Edebiyyat.az » Təqdimat » Nemət Mətin - Varis Dirienin həyat kitabı...

Nemət Mətin - Varis Dirienin həyat kitabı...

Nemət Mətin - Varis Dirienin həyat kitabı...
Təqdimat
admin
Müəllif:
06:51, 01 fevral 2021
1 417
0
Nemət Mətin - Varis Dirienin həyat kitabı...
 




 İllər öncə “Səhra çiçəyi” adlı filmi izləmişdim. Qaradərili bir uşağın səhra həyatı, qaçıb Somalinin paytaxtında qohumlarını axtarması, daha sonra isə xarici ölkəyə gedib uğur qazanması haqqında bir film idi. Avtobioqrafik filmin rejissoru Şerri Horman olub. Film uğur qazansa da kitabın uğuruna yaxın düşə bilməyib. Fotomodel, yazıçı Varis Dirie 28 yaşında öz həyatını kağız üzərinə köçürür. Filmdə sadəcə aysberqin görünən tərəfidir. Kitab daha dərin və xırdaçıdır. Somalidə susuluğu, insanların cahilliyini, təbiətin gözəlliklərini, qadının min bir əziyyətlə yaşamasını kitabda hiss etdim.

 Somali Federativ Respublikası – Şərqi Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir. Somali dilinin 1973-cü ilədək əlifbası olmayıb. Varis səhra həyatını, köçəri qəbilənin hər gününü bir romanda təsvir edərək yazır:

“Biz heç vaxt keçmişdən danışmırdıq - buna heç kimin vaxtı yox idi. Hər şey bu gün üçün idi, bu gün nə edəcəyimiz idi. Bütün uşaqlar yerindədirmi? Bütün heyvanlar salamatdırmı? Bu gün nə yeyəcəyik? Suyu haradan tapa bilərik?"

 Varis uşaqlığını təsvir edərkən bütün çətiniklərə baxmayaraq xoşbəxt həyat sürdüyünü göstərməyə çalışır. Fillər, pələnglər, dəvəquşular, əsas da dəvələrlə birlikdə səhrada keçirdiyi unudulmaz illəri sehirli, möcüzəli, maraqlı adlandırmaq olar. Varis uşaq olmağına baxmayaraq dəvələri otarır, vadiyə aparır, ayaqları qanayana kimi işləyir, atasının tapşırdığı işləri gün batana kimi görməyə çalışır. Eləcə də bütün ailə üzvləri.


 Bir gün bütün həyatı dəyişən müəllifin həmin günləri incəliyinə kimi yazması adamı özündən çıxarır. İnsan vəhşiliyinin adi qəbul olunması insanın mühitə görə dəyişkən olduğuna işarədir, amma yenə də ürək dözmür. Somalidə hər il 3 milyon qadın sünnət olunur. Onların 60 faizi natəmizlikdən düşən mikrobların törətdiyi fəsadlardan gözlərini əbədi yumurlar. Azyaşlı qızların heç bir informasiyası olmadan onlara bunun vacib olduğu aşılanır. Sünnət olunmamış qadına pozğun kimi baxırlar. Orada hər azyaşlı qız sünnət olunmağı arzulayır. Ta ki, ağrıları hiss edənə kimi. Ağrıkəsici vurulmadan törədilən vəhşiliyi müqəddəs qanun hesab edirlər. Varis bu hadisəni belə təsvir edir:

“Uzun barmaqlarını torbanın içinə salıb ortadan bölünmüş bir ülgüc götürdü. O tərəf-bu tərəfə çevirərək onu nəzərdən keçirdi. Artıq günəş çıxmaq üzrə idi, xırdalıqları görə bilməsəm də, hava rəngləri seçə biləcəyim qədər işıqlı idi. Amma ülgücün üstündə quruyub qalmış qanı görə bilmişdim. Qadın onun üstünə tüpürərək paltarına sildi. O, bunları edərkən anam şərflə gözlərimi bağladı və artıq heç nə görə bilmədim. Növbəti hiss etdiyim şey ətimin, cinsi orqanlarımın kəsildiyi oldu. Küt ülgücün mişar kimi dərimə sürtünərək çıxardığı səsi eşitdim. O vaxtları xatırlayarkən, həqiqətən də, inana bilmirəm ki, bütün bunlar mənim başıma gəlib. Elə bilirəm ki, başqa adam haqqında danışıram. Bunun necə hiss olduğunu izah etmək üçün yer üzündə ona bənzər ikinci dəhşətli hiss yoxdur. Sanki qıçını, qolunu kəsirdilər, amma nəzərə almaq lazımdır ki, kəsilən yer bədənin ən həssas hissəsidir.”

 Aylarla suyun olmadığı Afrika səhrasında keyidici dərman olmadan natəmiz alətlərlə əməliyyat olunmaq və sağ qalmaq möcüzə sayılır. Elə anlar olur ki, yaraya mikrob düşür və həftələrlə azyaşlı qızlar qızdırma içində yanırlar. Dərman yox, həkim yox. Bəxtin gətirsə sağ qalacaqsan. Varis bütün bu vəhşilikləri, amansız mübarizəni təsvir etdikcə insanın saçları biz-biz olur. Lakin yenə Varis səhranı tərk etməyi düşünmürdü. Ta ki, bir gün atası onu qonşuluqda yaşayan qoca kişiyə bir neçə dəvə qarşılığında ərə verəcəyini bildirənə kimi. Varis hara gedəcəyini bilmədən balaca komadan çıxaraq yola düzəlir. Sünnətdən sonra onu heç nə qorxuda bilmədi. Gözlərinin odu alınmışdı. Yolda pələnglə qarşılaşır. Nağıl kimi səslənsə də müəllif bütün hadisələrin olduğunu yazır. Pələngin dü gözlərinə baxır və inanılmaz hadisə baş verir. Pələng onu yemədən çıxıb gedir.

 Varisin həyatını oxuyanda necə cəsarətli qadın olduğunu görürük. Dəfələrlə zorlanmaq cəhdlərinə baxmayaraq hər zaman mübarizədən qalib ayrılan Varis uzun yolçuluqdan sonra London şəhərinə çatır. Burada da onun üçün asan olmur. Ağır günlər yaşasa da ümiddən düşmür. Bir gün onun həyatını yaxşı tərəfə dəyişəcək insanla rastlaşır. Terens Donovan onun şəkilərini çəkdikdən sonra Pirelli təqvimində çəkilir və beləcə uğurlu start baş tutur. Tezliklə Chanel, Levi’s, L'Oréal və Revlon kimi brend reklamlara çəkilir. Hətta Ceyms Bond filmində epizodik rol oynamaqla dünyaya tanınır. Somalidə doğulan, dəvələrlə gün keçirən, günlərlə susuz qalmağa öyrəşən, 15 yaşına kimi məktəb üzü görməyən qızcığaz haqqında BBC kanalı sənədli film çəkir, Elle, Voque və digər dünyaca məşhur jurnalların üz qabığını tutur, dünyanı səyahət edərək filmdə rol oynayır, podiumlarda model kimi çıxış edir. Kitabı oxuduqca adamın qulağında bir cümlə tez-tez səslənir. Heç vaxt təslim olma! Varisin həyatına baxanda uğura gedən yolun necə ağır ola biləcəyinin şahidi oluruq. Dəvədən səbr etməyi öyrənən müəllif nə qədər uzaqlara getsə də öz doğulduğu diyarı heç vaxt unutmur.


 Balaca qızcığaz böyüyüb güclü qadın olandan sonra feminist olaraq qadın hüquqlarını hər zaman qorumağa çalışır. Əsasən Afrika qadınlarına kömək etməyə çalışır. Özünün yaşadığı dəhşətli günləri heç bir qadına rəva bilmir. Hətta kitabının son cümlələrində də yazır:

“Daim dua edirəm ki, gün gəlsin, heç bir qadın belə ağrı çəkməsin və bu çox keçmişdə qalmış bir ənənə olsun. Desinlər ki, “Eşitmisiniz, qadın sünnəti Somalidə qanunla qadağan edilib?” Bütün dünyadakı qadınlar özlərini təhlükəsiz hiss edənədək, tək Somalidə yox, elə başqa ölkələrdə də... O gün necə xoş bir gün olar! Və mən var gücümlə buna nail olmağa çalışıram. İnşallah, Allahın köməyi ilə o gün tez çatar.”
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)