Edebiyyat.az » Poeziya » İftixar Ceyhundan iki şeir

İftixar Ceyhundan iki şeir

İftixar Ceyhundan iki şeir
Poeziya
admin
Müəllif:
10:42, 17 oktyabr 2021
1 313
0
İftixar Ceyhundan iki şeir



Göz ,gəz, arpacıq 
 
Hipnos, oğlunu öldürərdimi, morfinin nə olduğunu bilsəydi?
Bəlkə də öldürməzdi,
axı yuxu ölümün ögey qardaşıdı.
Utancından, kiçik qızın xəlvətdə yediyi,
bir, quru çörəyidi, bir də küçədəki ac pişiklərin qarğışıdı.


 
Dantonun başını da
"şotland qızı" qopardı.
Heminquey intiharın ona irsən keçdiyini bilsəydi
özünə başqa bir ölüm tapardı.
 
Hərdən düşünürəm,
Brus Li İsanın dövründə doğulsaydı
həvariləri İsanın çayı keçməyini plagiat sayardı.
Dünyanı xilas edən də İsa yox, Arxipovun barmağıdı,
Ən böyük yalan isə inanclarının səni həqiqətə aparmamağıdı.
 
Qorxu filmi izləyəndən sonra
qorxunu yatızdırmaq üçün
çizgi film izləmək qədər aldadıcıdı həyat.
Şanslısan,
əgər absurdu  sənə göstərə bilibsə Zamza.
Oğrumu, yoxsa Koroğluya ən böyük həyat dərsi verənmi adlandırılsın Həmzə.?
 
Qorxu işə düşəndə ürək həmişə beyinə uduzmalıdı,
Nəfs - müqəddəslərin
insana pay verdiyi ruhun quduz halıdı.
 
Şeytan da qorxurdu.
Adəmə nifrətinin səbəbi-
insan yox, Lilitdir,
Övladların valideynlərə bağlılığı
indiyədək
yaradılmış ən möhkəm kilitdir.
 
Öz anasını öldürən  canidən,
anası üçün mərhəmət dilənən uşaq qədər aciz qalırsan  bəzən.
Ədalət  gözdən çıxır, arpacığa çatmamış
gəzdə ölür.
İnsanların dilindən çıxan bütün dualar göyə qalxmır,
Mələklərin dilindən çıxan bütün dualar isə
yerə düşür və "biz"də ölür.
 
Sevdiyimiz çizgi filmlərin
finalından xəbərimiz yox idi deyə səbrsizliklə gözləyirdik,
parkda bir-birini gözləyən  həftəlik sevgililər kimi.
İnsanın başı təkcə yüksəklikdə gicəllənmir,
Sənə yer göstərim-
stendal sindromlu birinin başının gicəlləndiyi sərgilər kimi.
 
O vaxtın kişilərini misal gətirən
qoca babaların xəbəri varmı
4-cü Muradla Emir Kundan,
İsgəndərin partnyorundan,
Da Vinçinin Salaisindən?
 
Bəlkə bunlar
heç bir yerdə deyilməli deyil!
Korların oxuması daha məntiqə uyğundu.
Bu yazılar isə maksimal şəkilə düşmüş
tarixdəki ən kiçik soyğundu.


 
Rus ruleti
 
Bir gün qırmızı kardinaldan ibrət alacaq
Analıq hissini bir qadın,
Sıçrayacaq heç yerdə olmayan fəryad
Tərk edilmiş körpənin damağından
Zibilliyi eşənlərin üzünə,
Elə o gün 
Düşəcək ölüm mələyi,
Lənətlənib tanrının dəftərçəsindən 
Düşənlərin izinə.
 
Bir gün bütün sönən  ulduzlar 
Parlayacaq yenidən
Diriltmək üçün ölənləri.
Daha olmayacaq genosidləri törədən ulduz yağışları,
Valideynlər ölməyəcək 
Tərgidəcəksən özün kimi bilməyi 
Üzünə gülənləri
 
həmin gün 
 
Qırmızı işıqda, bir qoca özünü işıqfordan asanda,
Piyada keçidləri udacaq uşaqları.
Bir qolu qüsurlu olanların da duaları
dolacaq gecəyə
və bir küçə zibilçini qovacaq özündən digər küçəyə.
 
Hönkürəcəksən 
əllərin sifətində,
baxanlar sanacaq sevişirsən ovuclarınla.
Keçdiyin küçələrin birində gizlədəcək 
bir dilənçi pul kisəsini 
və sənə baxıb ağlayacaq.
Sən öləndə, bütün ümidlərini bir qadın yığıb saxlayacaq.
 
Plank saniyəsində silinəndə hər şey,
Təkcə, ananın duaları sənə  gərək olacaq.
Ən sonuncu görəcəyin qaraltı,
başına silah dikilən
qaradərilinin barmaqlarını sənə tərəf doğruldub
“sülh”
deyərək düzəltdiyi ürək olacaq.
 
Tanrı ilə “rus ruleti” oynamaq kimidi üsyanlar,
Tək fərq – uduzanın həmişə “sən“ olacağıdı.
Çək tətiyi!
Zatən o can da  onun səndən son alacağıdı.
 

 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)