Günel Rəcəbdən üç şeir.
Çanta
Təkliyimi gəzdirirəm
Çanta kimi özümlə.
İçində bir az sükut,
Bir az da küskünlük var.
Sonuncu sevgidən miras
Xatirələr, sətirlər,
Bir də bu kədərli şeirlər…
Məsafələr uzandıqca
Yoxluğun ağır gəlir.
Daşımağa gücüm çatmır,
Təkliyim məni əzir.
Qanadımı qıranlar
Öz qanımdan idilər.
Qanadlarım əvəzi
Mənə çanta verdilər.
Şairlərin həyat tərzi
Hər şairin
Bir pəncərəsi var.
İşıqları sönməyən.
Hər pəncərədən
Bir baxanı
Xatirində ölməyən.
Hər baxanın
Bir arzusu
Heç vaxt geri dönməyən.
Bir qəlbi. Bir qələmi
Bir də ayrılıqları...
Içkidən omayan
Bir sərxoşluğu var.
Elə hey qurşanar.
Tənhalığı içər şərab əvəzi
Belə olur
Şairlərin həyat tərzin
Skripkanın səsi
Skripkanın həzin səsi
Günlərdir ağladır məni.
İlmə-ilmə sökür ruhumu.
Güzgü də
Üzümə vurur
Yenə sənin yoxluğunu.
Asın məni şeirlərimdən!
Anamın göz yaşıyla,
Noyabr yağışıyla
Yuyun günahlarımı.
Ruhumun boş yerinə
Qoyun saralmış
Çinar yarpaqlarını.