Edebiyyat.az » Təqdimat » Rahid Ulusel - Ralf Uoldo Emerson və onun aforizmləri.

Rahid Ulusel - Ralf Uoldo Emerson və onun aforizmləri.

Rahid Ulusel - Ralf Uoldo Emerson və onun aforizmləri.
Təqdimat
admin
Müəllif:
08:40, 19 sentyabr 2021
1 200
0
Rahid Ulusel - Ralf Uoldo Emerson və onun aforizmləri.

 


 

 

Amerika esseisti, filosofu, şairi, XIX yüzilliyin əvvəllərindəki transendentalizm hərəkatının lideri Ralf Uoldo Emerson ((1803 – 1882) tarixi təkamülün Herder konsepsiyasından çıxış edərək,  Şərq və Qərb sivilizasiyalarına vahid mədəni dünyanın ayrılmaz hissələri kimi baxmış və bu ideya xəttini bütün yaradıcılığı boyu davam etdirərək ona sadiq qalmışdır. 

 

“Yeni dünya”nın transendentalist düşünərləri belə hesab edirdi ki, Amerikanın inkişafında “avropamərkəzçiliyi” deyil, “ümumbəşərilik” ideyası aparıcı olmalıdır.

 

 Onlar Şərq və Qərb sivilizasiyalarını eyni müstəviyə gətirməkdən irəli gedərək, genəlliklə, şüurun “Şərq” və “Qərb” tiplərini fərqləndirir və onların qarşılıqlı təsirini və bir-birini tamamlamasını dünya bütövlüyünün zəruri prosesi kimi dəyərləndirirdilər. 

 

“Hər bir millətin öz içində Şərqlə Qərb vuruşur” – deyən çağdaşı və məsləkdaşı Henri Devid Toro kimi, Emerson da bu nəticəyə gəlir ki, hər bir insanın düşüncə məkanı –   Şərqlə Qərb arasında döyüş meydanıdır.   

 

Aforizmlər

 

Yandırılan hər kitab dünyanı işıqlandırır.

 

 

Həyat – miniatürdə əbədiyyətdir.

 

 

Mühüm olan – tənhalığa çəkilmək deyil, ruhən azad olmaqdır. Şəhərlərdə yaşayan şairlər də zahiddirlər.

 

 

Biz həyatdan ona verdiklərimizi alırıq.

 

 

Güclü xarakterə malik insanlar – cəmiyyətin vicdanıdır.

 

 

Təbiət qeyri-dəqiqliyə dözmür və yanılmaları bağışlamır.

 

 

Həmişə elə et ki, sanki onu etməyə qorxursan.

 

 

Hər bir şəxs nədəsə məndən üstündür, bu mənada mənim ondan öyrənməyim üçün nəsə var.

 

 

Böyük adamlar uğurun qazanılmadığı məqama təəssüflənmirlər.

 

 

Zəif adamlar uğura inanırlar, güclülərsə – səbəb və nəticəyə.

 

 

Siz hansı ifadələr işlədirsinizsə işlədin, fərqi yoxdur, siz heç vaxt eləsini deməyəcəksiniz ki, o, xarakterinizi açmasın.

 

 

Siqaret çəkmək o arxayınlığa imkan verir ki, sən heç nə etməyəndə də nəsə eləyirsən.

 

 

Nazik buz üstünə çıxanda, sənin bütün ehtiyatının “çatlamaq” təhlükəsi var.

 

 

Yaxşı maneralar özünü xırda-xırda qurbanvermələrdən ibarətdir.

 

 

Məktəblərdə və universitetlərdə öyrəndiklərimiz təhsil deyil, təhsil almaq bacarığına yiyələnməyimizdir.

 

 

Qəhrəman adi insandan heç də cəsur deyil, sadəcə, onun cəsurluğu beş dəqiqə tez başlayıb, beş dəqiqə artıq çəkir.

 

 

Bütün yaxşı natiqlər sənətinə pis natiq kimi başlamışlar.

 

 

Mənim gecə qonaqlarım divardakı saata baxmasalar da, vaxtı mənim üzümdən oxumalıdırlar.

 

 

Tarix, əslində, yoxdur, olan – bioqrafiyalardır.

 

 

Yaman bahadır pullar.

 

 

Bizim hər birimiz müxtəlif temperaturlarda qaynayıb daşırıq.

 

 

Sənə heç nə öz gücünlə əldə etmək qadirliyin qədər rahatlıq verə bilməz; sənə heç nə öz prinsiplərinin təntənəsindən savayı rahatlıq gətirə bilməz.

 

 

Biz gözəllik axtarışları ilə dünya səyahətinə çıxarkən,  gərək onu da özümüzlə aparaq, yoxsa səyahətimizin heç bir faydası olmayacaq.

 

 

Yaxşı düzəldilmiş nəsnəyə mükafat – elə onun özüdür.

 

 

Pula hər şeyi almaq olar – insan qəlbinin hərarətindən başqa.

 

 

Öz zahiri görünüşünü, bədən və davranışını gözəl etmək – daha çox insanlara sevinc bəxş etmək, heç kimi incitməmək istəyindəndir.

 

 

Bütün istəklərini qurban ver və yalnız öz qəlbinin hökmranlığında ol.

 

 

Gözəl davranış gözəl bədəndən daha gözəldir; o, tablo və heykəldən daha yüksək zövq verir; bu davranış bütün incə sənətlərin ən zərifidir.

 

 

Dostluğun parlayışı – uzadılmış əldə, xoş təbəssümdə, işbirliyinin sevincində deyil; o elə bir mənəvi işıqlanmadadır ki,  insanın, dostluğunda inandığı və ona inanan başqa bir insanın var olduğunu anlama məqamında baş verir.

 

 

Söz və əməl – ilahi enerji təzahürünün tam şəkildə bərabər olan görünüşləridir. 

 

 

Aydındır ki, Allah bizim hamımızı varlı, güclü və böyük insanlar etmək niyyətində olmayıb, ancaq Xaliq istəyib ki, biz hamımız dost olaq.

 

 

İnsanın intellektində qəlbi döyünürsə – bu, dahilikdir; qəlbi iradəsinə üstün gəlirsə – bu, əsl xeyirxahlıqdır; qəlbi istəkləri ilə birləşirsə – bu, sevgidir.

 

 

Təşkilat nədir – tək bircə nəfərin uzadılmış kölgəsi.

 

 

İnsan – gündəlik fikirlərinin toplusu.

 

 

İnsanlara etibar et – onlar sənə sadiq olacaqlar; insanlarla böyük adamlar kimi davran – onlar əsl böyüklüyünü üzə çıxaracaqlar.

 

 

Böyük insanın axtarışları – onun gəncliyindəki arzuları və kamilliyindəki ən ciddi məşğuliyyətidir.

 

 

Bu həyat ona görə kölgələrlə doludur ki, bizim, demək olar, hər birimiz günəş altında öz yerimizi başqalarına verməməklə bərk-bərk tutmuşuq.

 

 

Çətinliklər onları aradan qaldırmaq üçün mövcuddur.

 

 

Fərəh o ətirdir ki, özünə ondan bir neçə damcı vurmadan başqalarının üstünə səpmək mümkün deyil.

 

 

Dünyada mövcud olan bütün dinlər – bu və ya digər müqəddəsin etik sistemləridir.

 

 

Dostuna vaxtaşırı baş çək: insan ayağı az dəyən cığırları ot-alaq basır.

 

 

Sən möhkəm özəyə malik olmalı və daxili dünyanı içəridən idarə etməlisən.

 

 

Mənzərə tablosu həddən artıq mənzərəli olmamalıdır.

 

 

Elm bilmir ki, o, nəyi ilə təxəyyülə borcludur.

 

 

İnsanın nə qədər xeyirxahlığı varsa, bir o qədər də həyatı var.

 

 

Gerçəyə hədsiz oxşarlıq incəsənətin ölümüdür.

 

 

Adidə möcüzəlini görmək bacarığı müdrikliyin dəyişməz nişanəsidir.

 

 

İncəsənətdə insan əlinin yaratdığı onun qəlbinin vəcdindən yuxarı qalxmamalıdır.

 

 

O poeziyaya varam ki, məni daha saf və mərd edir.

 

 

Ayrıca bir adam kimi bəşəriyyətin də hər yaşının öz xəstəliyi var.

 

 

Bilik – onu yaymaq üçündür.

 

 

Ali dostluq üçün bir zəruri şərt var: onsuz keçinə bilmək.

 

 

Musiqi insana böyüklüyün o imkanlarını açır ki, onlar yalnız sirlərlə daşan qəlbdən doğulur.

 

 

Əxlaqilik – iradənin ümumdünya məqsədlərinə yönəlməsidir.

 

 

Əsl dahini siz bundan tanıya bilərsiniz ki, onun zühuru ilə bütün kütlərin onun qəsdinə dayanması bir olur.

 

 

Təbiət heç vaxt pinti və yarıçılpaq olmur, o həmişə şıq və gözəldir.

 

 

Uğurlu tərbiyənin sirri öyrətdiyinə ehtiramlı münasibətdədir.

 

 

Təbiət – əbədi olaraq dondan-dona girən buluddur: aramsız dəyişkənliyi – dönərgəliyində o həmişə özü olaraq qalır. 

 

 

Başqalarında günah saydıqlarımızı – özümüzdə eksperiment hesab edirik.

 

 

Müəllim – çətin şeyləri asan edən insan.

 

 

Təriqət və partiya – insanı müstəqil düşünmək əzabından xilas etmək üçün uydurulmuş nəsnə.

 

 

Divanədən nəsə gözləmək olar, ortababdan – heç nə.

 

 

Fikir – çiçəkdir, söz – toxumluqdur, fəaliyyət – bar.

 

 

Yer kürəsinin girdə formasının qabartdığı yanlış bir fikir var ki, guya hər bir insan dünyanın zirvəsində dayanıb.

 

 

Müdrik insan həmişə onun əleyhinə qalxanların tərəfində olur. Çünki o, zəif yerini onlardan daha sayıqca  tapmaqda maraqlıdır.

 

 

Dahinin hər yaratdığında biz özümüzün gerçəkləşə bilməmiş fikirlərimizi görürük.

 

 

Böyük insanlar orijinallıqdan daha çox vüsət və ənginliyi ilə diqqətəlayiqdirlər.

 

 

Böyük ağıl öz gücünü təkcə düşünmək qabiliyyətində deyil, həm də yaşamaq bacarığında göstərir.

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)