Elnur Nəhmət - Lampanın dövrəsində uçuşan kəpənəklər
Proza
Elnur Nəhmət - Lampanın dövrəsində uçuşan kəpənəklər
Dayımı düz 52 ildən sonra kəndimizə gətirirəm. Qayıdacağına heç kim inanmır. Hətta zəng vuran tanışlar belə "onu gətirirəm" deməyimə şübhə ilə yanaşır. Sabah kəndimizdə toy olacaq. Hamı onu bu toyda görmək istəyir. Yolumuz çox uzundur. Qırış basmış üzü, ağarmış saçları, boz rəngə çalan dərisi, çəlimsiz vücudu və zəhmli baxışları ilə avtobusdakı adamların diqqətini cəlb edir. Əlindəki köhnə, üstü cırılmış dəftəri dəlilərtək sinəsinə sıxıb. Dəftəri ondan zorla alıram. Gündəlikdir. Güclə oxunur, səhifələr saralıb. Bəzi səhifələri oxumaq mümkündür, sanki həmin səhifələr oxunmayıb.
12 oktyabr 1965-ci il.
Bu gün ovumuz çox gözəl oldu. Yeddi ördək, bir turac vurduq. Ayazın necə sevindiyini bir görəydiniz! Özüm üçün ördəklərdən ikisini götürdüm. Qalanını Ayaza verdim.
14 oktyabr 1965-ci il.
Bu gün möhkəm xəstələnmişəm. Ayaz sağ olsun, axşamacan yanımda oldu. Uşaqları ilə gəlmişdilər. Fidan artıq böyüyüb,maşallah. Rəşid danışmağı təzə öyrənib. Bizi xeyli güldürdü.
15 noyabr 1965-ci il.
Ayazın üçüncü övladı bu gün doğuldu. Hamımız sevinirik. Ad verməyi Ayaz mənə tapşırdı. Dostumun balasına Cavid adını verdim.
23 dekabr 1965-ci il.
Bu gün Ayazla yenə də ova getdik. Həyatımızda bu qədər ov etməmişdik. Tutduğumuz bir balığın çəkisi 23 kq idi.
14 yanvar 1966-cı il.
Bu gün bütün dostlar bizə yığışmışdı. Yeyib-içdik. Hamı evinə dağılşdı, Ayazı israr etsə də,buraxmadım. Gecə ova getməliyik. Bütün hazırlıqları görmüşəm.
15 yanvar 1966-cı il.
Kaş bu günü görməyəydim, Ayaz! Bağışla məni, Ayaz Axı hardan biləydik ki, belə olacaq!!! O üç körpə balana qurban, Ayaz!
Ayaz dayımın dostudur. 52 il bundan əvvəl üç körpə balası - Fidan, Rəşid və Cavid evdə olarkən anaları həyətə paltar yumaq üçün düşür. Ayaz evdə olmadığı üçün uşaqlara həmin dəqiqələrdə heç kim baxa bilmir. Uşaqlar odun peçinin qapısını açdıqdan sonra örtməyə çalışırlar. Amma nə etsələr də, bacarmırlar. Hər üç körpə boğularaq ölür. Dayım həmin hadisədə özünü günahkar bilir, çünki Ayazı ova o aparmışdı. Ayaz evdə olsaydı, hadisə olmazdı deyə özlüyündə qərar verir və kəndi birdəfəlik tərk edir. Sonralar Tanrı bu faciəni yaşatdığı ailəyə yenidən iki oğul və bir qız verir. Ayaz övladlarına əvvəlki uşaqların adlarını qoyur: Fidan,Rəşid və Cavid. Mən həmin Fidanla ailə həyatı qurmuşam. Sabah qızımın toyudur. İllərdir ki, özünü günahkar sayan dayımı kəndimizə-qızımın toyuna aparıram. Dayım yolda bircə dəfə danışdı: -Məni əvvəl Ayazgilə apar. Rayona yaxınlaşdıqca dayımın əhvalı pisləşirdi. Nəhayət, 52 ildən sonra dayım kəndə qədəm basdı. Dayımın qolundan tutmuşdum,bütün vücudu əsirdi. Asta addımlarla Ayazın evinə yaxınlaşdıq. Qapını açdım. Sabahkı toya - nəvəsinin toyuna hazırlaşan Ayaz kişinin rəngi dayımı görən kimi ağappaq ağardı. Qollarını açıb bizə sarı yüyürdü. Dayıma çatmağa bircə addım qalmış Ayaz dizlərini yerə atıb hönkürtü vurmağa başladı: Ay mənim qoğallarım, qamışlıqda qurtaran, ay mənim ilk yollarım, lampanın dövrəsində uçuşan kəpənəklərim, kölgəsi qındırğalı, ay yulğunlu kollarım, hardasınız,harda, balaca balalarım?!
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
ŞƏHRAM SADIQZADƏ - GÜZGÜ(hekayə)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə