Edebiyyat.az » Ədəbi tənqid » KƏNAN HACI - ƏLİSƏMİD KÜRÜN “YOL”DAN BAŞLANAN YOLU

KƏNAN HACI - ƏLİSƏMİD KÜRÜN “YOL”DAN BAŞLANAN YOLU

KƏNAN HACI - ƏLİSƏMİD KÜRÜN  “YOL”DAN BAŞLANAN YOLU
Ədəbi tənqid
admin
Müəllif:
12:21, 09 fevral 2024
646
0
KƏNAN HACI - ƏLİSƏMİD KÜRÜN “YOL”DAN BAŞLANAN YOLU




 Əlisəmid Kür poeziyasında sözün keçmişi və gələcəyi var. Keçmiş dilin qan yaddaşıdır, Əlisəmid Füzulidən Əli Kərimə qədər keçilmiş yolun başında durmuş Söz Cəngavəridir. 70 yaşın zirvəsində qaya kimi dayanıb. 2006-cı ildə yazdığım və ədəbi mühitdə böyük rezonans doğurmuş “Əlisəmidin bir üzü” yazımın elektron variantı olmadığı üçün (yazı arxivimdədir) 2011-ci ildə yazdığım bu yazını təqdim etməklə böyük şairimizi təbrik edirəm!  


 Əlisəmid Kürlə yenə bir payız axşamı görüşdük. Dedilər ki, şair son vaxtlar “Nizami” kinoteatrının yaxınlığındakı çayxanada tez-tez görünür. Ora baş çəkdim, gözümə dəymədi, telefonuna zəng etdim. “Sən də mənə zəng edərmişsən!” dedi. Hiss etdim ki, son vaxtlar onu aramadığımdan məndən incikdi.  Dedi “Vətən” kinoteatrının qabağına gəl. 

Çoxdandı ki, Torqovını Əlisəmidin havasıyla gəzmirdim. Yadıma subay-salıq vaxtlarım düşdü, o dövrdə Əlisəmidlə bu məşhur küçəni o qədər o baş-bu baş var-gəl etmişdik ki! Havanın sazağı canımızı üşüdürdü, tərs kimi dişə dəyəsi bir kimsə də yox... Onda Əlisəmid haqda belə bir şeir yazmışdım:

                    ...bir axşam

                   dəyməmiş alçatək

                   turş bir ümidi

                   yavanlıq elədik,

                   bir parça sevinci

                   qara çörək kimi 

                   böldük yarıya...

Uzaqdan adamların tünlüyü içindən Əlisəmidi seçdim. Həmzəli İlyas sağ,  fotoqraf Şahin isə sol tərəfdən şairi  “qoruyurdular”.

Əlisəmiddən müsahibə almaq zor işdir. Onunla yarım saatlıq söhbət yüz müsahibəyə dəyər. Müsahibə sözünü dilimə gətirmədim. Hal-əhvaldan sonra Şahin şəkillərimizi çəkdi. Və Sahil bağına tərəf addımlamağa başladıq. Söhbət  hərlənib-fırlanıb yenə  “Yol” qəzetinin üstünə gəldi.


 “Yol” Əlisəmidin həyatında əlamətdar mərhələdir. Bu qəzet çox qarışıq bir zamanda yarandı, hamının siyasətə qurşandığı, siyasətlə nəfəs aldığı, mütaliə limitini siyasi qəzetləri oxumaqla doldurduğu bir zamanda diqqəti yenidən ədəbiyyata yönəltmək asan bir iş deyildi.

-Əlisəmid, “Yol”a çıxanda özünlə kimləri götürmüşdün?

-Hamı cavan uşaqlar idi. Bilirsən, “Yol”da bütöv bir nəsil yetişib, indi o cavanların demək olar ki, hamısı ədəbiyyatda imzasını təsdiq etmiş yazarlardır. Biz gənclərə sözün əsl mənasında meydan verdik, azı hər bir yazarın potensial imkanlarının açılması üçün ona şərait yaradılmalıdır. Bu yolun başlanğıcında bizdən əvvəl gedənlər olub və biz bu yolu sadəcə, davam etdirdik və estafeti gənclərə ötürdük.

-Sən “Yol”a hansı vaxtda gəldin?

-1991-ci ilin mayında. Siyasət hamını yemişdi, ədəbiyyat deyilən məfhum bu ölkədə elə bil donmuş vəziyyətdə idi. Mən qəzetdə şöbə müdiri kimi işə başladım, 1993-cü ilin yanvarından isə artıq baş redaktor idim. 

-Bir az o dövrdən danış. Yazıları hansı prinsip əsasında seçirdin?

-Bilirsən, o dövrdə sanki hamımız güllə altına düşmüş maşının içindəydik. Çox ağrılı yazılar verirdik. Yadımdadır, belə bir rubrikamız var idi- “Müharibə və yazıçı”. “Qəzet içində qəzet” rubrukası vardı, bu rubrikanı tamamilə cavanlara etibar eləmişdim. Sonra “Üzü qibləyə”, “Cənnət qapıları” rubrikaları yaratmışdıq, o zaman belə mövzulara çox böyük ehtiyac vardı. İnsanların mənəvi təsəlliyə ehtiyacları vardı, bu mövzular yenidən özümüzə gəlmək üçün çox vacib idi. Torpaqlarımızı itirmişdik, o boyda dərdin içində marağı ədəbiyyata yönəltmək elə bilirsən, asan idi?! 

-O dövrün gənclərindən kimləri xatırlayırsan ki, onları ilk dəfə sən çap eləmisən?

-Salamın, Qulu Ağsəsin, Xanəmirin şeirlərini ilk dəfə biz çap eləmişik. “Baca” ədəbi qrupuna, “2+” ədəbi cərəyanına hər dəfə geniş yer verirdim ki, qoy özlərini tam şəkildə ifadə eləyə bilsinlər. “Altun-Ay” mükafatını təsis elədik və bu mükafatı rəhmətlik Qədir İsmayıl, Tofiq Abdin və Murad Köhnəqala aldı.  Gənclər üçün də “Altay-Alp” adlı mükafat təsis etmişdik, bu mükafatı da Salama və Qulu Ağsəsə verdik. Daha sonra rəssam Məzahir Avşar, Aydın Talıbzadə, İqrar Cəfəroğlu da bu mükafata layiq görüldülər. Bu mükafatların verilməsi ədəbi aləmdə çox böyük rezonans doğurdu. O vaxt indiki kimi ədəbi saytlar yox idi, internet imkanları yox idi, bircə dənə müstəqil ədəbiyyat qəzeti yox idi. AYB-nin jurnalları böyük fasilələrlə nəşr olunurdu. Biz buzu əridə bildik.

-Mənim yadımdadır, dünya ədəbiyyatından tərcümələr də verirdiniz. Akutaqavanın novellalarını, Soljenitsının geniş bir yazısını mən ilk dəfə “Yol”da oxumuşdum.

-Ay sağ ol. Yaxşı yadıma saldın, onda Akutaqavanı, Brodskini demək olar ki, heç kim tanımırdı. Onların bircə əsəri də bizim dilə tərcümə olunmamışdı. Sonradan Afaq Məsud Markesin  “Patriarxın payızı”nı çevirdi. Ondan da əvvəl biz A. Kamyu, Heminquey, Oskar Uayld, M. Svetayeva, Anna Axmatova, Tomas Vulf, Borxes, Brodski, Selincer və digər dünya miqyaslı yazıçı və şairlərin əsərlərini öz dilimizdə çap edirdik. Bir dəfə Ramiz Rövşən redaksiyaya gəlmişdi, heyrət içində mənə dedi ki, Əlisəmid, sən bu materialları haradan axtarıb tapırsan? Qeyri-təvazökar səslənsə də deyim ki, bu imzaların hamısını Azərbaycan oxucusuna ilk dəfə biz tanıtmışıq. Biz və “Xəzər” jurnalı. Bu, faktdır.

-Əlisəmid, o vaxt qəzet buraxmağın texniki cəhətdən də çətinlikləri vardı. Çətinliyiniz çox olurdu?

-İndi qəzet buraxmağa nə var ki? Biz senzura dövründə qəzet çıxarırdıq. Başımızın üstündə “qlavlit” deyilən demokl qılıncı var idi. Texniki baxımdan da əziyyət çox çəkirdik. Yazılar makinada yazılırdı və mətbəəyə göndərilirdi, orda da metranpaj yazıları yığırdı, sonra ciddi şəkildə yenidən oxunurdu ki, korrektura səhvləri olmasın. İndiki nəsil dozakl nə olduğunu bilməz. Çox çətin idi, çox. 

-Sən o zaman üçün hadisə sayılacaq bir qəzetin baş redaktoru olmusan. İndi də “Yol” qəzeti xatırlanır. Necə düşünürsən, qəzet dövrü keçib, ya yox? Ümumiyyətlə, qəzeti necə görürsən?

-İnanmıram ki, qəzet nə vaxtsa sıradan çıxsın. Qəzet həmişə olacaq. Mən qəzeti canlı orqanizm kimi görürəm, qəzetin də iti gözü, iybilmə qabiliyyəti, eşitmə həssaslığı olmalıdır. Qəzet var ki, görür, eşidir, amma danışmağı bacarmır. Bax, indiki qəzetlərin əksəriyyəti belə bir vəziyyətdədir. Elə qəzetlər  var ki, onlar ancaq iyə cumurlar, bunlar boz qəzetlərdir. 


Ancaq ən əsası, qəzetin ürəyi olmalıdır. Mən qəzeti belə görürəm.

-Son vaxtlar təzə şeirlərinə rast gəlməmişəm? Nəsə yazırsan?

-Hə, işləyirəm. Xeyli təzə şeirlər var. Rəhmətlik Eyvazın (E. Əlləzoğlunu nəzərdə tutur.-K.H) xatirəsinə bir şeir yazmışam. “Qəbriniz qoşa qarısın”. İstəyirsən, sənə oxuyum?

-Oxu, Əlisəmid.

Əlisəmid həmişə olduğu kimi, öz şeirini əzbər deyir:

          Bir vaxtlar özü yazmışdı:

          “qışın bu soyuğunda heç adammı ölər”

           Beyninə qan sızdı, 

            Ölüm onu haqladı qışın soyuğunda.

            ...Ölüm qansızdı.


              Son nəfəsinə çatmadıq.

              Nə deyəcəkdi?

              Nədən danışacaqdıq?

              Üzüağ idi dost yanında,

              Üzü açıq uzanmışdı üzü qibləyə.

              Son dəfə mən onun üzünü gördüm.

               Gözləri qapalı,

               Üzündə bir uşaq təbəssümü,

               Dodağında bir dua yeri.

               Ağlamağımız, anlamağımız üçün

               bu adam nə deməli idi daha?

               Ömür onu yormuşdu,

               O, yazmaqdan doymurdu.

               Mən onu yaxşı tanıyırdım, 

               O, ölümü ilə də 

               Qara yazı başlamışdı,

               Qarayazılı qardaşım.


                 Onsuz da ənbər qoxusunu

                 Alan alıb, allanıb.

                  Olub, olub, qadın olub

                  Yıxılan evin dirəyindən

                  Göz yaşı ilə sallanıb.


                   Ağlatdıqca ağladan,

                   Sızlatdıqca sızladan,

                   Yazılmayan dərddi dərd!

                   Yazı yazan belə yazıb,

                    Qara yazıb,

                    qarayazılı qardaşım...


                     Hövsan soğanı çox acıdır,

                     Hövsan qəbristanlığı yayla.

                     Ruhunuz göz-gözə, əl-ələ,

                     Qəbriniz qoşa qarısın.

                     Qoşa qəbirə layla...  

 

     

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)