Edebiyyat.az » Proza » Yaşar Bünyad - Susmaq qızılmış

Yaşar Bünyad - Susmaq qızılmış

Yaşar Bünyad - Susmaq qızılmış
Proza
nemət
Müəllif:
16:49, 04 mart 2019
1 802
0
Yaşar Bünyad - Susmaq qızılmış


O, çörəkpulunu öz “arxivində” qoruyub saxladığı mühüm məlumatlardan çıxarırdı.( Doxsan manat maaşla yeddi baş külfəti saxla görüm ,necə saxlayırsan .) Bax, ali təhsili olmasa da , Rəcəbin güclü yaddaşı,məntiqli nitqi, situasiyanı soyuq başla analız etməsi, hər hadisəyə ağılla yanaşma qabiliyəti başını uca, qarnını tox, dilini uzun etmişdi. “Danışmaq gümüşdüsə, susmaq qızıldı “ –deyən atalara ürəyində o qədər “yağlı” sözlər deyirdi ki, gəl görəsən. “Əlimə keçəydi dəə, keçəydi əlimə bunu uyduran!...Ə, a sarsaq, susmaq havaxtdan qızıla dönüb, xəbərim yox?! Əəə, atalar, lal olmusuz ki, bu günə qalmusuz da?!”
Yox,nə də olsa, susmaq Rəcəblik deyildi . Xətir-hörməti öz yerində , çoxları ondan qorxurdu da.Və o yaxşı bilirdi, nə qədər ki, vəzifə-filan var, nə qədərki acgöz məmurlar nəfsini boğa bilmir, onun günü-güzaranı yağ-bal içində keçəcək! Rəislərin, katiblərin, sovxoz-kolxoz müdürlərinin tez-tez dəyişdirilməsi də lap yerinə düşürdü. Rayonda hamı onu tanıdığından, həm də qorxduğundan ( yazdığı bir parça kağız daşı da dəlib keçirdi!) vəzifəyə təyinat almamış, yuxarıların basdığı möhür qurumamış , Rəcəbin pay-parçası qapısındaca hazır olurdu.
Üzünə deməsələr də (nəkarəydilər!) adına “demaqoq” ayaması yapmışdı camaat. Demaqoq sözünün mənasını başa düşməsələr də , bir az iyrənc və kobud səsləndiyindən uşaqlarına, qohum-əqrabasına pis təsir edən ayama özünə zövq verirdi.”Demaqoq!”-lap əla səslənir...
İlk dəfə ,camaatın qızına-arvadına sataşan, altını haram pulla doldurub quduran , vaxtı-vaxtında yuxarıları “razı” salan əzazil birinci katibin özbaşınalığından, cavanların cibinə “şey” atdırıb dədələrin müflis edən “naçalnik”dən, büdcənin pulunu mənimsəyib Krasnadar bankında “fırladan” texnikom direktorundan, on min alıb ölüm işinə xitam verən məhkəmə sədrindən Mərkəzi komitəyə , Kremlə, lap Leninin movzaleyinə yazmışdı anonim ərizələri və ilk “qələm təcrübəsi”nə güclü reaksiya gəlmişdi Moskvadan; komissiya komissiya dalısıycan tökülmüşdü rayona. Hərə öz sözünü deyib, öz payını alıb gedəndən sonra yerli təşkilatlar başladı anonim ərizələri yazanın ovuna. O vaxtki ,qanı it qanına dönmüş katibin göstərişiylə məhkəmə sədrinin məxvi xətt-ekspertiza yoxlamaları Rəcəbin gözəl xəttini aşkarladı, apar-gətir də başladı. Bir neçə gün “padval”da saxladılar, xox gəlib yox eləyəcəkləriylə qorxutdular, amma onun informasiyaları o qədər dürüst və doğruydu ki, onu susdurmağın yolunu tapmaq gərəkdiyki bir də “arxalı köpək”ləri incitməsin. Tapdılar da.
Bir demaqoqu dayandırmaq bu boyda rayonun yiyəsinə su içmək kimiydi : iclas çağırdı, ərk elədiyi bəzi müdürlərə tapşırdı ki, Rəcəb müəllimin ailəsinə köməklərini əsirgəməsinlər. “ İctimai fəal vətəndaş , aktiv kommunust gözümüzün qabağında acından ölməli deyilki?!”-demişdi raykom. Özüm ölüm, beləcə demişdi.
Rayon səviyyəsində baş vermiş qalmaqaldan xəbərdar müdürlər bəladan uzaq olmaq üçün ağızları nəydiki yuxarıların göstərişinə əməl etməsin ; həm katibə yararlı olar, həm öz gönlərini qoruyub işlərini görərdilər.
Artıq bu ağır titulu daşımaq alnına yazılmış Rəcəb, o gündən ictimai simaya çevrildi. “ Danışmaq gümüş, susmaq qızıldı” fəlsəfəsiylə yaşayan camaatın aylarla , günlərlə ayaq döydüyü idarələrin qabağında növbələr olan dəri üzlü qara qapılarını ayağıyla açır, hər işini yola verirdi.İş o yerə gəlib çıxmışdı ki, büdcədən yeyən idarələr arasında gözdən iraq arxiv şöbəsinə aylıq, illik mükafatlar , həmkarlar hesabına pulsuz putyovkalar da ayrılırdı.
Amma yazmaya bilmirdi Rəcəb.Ətrafında o qədər ədalətsizliklər, özbaşınalıqlar baş verə, o da susa ? Ölmüşdü Rəcəb! ...Hə, xəttini tanımasınlar deyə ərizələri yazır, üzünü səkizincidə oxuyan qızına köçürtdürürdü. Poçt şöbəsində nəzarətdə olduğundan ehtiyat edib məktubları ya Bakıdan, ya da qonşu rayonlardan yola salırdı...
... “Moskovski komisya” bu dəfə “perepiska” məsələsiylə məşğul oldu. Sən demə rayon üzüm planını heç əlli faiz də yerinə yetirmib! İri sovxozlarda olan yeyintilər kəllə-çarx imiş. Mükafat cədvəlləri yoxlananda lap zibili çıxıb. Ömründə əli bağ qayçısı görməyən , ayağı üzüm bağına dəyməyən, hətta üç-dörd il əvvəl rəhmətə getmiş qocaların da adına mükafat yazılıb , yeyilmişdi...
Rəcəbin atdığı oxa tuş gələnlər vardan- yoxdan çıxıb çağrılmamış qonaqları yola salandan bircə ay keçmişdi ki, birinci katib “vəzifəsindən sui-istifadə etdiyinə görə” işdən çıxarıldı, bir neçə sovxoz direktoru, mühasib, briqadir həbs edildi...
***
Adətə görə, kabinetində öz zövqünə uyğun dəyişiklik edəndən dərhal sonra təzə katib rayonun “şərəşur” adamlarını prokurorun, məhkəmə sədrinin və milis rəisinin iştirakıyla qəbula çağırdı. “Ay belə kəsərəm, belə asaram” demədi, amma iri yumruğunu stolun üstünə çırparaq ilk və son xəbərdarlığını etdi:
“Nə qədər mən burdayam, bu rayondan yuxarılara bir “quş” uçsa...hamınızı dama basacam! Eşitdiz?! Hamı-nı-zııı!!!”
İndi vəzifədəkilər Rəcəbdən ehtiyat edir, təzə katibdən isə qorxurdular. Allah eləməmiş, qulağına çatsa , kresloları əldən gedər deyə pay-pürüştü kəsmişdilər.
“Təki düz işləsinlər, ürək bulandırmasınlar... Ay canım, qorxursan, əliəyrilik eləmə, taraz işlə də.Evinə haram tikə aparmasan olmur bəyəm? Xalxın balası yemir haramı, ölür ?Səninki də yeməsin! Yeməsin, mən də yazmayım. Yemə dəə!.. Nahaq yazıramsa əl-qolumu kəsin! ... “-fikirləşirdi Rəcəb.
Amma bilirdi xeyri yoxdu.”Köpəyoğlu şeydi ee, bu kreslo! Oturdun, buldozernən də qoparmaq olmur.”
Deməli ,yazacaq!Lap atalarını yandıracaq!.. Bu dəfə ,üçüncü sinifdə oxuyan oğluna yazdırdı; o dedi, uşaq yazdı. Özü də katibdən –birincidən! Yazdı ki, altı aydı gəldiyi, meşədə restoran tikdirib ( düzdü)matuşkalarla kef eləyir, şəhərin mərkəzində qonaq otağı adıyla malikanə ucaldıb şərab zavodunun hesabına (dəqiq), rüşvət alıb filankəsi vəzifəyə qoyub, qısır inəklərdən iyirmi litr süd “sağdırır” (qərəzsiz), yun planı yalandan dolur.., bir sözlə söküb- dağıdır, talayır rayonu...
Bu dəfə də gəldilər, yoxladılar, aldılar və getdilər... O gündən də Rəcəbin qara günləri başladı. Hər dəfə yüksək səviyyəli qonaqlar rayona gələndən bir gün əvvəl Rəcəbi “damlayırdılar”ki, dilini dinc saxlasın. Rəcəb, “ÇK”-da , “MK”- da eyni qaloşun tayı, eyni bezin qırağı olduğunu bilsə də ,yazmaqdan əl çəkmirdi ki, çəkmirdi.
***
Sədaqətlilik andı içdiyi partiyanın biletini şərəflə daşıyan Rəcəbi təzə katib kabinetinə dəvət edib ona vəzifə təklif edəndə , duruxub qaldı. “Hə” deməyə ürəyi, “yox ” deməyə cəsarəti (! ) çatmadı. Çox götür-qoy etdi. Hətta dili də bir az qıfıllandı. İllər boyu bunumu gözləmişdi Rəcəb, bilmədi. İndiyəcən heç kimsənin ağlına gəlmədiyi təzə katibin ürəyindən keçdiyinə görə sevindi , həm də kövrəldi ...
“ İndiki ağır zəmanədə sizin kimi ədalətli partiya üzvlərini barmaqla saymaq olar, Rəcəb müəllim! Siz əsl leninçisiz!Vicdanlısız ! Kommunistsiz! Sov.İKP MK-nın yürütdüyü siyasəti, yeni proqramların dürüst və qətiyyətlə həyata keçirilməsində Sizin kimi vicdanlı partiyaçılarımıza ehtiyacım var. Mənə bu yenilməz yolda yol yoldaşı olmanızı istəyirəm . Əminəm , yuxarılar da sizin namizədliyinizi bəyənəcək.”-
Təzə katibin qısa, lakin alovlu çıxışından sonra Rəcəbin qırışı elə açıldı ki, nəkarəydi razılıq verməyə.Ömrü boyu demaqoqluq etməyəcəkdi ki?! Camaat bir ətək pul verib vəzifəyə getdiyi halda, katibin, özü də birinci katibin ona etimad göstərməsi göydəndüşməydi !
***
Ömrüboyu arxivdə işləmiş və əməlli başlı təhsili də olmayan Rəcəbin rayon yun tədarükü kombinatının direktoru vəzifəsinə təsdiq olduğunu eşidən rayon camaatı barmağını dişlədi ki , “vallah, burda nəsə var.” Kim nə fikirləşir fikirləşsin, amma ikicə ay keçməmiş təsərrüfatlarda yun qırxımıki başladı və Rəcəbi Bakıya, nazirliyə çağırıb doxsan səkkiz (yüz yox!) faiz planı dolduracağını boynuna qoyanda, Rəcəb anladı ki, onun da fiti çalındı. Deyəsən bu heç fıştırıqçı Qasımın da fitinə bənzəmirdi. Bu , paravoz fitiydi, paravoz ..!
Çobanlar, qırxınçılar, ferma müdürləri,təsərrüfat və rayon rəhbərləri , həmişəki kimi, “paylarına düşən” bel yununu ələkdən keçirəndən sonra şaqqıldağlı yun kiplərini tədarük məntəqəsinə təhvil verəndə, Rəcəb anladı ki, plan heç otuz faiz də dolmayacaq. Ağlına gəlməyən başına gəlmişdi. “Hə ,Rəcəb, indi çıx bu zibildən görüm necə çıxırsan. Bu da özgəsindən yazmaq deyil ha! Kənardan dava asan görünər... Saldılar səni qarmağa. “
Birinci katib büro iclasında məntəqənin yarıtmaz işindən, guya qulağına çatan maliyyə pozuntularından elə danışdı ki, az qala o da hamı kimi inanacaqdı... Büro dağıldı. Katib yüksək alicənablıq göstərərək onun qalmasını xahiş edəndə , Rəcəbin dalağı sancdı.Söhbət çox da uzun çəkmədi.
-Rəcəb müəllim, ya plan, ya da...Özün yaxşı bilirsən də... partiyanın etimadını doğrultmamaq nə deməkdi ... Mən sənə görə Birincinin yanında dili qısa ola bilmərəm! Rayonun adını, respublikanın şərəfini tapdalaya bilmərəm ! – Qəfil gözləmədiyi sualı verdi :-İki gün bəs edər?..
Katibin kinayə və qəzəblə nə demək istədiyini yaxşı başa düşürdü : ya ömrü boyu ifşa elədiyi müftəxor məmurlar kimi “perepiska” eləyib onların sırasına qoşulmalı, ya da... türmə!.. Bir soxulcanın güdazına gedən balıq kimi ilişdiyi qırmaqdan çıxa bilməyəcəyini anladı Rəcəb. Udqundu və elə bil yuxudaydı, ayıldı, ayılanda da , kabinetdə ,nədənsə bayaqdan burda olduqlarını hiss etmədiyi , onunla üzbəüz oturmuş rayon prokurorunu , milis rəisini gördü. Gah rəisə, gah da katiblə prokurora baxıb dəhşətə gəldi. “Dədəm vayyy, bir ananın qarnından çıxmış üçəmlər kimi necə də bir-birinə oxşayır, bu gədələr?!..” Dəli kimi bağırmaq istədi. İstədi desin ki, tüpürüm sizin etimadınıza da, vəzifənizə də ! Mən vicdanımı itirməmişəm., nə var ona qol qoyacam!...Amma səsi çıxmadı Rəcəbin...
Hər üçü onun son sözünü, qəti qərarını gözləyirdi.
-Ne-necə məsləhətdi, yoldaş katib. Nə lazımsa...-Bilmədi, doğrudanmı belə dedi, yoxsa nəsə buna bənzər bir şey, amma büro başlayandan katibin zəhirmar yağan sifətinə yüngül həlimlik qonduğunu görəndə anladı ki, elə belə də deyib.
Rahat yata bilmədi Rəcəb.Nə həmən gecə, nə də planı “doldurandan” sonra...
***
Rəcəbin bəxtindənmi, ya Qorbaçovun səməliyindənmi, çox keçmədi, sovetin qırmızı koması yıxıldı; bir gecənin içinə hamı dönüb oldu demokrat. Adları dəyişdi, amma əqidəycən qılrmızı biletli kommunist idilər .Təzə hamamda altı deşik köhnə tas döyəcləyirdilər, səsi də Rəcəbin başına düşürdü...
Amma bir gün, soyuq başla yeni quruluşu analiz etdi , “bu ki , gözəldi ,-deyib özünə təsəlli verdi.- Yazmağa o qədər material olacaq ki ?! Quruluş dəyişib də, adamlar ki dəyişməyib? Vəzifə yenə olacaq.
Vəzifə varsa, rüşvət də olacaq, saxtakarlıq da. Qələmimi ki əlimdən ala bilməyəcəklər?.. Yazacam! Dədəmin göru haqqı, yazacam!”
Adamlar həqiqətən dəyişməmişdi .Deyiləsi, yazılası çox şeylər vardı. Kimdən yazacağını sovet nizam-intizamıyla ardıcıllıqla düzüb kataloq düzəltdi, təzə yaranmış, təzə yaransa da köhnə prinsiplərlə işləməyə başlayan bələdiyyələri ön plana qoydu, çünki bələdiyyələr az müddətdə raket sürətiylə qanunları poza-poza irəliləyirdilər, əlbəttə , bunu görsələr də ,onlara “gözünün üstündə qaşın var “ deyən tapılmırdı. Bələdiyyələr bələd olduqları işlə məşğul idilər. Bir pillə yuxarıda oturanlara bu, sərf edirdi. Rəcəb yazdıqca yazır, məktublarına cavab gözləyə-gözləyə də günlərini sayırdı.Yəni, dəyirman öz işindəydi, çax-çax baş ağrıdırdı... Qəribəsi o idi ki, indi o, qorxub –çəkinmədən imzalı yazır, amma yazdıqları da elə bil quyuya düşürdü, əllərə keçmir, ünvanına çatmırdı. Bəzən fikirləşirdi , bəlkə Novruzəli kimi qutuya atdığı məktubların keşiyini çəksin, onları poçt qutusundan çıxaranın dalınca düşüb hara apardığını aydınlaşdırsın? Bir də fikirləşirdi ki, bəlkə elə əvvəlki kimi anonim yazsa yaxşıdır ? Kəsərli olar...
Bəlkə heç yazmasa?... Axı necə?
Balaca-balaca məmurların bu qədər ədalətsizliyinə göz yuma bilmirdi Rəcəb. Ölə də bilmirdi...
Dili gödək, qulaqları pambıqlı, gözlərində iri eynək həyatı seyr eləmək ölümdən də betər olsa da ölə bilmirdi. Ömrü boyu arzuladığı işıqlı gələcəyin utopiya olaraq qalacağına inanmaq istəməyən Rəcəb,bir anlıq, dünyaya lal- kar , kor gələnlərə həsəd apardı və dərin fikirlərə qərq olaraq darısqal mənzilinin bir küncünə qısıldı...
Şiddətli ürək ağrıları ona rahatlıq vermirdi. Beynini qarışdıran fikirlərdən yaxa qurtarmaq üçün pəncərənin qarşısındakı balaca nasasına yaxınlaşaraq qələmini əlinə götürüb ağ vərəqin üzərinə əyildi.Əyildi və düşündü: İndi kimdən, ən əsası da hara yazacağını götür-qoy edəndə , barmağını dişlədi. Az qala üzdürəcəkdi barmağını. Və Rəcəb, ömrüboyu ayrılmadığı qələmini sındırdı, kağızı ovucunda bükmələyərək zibil qabına tulladı. İndiyəcən səsini sözə , sözlərini kağıza hopdururdu.Həyatında ilk dəfə hiss etdi ki, səsi itib, batıb , danışa bilmir. Boz divarlara baxa-baxa susdu. Hamı kimi. Və ilk dəfə, “susmaq qızıldı” demiş qocaman ataların məntiqini dərk etdi ...
Qızıl da günügündən bahalaşırdı...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)