Edebiyyat.az » Poeziya » Ələkbər Salahzadə - Şeirlər

Ələkbər Salahzadə - Şeirlər

Ələkbər Salahzadə - Şeirlər
Poeziya
admin
Müəllif:
22:38, 02 dekabr 2020
2 009
0
Ələkbər Salahzadə - Şeirlər





MƏNSİZ GECƏ
Ulduzları mürgü döyən
sakit, heysiz bir gecədi.
Ay hardasa itib-batib,
yoxsa göysüz bir gecədi.
Öz-özünə axır keçir,
qədim, nəfis bir gecədi.
Bir az xəfə, bir az qəfəs
təngnəfəs bir gecədi.
Nə yaxşı ki, sonsuz deyil,
uzun, ensiz bir gecədi.
Bir az həzin, bir az qərib,
sanki mənsiz bir gecədi...
2000

BİR DƏ GÖRDÜN
Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.
Bir də gördün oğuldu adın,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.
Bir də gördün oddu adam,
bir də gördün ot oldu
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu

GƏLƏCƏK
Nə bilirsən, dar günündə
o gələcək, bu gələcək?
Ağladıqca gözlərindən
göz yaşı yox, su gələcək.
Yalayacaq su üzünü.
o üzünü, bu üzünü.
Ağla, ağla yu üzünü,
ömrün boyu yu, gələcək
Bircə-bircə sal yadına
bir günahın düş oduna
Alışdıqca fəryadına
"qa" deməmiş qu gələcək.
Dolan çölü-biyabanı
axtar onu, ara bunu.
Gözlə, sınıq arabanı
aparmağa "TU" gələcək

AĞLAYIR
Yenə də mi bu dünyaya
uşaq gələndə ağlayır?
Hardan hara gəldiyini
bir gün biləndə ağlayır.
Tanıdıqca sol-sağını
qaralır da tez-tez qanı
Görür - bir dostu soğanı
yarı böləndə ağlayır.
Güləyən hər yandan gülür,
ağlayan var sonda gülür.
Kimi ağlayanda gülür,
kimi güləndə ağlayır...
2005

TƏMAS
Ona ağrıyırsan,
buna yanırsan,
yanıb yanaşırsan, yaralanırsan.
Nəyi dindirirsən,
simə toxunursan yaralanırsan;
niyə dindirirsən,
kimə toxunursan - yaralanırsan?
Bir kəlmə kəsməmiş peşman olursan,
pisə pis deməmiş düşmən olursan,
bomboz qəzəbindən qaralanırsan,
ən azı yüz ağac aralanırsan.
Toxa toxunmamış acı anırsan,
aca acıyarkən yaralanırsan.
Amandı, dəymə "tok"a
qorxusu yox - toxun yoxa!
2005

DÜZƏLMƏDİ

Gözlədim –
Bu dünya düzələ bəlkə,
Otuzumda düzəlmədi.
Otuz yazı otuz qışa
Uduzdum da düzəlmədi…
Döz, dedim,
Bu dünya bəlkə düzələ;
Yolum boyu düz getməyə
Bir yerində düzəlmədi.
Qırxımda düzəlmədi,
Qırx birimdə düzəlmədi.
Yüz dedim,
Bircə gün düzələ bəlkə,
Düz ilə, doğruyla düz gələ bəlkə;
əyildi ki, əyildi,
əllimdə də düzəlmədi.
Bildim, bala, düzəlmədi,
Qaldım, baba, düzəlmədi,
Öldüm, dədə, düzəlmədi!..


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)