Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - İtirilmiş zaman

Kənan Hacı - İtirilmiş zaman

Kənan Hacı - İtirilmiş zaman
Ədəbi tənqid
admin
Müəllif:
15:38, 05 avqust 2024
484
0
Kənan Hacı - İtirilmiş zaman

 


                                 1


 Şirin və həzin bir təsadüf... Sezen Aksunun ilk albomunun adı “Allaha ismarladıq”, Tom Uaytsın buraxdığı diskin adı isə “Closing time”dır. Ötən əsrin 70-ci illərinin əfsanələri... Bunları musiqinin gözəlliyinə diqqət çəkmək üçün deyil, zaman haqqında düşünərkən ilk ağlıma gəldiyi üçün yazıram. İnsan yolun başındaykən çox məsafə qət etdiyini düşünür. “Şimdi bana kayb olan yıllarımı versələr...” deyir Sezen Aksu. Hansı illərini? On beş-on altı yaşlarındakı illərimi? Tom Uayts “Closing time” albomundakı “Marta” şarkısında bir-birini qırx ildən bəri görməyən sevgililər arasındakı bir telefon danışığını anladır: “Mən artıq özümü qoca kimi hiss edirəm, sən də tamam yaşlandın”. 

Gənclər özünü təsdiq etmə təlaşında ikən təcrübəsizliklərini iki yolla gizlətməyə çalışırlar: ya yaşadıqları zamanı sonsuza qədər genişləndirməyə cəhd edirlər, ya da özlərini yaşından böyük göstərməyə can atırlar. Bu, təbiidir. Çünki hələ zamanla hesablaşmaq haqda düşünmürlər. Hələ o böyük qapıdan içəri adlamayıblar. “Kayb oldu” deyilən illər hələ itirilməyib. Başlarını bu qəliz və mürəkkəb məsələlərlə yormaq heç ağıllarına gəlmir.  

                                       2

İllər keçir... İnsan böyüyür... Zamanla hesablaşmalı olur. Zamansa sürətlə axıb gedir. İtaliya yazıçısı Dino Bussati “Tatar çölü” romanını 1939-cu ildə qələmə alıb, 1940-cı ildə İtaliya ordusunda xidmətdə ikən çap etdirib. Ədəbiyyat dünyasının klassikləri sırasında yer alan bu əsər gözdən uzaqda, bir dağın yamacında, Tatar çölü adlanan ucsuz-bucaqsız çölün ortasında ucalan orta əsrlər qalasındakı bir gözləntidən bəhs edir. Bussati Bastiani qalasını sanki dünyanın sonundaymış kimi təsvir edir. Əsgərlər orada çölün hansısa səmtindən hücuma keçəcək tatarları gözləyirlər. Yazıçı növbəti dünya müharibəsinin astanasında savaş gözləyənlərin romanını yazmış, aynanın qarşısına ayna tutmuşdur. 

Romanın cəlbedici tərəfi sadəcə, gözləntidən ibarət deyil. Əsər ümid etməyi, keçib getməyi, zamanın axışını simvolizə edir. Bussatinin ustalığı üçünü bir yumaq kimi bir-birinə dolaması və bir bütöv halına gətirməsidir. Gözləmək, ümid etmək və keçib getmək... Üçü də eyni qapıya aparıb çıxarır. Zamanın qapısına. Əslində bütün bəşər tarixinin yolu bu qapıdan keçir. Amma müxtəlif kateqoriyaların zaman qapısında rastlaşması unikal bir hadisədir. 

Biz zamanın içində ikən onunla əlaqələrimi anlaya bilirikmi? Bussati “Tatar çölü”ndə yazırdı:

“Bu vaxta qədər o, həmişə ilk gəncliyinin qayğısızlığı ilə, uşaq vaxtı insana sonsuz görünən, illərin yavaş-yavaş keçdiyi, heç kəsin keçdiyinin fərqinə varmadığı bir yolla getmişdi. İnsan bu yolla sakitcə irəliləyər, maraqla ətrafa baxardı, tələsməyə əsla ehtiyac yox idi, nə arxanda səni gözləyən, nə də qarşıda tələsdirən vardı. Evlərin qapısına çıxmış böyüklər sizi dostcasına salamlayır və günah hissinə bürünmüş təbəssümlə üfüqü göstərirdilər. Beləcə, ürək dadlı arzularla döyünür, insan onu qarşıda gözləyən sevinclərə doğru tələsir. Hərgah onlar çox uzaqdadır, insansa inanır ki, bu yol mütləq o xoşbəxtliyə aparıb çıxaracaq.

Yol çox uzundurmu? Sadəcə, irəlidəki nəhri adlamaq, bu yaşıl təpələri aşmaq yetərlidir. Bəlkə də artıq çatmışıq. Bu ağaclar, çəmənlər, bu ağ ev bəlkə də elə bizim axtardığımız yerdir. Bir anlığa buna inanır adam. Az sonra qulağına kimsə pıçıldayır ki, qarşıda səni bundan gözəl şeylər gözləyir. Və yenidən yola davam edirik. Beləcə, insan ümidlə qolboyun yol gedir. Günəş göy üzündə bərq vurur, axşam qüruba enir. Qəfil ayaq saxlayır, geri boylanırsan, sanki hansısa qapı arxanca örtülür. Günəş artıq yoxdur, sən onun gözəlliyindən doyunca həzz ala bilmirsən. Covanni Droqo isə bütün bunlardan xəbərsiz halda uyuyur, yuxusunda uşaqlar kimi gülümsəyirdi”. 

                                         3

“Tatar çölü”nü oxuyarkən istər-istəməz bu gün haqqında da düşünürük. Bu gün nəyi gözləyirik? Gözləyərkən zamanın keçib getdiyinin fərqindəyikmi? 

“Tatar çölü” ötən yüzilliyin ədəbi zirvələrindəndir. Bussati bu zirvəyə məkanlar və zamanlar arxasındakı insanı müdhiş bir istedadla anladaraq gəlib çıxdı. Bu əsər şübhəsiz bugünün insanına da xitab edir, amma yeni insanın ordakı zaman anlayışı ilə nə dərəcədə əlaqəsi var? 

Həyatımız heç olmadığı qədər fərqli surətdə axıb keçir. İstehsal vasitələri dəyişir, istehlak formaları dəyişir, insani münasibətlərin məcrası dəyişir, digitallaşır. Bütün bunlar zamanla münasibətlərimizə də öz təsirini göstərir. İnternet iki-üç saniyə ərzində heç bir zəhmət çəkmədən üzümüzə bilgi qapılarını açır. Bəs bilik əldə etmək üçün xərclədiyimiz zamanı hara qoyacağıq? Zamanın keçdiyini necə, hansı formada anlayacağıq? Zamanla əlaqəmizi necə quracağıq? 

Zamanla bağlı anlayışlarımız aşılandıqca ömrümüz də fənaya gedəcək. Bir sosial mediaya nəzər salın, görəcəksiniz. Gənclər hər şeyə gecikdiklərini zənn edirlər. Öyrənməyə, axtarmağa, tapmağa, xərcləməyə... İnsanlar zamanla haqq-hesablarını itiriblər. Sezen Aksunun “kayb olan yıllar”ı kimi bir hekayə deyil bu. Tom Uayts “Closing time”da “zaman çox sürətlə keçdi” deyir. Qocalar üçün zaman sürətlə keçir, bu, təbiidir. Amma bu gün gənclər də zamanı yaxalaya bilmirlər, onlar da zamanın sürətinə çata bilmirlər. 

                                          4

Tatar çölünün üfüqlərindən itirilmiş zaman insanlığa əl yelləyir... 

5 avqust, 2024-cü il 

       

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)