Edebiyyat.az » Poeziya » YOHANN VOLFQANQ HÖTE (1749-1832) - İTHAF

YOHANN VOLFQANQ HÖTE (1749-1832) - İTHAF

YOHANN VOLFQANQ HÖTE (1749-1832) - İTHAF
Poeziya
admin
Müəllif:
20:06, 13 iyul 2023
785
0
YOHANN VOLFQANQ HÖTE (1749-1832) - İTHAF


 



Ürəyimi bir vaxt didən, titrədən

Siz kölgələr yenə məni sarmısız. 

Varmı sizi vəsf etməyə qüdrətim, 

Ya ürək odsuzdu, könül arzusuz? 

Duman kimi dörd yanımı kəsdirib, 

Tüstü kimi göz önümdə durmusuz. 

Nəfəsiniz yerikləyir canıma 

Və can verir damarıma, qanıma. 

 

Ötən çağlar, ötən günlər, gecələr 

Siz gəlincə cana gəldi, dirildi. 

Nağıllaşan ilk sevgilər, sevinclər 

Uzaqlardan boy göstərib göründü. 

O illərin həsrətinə bələnib, 

Yanğısına qovrulunca mən indi 

Xoş anların xəyalına dalıram, 

Unutduğum kim vardısa, anıram. 

 

Rübabımı ehtirasla dinləyən 

Əsl dostlar məni bir də eşitməz. 

Mənimlə bir nəğmə deyən, əylənən 

Şən dəstəmiz harayıma yetişməz. 

Öz nəğməmlə tək qalmışam indi mən, 

Yad təriflər ürəyimi isitməz. 

O doğruçu, sərraf dostlar hardadı, 

Allah bilir, hərəsi bir gordadı. 

 

Xəyalımdan baş qaldıran o dəmlər 

Yenə məni cin atına mindirir. 

O əvvəlki ehtirasla, ələmlə 

Susqun könül rübabımı dindirir. 

Göz yaşlarım şırım çəkir sinəmdə, 

Daş qəlbimi əzib muma döndərir. 

İtib gedir gerçək olan hər nə var, 

Gerçək olur çoxdan ötən zamanlar. 

 

 

Qeyd. «Faust»un müqəddiməsi sayılan bu məşhur parça 1797-ci ildə yazılıb. Höte əsərin ikinci hissəsini yazmağa başlayanda, yəni mövzuya təkrar qayıdarkən üstündən 25 il vaxt keçmişdi və şeir də məhz nostalji hisslərin təsiri ilə qələmə alınmışdı. 

 

 

 

Çevirəni Mahir N. Qarayev

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)