Edebiyyat.az » Poeziya » Rövşən Yerfi - Xəlil Rza Ulutürk 90

Rövşən Yerfi - Xəlil Rza Ulutürk 90

Rövşən Yerfi - Xəlil Rza Ulutürk 90
Poeziya
admin
Müəllif:
12:36, 10 oktyabr 2022
2 039
0
Rövşən Yerfi - Xəlil Rza Ulutürk 90





Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürk 1932-ci ilin oktyabrın 21-ə Salyan rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlamışdır. M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdindəki ali ədəbiyyat  kurslarının müdavimi olmuş, sonra Azərbaycan Pedaqoji İnstitutunda baş müəllim işləmişdir. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda çalışmış, “Müharibədən sonrakı dövrdə Azərbaycan sovet ədəbiyyatında poema janrı” mövzusunda dissertasiya müdafiə etmişdir. Sonrakı araşdırmalarını Azərbaycan-özbək ədəbi əlaqələri istiqamətində aparmışdır. “Məqsud Şeyxzadənin poeziyası və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

İlk mətbu şeiri 1948-ci ildə, “Bahar gəlir” adlı ilk kitabı 1957-ci ildə çap olunmuşdur. Bu vaxtdan dövri mətbuatda şeirləri, ədəbi-tənqidi məqalələri ilə müntəzəm çıxışlar etmişdir. Dünya poeziyasından tərcümələrini “Turan çələngi” adlı kitabında toplu halda çap etdirmişdir. 

1959-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildən tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.

         1984-cü ildə şairin "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşhq çələngi" toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şeirləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.

1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.

Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 Yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

Mübariz ruhlu şeirlərinə və çıxışlarına görə 1990-cı il yanvann 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfmdən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair yanar qəlbinin işığında "Lefortovo gündəliyi”ni, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.

Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra  ictimaiyyətin tələbi ilə azadlığa buraxıldı.  Necə deyərlər, bir dəri, bir sümük qalmış, bənizi saralmış şair fıziki halsızlığına, xəstəliyinə baxmayaraq, bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə meydanına atılmışdı. Onun öz sözü ilə desək, düşmən ətini şişə çəksə də, fıl qüdrətini sındıra bilməmişdi.
Xəlil Rza Azərbaycan Respublikasının Ali Sovetinə növbəti seçkilərdə deputatlığa öz namizədliyini irəli sürmüş, seçkilərdə uğur qazansa da, onun seçilməsinə imkan verilməmişdir. Buna baxmayaraq, Xəlil Rza vətəndaş şair kimi geniş oxucu kütlələri ilə, döyüş bölgələrində əsgərlərlə görüşlərində şeirlər oxuyur, hərarətli çıxışlar edir, dinləyiciləri sərvaxt olmağa, istiqlaliyyət uğrunda mübarizəyə səsləyir, onlarda birlik və döyüşkənlik ruhu aşılayırdı.

1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir 

31 yanvar 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olan oğlu Təbriz Xəlilova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Böyük şair 1994-cü il iyunun 22-də vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

                                                                                      

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)