Edebiyyat.az » Poeziya » Aqşin Yenisey - İsanı kölələr şillələdilər.

Aqşin Yenisey - İsanı kölələr şillələdilər.

Aqşin Yenisey - İsanı kölələr şillələdilər.
Poeziya
admin
Müəllif:
18:13, 03 dekabr 2020
2 703
0
Aqşin Yenisey - İsanı kölələr şillələdilər.


Qaranlıq qəfildən qəhqəhə çəkdi
Qəfildən yağış da kəsdi, yağmadı
Binanın damından bir adam düşdü
Göyə yollanırdı, yerə yapışdı
Mən evdə tək idim, əzab çəkirdim
Qəfildən həyətdə bir səs-küy qopdu
Bir arvad çığırdı üzüyuxarı:
– «İsanı kölələr şillələdilər!»
Qazanın dibində yatmışdı yemək
Onu da, məni də oyatdı isti
Pisdir, axşamüstü yaşamaq pisdi!
Götürüb zəng vurdum, İlham Tumasa
Bir az söyüş söydüm, bir az ağladım
– təzə nə xəbər var – soruşdu məndən
– İsanı kölələr şillələdilər!
Süfrənin üstündə hər şey yarımçıq
Çağırdım, səslədim qarışqaları
Evdə heç kim yoxdur, bu necə evdi?
Özüm yarım saat qarışqa oldum
Vurnuxdum boş evdə, gəzdim boş evdə
Yarım saat çəkdi qarışqalığım
İsanı kölələr şillələdilər…
Kafir təfəkkürlü bir qızı sevdim
Sevgimi fikrimdə doqquza vurdum
Alınan hasili ikiyə böldüm
Axırda bir uşaq qalıq alındı
Can atdım, can atdım adam olmağa
Məndən quş alındı, balıq alındı
Ağac şəkli çəkdim bekarçılığa
Geyindi dərisin şair Nəsimi
Dedi, üşüyürəm, ev nə soyuqdu
İsanı kölələr şillələdilər.
Təkliyin dibinə göz yaşı tökdüm
Bir az tez yetişsin ölüm meyvəsi
Mənim dostum divar, düşmənim divar
Bağışla, sənə də bir yumruq vurdum
Bağışla, yediyim ördək qanadı
Bağışla, bağışla udduğum hava
Udub ciyərimdə incitdim səni
Bağışla, bağışla sol ayaqqabım
Sənə mıx vurdurub, yumdum ağzını
Bağışla şeytanı, bağışla tanrı!
Bağışla tanrını, bağışla şeytan!
İsanı kölələr şillələdilər!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)