Edebiyyat.az » Ədəbi tənqid » Don Kixot – çağdaş romanın doğuşu

Don Kixot – çağdaş romanın doğuşu

Don Kixot – çağdaş romanın doğuşu
Ədəbi tənqid
nemət
Müəllif:
20:55, 19 fevral 2020
2 335
0
pu8 Don Kixot – çağdaş romanın doğuşu






Migel de Servantes Saavedranın “Don Kixot” romanı cəngavərlik romanlarını oxuyub səyyah cəngavər olmaq istəyən ortayaşlı qəhrəmandan bəhs edir. İlk baxışda romanda qeyri-adi bir şey yoxdur: mətn, sözügedən dövrün cəngavərlik romanları həvəskarları üçün yazılmışdı və gülməli parodiya kimi qəbul olunurdu. Lakin əslində hər şey daha mürəkkəb idi. “Don Kixot” novator əsər idi və nəşrindən dərhal sonra Avropa ədəbiyyatına təsir göstərməyə başlamışdı.


***
Roman iki müstəqil kitab şəklində 1605 və 1615-ci illərdə işıq üzü görüb. Hərçənd belə güman olunur ki, ikinci kitabın ideyası 1613-cü ildə yaranıb və ehtimallara görə, bu kitabı tamamlamağa Servantesi saxta “Don Kixot” vadar edib (Avelyanedanın “Yalançı Kixot”u).
Nəşr olunduğu ilk dövrdə bu iki kitab vahid əsər sayılmırdı (sonrakı nəsillər onu vahid qavramağa başlamışdılar). Müasir tədqiqatçıların iddialarına görə, romanın strukturu elə gözəl qurulub ki, onu istənilən hissədən, istənilən abzasdan oxumağa başlamaq mümkündür.
“Don Kixot” romanının ilk tirajı 1604-cü ilin sonlarında Xuan de la Kuestanın Madriddəki nəşriyyatında çap olunmuş, 1605-ci ilin yanvarında isə ilk kitab işıq üzü görmüşdü. Romanın ilk tirajı 1700 nüsxədən ibarət idi və ehtimallara görə, onların böyük qismi Latın Amerikasına göndərilmişdi. Müasir servantesşünaslardan ən məşhuru olan Fr.Rikonun da çox doğru qeyd etdiyi kimi, sözügedən tiraj romanın ən pis nəşri idi, onda çoxlu səhvlərə, xətalara və diqqətsizliyə rast gəlmək mümkün idi. Buna baxmayaraq, o, bir anda inanılmaz uğur qazandı və dərhal populyarlaşdı: cəmi bir neçə ay sonra karnavallarda, maskaradlarda Don Kixot və Sanço Pansa kimi geyinib-bəzədilmiş fiqurlar aktiv iştirak etməyə başladılar. Romanın unudulduğu, ya da nəşr olunmadığı hansısa illəri göstərmək mümkün deyil. Əksinə, əsrdən-əsrə “Don Kixot”un tirajı da, şöhrəti də artırdı və bu zəfər artıq dörd əsrdir ki, davam edir.
Üstəlik, roman hələ Servantesin sağlığında başqa dillərə tərcümə olunmağa başlamışdı: kitab 1612-ci ildə Tomas Şelton tərəfindən ingilis, 1614-cü ildə isə IV Henrixin tərcüməçisi və katibi, tanınmış poliqlot Sezar Uden tərəfindən fransız dilinə çevrilmişdi. Düzdür, tərcüməçilər mətnə xırda düzəlişlər etmişdilər, lakin bütövlükdə sözügedən tərcümələr kifayət qədər dəqiq, hətta bəzi hissələrdə həddindən artıq hərfi olub, romanın bütün dəyərini, qəhrəmanların məşhurluğunu çatdırmağı bacarmışdı.

***
Niyə “Don Kixot” romanı dərhal xeyli məşhurlaşdı və sonrakı dövrlərdə öz populyarlığını itirmədi? Bu, çox mürəkkəb sualdır. Ən sadə izah ondan ibarətdir ki, “Don Kixot”a qədər ispan, ümumiyyətlə, avropa ədəbiyyatında, demək olar ki, “canlı” qəhrəmanlar yox idi.
Yöndəmsiz olan, elə bu cəhəti ilə də yadda qalan qəhrəman bütün ədəbi obrazlardan, tipajlardan və sxemlərdən uzaq idi. Don Kixotun obrazı total parodiya, mümkün olan bütün ədəbi klişelərin pozulması üzərində qurulub. Bəlkə elə bu səbəbdən roman bu qədər çoxqatlı alınıb. Onda maraqlı süjet, yumor var və məhz, bunların sayəsində “Don Kixot” hələ bir çox nəsilləri cəlb edəcək və güldürəcək.
Romanın qəbulu ilə bağlı mövcud olan iki tendensiyanı qısa təsvir eləsək, deyə bilərik ki, bir xətt onu həmişə yüngül parodiya kimi təqdim edir. İkinci tendensiya isə onu son dərəcə ciddi və dərin mətn kimi yozumlamaqdır. Hər iki tendensiya kifayət qədər tezliklə paralelləşir. Yeri gəlmişkən, müasirləri də romanı birmənalı dəyərləndirməyiblər. Servantesi bütün ali dəyərləri gözdən salmaqda, hamının çox sevdiyi cəngavərlik romanı janrını məhv etməkdə günahlandırırdılar. Onu hətta milli ideyanı təhqir eləməkdə də təqsirləndirirdilər.
***
XVIII əsr İspaniyası “Don Kixot”a daha çox mənəvi dəyərlərə satira kimi yanaşırdı. Əsər, məhz, XVIII əsrdə ispan ədəbiyyatının klassikasına çevrilir və onu məktəb proqramına daxil edirlər: məlumdur ki, bir əsər məktəbdə məcburi proqrama daxil edilən kimi dərhal milli klassika kateqoriyasına düşür.

“DON KİXOT”UN NOVATORLUĞU

Əlbəttə, bu roman həmişə məşhur olub və həmişə oxunub. Ancaq bu, o demək deyil ki, onu həmişə eyni cür qəbul ediblər.
Bu əsəri hər nəsil öz zövqlərinə, ədəbi və ideoloji dünyagörüşünə istinadən başa düşür. Odur ki, hər növbəti dövr, romanın dərkini məyyən mənada çətinləşdirir. Təsadüfi deyil ki, dahi kitabların tükənməz çoxanlamlılığı ideyasının tərəfdarı olan Borxes özünün “Pyer Menar, “Don Kixot”un müəllifi” hekayəsində təkid edirdi ki, müasir “Don Kixot”, XVII əsrin mətnindən daha dərin və daha mürəkkəbdir.

Ümumiyyətlə, “novatorluq” sözü – əgər bu məfhumu “Don Kixot”a tətbiq etsək – o qədər də dəqiq deyil. Bu söz sonrakı dövrlərin yazıçı və ədəbiyyatşünasları üçündür. XVII əsrin oxucuları üçünsə yeni, daha doğrusu, əvvəllər məlum olmayan nəsnələr elə də çox deyildi. Bütün süjet xətlərinin, bütün vəziyyətlərin, qəhrəmanların tiplərinin böyük hissəsi cəngavərlik romanlarından götürülüb.
Qəhrəmanın özü ispan mədəniyyətinin qızıl dövründə son dərəcə geniş yayılmış “qələm və qılınc insanı” idealının parodik təcəssümüdür. Buna görə də, həmin cəmiyyət üçün yenilik hər şeydən əvvəl köhnə ədəbi ənənənin gülüş hədəfinə çevrilməsindən ibarət idi. Çox güman ki, XVII əsrin həm yazıçıları, həm də oxucuları personajların özlərinin yumorunu da dəyərləndirirdilər. Üstəlik personajlar da ispan ənənəsi üçün o qədər də yeni sayılmırdılar, çünki cütlük – cəngavər və onun silahdarı – əvvəllər də vardı, məsələn, XIV əsrdə yazılmış ilk ispan cəngavərlik romanı olan “Cəngavər Sifar haqqında kitab”da.
Müasirləri, müəllifin dildən istifadə tərzini də qiymətləndirməli idilər. Müasir oxucuya dil yeniliklərini tam şəkildə izah etmək asan deyil, amma onları aşağıdakı şəkildə ifadə etmək mümkündür. Servantes romanın mətnini ədəbi klişenin şərti dilində yox, canlı, təbii dildə yazmışdı. Təbii dil deyiləndə aşağı səviyyəli dil yox, müasir halında canlı olan dil nəzərdə tutulur. O, eyni vaxtda bəlağətli, patetik, qaba, məsəllər toplusu da ola bilər, gündəlik yüngül dialoq da. Sözügedən dövrlərdə Servantesin mübarizə apardığı keyfiyyətsiz cəngavərlik romanları, məhz, saxta, məzmunsuz, klişelərlə dolu bir dillə yazılırdı. Don Kixotun kitabxanası haqqında fəsildə müəllif, öz müasiri olan kitabları təftiş edir. Bu təftiş onun, yüksək ədəbi sezgilərə və qüsursuz ədəbi zövqə malik insan olduğunu göstərir, çünki o, təkistifadəlik ədəbiyyatı dəqiqliklə müəyyənləşdirir və yalnız sonralar ispan ədəbiyyatının şedevrləri hesab olunacaq kitabları – məsələn, “Qalliyalı Amadis”i – tonqaldan xilas edir.
Servantes dil baxımında bir qədər Puşkinə, rus ədəbi dilinin inkişafında onun oynadığı rola yaxındır. Onun dillə rəftarı qismən Puşkinin “Belkinin povestləri”ndə etdiklərini – tamamilə klassik ədəbi süjetlər qəflətən son dərəcə insani və təbii cizgilər qazanır – xatırladır.
Artıq deyildiyi kimi, Servantesin romanının ədəbi dəyəri və novatorluğu XVIII əsrdə dərk olunmuşdu. XVIII əsrin ingilis romanı, xüsusən də, Fildinq və Setrn, bütünlüklə Servantesin təhkiyəsi üzərində yetişib. Onlar oxucu ilə söhbəti, sərbəst kompozisiyanı, dünyaya öz ideyaları və düşüncələrinin rakursundan baxan qəhrəmanları Servantesdən götürüblər.

“DON KİXOT” VƏ ROMANTİZM

XIX əsrin başlanğıcından etibarən roman, onda tapılan və ona yüklənən anlamlar baxımından yeni həyata başlayır, “Don Kixot” romantiklərin diqqətini çəkir. Onlar romanın məzmununu öz sələflərindən daha dərin qavramağa, Servantesin müasirlərinin əsərdə ya görmədikləri, ya da vacib hesab etmədikləri bədii yenilikləri fərqləndirməyə başlayırlar. Məsələn, müəllifin müasirləri- dramaturqlar Tirso de Molina, yaxud Kalderon, şübhəsiz ki, romanı çox gözəl bilirdilər, ondan götürdükləri süjetlər əsasında pyeslər yazırdılar. Lakin mətnin mürəkkəb çoxqatlılığının onları cəlb etdiyi ilə bağlı heç bir dəlil qalmayıb, onları ən çox romanın populyarlığı və parodiyasi cəlb edib.
“Don Kixot” romanının mürəkkəbliyini, ideya baxımından dahiyanəliyini, məhz, romantiklər vurğulamağa başlayıblar. Məhz, onlar, mətnin interpretasiyasına öz dövrünə xas çoxlu ideyalar yükləyiblər. Romantik interpretasiyalar Don Kixotu qəhrəmanlaşdırmış, onu məzəli personaj kateqoriyasından faciəvi qəhrəman kateqoriyasına keçirmişdi. Məsələn, Heyneyə görə, biz romanı oxuyanda ilk növbədə kədər hiss edirik. Dünyaya qarşı çıxan insanın faciəvi olmasından, onun arzularının amansız gerçəkliyin qoyduğu əngəllərə toxunub parçalanmasından doğan kədər. Əlbəttə, bu interpretasiya Heynenin romantik dünyagörüşü ilə yetişmiş ideyalarına yaxındır. Roman isə daha çox başqa şeydən bəhs edir: o, başı xarab olana qədər cəngavərlik romanları oxumuş və onu hədsiz dərəcədə şövqə gətirən cəngavərlik idealını real həyatda gerçəkləşdirməyə çalışan ortayaşlı qəhrəman haqqındadır. Onun kitablardan bəslənən düşüncələri çox təbii şəkildə başqa insanlara yersiz təsir bağışlayır. Burda məsələ həyatla münaqişə deyil. Əsas məsələ – Don Kixotun dünyanı görmə şəkli ilə digər personajların baxışları arasında yaranan boşluqdur. (Yeri gəlmişkən, onlar da qətiyyən yekcins deyillər). Və o boğluqda çox şey var – gülməli şeylər də, kədərli şeylər də, məyusluqlar da.
Zənnimcə, Servantesin əsərindəki ən dahiyanə nəsnələrdən biri elə budur: eyni şeylərə, predmetlərə, hadisələr baxış bucaqlarının çoxluğu. Daha əvvəl ədəbiyyatda bu yox idi.
Servantesin romanında bizim təhkiyənin obyektiv inkişafı adlandırdığımız şey, demək olar ki, yoxdur. hər şey ya Don Kixotun, ya Sanço Pansanın, ya da başqa personajların baxış bucağından göstərilir. Digər tərəfdən kitab “ağlıyla” yaşayan təkcə Don Kixot deyil – orda pastoral novellaların, avantürist novellaların qəhrəmanları da var. Onlar da öz rakurslarından gördükləri bir dünyada yaşayırlar və onların dünyaları bütün əsər boyu daima toqquşur. Romanın, avropa və rus mədəniyyəti tarixində mürəkkəb dərki barədə S.İ.Piskunova və V.E. Baqno çox yazıblar.

AVROPA ƏDƏBİYYATINDA DON KİXOTUN YERİ

Dünya ədəbiyyatındakı nüfuzu və təsirinə görə “Don Kixot”un baş qəhrəmanını kiminlə müqayisə etmək olar? Zənnimcə, bu təsir unikaldır. Ədəbiyyatda onun kimi qəhrəmanlar elə də çox deyil. Mən Don Kixotu Hamletlə, Don Juanla (ispan variantında Don Xuan) və Faustla müqayisə edərdim. Hamleti Kədərli Cəngavərlə dünya və özü haqqında düşünməyə, hərəkət etməyə can atması, qəribə dəliliyi – kədərli, məzəli, gah gerçək, gah məqsədli və ətrafdakılar üçün çox təhlükəli – doğmalaşdırır. Don Kixot kimi Hamlet də geridə qalan əsrin baş verənlərə və gözlənilən dəyişikliklərə replikasıdır. Təsadüfi deyil ki, Hamlet də, Don Kixot da bu və ya digər personajlara təsir baxımından tez-tez yanaşı dururlar – knyaz Mışkini xatırlamaq kifayətdir.
Digər iki personajla isə Don Kixot miqyasına və interpretasiyaların sayına görə müqayisə oluna bilər. Faust da, Don Juan da, Don Kixot da istənilən ziddiyyətli məzmunların özünə yer tapdığı arxetip, matritsa rolunu oynayır.
Sadəcə birincilərdə süjet, demək olar ki, dəyişməz qalır, lakin qəhrəmanların motivasiyaları dəyişir. Don Kixotda isə dövrlər, adlar və şərtlər asanlıqla dəyişir, ancaq qəhrəmanın, daha doğrusu, əsas cütlüyün – Don Kixotla Sanço Pansanın mahiyyəti, öz uydurma dünyalarının qanunlarına uyğun hərəkət etmək istəkləri dəyişmir.
Hər şeyə rəğmən, Don Kixot – özəl qəhrəmandır. Onun oxucuya təsir gücünü çox az şeylə müqayisə etmək mümkündür. Bəlkə ona görə ki, bu mübaliğəli dərəcədə adi və yöndəmsiz fiqur insanlara özlərini xatırlatmışdı və onları, nəyin bahasına olur-olsun, həyatlarını öz seçimləri və düşüncələri əsasında qura biləcəklərinə ümidləndirmişdi.
İrina Yerşova
Filologiya elmləri doktoru

Azlogos.eu
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)