Nemət Mətin - Antivirus
Proza
Nemət Mətin - Antivirus
"...Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyəm, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun".
Hippokrat
Dəhşətli virusun dünyaya ağalıq elədiyi zaman kəsiyində hər kəsin əsəbləri tarıma çəkilmişdi. Səhərin gözü açılmamış baş həkim həkimləri və tibb bacılarını bir cərgəyə düzüb son dərəcə ciddi üz ifadəsi alaraq sözə başladı:
—Son bir həftədə baş verənlərə görə yerə girmək istəyirəm. Siz insan deyilsiniz.
—Necə yəni? Cərgədən kimsə dinləndi.
Baş həkim baxışlarını yerdən ayırmadan cavab verdi:
—Hələ siz sual da verirsiniz? Div boyda cavan oğlanı işləməyən nəfəs aparatına hansı ağılsız qoşub? Canı ilə əlləşən, virusun gücdən saldığı adama əzab vermisiniz. Hələ bu harasıdır?!
Ölü sakitlik çökdü. Xəstəxananın həyətində cərgəyə düzülmüş tibb işçiləri danışmağa cürət etmirdilər. Baş həkim yenidən sözə başladı:
—Yediyiniz haram pullar burnunuzdan gələcək. Ölmüş adamın ciblərini soymaq nəinki tibb işçisinə, heç adi vətəndaşa da yaraşmır. Əxlaqsızlar!
Yavaş-yavaş başları aşağıya doğru əyilən xəstəxana işçiləri layiq olduqları sözləri eşidirdilər.
—7-ci palatada virusdan canını itirmiş xəstənin gözləri açıq qalmışdı. Nə üçün birinizin ağlına gəlmədi ki, gözlərini yumum? Başınız qarışıq idi? Biz burada, səhiyyə ocağında insanlarla işləyirik. Ölüyə hörmət yoxdur? Siz nə etdiniz? 10-cu palatada iki həkim mübahisə edirdi. Biri deyir "onu kim qaldırıb yuxarı?" O biri də "qaldırıblarsa belə, sən baxmalısan xəstəyə" deyirdi. Can verənə fikir verən yox idi.
— Təcili yardım işçilərinin günahıdır. Kim pul verirdisə onu gətirirdilər. Onların ixtiyarı çatmır. Xəstəni özbaşına liftə mindirərək yuxarı qaldırıblar. - cərgədən qoca həkim dinləndi.
Baş həkimin qaşları bir az da çatıldı.
—Elə siz həkimlər də varlı xəstələri az soymamısınız. Hamınız ağ skafandrda, eynəkdə və maskada idiniz. Biriniz pulu alan kimi aradan çıxırdınız. Xəstə pul verdiyi adamı tapmırdı.
—Qurunun badına yaş da yanır.
—Hamınız qanun qarşısında cavab verəcəksiniz. Həmçinin mən də!
—Müəllim, sakitləşin. Düzələr.
—Düzələr? Düzələr?
Özündən çıxmış baş həkim daha da qızışdı:
—Kasıba yaxın durmadınız, varlını isə ovucunuzda saxladınız. İnsanı təbəqələrə bölən yazıqlar. Sizin ucbatınızdan neçə insan həyatını itirdi. 12-ci palatada xəstə həkimə yalvarırdı. "Sənə beş min dollar pul verirəm məni xilas et. Yalvarıram. Balalarıma yazığın gəlsin." Pul üstündə olsaydı alardınız. Öləcəyini bilib yaxın durmadınız. Qarnı qalxıb düşən xəstələrin vəziyyətinin nə yerdə olduğunu bilirdiniz, tülkülər. Rədd olun! Gözlərim sizi görməsin!
Baş həkim otağında siqaret çəkə-çəkə düşünürdü. Külqabında 4-cü siqareti söndürüb özünə viski süzdü. İnsanların vəhşiliyi onun bütün düşüncələrini alt-üst etmişdi. Kədərli baxışları bir nöqtəyə zillənib qalmışdı. Fikirlərdən ayrılıb skeletə baxdı. Nə düşündüsə danışmağa başladı. Kənardan baxan onun dəli olduğunu sanardı. Lakin o həmişə tək dostuna bütün dərdlərini danışırdı.
—Eh dostum, sən dünyada yeganə insanabənzər varlıqsan ki, günaha batmamısan. Nə insan öldürmüsən, nə oğurluq etmisən, nə də bir insana ziyanın dəyib. Məni bağışla. Mən daha vecsiz insanlarla bir dünyada yaşaya bilmərəm. Dolabın iynələr olan gözünü açıb birini götürdü. Aram-aram zəhərdən içinə doldurdu. Cəsarət toplamaq üçün yenə bir stəkan viski içdi. Gözlərinə işıq gəldi. Bilgisayarda musiqilər toplanmış qovluğa daxil olaraq kədərli notlardan toplanmış simfoniya parçasını qoydu. Gözlərindən yaş axa-axa iynənin ucunu damarına saldı. Şprisi sıxanda göz bəbəkləri yuxarıya doğru getdi. Səhəri gün baş həkimi otağında ölmüş vəziyyətdə tapdılar. İynə qolunda sallanıb qalmışdı.
Mövzuya uyğun linklər: