Edebiyyat.az » Ədəbi tənqid » Tərcümədə üslub incəlikləri

Tərcümədə üslub incəlikləri

Tərcümədə üslub incəlikləri
Ədəbi tənqid
admin
Müəllif:
06:56, 05 oktyabr 2020
1 547
0
Tərcümədə üslub incəlikləri




Tərcümə prosesi zamanı müəlli­fin hisslərini, ruhi vəziyyəti­ni, müşahidələrini olduğu kimi çatdırmaq heç də asan deyil. Bunun üçün böyük lüğət ehtiyatına malik olmaq da kifayət etmir. Bəzən tərcüməçi yaratdığı mətnə daha artıq ifadəlilik, hissiyyatlılıq vermək üçün qəsdən müxtəlif üslublardan istifadə edir.
Bənzətmələrin, mübaliğələrin, müqayisələrin tərcüməsi əksər mütərcimləri öz işlərinə həddən artıq diqqətlə yanaşmağa məc­bur edir. Qeyd edək ki, ekspressiyanın, yəni mətnin təsir gücünün tərcüməsi problemi təkcə təcrübəsiz yox, peşəkar mütərcimləri də çətin vəziyyət­də qoyur.
Tərcümə nəzəriyyəsinin ən maraqlı cəhətlərindən biri dilin üslub üsullarını çatdırmaqla əlaqə­lidir. Amma hələ ki həmin sahə kifayət qədər işlənib-hazırlanmayıb. Bədii əsərin obrazlı informasiyasını müvafiq tərzdə çat­dırmaq zərurəti  ifadə vasitə­lərinin tərcüməsini, orijinalın tərcümədə üslub effektinin yaradılmasını öyrənmək üçün əsas cəhətdir. Amma əvvəlcə “tər­cümə” anlayışının mahiyyətini müəyyənləşdirmək lazımdır.
Məlum olduğu kimi, tərcü­mə – ayrı-ayrı cəhətləri müxtə­lif elmlərin tədqiqat hədəfi ola biləcək mürəkkəb, çoxcəhət­li hadisədir. Tərcümə  yaradıcı fəaliyyətin psixoloji, ədəbi, etnoqrafik və digər tərəfləri­ni təşkil edir və eyni zamanda özündə bu və ya digər ölkənin, yaxud ölkələrin tərcümə işi ta­rixini əks etdirir. Belə ki, əksər dilçi mütəxəssislər tədqiqat hə­dəfindən asılı olaraq aşağıdakı cəhətləri fərqləndirirlər:
  • psixoloji tərcüməşünaslıq (tərcümənin psixologiyası);
  • ədəbi tərcüməşünaslıq (bə­dii və ədəbi tərcümə nəzə­riyyəsi);
  • etnoqrafik tərcüməşünaslıq (tarixi tərcüməşünaslıq) və s.
Nəzəriyyəçi N.F.Danovski tərcüməni hərb sənə­ti ilə müqayisə edərək əsərin üslub tələblərini strateji prob­lemlər kimi təsəvvür edir. Nü­munə kimi müəyyən bir sözü götürmək olar. Həmin sözün dildə bir çox mənası, çaları, si­nonimi ola bilər. Tərcüməçi müxtəlif kontekstlərdə o sözün hansı sinonimindən istifadə etməli olduğunu dərk etmək üçün orijinalın üslubi quru­luşuna, üslub xüsusiyyətlərinə müraciət etməlidir. Bununla da mütəxəssisdə üslub və ritori­ka fiqurlarının, yönlərinin seçi­mi üçün gözəl imkan yaranır. Məhz üslub uyğunluğu tər­cüməçiyə lazımi leksikanı, qrammatik formaları və cümlə quruluşlarını seçmək üçün ye­ganə məhək daşı olacaq. Peşəkar tərcüməçi mətni daha mükəmməl və ifadəli etmək üçün orijinalda istifadə olunmuş müəy­yən üslub üsullarının çatdırılması vasitələrindən istifadə edir. Bütün dövrlərdə tərcüməçilər qarşısında iki yol – ya orijinalın üslubunu tət­biq etməyə çalışmaq, ya da əgər bu mümkün deyilsə, tərcümədə oxşar emosional bədii təsirə malik şəxsi üslub vasitəsini yarat­maq  durub. Bu prinsipi çox vaxt üslub əvəzləməsi prinsipi adlan­dırırlar. Yazıçı K.Çukovski bu ba­rədə deyirdi ki, bənzətməni bən­zətmə, müqayisəni müqayisə ilə yox, təbəssümü təbəssümlə, göz yaşını göz yaşı ilə və s. çatdırmaq lazımdır. Amma təcrübəsiz “söz ustaları” yadda saxlamalıdırlar ki, mətndə formadan çox, üslub funksiyasına önəm verilməlidir. Tərcüməçi öz dilin­də çatdırılması mümkün olmayan üslub hadisəsini ötürə, onu mətnin başqa bir yerində  daha münasib parçada  üslub yönümü ilə oxşar başqa bir obraz yaratmaqla “borcunu qaytara” bilər.
Əgər fəaliyyətə yeni başlayan mütərcimin müxtəlif tərcü­mələri, yaxud tərcüməni oriji­nalla müqayisə etmək təcrübəsi yoxdursa, bu zaman müəyyən mətnlərə münasibəti birmənalı olacaq və onu çoxsaylı feili bağ­lama şəkilləri, cürbəcür morfemlər, eyhamlar qorxudacaq. Nəticədə tərcüməçi və tərcümə uğursuzluğa düçar olacaq. Di­gər tərəfdən insan tərcüməçi işi­nin çətinliyini və vacibliyini dərk edəndə, bu barədə mülahizə yü­rütməyə və müqayisə etməyə alışanda mətn mütərcimin yaradıcılıq məhsu­luna çevrilir, onun şəxsi fikirləri, hissləri, sarsıntıları ilə yüklənir. Əslində, burada bir pis niyyət də yox­dur. Heç birinci variantda da pis niyyət axtarmağa dəyməz. Sadə­cə müəllif haradasa arxa planda əriyib yoxa çıxır. Hər iki halda bir məsələni yadda saxlamaq la­zımdır ki, əgər tərcümədə hər şey yerində deyilsə, məhz mütərcim günahkardır, çünki mətnin üslub cə­hətlərinə məhz o cavabdehdir.
Əksər tərcüməçilərin mətni “yaxşı və asan oxunan” etmək is­təyi, təəssüf ki, ölgün, ütülü “tər­cümə dili”nin yaranmasına gəti­rib çıxarır. Məgər başqa cür mümkün deyil? Tərcümədə orijinalın üslub xüsusiyyətlərini saxlamaq olarmı? Əlbəttə, olar. Tərcü­mənin taleyi və mütərcimin nü­fuzu məhz əksər oxucuların münasibətindən və rəyindən asılıdır. Oxunan əsərin doğurduğu müx­təlif hisslər müsbət və mənfi ola bi­lər. Belə çıxır ki, müəllif mətninin bütün xüsusiyyətlərini çatdırmağa çalışmaqla (özünün anlayışı ölçü­sündə və mümkün olan hüdud­larda) tərcümə etmək qeyri-müm­kündür. Oxucu küt­ləsinin istəyi, tərcümənin üslubu­na, frazeologiyasına və leksikasına olan tələbləri mütləq tərcüməçini müəl­lif fikrini dönə-dönə pozmağa məcbur edir.
Əsərin obraz yükünü daşıyan üslubi üsulların tərcüməsi müx­təlif dillərin üslubi sistemlərinin milli xüsusiyyətləri səbəbindən tərcüməçilər üçün çətinlik yaradır. Bütün linqvistlər tərcü­mədə orijinalın, obrazın saxlanıl­masının zəruriliyini qeyd edir və haqlı olaraq hesab edirlər ki, tərcüməçi hər şeydən əvvəl üs­lubun özünü yox, funksiyasını yeni­dən yaratmağa çalışmalıdır. Nitqin üslub fiqurlarını,  mü­qayisələri, mübaliğələri, bən­zətmələri, atalar sözlərini və s.  çatdıran zaman tərcüməçi hər dəfə bir məsələni həll etməlidir: onların əsasını təşkil edən obrazı saxlamaq, yaxud tərcümədə on­ları başqaları ilə əvəz etmək.
Tərcümənin üslubu mütərcim üçün önəmlidir – bunsuz gözəl və mükəmməl çevirmə mümkün deyil. Orijinalın tərcüməsinin keyfiyyəti mütərcimin üslub vahidlərinin mə­nasını hansı bacarıqla çatdırmasından asılıdır. Qanunauyğun haldır ki, ədəbiyyatşünaslar, kulturoloqlar və filosoflar üçün başlıca və daha maraqlı nüanslar bədii tərcümə, bədii nit­qin tərcüməsi ilə əlaqədardır. Təsir vasitələrinə bənzət­mələr, metonimlər, müqayisələr, allüziyalar, sitatlar, hikmətli söz­lər, atalar sözləri və zərb-məsəl­lər daxildir. Tərcümə zamanı mütərcim üçün ən çox çətinlik yaradan üslubun mübaliğə, bən­zətmə, müqayisə, atalar sözləri, zərb-məsəllər kimi nitq fiqurla­rıdır. Əlbəttə, tərcüməçi onlara fikir vermədən də mətnləri çevirə bilər, amma nəticədə ortaya “quru tər­cümə” çıxacaq.
Üslub vahidlərinin çatdırılma­sı tərcümənin ən mühüm vəzifələ­rindəndir. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Tər­cümənin cavab verməli olduğu tələblər, yəni tərcümə dilində bu cür mətnləri xarakterizə edən normativ qaydalar mövcuddur. Həmin tələblərə aşağıdakıları aid etmək olar:
  • məna uyğunluğu: tərcümə­nin üslubundan və yönündən asılı olaraq mütərcim çevrilən mətnin həmişə orijinalın hə­qiqi mənasını əks etdirməsinə çalışmalıdır. Məna uyğunluğu özündə üslub dəqiqliyini, oxşar­lığı və tamlığı birləşdirir;
  • savadlılıq: bu tələb özündə mətnin Azərbaycan və xarici di­lin ümumi normalarına uyğun olmasını ehtiva edir. Bir qayda olaraq, üslubi, qrammatik və orfoqrafik səhvlərin istisnası nə­zərdə tutulur;
  • leksik və üslub uyğunluğu: orijinaldakı terminlərin ekvi­valentlərinin düzgün seçimi, qısaldılmış sözlərin və baş hərf­ləri yazılan söz birləşmələrinin oxşarlarının axtarışı nəzərdə tutulur.
Tərcümə edilən mət­nin ümumi üslubu və orijinalın üslubu qavrayışda bir-birindən fərqlənməməlidir. Texniki tərcü­mələr üçün ifadələrin dəqiqliyi, emosional, dəbdəbəli sözlərin olmaması, sadə cümlə quruluşu və hissiyyatsızlıq xarakterikdir.
Həm şifahi, həm də yazılı tər­cümə  kifayət qədər çətin və çoxcəhətlidir. Tərcümə  təkcə mətndə bir dilin başqa dillə əvəz edilməsi deyil. Tərcümədə müxtəlif mədəniyyətlər, şəxsiyyətlər, inkişaf səviyyələri, ənənələr və quruluşlar toqquşur. Mütərcimin əsas vəzifəsi həmişə tərcümə­nin bütün çətinliklərini yadda saxlamaq, müəllif fikrini müm­kün qədər dəqiq ifadə etmək, onun müxtəlif bədii üsulla­rını çatdırmağı unutmamaqdır. Qeyd olunduğu kimi, bu çətinlik­lərin dərk edilməsi tərcüməçinin peşəkar fəaliyyətində uğura doğ­ru atdığı addımdır. Tərcüməçinin öz qüvvəsinə inamı əminliyə, malik olduğu bilik isə yoxlama­ya, yaxud təkmilləşməyə ehtiyac duyulmayan donuq ehkama çevrilməməlidir. Yadda saxlamaq lazımdır ki, tərcümə hər şeydən əvvəl, çətin, yorucu, məsuliyyət­li işdir, təkcə hərtərəfli bilik və yaradıcı münasibət yox, həm də müəllif fikrini daha aydın çatdır­maq üçün böyük istək tələb edir. Bununla belə, qeyd edək ki, mətnin tam şəkil­də çatdırılması, demək olar, mümkün deyil. Bu mənada bə­dii tərcümə, bir növ, orijinalın variasi­yasını başqa dilin ifadə vasitələri ilə canlandırmaq cəhdi kimi başa düşülməlidir.

Mənbə: aydinyol.aztc.gov.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)