Rasim Əlizadə - Qaraqan niyə qayıtdı?
Qaraqan ləqəbli Elxan Zeynallı Azərbaycan rep tarixinin ən fərqli, qəribə obrazlarından biridir. Onun fərqli olması H.O.S.T qrupunun fəaliyyət vaxtlarından bəlli idi. Gənclərin sevimlisinə çevrilən Qaraqan fərqli fikirləri ilə insanlara təsir edə bilmişdi. Razılaşmaq olar ki, çox gəncin dünyagörüşünü dəyişib və fərqli həyat tərzinə sahib olmasına kömək etmişdir. Gənclər h.o.s.t yazılı olan köynəklər geyərək bir növ biz də bu yolun yolçusuyuq mesajı verirdilər. Bilməyənlər üçün deyim ki, H.O.S.T- hava, od, su, torpaq sözlərinin qısaldılmış formasıdır.
“Proloq”, “Qarada Qırmızı”, “Leykemiya” albomlarında fərqli fikirlərini dinləyicilərinə təqdim etmişdir. Fərqli yanaşmalara sahib olan Qaraqan televiziya verilişlərindəki sərt çıxışları ilə də yadda qalmışdı. İstər Atv kanalında, istər Maşın Şoudakı çıxışları ilə. Məncə ən təsirlisi isə Maşın Şouda oyunu tərk etdiyi vaxt dediyi fikirlərdir. Fikri eynilə yazıram- “Maşının ətrafında gəzəndə 5-6 yerdən vicdan tapmışam, kim vicdanını itiribsə gəlib məndə axtarsın, verə biləcəm.
Azad düşüncədən, sevgidən, dürüstlükdən, hüquqlardan, əxlaqdan bəhs edən Qaraqanın dərdi nə idi? İnsanlara nəyi çatdırmaq istəyirdi, insanları necə görmək istəyirdi?
“ Sevgi yoxdur” trekində saf sevginin olmaması, “Mənim mübarizəm” trekində hər şeyə üsyan etməsi, “Salam Allah” trekində İslam dinindən bəhs etməsi.. Etiraf otağında öz həyatından danışması.. Qaraqanın səmimi, həssas, emosional olmasından hiss olunurdu ki, fərqli uşaqlıq həyatı yaşayıb. Bəlkə də yaşadığı hadisələr fikirlərinə, davranışlarına, nəticədə qəribə və fərqli bir fərd kimi formalaşmasına təsir etmişdi.
H.O.S.T qrupu çoxlu şəxsdən ibarət olsada daha çox yadda qalan və unudulmayanlar Qaraqan, Aid, Promete oldu. Aid ( Orxan Zeynallı) Qaraqanın əmisioğludur. Aid və Promete də çox yaxşı təsir bağışlayırdılar. Amma ən fərqlisi nədənsə Qaraqan idi. Qrup olaraq yaxşı işlər gördülər, gənclər onları çox sevdi, onların mahnıları ilə gecə yatıb səhər oyanırdılar, o gənclərdən biri də elə mən. Sonra nə oldusa qrup dağıldı, reperlər solo kariyeralarına başladılar. Qrupun dağılması bağlı hərə bir söz desədə tam konkret səbəb bilinmədi, heç reperlər özləridə demədi.
Solo kariyeraya başlayan Qaraqan mahnılarıyla insanlara könlünü oxşamağa davam edirdi. “Dərzi”, “Baş rolda özüm” və.s. Əlavə olaraq “Madhouse community” də artist olmuşdur, Okaber və Əli Xəyyamla birgə proyektlərə imza atmışdır.
Repdən ayrıda Qaraqan 10 ədəd kitab yazaraqda müəllif kimidə insanların yaddaşında qaldı.
Və bu qədər yaradıcılığın fonunda Qaraqan 7 il öncə ölkədən və sənət həyatından getdi. Amerikada yaşamağa başladı. Qaraqanın gedişi dinləyicilər üçün çox pis xəbər olmuşdu. Qaraqan küsüb getdi deyənlər çox olsa da əslində səbəbi heç kim bilmədi. Həqiqətən küsüb getmişdirsə hamıya maraqlı olan bu idi ki, niyə küsüb ölkədən getdi və mübarizəsini niyə dayandırdı? Hər şeyi ataraq çıxıb getmək bəzən insanı daxilən rahatladır amma ki, ən əsası bir insan nələrlə üzləşməlidir ki bu dərəcə həyati bir qərar versin. Rep game (oyun) bəzən bunu tələb edir. Okaber bir trekində “ Bu oyundan küsüb gedənləri qaytaracam, anladacam Leykemiyanı deyərək Qaraqanı qaytaracağına işarə etmişdi, halbuki üzərindən 7 il keçdi.
Və, nə az, nə çox 7 il keçəndən sonra Qaraqan yenidən sənətə və Azrepə qayıtdı. 2023 sentyabr 29 tarixində “Söz” treki onlayn oldu və Birinci dərəcə açıq elan edildi və 70.000 nəfər qoşuldu.
“Söz “ trekində əsas məğz bundan ibarət idi- Ruhun ölümdən oyanışı. Səsin-küyün, gözə asılan pərdələrin bol olduğu saxta zamanda həqiqətin və sözün dirçəlişi – qarşıdan gələn böyük bir təhlükəyə işarə. Bu qayıdış ayrılığa səbəb olacaq həqiqi şəxiyyətləri boz kütlədən ayıracaq.
Növbəti treki olan “Bənövşə” daha fərqli və zövqlü oldu. Oktyabr 8i onlayn olan bu əsərin əsas məğzi belə idi-Bənövşə gülü simvolik məna daşıyır və Ruhanilik ilə bağlıdır. Uzun illər hər kəsi tərk etmiş birisinin qayıdışı. Səhvlər və doğruları dərk edərək Ruhani dərəcəyə yüksəlmək. Mahnının video görüntülərinə baxdıqda Azərbaycanın bəzi dövrləri gözümüz qabağından keçir. Sanki Zamanın Ruhu bizlərə baxır və bizə bizi göstərir. Yaxşı və pis, xeyir və şər – hamısı bizik. Yalnız özümüzü anlayıb tanıdıqdan sonra Ruh dərəcəsinə yüksələ bilərik. Yalnız kim olduğumuzu qəbul etməklə dəyişə bilərik.
Noyabr 3ü növbəti trek “ Bəyaz duman” onlayn oldu, narkotik vasitələrin zərərindən bəhs edən bu repin əsas məğzi belə idi-Qaraqan yeni nəslin narkotik vasitələrə, uyuşduruculara vərdişini şəhəri bürüyən bəyaz dumana bənzədir. Qaraqan yeni nəsilin bu meylinin təsadüfi olmadığını bildirir. Bu xəstəliyin yayılmasında yalanın böyük rol oynadığını bildirir. Böyük qardaşın qayıdıb deməklə yeni nəsil üçün gəldiyini və dəqiq hədəflərinin olduğunu görürük. Videoda istifadə olunan simvolik vizual elementlərdən bir neçəsi nəzərimizə çarpır. Bakı üzərində nəhəng hörümçəklər, alovlanan qılınc ilə Ruhun at belində qayıdışı, xeyir və şər qüvvələrin müharibəsi. Heç bir vizual təsadüfi deyil.
Noyabr 12si “Sonuncu aşırım” onlayn oldu və Qaraqan dayanmadan fikirləri ilə mesajlarını ötürməyə davam etdi. Burdakı əsas çatdırmaq istədiyi mesaj belə idi- Sonuncu Aşırım alleqorik əsərdi. Koroğlu dastanı ilə paralel gedən bu parça həm də Söz, Bəyaz Duman ilə sanki birləşir və ümumi mənada tamamlanır. Qəhrəman öldü və qədimi Ruha çevrildi. İndi bu Ruh geri qayıdır və artıq ölümsüzdür. Ona atılan heç bir zərbə ona toxunmur, güllələr içindən keçir, nizələr ona dəymir. Onun aid olduğu mənəvi məqam onu reallıqdan ayırır və ölümsüzləşdirir. Yeganə məqsədlə geri gəlir, insanları zülmətdən işığa, yalandan həqiqətə çıxarmaq.
Noyabr ayında dayanmaq bilməyən Qaraqan növbəti “O dünyanı görüb gəldim” adlı əsərini ayın 18 tarixində onlayn etdi və bu trek digərlərindən musiqi tərzi, temp, qafiyə baxımdan fərqləndi və daha pozitiv təsir bağışladı. Bu repin isə əsas məğzi belə oldu- Söz şeirini yadınıza salın – Ona görə sənə dərmanı verəcəm “yeməklə” – Qaraqan öncədən bildirir ki, İntibahı başlamaq üçün cəmiyyətin hər bir üzvünə təsir etmək lazımdır. Bunun üçün ağır mənalı şeirlər arasında həm də böyük kütlənin qavraya biləcəyi mahnılar da olmalıdır. O dünyanı Görüb Gəldim – asan qavranan olsa da axtaran üçün içində gizli mənalar ilə bol mahnıdır. Burada Qaraqan nə üçün bu uzun zamanda ondan heç bir xəbər çıxmamasına azca da olsa aydınlıq gətirir.
Dekabr 1i “ Qızım “ trekini onlayn edən Qaraqan burada Azərbaycan üçün çox pis bir adətdən bəhs edir, bu selektiv abort mövzusudur, hansı ki Azərbaycan buna görə dünya ölkələri siyahısında liderlik edən ölkələrdən biridir və müəllif bundan narahatlığını bu formada bildirir- Qızım fəlsəfi layla janrında yazılmış mahnıdır. Burada Qaraqan bütün xalqın qızlarına və gələcək nəsillərə müraciət edir. Atanın qızına ithafı kimi səslənən bu mahnının əsasında cəmiyyətin böyük problemləri işıqlandırılır. Keçmişin cahillikdən gələcəyin bayağılığa qaçan yeni nəsil sanki öz köklərini qurban verir və daxili zənginliyini unudur. Qaraqan qadının cəmiyyətin vacib parçalarından biri olduğu vurğulayır – belə ki, adətən övlad haqqında yazılan şeirlərin bir çoxu oğullara ithaf edilir. Qaraqan Qızım mahnısı həm bu cahil ənənəni dəyişir. Amma cahillik təkcə keçmişdən deyil gələcəkdən də gələ bilər. Qaraqan bildirir ki, elmi inkişafın bizə verdiyi seçmə (selektiv) abort da belə cahilliklərdən biridir. Video görüntüdə cılız qız İstanbulun küçələri ilə ona ağır yük olan qızıl balığı daşıyır. Yalnız videonun sonunda qızın hara getdiyi məlum olur.
Və yazının sonunda bu sual-, Qaraqan 7 il sonra niyə qayıtdı? Bəziləri bunun kommersiya məqsədli olduğunu deyir bəziləri isə Qaraqanın özü kimi insanları aydınlığa çıxarması üçün qayıtdığını deyir. Onsuzda burada maddi qazanc varsa kommersiya rol oynayır amma ki , məsələ sırf bundan ibarət ola bilməz, ən azından bu replərindəki fikirlərindən, yanaşmasından, hədəfə çatmaq üçün ötürdüyü mesajlardan hiss olunur. Və onu sevənlər bu qayıdışa çox sevinir, növbəti replərini səbirsizliklə gözləyirlər bunu youtubedakı yazılan rəylərdən görmək olur..
Amma yenədə həqiqəti bilmək istərdim ki, Qaraqan 7 il sonra niyə qayıtdı?..
Və bizdən nə istəyir, bizi necə görməyi hədəfləyir?..
Bu yazını Qaraqanı sevib dinləyənlərə ithaf edirəm..
Xoş gəldin Qaraqan..