxdur. Hadisələrin baş verdiyi zamanda real vəziyyət belə idi və yazıçı acı da olsa, həqiqəti sonadək deməkdə, yalançı, saxta optimizmdən uzaq olmaqda qərarlıdır.
Yaşamaq barədə düşünməyə belə cəsarəti çatmayan, sürünməyi haqq etdiyinə inanan bu insanların faciəsi oxucuya da sirayət edir. Axı, niyə belə olmalıdır, talenin ümidinə buraxılmış, əslində, ümidsizliyinə tərk edilmiş bu insanların günahı nədir? Hadisələrin baş verdiyi bu dəhşətli məkan Tanrının belə yadından çıxıbsa, günahkar axtarışları nə qədər doğrudur. Bir şey aydındır. Bütün bunlara yalnız “Morq” adlı məkanın sonuncu sakini “morq”luq olanda, ya da sonuncu yeriyən ölü oranı tərk edəndə son veriləcək. Həmin vaxta qədər isə “Morq” sakinləri talelərinə biçilmiş bu ömrü “yaşamağa” məhkumdurlar.
“Bizim arzumuz olmaz, əfəndim. Biz arzuları amputasiya olunmuş adamlarıq”, bunu deyən Lələ haqsızdırmı? Sayılmaz. Bəs insan ləyaqəti, şərəfi, arzuları necə olsun. Yenə Lələ cavab verir: “Şərəfmi qaldı, yahu?! Şərəf insana aid. Biz şərəfimizi o topraklarda qoyub gəldik”...
Bəli qoyub gəldik və o şərəfin itirilmədiyinin yeganə sübutui olan 2020-ci ilin qələbə payızını o insanlardan necə nəfəri gördü, bunu bilmirəm. Yəqin aralarında “Morq”dakı yanğından sağ çıxıb görənlər oldu. O yanğın, əslində, qurtulanlar üçün yeni, rəzalətdən uzaq bir həyatın müjdəsi ola bilərdi. Bunun üçünsə, onların “yoxluq, heçlik, sıfır qoxusu”ndan xilas olmaları lazımdır. Bunu bacaracaqlarmı?
Dostoyevski “Alçaldlmış və təhqir olunmuşlar” povestində (əslidə, roman) talesiz insanları timsalında cəmiyyətin faciəsini ustalıqla verib. Böyük yazıçı ayrı-ayrı insan faciələrinin bütün cəmiyyətin faciəsinə çevrilə biləcəyini uzaqgörənliklə qələmə almış, Rusiyanın 19-cu əsrin təqribən ortalarında düşdüyü fəlakətin ürəkdağlayan mənzərələrini yaratmışdı. Bu əsərdən sonra o, digər şedevrlər “Cinayət və cəza”, “Ölülər evindən məktublar”, “Karamazov qardaşları” kimi əsərlər yazdı. Onun başlanğıc üçün seçdiyi və bütün çılpaqlığı ilə göstərdiyi səfalət və rəzalətin miqyası sonrakı əsərləri boyu artan xətlə davam etdi, şəxslərin, ailələrin faciəsi bütün cəmiyyətin faciəsinə çevrildi.
Bunu hansısa müqayisə, yaxud paralellik məqsədi ilə yazmadım. Sadəcə, səfalət və rəzalətin bütün insanlığın faciəsi olduğunu, rus (Dostoyevski, qeyd olunan əsəri), ingilis (Ç.Dikkens, “Oliver Tvistin macəraları”), fransız (V.Hüqon, “Səfillər”) kimi bunları azərbaycanlıların da yaşaya biləcəklərini və təəssüf ki, torpaqlarımızın erməni işğalı altında olduğu illərdə bir çoxlarının yaşadığı üçün qeyd etdim. Bu mənada, Azadın romanlarındakı faciəvi mühitin çılpaqlığı ilə verilmiş dəhşətlərinin başlıca səbəbkarı müharibə, onun gətirdiyi saysız bəlalar, başqa sözlə, konkret və ümumiləşdirilmiş etnik erməni vəhşiliyidir. Ermənilərin bu anti-bəşəri cinayətlərinin hər biri bütöv bir xalqın yaddaşında silinməyən izlər buraxacaq qədər amansızlıqla, qəddarlıqla həyata keçirilib. Düzdür, bu faciələrdə acgözlüyün, paxıllığın, qorxaqlığın, şəhvətin, ləyaqət hissini itirməyin və digər çeşidli naqisliklərin də payı var. Ancaq müharibə və onun səbəbkarı olan ermənilər bu müstəsnaları kütləviləşdirib, birə min artırıb. Ən böyük şər kimi insanı insanlıqdan çıxarıblar. Xilas yolu nədir, yazıçı bu yolu şamanın dili ilə çatdırır: “Yuxarıda göy, aşağıda yazqı-yaban çöl sənin tayfanındır. Başın üstündəki ala buluda salam ver, bozqıra dirə dizini. Arayıb-axtar.”
Dünyanın ən əcayib, dəhşətli yeri olan “Morq”da insanlar yaşamaqdan çox öz “qəbir ev”lərində ölümlərini gözləyirlər. Ölümü dirigözlü gözləyənlərdən isə nə özlərinə, nə də başqasına zərərdən savayı bir şey gəlməz. Onlar bir qarın çörəyə görə istənilən rəzalətə hazırdırlar və ən qorxulusu isə, buna görə heç bir vicdan əzabı çəkməmələri, adi bir şey kimi qəbul etmələridir. Morqa gətirilmiş kimsəsiz uşaqların meyitlərini kimsəsizlər qəbristanlığında dəfn etməyi belə ertələyən Haqverdi belələrinin ümimiləşdirilmiş obrazlarından biridir: “Bir uşax meyidinə görə o boyda yolu maşın sürmək olmaz axı... Optavoya keçmişik”. İnsana belə aşağı yanaşma yalnız insanlıq simasını itirmişlərdə olar.
“Sənin morqundakı uşaqların hamısı qız olur?” Bu isə, başqa, ancaq daha böyük bir faciənin doğurduğu sualdır. İnsanlar o qədər qəddarlaşıblar ki, hələ doğulmamış qız uşaqlarını ana bətnində məhv edirlər. Qızların soyqırımı bizi hara aparır, necə oldu ki, islamın müqəddəs kitabının nazil olmasından 15 əsrə yaxın bir vaxt keçdi, şüurlarsa dəyişmədi, qız övladına, gələcəyin anasına, bacısına, həyat yoldaşına münasibət yenidən cahiliyyə dövründəki ilə eyni oldu. Müəllif haqlı olaraq bunu gələcəkdə daha böyük və amansız müharibələrə səbəb olacaq hərəkət, yolverilməz, dəhşətli cinayət sayır.
Azadın əsərlərinin bütün məziyyətləri barəsində bir məqalədə bəhs etmək, əslində, mümkünsüzdür. Ancaq onları birləşdirən ümumi cəhətlərdən bəzilərini qeyd etməmək olmur. Azad fərqli, həm də maraqlı xarakterlər yaratmaqda ustadır. Ağakişi, Polina Yusipovna, Muğan, Göhər, Paz Cahangir, Lələ, Tükəz, Məstan, Zərbəli, Nəriman müəllim və başqa obrazlar fərqli, həm də real həyatdan bizə yaxşı tanış olan insanlardır. Bu mənada onları birləşdirən ilk cəhət real olmalarıdır. Daxili aləmləri, dünyabaxışları, özünəməxsus qəribəlikləri ilə seçilən bu insanları birləşdirən ikinci cəhət xoşbəxt olmağı haqq etdikləri dünyada əksəriyyətinin xoşbəxt olmamalarıdır. Hərəsi də bir cür bədbəxtdir və Tolstoyun bədbəxt ailələr haqqında dedikləri fərd kimi bu insanlara da aiddir. Onları ən doğal haqlarından məhrum qoyan bir ümumi cəhət də var. Yurd, vətən, torpaq itkisi. Alışdıqları, pis-yaxşı güzəranlarını qurduqları, bir çoxlarının hətta özünü xoşbəxt hiss etdiyi keçmişi itirmələri. Həyat düzənlərinin pozulması onları ehtiyac, məhrumiyyətlər girdabına yuvarlayıb. Ancaq yaxşı ki, bu qədər dərdin, bəlanın içində, getdikcə öləzisə də o insanların qəlbində bir ümid işartısı da qalıb. Onları yaşadan da bu ümid, bütün acılarına baxmayaraq, keçmişləri barədə hələ diri olan xatirələridir. O xatirələrdə nəinki qohum-qonşu, dost-tanış, kəndin ən urvatsız, ən bivec adamları da pisliklərdən, günahlardan arınmış kimi gğrünürlər. Ata-analar, bacı-qardaşlar, nənə-babalar tamam başqa dünyanın adamlarıdır, az qala oğrusu ilə doğrusu arasında bərabərlik işarəsi qoyula bilər. Təkcə qatilindən, mərdimazarından, namus düşmənindən başqa. Qalanları bağışlamaq olar və kimsə umu-küsü ilə xatırlanmır da. İndi “Morq”da yaşayan, mədəsi vücudundan böyük olan bu cılız adamlar hara, o saf, xoşniyyət, kövrək adamlar hara. Oxuduqca özün də buna əmin olursan. Nəvəsinin ali məktəbdə oxuması üçün gecə-gündüz demədən işləyən, ağzı dualı o ağbirçək nənə ilə, “Morq”dakılara gün ağlamağa gəlmiş jurnalisti qapıdan içəri buraxmayan birçəyi ağarmış Gülsabah arvad hara. Ya “özü boyda nur topası olan Teymur kişi” hara, seyidəm deyib, camaatın bir tikə çörəyinə də göz dikib, dünya malına görə bədbəxtlərin yerini dar eləyən Miraslan hara. Bunların arasında yerlə-göy qədər fərq var. Ancaq bu fərqlilik, hər şeyə şübhə ilə yanaşmaq, talenin bədbəxt günə saldığı insanlarınmı günahıdır? Onlar o müqəddəs torpaqlardan, nağıllardakı firavanlıqdan məhrum edilməsəydilər, bəlkə eyni cür həlim, mehriban olardılar. Bunlar dəyişmiş həyat şərtlərinin, yaşamaq uğrunda amansız mübarizənin acı nəticələri, mühitin doğurduğu bəlalar deyilmi?
Azad Qaradərəli hadisələri, hətta bütöv bir dövrü hansısa tipik, ümumiləşdirilmiş cizgi ilə çatdırmaq ustasıdır. Süleyman müəllim rayon partiya komitəsində çalışdığı vaxt iş otağının döşəməsinin altından gələn çürümüş siçan-siçovul qoxusunu xatırlayır. Əsərdə bu qoxu, əslində, sovet sisteminin çürüməsi kimi səciyyələndirilir. Raykom işçilərinin onu bütün rayona yaymaları isə çürümə prosesinin geridönməz xarakter almasıdır. Adi, ancaq xarakterik və o qədər də inandırıcı bir detal. Uzun-uzadı təsvirlərə, siyasi şərh və təhlillərə ehtiyac qalmır.
Bir də paralellər. Onlar da təsadüfi, əsəri maraqlı etmək naminə seçilməyib. 6 nömrəli uşaq xəstəxanasının Morq şöbəsində və “6 nömrəli palata”da “yaşayanlar”. Yalnız adın xatırlanması ilə, əslində, oxucunun ixtiyarına buraxılmış bu müqayisənin hansı mənanı kəsb etməsini başa düşmək üçün ən azı Süleyman müəllimin o gecə başına gələnlərlə tanış olmalısan. Bəli, zaman, məkan dəyişib, bəs fərqli mühitlərdən qaynaqlanan vəziyyət necə dəyişibmi? Yaxşılığa doğru xeyir, əksinə daha faciəvi və acınacaqlı xarakter alıb. Çexovun qəhrəmanlarının vəziyyəti heç olmasa müəyyən qədər aydın idi, onlar özlərini real olmayan fərqli statusda görsələr də, cəmiyyətin münasibətinə baxmayaraq, dəli olmadıqlarını bilirdilər. “Morq”dakıların isə özlərini fərqli təqdim etməyə, haqsız münasibətlərə müqavimət göstərməyə nə həvəsləri, nə də imkanları yoxdur. Buna görə də vəziyyətin tezliklə düzələcəyinə ümid azdır. Çünki insanlarda dünyanın sonunu gətirəcək rəzillik, biganəlik, acgözlük hələ qalır. “Bayaqdan bərk-bərk yapışdığım göyərmək üzrə olan quru ağacın yarpaqları bircə anda saraldı, özü də qurudu”. Ancaq yəqin ki, Süleyman müəllimin ölümdən dönməsi və “Morq”dakıların harasa köçürüləcəyi xəbəri bu ümidi öləziməyə qoymayacaq. Bizə də buna ümid etmək qalır.