Edebiyyat.az » Proza » Fərid Muradzadədən iki hekayə

Fərid Muradzadədən iki hekayə

Fərid Muradzadədən iki hekayə
Proza
nemət
Müəllif:
10:31, 07 oktyabr 2019
1 395
0
Fərid Muradzadədən iki hekayə
 



 Əsgər çəkməsi


 Yorulmuşdu. Hava da olduqca soyuq idi. Gecədən başlayan qar yolları keçilməz etmişdi. Taqəti tükənirdi, amma dayanmaq olmazdı. İslanmış paltarları xeyli ağırlaşmışdı. 35 kq -lıq əsgər yükü və avtomat hərəkəti daha da çətinləşdirirdi. Ayaqları suyun içində ,,üzürdü". Şaxtalı hava insanın damarda qanını dondururdu. Əsgər çantasını atmağı qərara almışdı. Daha bu ağırlığı daşıyacaq gücü qalmamışdı. Əsas silahı idi. Avtomatın üstündəki daraqdan əlavə daha 4 daraq gülləsi vardı. Qalan nəyi vardısa atacaqdı. Onsuz da yaşamaq ümidi sıfıra bərabərdi. Rastına çıxdıqca erməni itlərini öldürməkdən başqa bir amalı yoxdu. Gördüyü dəhşətli, fəlakətli, ağılasığmaz hadisələrin şoku canından çıxmamışdı. Qar üstünə düşən solğun gün işığı adamın gözünü ,,aparırdı". Hər tərəf ağappaq idi. Amma ona elə gəlirdi ki hər yer qırmızı qan rəngdədir. Günahsız, məsum körpələrin donmuş, qanlı cəsədləri gözlərinin önündən getmirdi. Soyuq əhədini kəssə də qızınmaq üçün isti ocaq düşünmürdü. Dünəndən bəri oddan qaçırdı. Od, alov barədə əsla düşünmək istəmirdi. O barədə fikirləşən kimi elə bil özü odlanırdı, yanırdı, ürəyi sıxılırdı, rəsmən özünü alovun qırmızı dilləri içində görürdü. Xocalı faciəsindən 6 gün keşmişdi. O, 6 gün idi ki səfil-sərgərdan gəzirdi. Əvvəlcə kifayət qədər gücü vardı. Xocalı qətliamından sonra partizan kimi gizlənə-gizlənə 10-15 ermənini cəhənnəmə vasil edə bilmişdi. Ancaq dünəndən bəri elə bil ki qisas eşqi də alçaq ermənilərin meyitləri toplayıb yandıran,,Qaflan" qrupunun yaxdığı alov içində əriyib getmişdi. Onsuz da burada öləcəyinə and içmişdi. Yenə olanlar gözlərinin önündə canlanırdı. O dəhşətli səhnələri bir daha xatırladıqca qəzəbi cuşa gəldi. Öldürmək naminə ölmək üçün ayaqda idi. Yaxşı bilirdi ki bu vəziyyətdə düşmən gülləsindən ölməsə də təbiətin amansız şaxtasında gecə mütləq donub öləcəkdi. Amma Allaha yalvarırdı. Və hətta elə yalvarırdı ki 23 illik həyatında indiyə qədər belə yalvarmamış ,belə dua etməmişdi. Əsla ölümdən qorxmurdu. Sadəcə bir-neçə düşmən əsgəri də öldürə bilmək üçün Allahdan möhlət istəyirdi. Sadə ölüm istəmirdi. Öldürə-öldürə ölmək üçün yalvarırdı. Ağır yükdən xilas olandan sonra xeyli rahatlamışdı. Qarşıdakı təpəni aşıb özünü dərəaşağı qarın üstünə buraxdı. Sürünə-sürünə dərədəki böyürtkən talasına tərəf gedirdi. Sıx kolluqlarla əhatə olunmuş tala indi daha etibarlı mövqe idi. Bir az yorğunluğu nu almaq ,həm də axşamın düşməsini gözləmək niyyətindəydi. Artıq hava da qaralmağa başlamışdı. Hərəkətsiz dayandıqca yuxulayıb huşsuzlaşdığını hiss edirdi. Əgər yatsa donacaqdı. Ayaqları artıq sözünə baxmırdı. Öz-özünə,,azca da səbr et"- deyirdi. Artıq qaranlıq düşmüşdü. Çətinliklə də olsa irəliləyirdi. Arabir dayanıb dincini alır, sonra yenə irəliləyirdi. İrəlidə səs gəlirdi. Diqqət kəsilib ətrafı dinləməyə başladı. İki fərqli səs aydınlaşdırdı. Yəqin 2 nəfərdirlər. Nəfəsini içinə çəkib gözləyirdi. Gələnlərdən biri erməni dilində o birinə təbii ehtiyacının olduğunu bildirdi. O biri isə ; Sən bunu orda yandırdığımız meyitlərin üstünə edərdin, yazıqdırlar, bir az soyuyardılar- deyərək şaqqanaq çəkib gülməyə başladı. Bunu eşidəndən sonra zəifləmiş qollarına ilahi bir güc gəldi. Ay alçaqlar! deyib bıçağını əlinə keçirdi. Bu dığanın səsi ona çox tanış gəlirdi. Hələ dumanlı beyni eşitdiyi səsi tam analiz edə bilməmişdi. Amma bunu qəti qərarlaşdırmışdı ki bu 2 murdar ermənini öldürməlidir. Əvvəlcə geridə qalan, öz təbii ehtiyacını dəf edən dığanın boğazını üzdü. Qarın üstünə axan buğlanan erməni qanı onu bir az da gücləndirmişdi.Təzadlı bir mənzərə yaranmışdı. Soyuq qar və buğlanan isti qan! Təpədən aşağı enən o biri erməni; Aşot! -deyə səsləndi. Gəlirəm-deyib ona sarı addımladı. Hənir almış erməni geri çevriləndə göz-gözə gəldilər. Erməni yerində donmuşdu. Qisas yağan gözlərdə mərhəmət yox idi. Az əvvəl özünü qəhrəman sayan bu dığa indi yalvarış dolu gözlərlə baxırdı. Tanıdı.O idi, Tiqran! Xocalıda qətliam iştirakçısı olan erməni proporşik.
Alçaq!;- deyib ard-arda bıçağı Tiqranın boğazına sapladı. Birdəfəyə başı kəsilmiş toyuq kimi qarın üstündə çabalaya-çabalaya murdar olan Tiqrana baxdıqca qismən də olsa ürəyi rahatlaşırdı. Dəqiqəbədəqiqə yalvarış dolu böyümüş gözləri ilə ona baxıb yardım uman erməniyə baxdıqca nifrəti daha da artırdı. Adicə heyvan kəsiləndə ona baxmayan Ayaz indi boğazı üzülmüş erməni dığasının gəbərməyinə elə soyuqqanlı şəkildə baxırdı ki elə bil hansısa maraqlı bir filmə tamaşa edirdi. O, indi həqiqətən mərhəmət hissini itirmişdi. 6 gün əvvəl Xocalıda şəhid olan günahsız insanlar, məsum, körpələr, uşaqlar, namusu tapdanmış qadınlar da Tiqrandan və tiqrankimilərdən imdad diləmişdilər. Ancaq faydası olmamışdı. İndi növbə Ayazın idi. Burada nə qədər oturduğunu bilmirdi, amma artıq tamamən donduğunu hiss edirdi. Tiqranın isti, qalın paltarları və içi tüklü əla bir əsgər çəkməsi vardı. Bir anlıq həyat eşqi ona güc gəldi. Əyilib onları çıxararaq geyinmək istədi. Lakin soyuqdan donmuş əlləri yanına düşdü. Ayaz bu paltarları geyinə bilməzdi. Gözünün önünə bu çəkmələrlə azərbaycanlıların qanlı meyitlərinin üstündən şövqlə keçən Tiqran gəldi. Bu çəkmələr neçə-neçə günahsız insanın cəsədlərini tapdamış, bu paltarlar bəlkə də onlarla namusu tapdanmış azərbaycanlı qadınlara toxunmuşdu. Yox! O bunları əyninə geyə bilməz! Heç vaxt! Bunları geyinib sağ qalmaqdansa ölmək daha gözəldir. Qarın içində gömgöy olmuş ayaqlarının üstündə duran buz heykəlin gözlərində qəribə bir ifadə vardı.



Tablo

 Bildiyimiz kimi Bakı-Sumqayıt yolunda hər gün böyük tıxac olur. Bu tıxacda ən çox əziyyət çəkənlər isə səhər Sumqayıtdan, Xırdalandan, Masazırdan Bakıya, axşam isə Bakıdan əks istiqamətə gedən insanlar olur. Gərgin iş saatının sonunda işdən çıxan yorğun insanlar bəzən
saatlarla yolda qalırlar. Avtovağzalda ənənəvi marşrut çatışmazlığı olduğundan insanlar 20 Yanvar dairəsindən yol maşınları ilə evlərinə getməyə daha çox üstünlük verirlər. Son günlər maşınlara və sürücülərə əməlli-başlı qənim kəsilən BNA işçiləri də əsəbləri tarıma çəkilmiş
insanlar üçün əlavə problemə çevriliblər. Doğrudur 20 Yanvarın dairəsinin tənzimlənməsi əslində təqdirəlayiqdir, amma insanların rahatlığını da düşünmək gərəkdir. Alternativ variantları isə mən deyil, aidiyyatı orqanlar özləri təşkil etməli, o orqanların məmurları isə icra etməlidirlər. Bu başqa bir mövzudur. Yazmaq istədiyim isə başqa. Deməli belə. Yorğun halda mən də digər insanlar kimi gündəlik istifadə etdiyim ən sərfəli
nəqliyyat vasitəsi olan metrodan çıxıb 20 Yanvardan ,,rahat" şəkildə Sumqayıta getməyə niyyətlənmişdim. Yeraltı dünyadan yerüstü dünyaya axışan insan kütləsinə qoşulub lazım olan məkana çıxdım və.... sürpriz! Uzun-uzadı insan izdihamı... Yorğun simalar, gərilmiş əsəblər,
hədsiz aqressiya! İnsanlar ənənəvi olaraq necə gəldi, pərakəndə şəkildə (bizdə normal toplanma olmadığı üçün bunu qeyd etdim) deyinə-deyinə gedirdilər. Mən də maşın tapmaq ümidi ilə üzüaşağı ,,Bravo" marketi istiqamətində hərəkət edən kütləyə qoşuldum. Nəhayət insan selinin içində qəflətən ,,möcüzəvi" şəkildə boş bir ,,mercedec" maşın çıxıb düz qarşımızda dayandı. 4 nəfər maşına əyləşib yola rəvan olduq. Bilən bilir bu yolların əhvalını...
 Addım-addım Biləcəri enişini əyləc sisteminin qırmızı işıqları fonunda enməyə başlamışdıq. Bir-birinə yol vermək istəməyən sürücülərin hay-küyü, biri 1 qəpikdən də ,,ucuz" olan ,,yağlı" söyüşlər, maşınlardakı bəzi adamların açıq maşın şüşələrindən aydınca eşidilən bayağı söhbətləri
və s. insanın bütün sinir sisteminə, əsəblərinə, psixologiyasına mənfi təsir göstərirdi. Bu dəm bizim də sərnişini olduğumuz maşının sürücüsü də ,,vəcdə gəlib" birini rusca söyüb-suvadı. Sonra da özünə haqq qazandıraraq dedi:
-Padles mənim yoluma girirdi gördünüz də. Elə o başlayan başladı nə başladı.... Brat, bizdə ponyatka var, bu indikilərdə ponyatka-zad yoxdur. Biz soveti görmüşük, ağsaqqal-qarasaqqal yeri bilmişik. Adam dilində söz soruşursan bilmirlər, söz deyirsən qanmırlar. Ala, bu nədir ,ala?! Atam-atam, mən də sənin dilində danışıram. Durub ingiliscə bir-iki söz öyrəniblər, onları işlədirlər. Guya bunlar sovromennidilər. Heç öz dillərindən xəbərləri yoxdur. Bir sözlə müasir gəncliyi ,,ağ yuyub, qara sərdi". Mən də əslində elə olmadığını başa salmağa çalışdım, təbii ki, savadım yetən şəkildə. Müasir savadlı gənclərdən tanıyıb bildiklərimdən sitat gətirdim. Amma çifayda ki, xeyir eləmirdi. Adam bu "öz dilini bilməyənlərə" çox qızğın idi. Mənimlə yanbayan əyləşən gənc oğlan da gənclərin içində nümunəvi olacaq bir neçə gənci örnək göstərdi. Amma heyhat, təəssüf... Gəncin qarşıda enəcəyi hiss olunurdu. Çünki gözləri ilə yola nəzarət edirdi. Sürücünün cuşa gəldiyini görən gənc oğlan odlu-alovlu ,"natiqə" bəri başdan:
-Zəhmət olmasa döngədəki tablonun yanında saxlayarsınız,-dedi (döngəyə azı 300 metr məsafə
vardı. Yəqin ki, qardaş adamın trans halında olub unudacağını təxmin edirdi).
- Ay brat, burda?
-Yox, döngədə tablo var, onun yanında.
Heç 50 metr getməmişdik ki, sürücü bir də soruşdu:
-Qaqulya, burda?
-Yox, döngədə.
Təxminən bu düz yolla bir 70-80 metr də irəliləmişdik ki, sürücü maşını sağa çəkib dedi:
- Ay brat, buranı deyirdin?
Səbrim daralırdı. Sərnişin isə səbrlə,‐ "xeyr, döngədə, tablonun qarşısında",-dedi.
Ay brat, döngə haradır, tablo nədir e?!
- Səhərdən dil dərsi keçirsən! Öz dilində tablonun nə olduğunu bilmirsən! Qabaqda, "Oba
Market"dən sağa burulub saxla! Döngə də oradır, tablo da!
Döngəni burulub maşını sağa çəkib saxladı. Maşından enən gənc oğlan:
-"Poliqlot brat", bəli döngə buradır, tablo isə bax budur,-deyib reklam tablosunu göstərdi.
-Ala, plakatı deyirmişsən də. Deyəydin pavarotdakı plakatda saxla də!
- Mən sənin bəyənmədiyin gənc nəslin nümayəndəsi sənə pavarotla döngənin, plakatla tablonun fərqini əyani izah etdim. Öz dilini normal bilməyən əslində sən və səninkimilərdir. Heç zaman tanımadığın insanlar haqqında fikir yürütmə! ,- deyib oradan uzaqlaşdı.
Maşın hərəkətə gəldi. İşıqforda dayananda sürücü qəfil mənə tərəf dönüb dedi:
-Doğrudan plakat tablodur?
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)