Edebiyyat.az » Teatr » ODA - Apokalipsis

ODA - Apokalipsis

ODA - Apokalipsis
Teatr
Necef Esgerzade
Müəllif:
13:02, 27 may 2019
3 684
0
Yaxın günlərdə ODA teatrının təqdim etdiyi “Apokalipsis” tamaşasını mümkün dekorasiya və səs effektləri fonunda aktyor oyununun kəskinliyi ilə uğurlu çıxış hesab etmək olar. Yakutiyalı yazar Sien Eker’in eyniadlı əsərinə istinadən ərsəyə gələn tamaşa, ‘…nömrəli kameradan olan Tanrı’nın uzunmüddətli həbs həyatının bir neçə gününü təsvir edir. Əsasən mifologiyalardan xəbərdar olduğumuz Yaradıcıya (!) qarşı üsyanın yenidən istehsalı olan bu əsərdə də suallar vasitəsilə fərdin ekzistensial çəkişmələrindən absurdun doğuluşuna qədər enə bilinəcək ən dərinlərə baş vurulur. Qəhrəmanın fövqəlgücün funksiyasını təkrarlayaraq yaratdığı kişi və qadın fiqurları qarşısındakı monoloqu, şübhəsiz izləyicilərin hisslərinə toxunaraq rasional düşüncəyə gedən yoldur. Aktyor Niyaz İlyasoğlu’nun da dediyi kimi tamaşanın formasiyasında bəzi dəyişikliklər edilib. Süjet xəttinin sonunun dəyişdirilərək açılan qapıdan ümid işığının parıldaması və əlindəki “yaradılmış insanlar”ı özü ilə xilas etməyə çalışan qəhrəman timsalında, üsyanın anti-tezisi – əslində Yaradıcı (!) tərəfindən edilməli olan – irəli sürülür və potensial ümid ironiyaya çevrilir.
Tamaşadan fərqli olaraq əsərdə məhbus “yaratdıqları”nı tərk etmək istəmir və onları yeyir. Bu isə məşhur ispan rəssam Fransisko Qoyya’nın evinin divarlarına çəkdiyi rəsmlərdən olan “Uşaqlarını yeyən Saturn” tablosunu xatırladır. Öz uşaqlarının onu əvəz edəcəyindən qorxan qədim yunan tanrısı Kron, onları doğulduqdan sonra yeyir. Rubens’in 1636cı ildə çəkdiyi tablodan daha qaranlıq və qorxunc olması, Qoyya’nın işini bu mövzuda ilk sıraya qoyur. Tablo ilə “Apokalipsis” arasında ‘yaradılan və yaradıcı diyalektikası’ kimi paralellik aparmaq olar. Əsərdə Tanrının məhbusdakı “Tanrı” fonunda bütün bəşəriyyətə olan laqeydliyinin (“Deməli Allah da bizim kimi məhbusdur”) yaratdığı qan-şiddət-ölüm, tabloda heç bir ilahilik pərdəsinə bürünmədən, birbaşa olaraq təsvir olunur.
“Apokalipsis” tamaşası ilə yanaşı digər səhnə işlərilə də ODA teatr heyəti, ölkənin ‘mədəniyyət’sizləşmə sürətini azaltmaq üçün mübarizə aparır ki, bu təqdirəlayiq cəhdlərə dəstək mütləqdir. “İncəsənət özündə gələcəyi də yaşadan bir silahdır” bənzətməsini dəstəkləyirsinizsə, ən azı bir dəfə ODA’nı ziyarət etməlisiniz.

***
Notlar arasına düşmüş fikir qırıntılarını toplamağa çalışıram. Narahatedici məqam niyə hələ də ayaqlarımızın yerə tam şəkildə tutunmamasıdır. Göylərə zillənən gözlər Saqan’ın dediklərinə uyğun deyil. Və məsələ “Tanrı var ya yox?” mövzusunu aşmalı, fərdmərkəzli olmalıdır: “Olmaq ya olmamaq” kimi, çünki bütün məsələ bundan ibarətdir, elə deyil?!

***
Per’f(u)e(c)k’t

           
Mənbə: fotosintez.wordpress.com                    
                                                 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)