Edebiyyat.az » Söhbət » Nihat Piriyev - O şey ki məni narahat edir, mən onu hekayəyə çevirə bilərəm.

Nihat Piriyev - O şey ki məni narahat edir, mən onu hekayəyə çevirə bilərəm.

Nihat Piriyev - O şey ki məni narahat edir, mən onu hekayəyə çevirə bilərəm.
Söhbət
admin
Müəllif:
18:03, 09 avqust 2020
1 636
0
Nihat Piriyev - O şey ki məni narahat edir, mən onu hekayəyə çevirə bilərəm.





- Xoş günün olsun, Nihat Piriyev. Təxəllüsün nə üçün yoxdur?
- Xoş gördük. Təxəllüsümün olmaması, yəqin ki, soyadıma həddən ziyadə bağlı olmağımdan irəli gəlir. Və nə vaxtsa, bu bağlılıqdan qurtula biləcəyimi düşünmürəm. Amma sonluqdakı "yev"lə aram heç də yaxşı deyil, yəqin ki, ona bir çarə qılarıq.

- Yazıçı hansısa ideologiyaya quuq etməlidir?
- İdeologiya hansısa peşə, yaxud sənət, istedad sahibliyi ilə formalaşmır, fikrimcə. Yəni, istər yazıçı olsun, istər şair, istər siyasət adamı, yaxud bir rəssam, fərqi yoxdur, bu, birbaşa şəxsiyyətlə əlaqəli bir prosesdir. Sən ilkin olaraq, şəxsiyyətini təyin edirsən, onu formalaşdırırsan, bundan sonra isə həmin o mövcud şəxsiyyətinin elədiyi diqtə, onun doğurduğu gerçəkliklər və istəklər sənin üçün hansısa bir ideologiyaya qapı açır. Yazıçı da bir şəxsiyyətdir və bu mövzuda, tamamilə, sərbəstdir.

- Hekayələrinin yazılışından, düzülüşündən, formasından bəlli olur ki, xeyi mütaliəlisən və öz üzərində çalışırsan. Hansı hekayəni  (bu günə qədər olan) yaradıcılığında zirvə sayırsan?
-Bir az təvəzökarlıqdan uzaq olsa da, mütaliəmə, hə, kifayət qədər güvənirəm. Amma yenə də az olduğunu düşünürəm. Ən böyük problemim isə tərcümələrlə bağlıdır. Bir neçə müddət öncə Ayxan Ayvaz bu məsələni qabartdı, təəssüf ki, heç bir nəticə hasil olmadı. Əksinə, o və onu dəstəkləyənlərin xeyli üzərinə gedildi. Yəni, dediyim odur ki, tərcümələr məni qane eləmir. Bacardığım qədəri ilə eyni əsərləri həm türk, həm Azərbaycan dilində müqayisə edəndə çox ciddi fərqlərin olduğunu görürəm. Və bu səbəbdən məcburən türkcə oxumaq qabiliyyətim üzərində işləyirəm. Yaradıçılığımda isə zirvəyə çox var, hətta, lap çox var, xüsusən, dil axtarışlarımın və öz mətnimi tapmağımın xeyli vaxt alacağını düşünürəm və açığı, bundan çox böyük zövq alıram. Amma ümumilikdə, "Tanrı ilə söhbət" və "Leytenant" hekayələrimin adını çəkə bilərəm.

- Hekayə, roman, yoxsa  məqalə?
- Hekayə. Dəqiq hekayə. Əlavə şərh verəsi olsam, çox uzadacam.

- Hekayə yazarkən hansı əhval-ruhiyyədə olursan? Səni yazmağa nə vadar edir?
- Məncə, əhval-ruhiyyə anlayışında bir də "hekayə əhvalı" deyə bir şey olmalıdır. Yoxdursa, iddiasını edə bilərəm. Ki həqiqətən də, hekayə yazdığın anda keçirdiyin hiss və duyğuları başqa heç bir situasiyada yaşamırsan. Məni hekayə yazmağa vadar edən şeylərə gəlincə isə bu, çox şey ola bilər. Amma ilk növbədə, Kurt Vonnequtun dediyi kimi, narahatlıq. Bu, mənə görə, hekayə anlayışında təməl prinsipdir. O şey ki məni narahat edir, mən onu hekayəyə çevirə bilərəm.

- Sırf ədəbiyyatda hansı uğurlar səni ilhamlandıra, sevindirə bilər?
- Şəxsən məni adicə bir oxucu rəyi, yaxud yerli ədəbi camiədən gözləmədiyim birindən aldığım reaksiya sevindirə və stimul verə bilər. Fikir verdinizsə, reaksiya deyirəm, tərif yox. Yəni, bu, tənqid və "bəyənilməmək" də ola bilər. Tənqid inkişafın özüdür.

- Yerli ədəbiyyatımızda nə çatışmır?
- Bir az riskli sualdır, açığı. Çünki mənim indi ədəbiyyat camiəsində durduğum yer elə bir yerdir ki, buradan yerli ədəbiyyatı tənqid eləməyim düzgün olmazdı. Amma hesab edirəm ki, bu suala yazıçılıqdan daha çox mütaliəmə söykənib cavab verə bilərəm. Ki təkcə yerli müəllifləri oxuyub dursam, 70-80 faiz məişət mövzularına köklənəcəm. O mözvular mənim də beynimə oturacaq. Və bu baxımdan, təəssüf ki, bizim öz mətnimizi dünyaya çıxarmağımıza hələ bir xeyli varmış kimi görünür. Bir ingilisi, bir fransızı, bir almanı artıq xəyanət, ailə-qadın mövzuları ilə təəccübləndirmək, mətnə cəlb eləmək çətin yox, hətta mümkünsüzdür. Bizim yazdıqlarımızın əksəriyyəti isə elə bu çərçivəni əhatə edir. Elə içi özüm qarışıq. Oxuyuram, təsirə düşürəm, yazıram. Özü də, nəsrdə təsirə düşməyin faciəsi nəzmdən çox-çox ağırdır. Çıxmaq, demək olar ki, mümkün deyil.

- Yazıçı olmasaydın, hansı incəsənə sahəsinə yönlənərdin?
- Rejissor. Bununla bağlı çox böyük xəyallarım var. Düzü, hələlik, elə xəyal olaraq da qalır, amma, ən azından, özümə film çəkmədən ölməməyə söz vermişəm.


- Həmyaşıdın olan yazarlara nə deyərdin?
- Mehriban olmasınlar. (gülür) Həqiqətən. Çünki bu mehribançılıq yalançı tərif və alqışlara səbəbiyyət verir və kənardan çox iyrənc görünür. Gülməli yox, məhz iyrənc. Tərifdən çox adamın evini yıxan ikinci bir şey yoxdur. "Məni tərif eləməyin, tənqid edin" fikri ədəbi devizim ola bilər.

- Quran motivlərindən istifadə edərək dünya səviyyəsində əsər yazmaq mümkündürmü?
- Mümkündür. Ümumiyyətlə, din olsun, mifologiya olsun, yaxud, əfsanə və rəvayətlər olsun, bunlar hamısı yazıçı üçün ən yaxşı bazalardır. Amma istifadə edə bilənə. Hər adama yox. Amma mən belə bir şey haqqında, yəni, Quran motivlərinə söykənib mətn yazmaq haqqında qətiyyən düşünməmişəm.

- Suallara ürəyiaçıqlıqla cavab verdiyin üçün çox sağ ol. Uğurların bol olsun.
- Çox təşəkkür edirəm. Saytınıza və kollektvinizə də uğurlar.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)