Edebiyyat.az » Təqdimat » Elşən Təhməzov - Söz sərrafı Bəhlul Cəlaloğlu

Elşən Təhməzov - Söz sərrafı Bəhlul Cəlaloğlu

Elşən Təhməzov - Söz sərrafı Bəhlul Cəlaloğlu
Təqdimat
admin
Müəllif:
13:25, 04 aprel 2021
1 205
0
Elşən Təhməzov - Söz sərrafı Bəhlul Cəlaloğlu




Söz sərrafı Bəhlul Cəlaloğlu


Bir gün yön çevirib dağlar tərəfə,
Təpələrdən aşıb, düzə keçəsən.
Baxıb yamaclara, sal qayalara
Özünə bir yaxşı məskən seçəsən.

   Ədəbiyyatın bir qolu da poeziyadır. Poeziyada uğur qazanmaq üçün istedad, dərin fəlsəfi düşüncələr və bir çox xüsusiyyətə malik olmaq başlıca şərtdir. Bu elm sahəsi üzrə böyük nailiyyətlər əldə edən, həssas qəlbli, dərin təfəkkürə, incə duyğulu geniş təxəyyülə malik, vətənini, elini, xalqını sevən şairlərdən biri də Bəhlul Cəlaloğludur. Görkəmli şair həyatını, yaradıcılığını xalqına, hürriyyətə, azadlığa həsr etmişdir. El sənətkarı Bəhlul Cəlaloğlu çox hallarda əsərlərini ictimai motivdə qələmə almışdır. Mütəfəkkir hər zaman cəmiyyəti, təbiəti xoş görmək istəyir.
  Öz əsərlərində bulaq mənzərələrini, səmanı, torpağı, təbiəti, ən uca insan zirvəsini, dağları, gülü, çiçəyi tərənnüm edən poeziya nümayəndəsi həm də rəssam şair olduğunu göstərir. Belə ki, Bəhlul Cəlaloğlu əsərlərində misralar elə spesifik formada yazılıb ki, həmin fikirlər oxucuya gün kimi aydın təsəvvür yaradır.

Bu gün görüşünə gəlmişəm yenə,
Açılıb qabağı-qaşı dağların.
Qartala bax, zirvəsində dayanıb
Yaranıbdı dərd sirdaşı dağların.

   Şair, publisist Bəhlul Cəlaloğlu 1970-ci ildə Azərbaycanın gözəl təbiətə malik rayonlarından biri olan Gədəbəydə, təbiətin azadlıq, hürriyyət çağında - iyul ayının 27-sində dünyaya gəlmişdir. Publisistin yaradıcılığına ətraflı nəzər salaq:
  Görkəmli şairin əsərlərini mövzu və ideyasına görə müxtəlif hissələrə ayırdıqda burada məhəbbət motivli şeirlərin xüsusi önəminin olduğunu görürük. Bəhlul Cəlaloğlunun məhəbbət mövzulu əsərlərində spesifik estetik fikir, xalq ədəbiyyatı ənənələri, gözəldə bədii düşüncə rəngarəngliyi, peşəkar sevgi zövqü, poetiklik, axıcılıq, rəvanlıq, dəyərsiz, saxta eşqin tənqidi, saf məhəbbətin tərənnümü özünü göstərir. İstedadlı şairin sevgi səpkili qızıldan dəyərli əsərlərində folklor qaynaqlarına söykənən fikir ayrılığı yoxdur. Bu o deməkdir ki, dahi yazar öz şeirlərində Azərbaycanın milli-mənəvi, mədəni, tarixi adət-ənənələrini yaşatmaqdadır. Min illər süzülüb gələn milli şeir vəznimiz olan hecanı öz yaradıcılığında yaşadan Cəlaloğlu bədii söz bünövrəsinin qorunub saxlanılmasında ümdə rol oynayır. Şairin əsərlərində aşiq məşuq obrazı öz xüsusiyyətləri ilə diqqəti cəlb etməkdədir, belə ki istər aşiq, istərsə də məşuq obrazı xalqın ədəbi fikir süzgəcindən keçə-keçə, kamilləşə-kamilləşə, cilalana-cilana gəlib zəmanəmizə çatmışdır. Bu da öz növbəsində həmin şeirlərin ölməz məhəbbət, təmiz duyğulu, Məcnunun Leyliyə olan sevgisi kimi bir təəssürat yaradır. Eşqin tərənnüm olunduğu əsərlərdə hamının qəlbindən keçən ömürlük sevda hisləri hər bir oxucunun ürəyində taxt qurur və sanki incə bir toxunuşla hamının ruhunu oxşayır. Bəhlul Cəlaloğlunun sevgi əsərlərinə nəzər yetirək:

Olmaya həyatda şəri, hiyləsi,
Haqdan, həqiqətdən ola kəlməsi.
Dilini eyləyib xəncər tiyəsi,
Sevirəm sözünü yaza sinəmdə.

Of...! Cəlaloğlunu duyan olsaydı,
Mənə bu dünyada həyan olsaydı.
Məni sevdiyimtək sevən olsaydı,
Razıyam yaralar düzə sinəmdə.

Qeyd etdiyimiz kimi, şairin yaradıcılığında əziz arzular, tükənməz bir sevgi ritmi duyulur. Bu şeirdə aşiqin özünə məşuqə diləməsi həm də onun təmiz qəlbli, vəfalı, sədaqətli, həqiqəti sevən bir həmdəm olmasıdır. Digər bir sevgi şeirinə baxış bucağımızı yönəldək:

Sən, naz eyləyəsən, mən baxıb sənə,
Min şükür eyləyəm olduğun günə.
İnad eyləyəsən ”get” deyə mənə,
Gedib də, yenidən gələm gizlincə.

Şairin “Gizlincə” əsəri barədə də biz yuxarıda qeyd etdiyimiz fikirləri söyləyə bilərik. Bu və bunun kimi çox dəyərli məhəbbət motivli şeirlərində biz əxlaqi-tərbiyəni, həyatın gözəlliyini, sözün qanadlanıb insan qəlbində hərəkət etməsi və ona mənəvi zövq verməsini aydın formada görürük.
   Cəlaloğlu yaradıcılığının mühüm bir hissəsini ictimai motivdə yazdığı əsərləri tutur. Qeyd edək ki, bu məzmunda yazdığı əsərlər də öz növbəsində müxtəlif hissələrə ayrılır. Bayaq qeyd etmişdik ki, Bəhlul Cəlaloğlu xalqın şairidir. O hər bir vətəndaşın və dünya insanının yanındadır. Öz humanizmi ilə seçilən bu əsərlər aşağı təbəqənin problemlərini hər zaman bir çıxış yoluna aparır və işıqlandırır. İstedadlı poeziya ustadının ictimai şeirlərində biz dünyəvi, bəşəri, şəxsi, ilahi və.s tipli kədər motivlərini görürük. Publisist satirik şeirin bayraqdarı kimi Azərbaycan ədəbiyyatında şərəfli yer tutan simalardan biridir. Şair ictimai şeirləri ilə poеziyada öz müasirliyi, xəlqiliyi, yüksək sənətkarlığı və dərin rеalizmi ilə seçilməkdədir.

Əzəldən bu dünya haqqa tələdi,
Var-dövlətin qabağinda kölədi.
Kasıbın belindən düşməz şələdi,
Dərd yükü ağırdı daşımaq olmur.
Vallah bu dünyada yaşamaq olmur.

“Yaşamaq olmur” şeirində biz dünyəvi problemlərin, yaşamaq üçün pulun vacibliyi və onun da kasıbda, yoxsulda olmaması,  nəticədə çəkilən ağır zəhmətlər.s bir çox məsələ və problemlər qeyd edilir.

Bir qumar oynuna dönüb bu həyat,
Adiləşib zəmanədə xəyanət.
Sizinləyəm ay, el-oba, camaat,
Yol gedə bilmirsə, insan-insanla,
Barışmaq olarmı belə zamanla.

Bu misralar özündə çox böyük dərin fəlsəfi məna ehtiva edir. Şairin zəngin ədəbi irsində xüsusi yer tutan “Barışmaq olarmı, belə zamanla şeiri” dünyəvi, ictimai problemləri özündə qoruyub saxlayır. Publisistin hər misrası, hər sözü, hər poetik gücü özündə elmi, bədii, həyati, bəşəri məsələləri cəmləmişdir.

Nədən zəmanədən gileylənirik,
Zaman axarıyla öz yerindədi.
Doğrular səfalət içində ölür,
Əyrilər başdadı, düz yerindədi.

“Yerindədi” şeirində də təbiətdə baş verən ədalətsizlik, qərəzli məqamlar, zavallı insan faciəsi və.s məsələlər işıqlandırılmışdır.
   Ustad şairin yaradıcılığında ictimai mövzuya aid dırnaqarası bəzi insanlar da tənqid edilir.

Tez-tez üzə çıxır, başda yer alır,
Qeyrət sınağından iki alanlar.
Arxa cərgədə də yer tuta bilmir,
Abırı, həyası, arı olanlar.

Ey insan, dünyada qafil olub da,
Çalışma kimsənin qəddin əyəsən.
Heç zaman tüpürmə yediyin qaba
Vaxt gələr, o qabda yenə yeyərsən.

“Ey insan” və “Yaman səs-küylüdür” şeirlərində addım-addım izlədiyimiz mövzu və ideya bir daha şairin həyatda baş verən mənfi hadisə və insanlar haqqında fikirlərinin yüksək səviyyədə təcəssümüdür.
   Bəhlul Cəlaloğlu yaradıcılığı öz məzmun, forma, mənalı söz və sözdə mənanın bəzəkli tərənnümü ilə mühüm əhəmiyyət kəsb edir. Şairin təbiət mövzulu şeirləri də həm heca vəznində əvəzedilməz bir nümunə olmaqla bərabər, fikir etibarilə də lirik poeziyamızda təbiət şeirləri kimi xüsusi rol oynayır. Görkəmli şəxsiyyətin təbiət mövzulu şeirlərini, həmçinin doğma yurdu, günü-gündən gözəlləşən, füsunkar aləmə malik Gədəbəy haqqında şeirləri ilə də eyniləşdirmək olar. Şairin öz vətəni və vətəninin təbiəti, özünəməxsus xüsusiyyətləri ilə fəxr edir:

Dağlar qoynundadır, ucadır başı,
Keçmiş tarixlərlə qoşadır yaşı.
Aləmə bəllidir ərtək savaşı,
Mən fəxr edirəm ki, Gədəbəyliyəm.

   Ədibin yaradıcılığında xüsusi bir zirvəni vətən haqqında əsərləri tutur. Ecazkar bir diyar olan Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən, onun həyatından, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələrindən söz açılır.
   Bəhlul Cəlaloğlu lirikasında ağıllı və dəli obrazları bir-biri ilə qarşılaşdırılır. Bütün bu məqamlar özündə yeni fəlsəfi məqamları əks etdirir.

Ağıllı olmağın xatası çoxdu,
Dəlilik etməyin qorxusu yoxdu.
Dəlinin hər sözü nizədi, oxdu,
Budur həqiqətin yolu desinlər,
Kaş mənə həmişə “dəli” desinlər.

Neyləyir ki, çəksin dünya nazını,
Cəhənnəmə ,qoy qurd yesin quzunu.
Həmişə deyəcəm sözün düzünü,
İlahi, dəlilik nə gözəliymiş.

Şairin bu misralarında dəli obrazının ağıllı obrazından üstün olduğu göstərilir.
   Qeyd etmək lazımdır ki, dahiyanə əsərləri ilə müasir Azərbaycan ədəbiyyatında xüsusi iz qoyan Bəhlul Cəlaloğlu dünyanın məşhur ədəbi xadimlərindən, ustadlarından biri olan Molla Pənah Vaqifin “Görmədim” müxəmməsinə nəzirə də yazmışdır:

Öz yolumdan döndərəmməz kimsə məni, bu bəllidi,
Deməyin ki, Cəlaloğlu divanədi, ya dəlidi.
Bu gün bizi parçalayıb məhv eyləyən yad əlidi, 
Təhqirlərə, söyüşlərə cavabımız ”hə", ”bəli”di,
Haqsızlığı haqqından çox, belə səltənət görmədim.

   Ən yeni dövr Azərbaycan poeziyasının istedadlı nümayəndəsi, Azərbaycan ideologiyasının davamçılarından olan, Bəhlul Cəlaloğlu hər zaman vətəninin, xalqının bütün arenalarda öndə olmasını, uğurlar əldə etməsini arzulayır və əsərləri ilə çağdaş ədəbiyyatımızda özünəməxsus bir imza atır. 

 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)