Edebiyyat.az » Proza » Murad Muradov “Gül oğrusu” (hekayə)

Murad Muradov “Gül oğrusu” (hekayə)

Murad Muradov “Gül oğrusu” (hekayə)
Proza
nemət
Müəllif:
19:44, 25 may 2020
2 096
0
Murad Muradov “Gül oğrusu” (hekayə)

 


 

Onunla təzə tanış olmuşam. Bu gün bizim ilk göruşümüzdür. Çox istəyirəm ki, ilk görüşümüzə mən də çiçəklə gedim. Axı qadınlar gülü çox sevir. Təəssüf ki, cibimdə olan pulla bu, mümkün deyil. Ona gül alsam, özumə siqaret ala bilməyəcəyəm. Haradasa əyləşib çay içəsi olsaq, bu mənim üçün əsl fəlakət olar.

Sevgiliyə pul xərcləmək yaxşı xasiyyətdir, amma olan yerdə. 

Kasıblığın üzü qara olsun...

Marşrut gözlədiyim dayanacaqda, sonuncu siqaretimi yandırıram, ətrafa göz gəzdirirəm. Gözümə yaxınlıqdakı qəbiristanlıq sataşır...

Ağlıma pis-pis fikirlər gəlir. Özümlə danışıram:

“Bu şeytani vəsvəsə xoş olmasa da, məni vəziyyətdən çıxaracaq”.

Yolun digər tərəfinə keçirəm. Qəbirlərin arasında gəzib, üzərində gül olan məzar axtarmağa başlayıram. Burada hər kəs dərin yuxuya gedib, hər tərəf səssizdir. Çox keçmir ki, axtardığımı tapıram. Həyatla çox tez vidalaşmış bir qızın qəbrinin yanında dururam. Qara mərmər məzarın sinə daşına səliqə ilə səpələnmiş qırmızı qızılgüllər göz oxşayır. Əllərim əsir. Həyəcandan nəfəsim daralır. Sağa-sola boylanıram. Heç kəs yoxdur. Etdiyim hərəkətin yersiz olduğunu bilə-bilə oğurluq edirəm. Güllərdən ən təravətli görünəni götürürəm. Baxışlarım baş daşından gözlərini mənə dikən, heç vaxt unutmayacağım o qızın şəklinə sataşır: 

-Sevgim, sevdiyim üçün bunu edirəm. Məni bağışla,- deyirəm.  

Oğurladığım gülü ehmalca gödəkçəmin iç cibində, ürəyimin üstündə gizlədirəm. Bildiyim bütün duaları oxuyub, iri addımlarla oradan uzaqlaşıram. Ölülər məhəlləsindən uzaqlaşdıqca geriyə boylanıram. Hər dəfə geriyə boylananda  o qızın başdaşındakı şəkli də məni yola salırmış kimi arxamca baxır. Mənsə ürəyimdə: “Bağışla məni, xanım qız, onsuz da bu fаni dünyа sənin həyаtını oğurlayıb. Bir qırmızı gülün bundan sonra sənin üçün nə önəmi var ki,”- deyirəm, -onu da gözəl bilirəm ki, siz ölülər biz dirilər kimi deyilsiniz. Paylaşmağı bilirsiniz.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)