Edebiyyat.az » Poeziya » Bertold Brext - "Kuraj ana və uşaqları” pyesindən nəğmələr

Bertold Brext - "Kuraj ana və uşaqları” pyesindən nəğmələr

Bertold Brext - "Kuraj ana və uşaqları” pyesindən nəğmələr
Poeziya
admin
Müəllif:
23:43, 23 noyabr 2023
456
0
Bertold BREXT - "Kuraj ana və uşaqları” pyesindən nəğmələr





Kuraj ananın nəğməsi


E-y-y, komandir, işarə ver durmağa,

Çəkmələri dəyişməyin vaxtıdır;

Əsgərləri çox tələsmə yormağa,

Döyüş qaçmır, ayaq saxla, toxta bir!


Onsuz da bu od-alovun içində

Vaxt olacaq yanıb külə dönməyə;

Heç olmasa bu dünyadan köçəndə

Qoy köçsünlər təzə, rahat çəkmədə.

 

Siz, ey xaçpərəstlər, oyanın daha!

Gorda yatmaq ölülərin haqqıdır.

Kim sağdısa qalxsın, dursun ayağa,

Buz əriyir, artıq yürüş vaxtıdır!

 

Kolbasasız, pivəsiz və çaxırsız

Döyüşçünün it qanıdır qanı da.

Bax, elə ki doyuzdurdun qarnını

Dincələcək bədəni də, canı da.


Bəs deyincə yeyib-içib doyanda

Şəstlə gedər əsgər düşmənin üstə.

Hansı axmaq cəhənnəm tiyanında

Acqarına yanıb kül olmaq istər?!

 

Siz, ey xaçpərəstlər, oyanın daha!

Gorda yatmaq ölülərin haqqıdır.

Kim sağdısa qalxsın, dursun ayağa,

Buz əriyir, artıq yürüş vaxtıdır!

 



Kuraı ananın böyük oğlu Eylifin

əsgər və əsgər arvadı haqqında nəğməsi


Birini süngü yortar,

birini güllə yırtar,

dərin çayların dibi bəyəm qəbir deyilmi?

 

Yazda qorxuludur buz,

məni buraxma yalqız,

qal yanımda! – arvadı döyüşçüyə deyirdi.

 

Təbilin gurultusu,

davanın uğultusu

arvadının sözündən daha şirindir ancaq.

 

Hələ ayaqlarımız çox yolları yoracaq,

boz çöllərin tozunu yürüşlərdə udarıq, 

nizələri, oxları havadaca tutarıq! –

cavabında əsgərlər belə söyləyirdilər. 

 

Məsləhətə qulaq as, 

ağıllı davran bir az –

güc-qüvvət ağıldadır, şərdə-zorda deyil ki!


Hər şeyə xor baxarsan,

axırda xar olarsan,

məhv olarsan! – arvadı döyüşçüyə deyirdi.

 

Eh, arvad tayfasının sözlərinə kim uyar?!

Yolumuzu kəssə çay, üstündən adlarıq biz,

kirli mundirimizin 

tozunu sular yuyar.

 

Nə vaxt ki damın üstdə ulduz işıldayacaq

yalnız o zaman ərin  

yanına dönər sənin! –

əsgərlər o arvada bunu deyirdi ancaq.

 


Kuraj ananın nəğməsi


Onun şücaətləri kimə gərəkdir axı,

Eh, bu igidliklərin bizlərə az dəxli var.

Mənim ərciyəzim də itkin düşüb nə vaxtdı,

Allah qorusun! – deyir əsgər haqqında arvad. 

 

***

 

Əynində boz mundiri, nizəsi də əlində –

Əsgər batdı qəfildən çayın qıjov yerində.


Və buzlaqlar yarılıb uddu onu bir anda.

Bir ulduz işıldadı qəfildən damın üstdə…

Bir ulduz işıldadı… bəs nə deyirdi onda, 

O əsgərlər arvada bəs nə deyirdi, bəs nə?

 

Onun şücaətləri kimə gərəkdir axı,

Dərin çayların dibi qəbirdi ki qəbirdi!

Hər şeyə xor baxarsan, axırda xar olarsan,

məhv olarsan! – arvadı döyüşçüyə deyirdi.


İvettanın nəğməsi


On yeddicə yaşım vardı

yağı düşmən bu şəhəri yenəndə.

Amma yaxşı davranardı

o yaz çağı yağı düşmən mənimlə.

 

Sübh obaşdan ağaranda dan yeri

qalxıb durardı alay,

dövrə vurardı alay. 

Axşamlarsa biz qaranlıq meşədə,

yaşıl-yaşıl kolluqların içində

sevişərdik o ki var.


Aşpaz idi mənim yağı düşmənim,

amma bəla nədəydi:

Gündüz ona aşıb-daşırdı kinim,

gecələrsə, görəydin!

 

Axı sübh obaşdan ağaranda dan

qalxıb durardı alay,

dövrə vurardı alay. 

Axşamlarsa biz qaranlıq meşədə,

yaşıl-yaşıl kolluqların içində

sevişərdik o ki var!

 

Ən yüksəkdə bizimçün qanun deyil, 

məhəbbət dayanırdı:

Düşmən məndə nifrət deyil, kin deyil

ehtiras oyadırdı!

 

Payız günü, bir dəfə sübh obaşdan

təbillərin gurultusu içində

hər şey yox oldu, bitdi.

Alay getdi, o da getdi alayla,

getdi səssiz-səmirsiz –

ayrıldıq düşmənlə biz...

 


Alay keşişinin nəğməsi


Pilatın sarayına bizim müqəddəs Allah

qatil və əclaf kimi gətirilmişdi bir vaxt.

 

Yaxşı bilirdi hamı,

gün kimi aydın idi:

Həzrət İsa nə cani,

nə kələkbaz deyildi.

 

Tülküdən bic Pilatsa önə çəkib qanunu 

saat üçdə yolladı cəllad yanına onu.

 

Qamçılanan bədəni,

kürəyi zolaq-zolaq –

Zalımlar tərəfindən

şərləndi bizim Allah.

 

Alnında əzabların, işgəncələrin dağı –

ağır yüklə birtəhər sürüyür ayağını. 

 

Və çəkilir çarmıxa

o gün saat altıda –

Tənə-qınaqlar yağan

bivec baxışlar altda.

 

Əylənir qara kütlə şər qarışan vaxtacan, 

O da baxır: bu oyun haçan bitəcək, haçan?!

 

Öldü ağrı-əzabla

saat doqquz tamamda;

Böyrünü nizələrlə

deşdi, yırtdı adamlar.

 

Sərt qayalar qəfildən parçalandı, uçuldu;

qarşısında dərgahın qapıları açıldı.

 

Yarasından qan damır 

su kimi damla-damla; 

Gör neylədi Adəmin 

övladına adamlar...

 

Əsgərin meyxanada oxuduğu nəğmə


Ağa sahib, araq gətir son dəfə!

Əsgər gedir çox uzaq bir səfərə –

haqq yolunda zəfərə!

 

Ay arvad, qoy çimdik alım döşündən!

Vaxtım azdır, tələsirəm, işim var –

yollanırıq Moraviya tərəfə!

 

Dostum, çatdı vidalaşmaq zamanı!

Əsgər çıxır uzaq yola –

zabitinə var güvəni, inamı!

 

Keşiş baba, dua yaddan çıxmasın!

Əsgər çıxır uzaq yola –

haqq yolunda ölmək üçün tələsir!

 


Kuraj ananın nəğməsi


İradəsi zəifdirsə bir kəsin –

qələbəyə qoy heç ümid etməsin!

Nə fərqi var, nəyin alveri gedir –

pendirdi satdığın, yoxsa güllədir?

 

***

 

Bir başqası guya zirək tərpənib 

hiylə-fəndlə qismətinə tərs gedir;

Quyu qazır, qəbir qazır özünə –

öz əliylə öz canına qəsd edir.

 

Kim sivişib can atırsa qaçmağa 

döyüş vaxtı səsin-küyün içindən –

Anlayacaq hara tələsdiyini

o dünyaya hamıdan tez köçəndə.

 

Aşpazın nəğməsi


Sizə tanışdırmı müdrik Solomon?

Xəbəriniz varmı onun sonundan?

Doğulduğu günü lənətləyirdi.

Bu dünyada heç nə yoxdu, deyirdi.

Deyirdi fanidi, puçdu bu dünya.

Çox müdrikdi bizim Solomon guya.

İndi bildinizmi siz

Bu nəyə işarədir, 

Sözümün canı nədir:

Müdriklik başının bəlası oldu!

Kim müdrik deyilsə, xoşbəxt də odur.

 

***


Sezarın da aqibəti

Çox şeylərdən xəbər verir.

Söz yoxdu qoçaqlığına,

Amma baxın: məhv edilib!

Şan-şöhrətin düşkünüydü,

Dadmışdı da hamısını. 

«Sən də, sən də, mənim oğlum!» – 

qışqırmışdı birdən-birə.

Amma hanı?

Bildinizmi nədir sözümün canı:

Cəsurluq başının bəlası oldu!

Kim cəsur deyilsə, xoşbəxt də odur.

 

***

 

Sokrat sizə tanışdırmı?

Heç vaxt yalan danışmazdı.

Əməli düz, sözü düzdü,

Dürüstlükdə qüsursuzdu.

Amma bəla gəlib tapdı onu da.

Adamların hökmü çıxdı sonuna.

Dedilər: zəhərdi, iç bu zəhəri!

O da birnəfəsə çəkdi başına

Zəhər dolu qədəhi.

Bildinizmi nədir sözümün canı:

Dürüstlük başının bəlası oldu!

Kim dürüst deyilsə, xoşbəxt də odur.

 

***

 

Kasıblara əl tutmaqdı

Müqəddəs Martinin işi-peşəsi.

Bircə cübbəsi vardı,

Cübbəni də bölüşməyə hazırdı.

Bölüşdü kasıbla, sonrası noldu –

Gecə ikisi də soyuqdan dondu.

Qəlbi mərhəmətlə doluydu onun.  

Bildinizmi nədir sözümün canı:

Mərhəmət başının bəlası oldu!

Kim insafsızdırsa, xoşbəxt də odur.

 

Tanrımızdan qorxuruq biz,

bilirik on yasağı da.

Amma bunun nə faydası? –

biz acıq, yazığıq axı.


Bizə isti bucaq gərək,

yeməyə möhtacıq biz;

Biz səfilik, dilənçiyik,

köməyə möhtacıq biz.


Bildinizmi nədir sözümün canı? 

Yolumuz – Xaç yoludur.

Möminlikdən gəlir bütün bəlalar!

Kim mömin deyilsə, xoşbəxt də odur.

 


Kuraj ananın nəğməsi


Ulmadan üzü Metsə, 

Metsdən çexlərə tərəf!

Diyar-diyar, elbəel, 

hə, Kuraj, tərpən görək!


Müharibə yemləyir bizi, yaxşı bilirsən,

Çünki sən bu savaşa güllə, silah verirsən. 

Təkcə gülləylə amma onu doyurmaq olmaz,

Bu qırğınlardan ötrü təkcə silah azdır, az.

Dava adam istəyir, yem istəyir aramsız,

Bircə günə məhv olar müharibə adamsız! 

 

Kuraj ananın sonuncu nəğməsi


Samanlıqdan səs gəlir.

Laylay, balam, a laylay.


Qonşunun tifilləri

Qoy ağlasın o ki var.

Laylay, qızım, a laylay.


Qonşunun uşaqları cır-cındırın içində,

mənimki al qumaşda.

Sənə mələk donunu öz əlimlə biçmişəm –

onlar başqa, biz başqa.


Laylay, laylay, a laylay,

körpə balam, a laylay.


Qonşunun süfrəsində çörək qırıntıları,

bizdə yağlı kömbə var.

Yuxula, körpə balam! Yum gözünü, yat daha!

Laylay, qızım, a laylay.


İki oğlum da vardı:

biri Polşada qaldı, 

görən o biri harda?!   



Səhnə arxasından eşidilən nəğmə


    

Hələ yüz il çəkəcək ən azından 

gah nala, gah mıxa vuran bu dava –

Adi adam sevinc duymasa bundan, 

ürəyinə yatmasa da bu hava.


Yediyi pox-püsür, geydiyi cındır –

cəlladı da gülür ona, deyəsən; 

Amma nə qədər ki bitməyib andır

o yazığın ümidi var nəyəsə.


Siz, ey xaçpərəstlər, oyanın daha!

Gorda yatmaq ölülərin haqqıdır.

Kim sağdısa qalxsın, dursun ayağa,

Buz əriyir, artıq yürüş vaxtıdır!




Çevirəni Mahir N.Qarayev

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)