Əziz Nesin - Yeni il təbriki
Proza
1965-ci ili idi. İşə girdiyim iki həftə idi. Bir idarədə yazı işləri üzrə müdirin köməkçisiydim.
Bayrama on gün qalmışdı ki, müdirim xəstələndi və işə gələ bilmədi. Səhəri gün sədr məni otağına çağırdı.
– Buyurun, müəllim.
– Təbrik kartları hazırdı, oğul?
– Hansı təbrik kartları, müəllim?
– Vaaayyy! Şükrü sənə deməyib? Bayram gəlib çatdı, təbrik kartı göndərməliyik. İndiyəcən poçta verməliydik e.
– Heç xəbərim yoxdu, müəllim.
– Tez ol, tez ol! Sabaha kimi üç min dənə poçt kartı hazır olsun.
– Baş üstə, müəllim, – dedim və otaqdan çıxdım. Ancaq üç min bayram təbrikini yazmaq var eyy.
Üstəlik, sədr kartları çini mürəkkəb və gözəl xətlə yazmağımı istəyirdi. Kartlardan iki minini sədrdən vəzifəcə aşağı olanlara yazacaqdım:
“Bayramını təbrik edir və gözlərindən öpürəm.”
Qalan min dənəsi isə yuxarıdakılara:
“Sizin və xanımınızın bayramını təbrik edir, sağlam və uğurlu günlər arzu edirəm.”
Vaxt itirmədən masanın arxasına keçib qollarımı çirmələdim. Qarşımda kartlardan ibarət irili-xırdalı kağız dağı vardı, sanki. Mən iş saatı bitənə kimi təbrik kartlarını yazıb qurtaracağımı, evə gedəcəyimi düşünürdüm. Ancaq gecəni yatmadım, səhəri dirigözlü açdım.
“Bayramını təbrik edir və gözlərindən öpürəm.”
“Bayramını təbrik edir və gözlərindən öpürəm.”
5, 10, 20, 50, 100, 750, 875. Yazıram, yazıram, bitmir ki, bitmir. Gecənin bir aləmində məni dəhşətli sıxıntı bürüdü.
Yazıram, yazıram, elə hey yazıram… Bitmir.
Nəhayət ki, aşağı vəzifədə olanların kartları hazır idi. Elə mən də hazır idim. Dan yeri ağarırdı. Hazır kartları masanın üstündən götürüb kənara qoydum.
Qarşımda min ədəd kağız yığını var idi hələ. “Sizin və xanımınızın bayramını təbrik edir, sağlam və uğurlu günlər arzu edirəm”- ə başladım…
Fasiləsiz yazırdım. Göz qapaqlarımı yumub-aça bilmirdim. Gözlərim bərələ qalmışdı. Yaman zülm idi.
125, 279, 400, 689. Yazırdım, yazırdım, yazırdım. Bir müddət sonra artıq mən qələmi deyil, qələm məni yazırdı. Hələ də yazırdım.
“Sizin və xanımınızın bayramını təbrik edir, sağlam və uğurlu günlər arzu edirəm.”
“Sizin və xanımınızın bayramını təbrik edir, sağlam və uğurlu günlər arzu edirəm.”
“Arzu edirəm uğurlu günlər siz və xanımınızın bayramını təbrik edir…”
“Təbrik edir xanımınızın bayramını uğurlu günlər Arzu ilə…”
“Arzu ilə birlikdə sizin və xanımınızın bayramını təbrik edir sağlamlıq…”
“Əvvəla, bayramınızı edirəm, sonra xanımınızla Arzunun bayramını uğurlu günlər…”
“Sizin də, xanımınızın da, Arzunun da bayramını hörmətlə edirəm, sağlamlıq…”
“Sizin də, xanımınızın da, Arzunun da, bayramını da, tətilini də, nəslini də, kökünü də… Hörmətlə…”
Səhərin gözü açılar-açılmaz, gözlərim qan çanağına dönmüş bir vəziyyətdə kartları sədrə təhvil verdim. Sədr gözucu bir-iki karta baxıb dedi:
Afərin. Elə bu dəqiqə yollayın.
O dəqiqə də yolladıq.
Üç gün sonra əvvəlcə, bizim sədri, ardınca da məni yolladılar.
Türkcədən tərcümə edən: Ülvi Babasoy
Mənbə: rezonanss.com
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Y.Mişima - Vətənpərvərlik (hekayə)
Şəfaqət Cavanşirzadə - "Təmiz qadın"