Fərid Muradzadə -Məktub
Proza
Fərid Muradzadə - Məktub.
Problemləri başından aşan dünyanın kiçik bir guşəsi olsa da böyük problemlər içində ağrıdan qıvrılan məmləkətimin sıravi bir vətəndaşı olaraq məni son zamanlar çox sıxan, sıxıntısı ilə bərabər olduqca da əzab verən bir müşkülümün olması səbəbindən geniş və"faydalı məsləhətlərə"əsasən zati-möhtərəm bir dindara müraciət etdim. Müraciət etməkdə məqsədim ondan sadəcə mənəvi dəstək idi. Yəni bunu ona görə qeyd etdim ki, məni avam zənn etməyəsiniz! Səbəbi- müraciətimi dinlədikdən sonra özünü piri-mürşidinin müridi hesab edən dindar tanışım mütləq mənim müşkülümün çözülməsi üçün "mömün və mübarək" bir insanın oxuduqları, öyrəndikləri, gördükləri və bildikləri əsasında mənə ruhumu sakitləşdirəcək, iç dünyamı zənginləşdirəcək həmsöhbətin duası ilə dəstək lazım olduğunu söylədi. Amma və lakin mənim bu lazımi həmsöhbətin varlığından əsla xəbərim yox imiş. Və xüsusən də mənim bu kimi məsələlərə və məsləhətlərə "savadım yetmirmiş". Cahiliyyətdən yenicə ayrılmış bizlərin dini savadsızlığı, imanının zəif olması və s kimi səbəblər müşküllərimizin çox olmasına dəlalət edirmiş. Beləcə təzyiqlər və təşviqlər nəticəsində günlərin bir günü üz tutdum "zati-mübarək, iman və təqva sahibi"olanı axtarmağa. Bu minvalla yazın yağışında, yayın istisində, payızın adam aldadan havasında, qışın sazağında axrara-axtara, gün işığında çıraqla gəzə-gəzə nəhayət tapdım. Hazırlaşdım ki, dərdi -müşkülümi izah edəm, öz dilimdə mənə dedilər ki, -yahu kardeşim, acemilik yapma, böyle olmaz. Yaxud da -"mənim balam, seyyid mübarək adamdır, hər dəqiqə insan qəbul edə bilməz. Xüsusən də ağırlığı olan insanlarla həmsöhbət olandan sonra onda baş ağrıları çox olur və buna görə də mübarək ya da ikinci bənzətmə ilə seyyid qüsul alıb( qüsulu niynə alır, bilmədim ) istirahət edir ,tələsmə vəxti yetən kimi səni də qəbul edəcək. Bu qapı niyyət və nicat qapısıdır. Sən ki, bu mübarək məkana və mübarəj adama pənah gətirmisən mütləq "payını"alacaqsan. Səbr elə! İndi mübarək seyyid məşğuldur və ola bilsin ki, inzivaya çəkilib". Bu inzivanı eşidəndə ürəyimdə qəribə hisslər keçirməyə başladım. Böyük bir elm adamı ilə( bu elm adamı kəlməsindən indi utanıram) həmsöhbət, həmdərd olacağını düşündüm. "Dostlarım" bir daha bildirdilər ki, zati-möhtərəm yəni birinci deyimlə müsayət olanda, ikinci deyimlə vəxti olanda məni qəbul edəcək. Çar-naçar gözləməyə məcbur oldum. Necə deyərlər suda boğulan saman çöpündən yapışan kimi mən də birincilər demişkən müqəddəs üstadın, ikincilər demişkən möhtərəm seyyidin məsləhətindən yararlanmağı qət etdim. Beləcə saatlarla boşuna vaxt itkisi ilə bərabər düşdüyüm heçlikdə özümü də itirəndən sonra məni müqəddəs insanın qəbuluna aldılar. Müşkülümü sadə dillə izah edəndən sonra təxminən iyirmi dəqiqəlik giriş, yarım saatlıq əsas moizənin məcmusundan mən heç nə başa düşmədən moooo edə-edə düşündüm ki, əcəba nə qədər bisavad imişəm… yenə bir o qədər uzun-uzadı söylənən nitqin sonunda isə lap məəttəl qaldım. Və hətta az qaldım ki, məəttəllikdən öləm, ancaq deyəsən çox məəttəl qaldığım üçün zamanı qaçırdım və əcəl karvanı keçib getdi. Mübarək üstad və möhtərəm seyyid( bu kəlmələr bir insanda təcəlla tapıb…) ən sonda mənə gözəl bir məsləhət verdi ki, müşkülünün çözülməsi üçün mütləq Allaha məktub yazmalısan. Elə bil heykəl idim. Ayə , səhərdən məni bisavad hesab edən bu toplum deyəsən ya zır savadsızdır ya da gic. Özümü saxlaya bilmədim və iki üslübla dedim ki, yahu ey mübarək üstad və əğayi-seyyid, siz nə danışırsınız? Axı Allaha məktub necə yazılacaq? Yox e, yazaram amma bu məktub ünvana neçə çatacaq? Axı Allah cisim şəklində deyil. O nə doğandır, nə doğulandır. O Uca Yaradandır. O hər şeyə qadirdir ,o Xaliqdir, o yoxdan var edəndir. Allah laməkandır və məkanı bəlli olmayana necə məktub yazmaq olar? Tutalım ki, mən yazdım, bəs bu məktub ünvana neçə çatacaq? Həm də ki, indi müasir dövrdür. Daha məktublar da elektron üsulla yazılır. E-mail yox, yaşayış ünvanı yox, yer bəlli deyil! Boşluğa , sonsuzluğa və gözəgörünməzə nə yazım, necə yazım? "
Elə bunu demişdim ki, dedilər bunun qəlbinə şeytan girib, bunu cin vurub şeytan tutub. Üfləyə-üfləyə, sıxa-sıxa, boğa-boğa, vura-vura məndən cin çıxartmağa başladılar. Hay-harayıma baxmadan elə hey deyirdilər ki, sən yaz, Allah dostu üstad - seyyid çatdırajax! Bax elə o gün bu gündür ki, yer üzərindəki bu cinlər təpəmə necə vurublarsa mən hər gün Allaha məktub yazıb poçt qutusuna atıram, ancaq ünvan qeyd olunmadığından qalaq-qalaq məktublarımı geriyə qaytarıb özümə verirlər…
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Əlabbas Bağırov - Köhnə kişi