Rasim Əlizadə - Beş
İsti yaz günlərindən biri idi. İş yerimdən evə qayıtmaq üçün yola çıxıb dayanmışdım. Taksi gözləyirdim. İş yerimlə yaşadığım yer ayrı-ayrı rayonlardır. Bir saatlıq məsafə var aralarında. Çox vaxt da yoldan keçən təsadüfi maşınları saxlayıb yoluma davam edirəm - bəzən taksi, bəzən də taksi olmayan.
İsti getdikcə artırdı. Əlimlə alnımdakı təri silir, "Harada qaldı bu maşın?" deyib öz-özümə deyinirdim. Kimə də əl işarəsi edirəmsə, saxlamadan sürür, bir az da qıcıqlanmama səbəb olurdu. Yarını həsrətlə gözləyən aşiqlər kimi mən də maşın gözləyirdim. Gözlərim yol çəkirdi. Səbrimin daha da tarıma çəkildiyi anda gördüm ki, uzaqdan köhnə Vaz 2106 markalı maşın gəlir. Nəsə ürəyimə damdı
ki, saxlayacaq. İnandım ki, saxlayacaq. Saxladı da. Belə anlarda inanmaq çox böyük faktordur. Ümumiyyətlə, yolda qalanda inamlı olun, ümid edib gözəl şeylər düşünün ki, maşın saxlasınlar. Mən həmişə belə edirəm - Allaha təvəkkül edib gözləyirəm, bir də görürəm gözlənilmədən kimsə saxlayır ki, min, gedək. Sonra da deyirlər ki, Allah niyə müdaxilə etmir hadisələrə? Alın sizə müdaxilə.
Mindim, gedirik. Məlum oldu ki, sürücü Cəlilabad rayonunda yaşayır. Yol boyu Masallı ətrafından insanları götürüb Lənkərana gətirir və beləcə çörəkpulu qazanır. Bəndəniz də Masallıda işləyir, Lənkəranda yaşayır. Tam mənim gedəcəyim istiqamətə uyğun maşın.
Sürücü:
- Həə, cavan oğlan haradan gəlirsən belə? - deyərək söhbətə başladı.
Mən də:
-Məktəbdən gəlirəm, - deyib qısa olaraq cavabladım.
- İşləyirsən orada?
- Bəli, müəllim işləyirəm.
- Hansı fənn?
- İngilis dili.
Sürücü heyranlıqla:
- Ooo, ingilis dili gözəl sahədir, tələbat da çoxdur. Hazırlıq keçirsən? - deyə növbəti sualını verdi.
- Hələ ki yox, təcrübəm azdır.
- Tənbəlsən, tənbəl, - deyib yersiz səmimilik edən sürücü yenə suallarına davam etdi:
- Neçə ildir işləyirsən?
- 2 il.
- 2 il azdır ki? Sənin tayların kurs açıb kurs işlədir e, sən hələ yatmısan, - növbəti yersiz səmimiyyətini etdi.
Mən də təmkinlə sürücünü dinləyib suallarına cavab verməyə çalışıram. İçdən-içə də hiss edirəm ki, təmkin və sakit
tərzimdən dolayı özündə daha da cəsarət tapır. Ürəyimdə: "Neynəmək olar, bu səfər də qarşıma bu çıxıb", - deyib səbirli olmağa çalışıram.
Hava da isti, maşında kondisoner yox, yan şüşələri də axıra kimi açıb. Çöldən isti hava naşına daxil olur. Arxada da bir azyaşlı uşaq, bir də onu şəhərə aparan yeniyetmə oğlan. Aralarında olan söhbətdən başa düşdüm ki, uşaq əqli qüsurludur. Ara-sıra da əcaib səslər çıxarır, durmadan yanındakı oğlana qəribə suallar verirdi. Oğlan da bu vəziyyətdən sıxılmış şəkildə tez-tez sürücüdən çatacaqları yerə nə qədər qaldığını soruşurdu. Sürücü də: "Hələ var", - deyə cavab verirdi.
Bir xeyli sakitlikdən sonra anidən dedim ki, qardaş, havalar da yaman istiləşib, hələ yazdır, gör yayda necə olacaq? Sürücü sanki din alimi ədası ilə əhvalını pozmadan cavab verdi:
- Yer Onun, göy Onun, özü bilən məsləhətdir.
- Bəs kondisionersiz çətin olmur bu istidə maşın sürmək? - istidən boğulmuş biri kimi soruşdum.
Sürücü bu dəfə də tibbi biliklərinə istinad edib arxayınlıqla dedi:
- Yox, ay qardaşoğlu, çətin olmur. Həm də ki mən kondisioner xoşlamıram, ziyanlı şeydir. Biri var, təbii sərin hava, biri də var, saxta.
Bir az ara verib sözünə davam etdi:
- Mən heç evimdə də kondisioner işlətmirəm. İstidən çıxıb kondisionerli otağa girəndə xəstəlik yaradır. Ventelyator ondan abırlıdır. Həm də ki, bu maşını buraxan zavod istəsəydi, buna kondisioner qoyardı da. Qoymayıbsa, bir bildiyi var.
Hamımızın susduğunu görüb daha da ürəklənən sürücü öz monoloqunu davam etdirməyə başladı:
- O xarici maşınlar var e, mən bir-iki dəfə minmişəm isti olanda, kondisioner işləyə-işləyə yol getmişəm. İnan bu Əli yoluna ki, baş-beynim hamısı quruyub yol boyu. "Nə vaxt düşərəm, görəsən, bu maşından?" - deyə tələsmişəm həmişə. Ona görə kondisioner-mondisioner boş-boş şeylərdir, heyf deyil təmiz hava?
Sualına cavab almadan davam etdi:
- Bax gəl sənə bir şey deyim, istəsən prob edərsən, istəməsən də eybi yoxdur. Deməli, bir plastik butulkaya sərin su tökürsən və butulkanın ətrafını tənziflə bağlayırsan, qoyursan günün altına. Sən bax gör o sərin su istiləşəcək ya yox? Əgər istiləşsə, gəl tüpür üzümə. Yoxla! Mən dediyimi görəcəksən. Əgər elə olmasa, gəl tüpür üzümə.
Açığı bu məlumatı mənimlə bölüşməsinin səbəb və məqsədini tam olaraq başa düşmədim. Nə isə. Mən də bayaqdan
səbirlə dinləyəndən sonra: "Çalışaram, yoxlayım", - dedim, amma bilirdim ki, yoxlamayacağam. Biri ki, sizə hər hansı iş üçün "çalışaram" dedi, bəri başdan əlinizi o işdən üzün.
Yol getdikcə kondisionerdən, xarici maşınlardan bəhs edən sürücü dayanmadan deyinirdi. Yanımızdan ötüb gedən Mercedes (Çeşka) markalı maşını göstərib dedi:
- Bax onun arxa tərəfi, təkərləri çox sürüşkən olur. Yağışlı havalarda əyləci basdın, elə bil ki, maşının başın buraxdın.
Bizdə də əvvəllər Çeşka olmuşdu, tanış vəziyyət olduğundan onun sözü ilə razılaşdım:
- Hə, Çeşkalarda belə olur.
Sürücü birdən ciddi şəkildə:
- Elə mən də bayaqdan ondan danışıram da, - deyib qabaqda gedən Çeşkanı göstərdi. Başımla razılıq əlaməti edib
susdum.
Getdikcə hava daha da istiləşirdi. Artıq ürəyimin sıxıldığın hiss edir, yolun bir an öncə bitməsini istəyirdim. Yavaş-yavaş da Lənkərana yaxınlaşırdıq. Və bu maraqlı adam artıq bu dəfə sosioloqluq etməyə başladı:
- Dövran dəyişib, insanlar pis olub, heç kimə güvən yox. Abır həya, əxlaq, tərbiyə qalmayıb artıq.
- Bəlkə də, ola bilər, - deyib yola verdim.
Yoldan keçərkən yol qırağı ilə yeriyən şortik geyinən yeniyetmə qızları göstərib başını buladı:
- Görürsən də bunları? Qız nədir, bu geyim nədir? Bunların valideyni görəsən hara baxır? Bu boydana qız böyüdüblər, amma bir cıqqan tərbiyə verməyiblər.
Mən başa düşdüm ki, bu da tərbiyəni, əxlaqı geyimlə əlaqələndirən birisidir və istədim bu düşüncələrinin əleyhinə olan
fikirlərimi ifadə edim, amma istidən və söhbətdən o qədər yorulmuşdum ki, bircə cümlə ilə yola verdim:
- Hamısı sosial şəbəkələrə görədir. Halbuki özüm də bilirdim, onunla heç bir əlaqəsi yox idi. Sadəcə belə bir şablon yarandığı üçün mən də elə cavab verdim. Kimi dindirirsən deyir ki, Allah telefon, internet çıxardanın evin yıxsın, bəlasın versin. Əslində, mən bu şikayəti mədəni ifadə etdim, çox vaxt çox pis təhqir edirlər. Amma bu absurd arqumentdir, sanki insanlar həmişə əxlaqlı, tərbiyəli olublar, gəl ki, sosial şəbəkələr çıxandan sonra pozulublar. Əsla. Əksinə, insanlar öz-özlərini sosial şəbəkələr vasitəsi ilə ifşa etdilər,mədəni formada desək.
Sürücü bu cavabı gözləyirmiş kimi o dəqiqə fikrimi təsdiqlədi:
- Düzdür, qardaşoğlu, sosial şəbəkələr çox pis təsir etdi, - sonra əlavə etdi:
- Təkcə sosial şəbəkələr yox, elə televizordakı verilişlər, seriallar olsun. Mənə lazımdır, kim kimdən boşanıb, kim kimə xəyanət edib? Seriallarımızı da türk seriallarındakı ssenarilərdən götürürlər. Hansına baxırsan, mövzu ancaq xəyanət. Daha bu qədər olmaz da. Evimizin içinə girirlər, uşaqlarımızın psixologiyasını pozurlar. Hələ müğənnilərimizi demirəm, açıq geyimdə verilişlərə çıxırlar. Üstəlik, xalq artistidirlər. Aygün, Röya - bunlara xalq artisti titulunu veriblər, amma xalq artisti elə geyinməz. Sovetin vaxtında senzura var idi, müğənninin geyimindən tutmuş, özünü aparmağına kimi, hətta əl hərəkətlərinə də nəzarət edirdilər.
Əl hərəkəti hissəsi mənə çatmadı, məncə Sovet də, senzura da bir az ağ ediblər.
Artıq evə yaxınlaşırdıq. Sürücü şəhəriçi yolu yaxşı tanımadığından kömək etməyə çalışsam da, görürdüm ki, özünü yolu
bilirmiş kimi aparır.
Nəhayət, evə çatdıq.
- Borcum nə qədərdir? - deyə soruşdum. Yol boyu cəh-cəh vuran bu qardaş duruxdu, diqqətlə bir az baxdıqdan sonra ciddi mimika alıb, əl barmaqlarıyla "Beş” göstərdi.
Mən də dilimin altında özüm eşidəcək şəkildə:
- Bir az çox oldu elə bil, - dedim. Çünki Masallıdan Lənkərana çox vaxt 5 manatdan daha az məbləğdə gətirirlər. Açığı, yol boyu mənəviyyatdan, əxlaqdan bəhs edən bu qardaşın belə məbləğ tələb etməsi mənim üçün gözlənilməz oldu, həm də bunu susaraq ifadə etməsi. Heç nə demədən pulu verib maşından endim. Həyətə daxil olan kimi, siqaret yandırıb divanda oturdum. Olanları düşünməyə başladım - yol boyu olan söhbətləri, axırda baş verən pul məsələsini. Görəsən, mən
xəsisəmmi yoxsa kasıbammı 5 manat pula görə bu qədər təsirlənirəm? Yox, əslində, bu nə xəsislik, nə də kasıblıq məsələsdir, sadəcə sanki ondan gözləmirdim bu hərəkəti. Ancaq müsbət şeylərdən - əxlaqdan, tərbiyədən danışıb sonda bu cür düşüncəsiz hərəkəti gözləmirdim əslində. Və anladım ki, bir şey qaydasında gedirsə, o demək deyil ki, axıra kimi qaydasında gedəcək. Yaxşı zənn etdiyin birisi də pis hərəkət edə bilər. Siqaretdən tüstü vurduqca düşüncələrə, xəyallara daldıım. Bu hadisədən qaynaqlanan xəyallar, ağlımda ssenarilər qurmağa başladım. Xəyalımda görürəm ki, çox mənzərəli meşəlik, dağlıq bir ərazidəyəm. Çox yaxın dostum Rasimlə söhbət söhbət edə-edə gəzirik, əlimizdə içki, siqaret. Mənəvi aurası çox zövq verən söhbət edə-edə, yaxınlaşırıq sıldırım qayaya. Gözəl söhbətin axırında dostuma: "Səncə, mən əslində
necə biriyəm?" - deyə sual verirəm. İçkilər də artıq bitib, siqaretlə davam edirik. Siqaretin son tüstüsünü içinə çəkən dostum barmağıyla siqaretin kötüyünü qayanın dərinliklərinə tullayır.
"Sualına cavab verəsi olsam və səmimi olsam, əslində, sənə nifrət edirəm, heç yaxşı biri deyilsən. İllərdir, bu anı gözləyirdim ki, kinimi sənə qusum", - deyə ikrahla cavab verir.
Bunları eşidib heyrətə gəlirəm: "Axı bu ola bilməz! Niyə illərdir bunu məndən gizlətmisən?- deyirəm.
"Çünki sənə saxta münasibət bəsləmişəm, həmişə səni yola vermişəm", - deyib üstümə gəlir. Artıq arxam qayanın dərinliklərinə tərəf idi, ayaqlarım isə tam ucunda dayanmışdı. "Sən elə ölümə layiqsən!" - deyib sinəmdən çox möhkəm zərbə vurur, qayadan atır məni. Ağzımdan yerə düşən siqareti götürüb ağzına qoyan
dostum qəhqəhə çəkir.
Qayaqlıdan aşağı düşərkən ürəyimin partlayacağını hiss edib beş dəfə "Allah" qışqıraraq yuxudan oyandım. Tam yerimin ortasında dayanıb oturdum. Qaranlıq idi. Çöldən azan səsi eşidilirdi. Dərindən nəfəs alıb verməyə başladım. Çarpayımın yanındakı balaca masada olan su dolu stəkanı götürüb iki-üç qurtum vurdum. Uzanıb gözlərimi tavana dikdim. Sən demə, hamısı yuxu imiş - məktəbdən yola çıxmaq, maşının gəlməyi, sürücü ilə söhbət, beş manat, dostumla olan mübahisə. Özümdə rahatlıq hiss edib "şükür Allaha" dedim.
Haradasa 1 saat keçmiş, hava artıq açılmışdı. Telefonuma zəng gəldi. Diksindim. Masadan telefonu götürərəndə əlim stəkana dəydi, stəkan düşüb sındı. Laqeyd şəkildə telefonun ekranına baxdım. Zəng edənin dostum Rasim olduğunu görəndə içimə qəribə bir hiss doldu. Zəngi
açıb:
- Alo, - dedim.
Rasim səsimi eşidib giley-güzara başladı:
- Alo, sabahın xeyir. Ə, vəfasız, haralardasan? Niyə görünmürsən? Deyəsən, bizi unutmusan.
- Elə buralardayam. Sən neynirsən, - deyib qısa kəsdim.
- Mən də gəlmişəm, buradayam. Deyirəm, bəlkə gedək iki qardaş bu gün istirahətə, qalxaq e bu dağlara, meşələrə. Həm də səninlə işim var, çox önəmli sözlərim olacaq sənə. Həyəcanlandım, səsim kəsildi, sanki boğazımda düyüm yarandı, səsim qısıla-qısıla cavab verdim:
- Yaxşı, baxarıq...
Özümü itirmiş halda ayağa qalxdım. "Bu kabus nə vaxt bitəcək?" - düşündüm. Birdən gözüm sınıq stəkan hissələrinə sataşdı. Yavaş-yavaş əlimə yığıb mətbəxə doğru addımladım. Zibil qabına atdıqdan
sonra əl-üzümü yumağa başladım. Bir dəfə üzümü yuduqdan sonra gördüm ki, əlüzyuyana qan damcıları düşüb. Barmağım kəsilmişdi. Suyu bir az da bərk açdım ki, qan yuyulub getsin. Əl-üzümü yuyub barmağımı əlimin içinə sıxdım. Əllərimi əlüzyuyana dayayıb gözümü yumdum, başımı aşağı endirdim. Beynimdə keçmişdən bir mənzərə canlandı - uşaq vaxtı çox sevdiyim qohumlarımız bizim evdən öz evlərinə qayıdarkən onların arxalarıyca ağlamağım. Maşın uzaqlaşdıqca mən daha da bərk ağlayırdım. Xəyaldan ayılıb gözümü açdım. Barmağımın qanı dayanmışdı. Özümə gəlməyə çalışdım. Dilimin altında özüm eşidəcək tərzdə bunları dedim: “Bu gün yox, bu gün yox, bu gün yox...”